Ölüm anında belə
onun qorxu,
həyəcan keçirdiyini hiss etmədik
"Kürsü" layihəsinin
qonağı "Zindan", "Qumarbaz" kimi məşhur
romanların müəllifi - yazıçı Çingiz
Ələkbərzadənin qızı, müğənni Sevda
Ələkbərzadədir
- Sevda xanım, atanız ilkin
yaradıcılıq fəaliyyətinə "Yarpaqlar
töküləndə", "Qızıl yəhərli
at", "Çılpaqlı", "Vulkan" kimi
maraqlı nəsr əsərləri ilə başlayıb. Amma sonradan publisistikaya da istiqamətlənib. Sizcə, onun tam yazıçı kimi fəaliyyətinə
nə mane olub?
- Atam
hardasa təqdim olunanada jurnalist-yazıçı kimi təqdim
olunurdu. Yəni peşə etibarilə onu ancaq
yazıçı hesab etmək doğru deyil. O
özü də publisistikanı, jurnalist peşəsini
çox sevirdi. Azərbaycan Televiziyası fəaliyyətə
başlayandan atam orda işləyən ilk işçilərdən
olub. Atam həmişə deyirdi ki, əlli
yaşım olanda sırf yazıçılıqla məşğul
olacam, yaza bilmədiyim əsərlərimi yazacam. Tale elə gətirdi ki, onun arzusu yerinə yetdi, amma
başqa cür. Atam elə əlli
yaşında həbs olundu və ona məşhurluq gətirən
əsərlərin bir qismini həbsxanada yazmalı oldu.
Ümumiyyətlə, hər bir yaradıcı insan
öz yaradıcılığına nəzər salanda
görür ki, ömrünün müxtəlif mərhələsində
yazdığı əsərlər mövzu, üslub baxımından
bir-birindən fərqlənir. Çünki insanlar,
onların dünyaya baxışı, münasibəti dəyişir.
Bu baxımdan, təbii ki, atamın da
yazdıqlarına nəzər salanda bu dəyişikliyi, fərqi
hiss etmək olur.
-
Atanız 49 yaşında həbs olunub. Həbsxana
həyatından bəhs edən "Zindan",
"Qumarbaz" kimi məşhur romanlarını yazıb.
Sizcə, ona elə çətin şəraitdə yazmaq
stimulunu verən, onu mənəvi cəhətdən xilas edən
nə olmuşdu?
- Məncə,
atamı ədəbiyyat xilas etmişdi. Çünki
o, həbsxanada olarkən ancaq ədəbiyyatla məşğul
oldu, adlarını çəkdiyiniz romanları yazdı.
Bundan başqa, atam ən gözəl şeirlərini
də məhz həbsxana illərində qələmə
aldı. Bir tərəfdən baxanda
görürük ki, dünyanın bir çox
yazıçılarının ağır, məşəqqətli
taleləri olub. Digər tərəfdən
isə düşünürəm ki, axı bu adamlar yazıçı
olublar və onlar həyatın çətinliklərini necəsə
görməliydilər ki, həyatı qələmə ala
bilsinlər. Əlbəttə, övlad
kimi atamın həbs olunması, həbsxana həyatı
yaşaması mənim üçün çox
ağırdı. Amma ümumilikdə
götürəndə fikirləşirəm ki,
yazıçı ağır həyat şərtləri ilə
rastlaşanda, onları yaşayanda onun mətnlərinin
gücü daha böyük olur. Bütün günü
kefdə-damaqda olan, istirahət edən
yazıçının yazıları da o qədər dərin
ola bilməz. Yəni
yazıçının həyatı nə qədər
ağır olsa, yaşantılarında iztirab çox olsa,
onun yazdıqları da bir o qədər dərin olacaq.
- Babanız Əbülhəsən
xalq yazıçısı olub. Onu necə
xatırlayırsınız?
- Babam
çox gülərüz, yumşaq insan idi. O, rəhmətə
gedəndə mən ikinci sinifdə oxuyurdum. Atamla
babamın xasiyyətləri fərqli idi. Babam olduqca təmkinli,
səbrli adam idi, atam isə əksinə,
emosional idi. Mən və bacım da yəqin ki,
emosionallıqda atamıza oxşamışıq. Qardaşım isə babama.
Babam həm də çox cəsarətli, təmiz insan
olub. İkinci Dünya müharibəsi başlayanda
çoxları müharibədən yayınsa da, o öz
xoşu ilə cəbhəyə gedib. Bizim
evimizdə də, kənarda da danışırdılar ki,
babam heç vaxt heç kimdən rüşvət
almayıb, heç kimin heç nəyində gözü
olmayıb. Bir dəfə evdə
danışırdılar ki, babama kimsə bir qutu şokolad,
bir də qol saatı hədiyyə gətirib. Babam isə əsəbiləşərək həmin
hədiyyələri eyvandan aşağı atıb. O,
"Azərbaycan" jurnalının baş redaktoru olub. O
vaxtlar da hər bir yazıçı üçün bu
jurnalda çap olunmaq vacib məsələ idi. Babam
bir çox adamlara "Azərbaycan" jurnalında çap
olunmaq üçün dəstək olub.
- Kimlərə dəstək olub, kimlərin
adını çəkə bilərsiniz?
-
Açığı, o qədər də çox adamı
xatırlamıram. Amma misal üçün,
yazıçı Elçinin atası İlyas Əfəndiyevə
babam çox dəstək olub. Hətta bir
dəfə İlyas Əfəndiyevin televiziyada müsahibəsini
izləyəndə onun otağında babamın portretinin
asıldığını görmüşdüm. İlyas müəllim özü də elə həmin
çıxışında babamın ona köməklik
etdiyini vurğulamışdı.
- Atanız həbsdə olarkən
hörmət əlaməti olaraq ona şair ləqəbi
qoyublar. "Zindan" romanında da Əziz
adlı şair obrazı var. Amma həyatdakı şairlə,
romandakı şair xarakter etibarilə fərqlidilər.
Sizcə, atanız öz prototipində niyə bir az mənfi və ironik çalarlara
üstünlük verib?
- Bu, əslində,
normal haldır. Heç bir insan özünü
tam olaraq bəlli etmək istəməz. Yazıçı
da həmçinin. Bədii material da bu
baxımdan daha rahatdır. Axı roman
gündəlik deyil ki, orda hər şeyi təfsilatı ilə
yazasan. Buna görə də atam Əziz obrazını
bir az fərqli formada bəzəyib.
- Atanızın "Allaha salam"
şeirinə musiqi bəstələyib ifa etmisiniz. Ağrının bu cür özünü ifadəsindən
sonra rahatlaşa bildiniz?
- Mən
həyatımdakı çətinlikləri,
ağrıları dərindən yaşamasaydım, bu musiqini
belə emosional ifa edə bilməzdim. Atamın
yaşadığı həyatın ağrıları mənim
içimdə də var. Çünki onun həbsi, evimizdən
gedişi mənim çox yaxşı yadımda qalıb.
Bütün bunlar bizim üçün
böyük bir faciə idi. Nənəm
oğlunun yolunu gözləyə-gözləyə rəhmətə
getdi. Dərd onu əldən
salmışdı. Hər dəfə qapımız
döyüləndə deyirdi, qapını açın,
Çingiz gəldi.
Atamgil iki qardaş olublar. Qardaşı da otuz
yaşında rəhmətə getmişdi. Atam bir yerdə
oturmağı sevməyən, daim hərəkətdə olan
azad adam idi. Belə bir
adamın birdən-birə həbsə düşməsi dəhşətli
idi.
- Atanızı şərləyib həbs
etmişdilər?
- Əlbəttə. Hamı bilirdi ki, o,
günahsızdır, başına gətirilənlər
qondarma oyundan ibarətdir. Sonralar atama bəraət
də verdilər. Amma bu bəraətin nə xeyri
ola bilərdi? Ötüb-keçən
ağır illər atamın həyatından getmişdi, gəncliyini,
sağlamlığını əlindən almışdı.
- Bəraət alması onu az da olsa, sakitləşdirə, xoşbəxt
edə bilmişdi?
- Təbii
ki, etmişdi. Atam o bəraəti çox
gözləmişdi. Çünki baş
verənlər şər-böhtan idi. Və
atam bu böhtanla ləkələnmişdi. Nə qədər ki, babam sağ idi atama toxuna
bilmirdilər. Özləri də etiraf
edirmişlər ki, nə qədər, Əbülhəsənin
nəfəsi gedib-gəlir, biz onun oğluna əl vura bilmərik.
Babam rəhmətə getdi, qırxı
çıxmamış atamı həbs etdilər. Atam öz atasının qırxına gələ
bilmədi.
- Sevda xanım, sizcə,
günahı olmadığı halda bir insanın
azadlığının əlindən alınmasına, bu
cür sərt şəkildə cəzalandırılmasına
səbəb nə idi?
- Atam
jurnalist idi. O vaxtlar da bir kanalda nəsə xoşagəlməyən
material gedirdisə, hər şey bitirdi. Atam da, yəqin ki,
kiminsə xoşuna gəlməyən süjet
hazırladı, onu efirə verdi ki, ona
qarşı belə davrandılar. Biz, əslində, onun həbs
olunmasının təfərrüatlarını, kim tərəfindən təşkil
olunmasını da bilirk. Həmin adam da
bizim onun haqqında bildiyimizi bilir. Amma biz elə adam deyilik ki, kimisə cəzalandıraq, ona
pislik edək. Hər şeydən əvvəl
Allah var. Allah hər kəsin cəzasını verir, o, adamlar
da cəzalarını aldılar. Heç
kimin ahı yerdə qalmaz. Bizim nə
günahımız vardı ki, bu qədər əzab çəkdik?
Axı, bizim ailənin heç kimlə heç
bir işi olmamışdı. Bəs niyə
atamın həyatını məhv etdilər,
dağıtdılar?
- Yəqin ki, atanız həbsdən
sonra çox dəyişdi.
- Əlbəttə. O, həbsdən sonra tamamilə dəyişdi,
əsəbi, qapalı insana çevrildi. Başqa bir
insan oldu. Biz həbsdən sonrakı
atamızı tanıya bilmədik. O, evdə ciddi olsa da,
yeri gələndə deyib-gülən, məclis sevən adam idi. Onu yaxından
tanıyanlar deyirdilər ki, Çingiz uşaq qəlbli
adamdır. Və bu cür insanı kiminsə
xoşuna gəlməyən materiala görə elə bir yerə
saldırmaq ağır idi. Axı insan həyatı
oyuncaq deyil. Məhkəmədə onun
üzünə durmaq üçün on altı
yalançı şahid tutmuşdular.
- Onlardan biri də sizin
atanızın yaxın dostu olub...
- Bəli.
Həmin adam atamın operatoru olmuşdu. Mən gözümü açandan onu bizim evdə
görmüşdüm. Ailəsi,
uşaqları bizim evdə böyümüşdülər.
Hətta atam o vaxt bizimlə İsmayıllıya köçəndə
o adam və onun həyat yoldaşı da
bizimlə birgə getmişdi. Atam ona bir
çox məsələlərdə köməklik
etmişdi. Amma sonra atam Şamaxıda olanda onun
başına bu oyunu açdılar və həmin dost məhkəmədə
onun üzünə durdu.
Atam həbsdən çıxandan sonra isə o bizə gəlib
atamın qarşısında diz çökdü. Dedi: məni
bağışla, mənim başıma silah
dayamışdılar ki, sənin üzünə durum. Mən
də həyatımdan qorxdum, nə edə bilərdim...
- Bağışladı?
-
Bağışladı...
- Atanız həbsdə olanda mənəvi
gücünüzü kimdən, nədən
alırdınız?
- Biz
uşaq idik. Atam üçün çox
ağlayırdıq, onu istəyirdik. Anam
bizi çox qorudu. Bizimlə yanaşı,
atama da qayğı göstərirdi. O bizim
boğazımızdan kəsib atama aparırdı. Bizə artıq heç nə alınmırdı.
Evə gələn ən yaxşı şeylər
atam üçün gedirdi. Atamı hara
aparırdılarsa, anam da bizimlə bərabər onun
ardınca getdi. O, təzə həbs olunanda başqa bir
yazıçının həyat yoldaşı anama demişdi
ki, bax ha, teatra, kinoya getməyindən qalma, həyatına
davam elə. Bu
sözlər anamın xətrinə dəymişdi. Ondan sonra anam həmin qadından qırıldı.
- Çingiz müəllim bir
yazıçı kimi ədəbiyyatı ailəsində təbliğ
edə bilirdi?
- Musiqiyə
sevgi mənə atamdan keçib. Onun çox
gözəl səsi vardı, gözəl də mahnılar ifa
edirdi. Bütün məclislərimiz
şeir və musiqi ilə keçirdi. Mənim
yadıma gəlirdi ki, evimizdə nəsə bir
yığıncaq olanda atam orda hökmən şeir deyirdi.
"Leyli və Məcnun" poemasını əzbər
bilirdi. Nənəmin özü də
dastanları, nağılları əzbər bilirdi, bizə
danışırdı. Biz də belə
bir mühitdə böyümüşdük.
- "Zindan" və
"Qumarbaz" romanları çap olunandan sonra atanıza
hansısa təzyiqlər oldu?
- Ona
heç kim təzyiq edə bilməzdi. Həm də artıq zaman dəyişmişdi.
"Zindan" romanı çap olunanda atam
saçını həbsxanadakı kimi kəsdirib şəkil
çəkdirdi. Biz ona dedik ki,
saçını kəsdirmə, kostyum geyin. O isə
etiraz etdi. Dedi ki, yox, orda həyat necədirsə, mən də
onu elə göstərməliyəm. Həmin
şəkli də kitabın üz qabığına vurdurdu. Biz buna görə
çox pis olduq. Roman böyük tirajla
çap olundu və dərhal da satılıb qurtardı.
- Sonralar romanı Moskvada
ekranlaşdrmaq istəyirlər, amma atanız
razılaşmır...
- O vaxt
bir rus varlısı atama zəng vurub romanı satın almaq
istəmişdi ki, film çəksin. Əlli
min də pul təklif etmişdi. Bizim də
həmin pula çox ehtiyacımız vardı. Atam biləndə ki, filmdə ancaq rus aktyorları
iştirak edəcəklər, bu təklifdən imtina
etmişdi. Demişdi ki, bu, azərbaycanlıların
həyatıdır, filmdə də azərbaycanlı aktyorlar
iştirak etməlidirlər. Qəti şəkildə
razı olmamışdı, biz də onu fikrindən
daşındıra bilmədik. Millətini,
vətənini çox sevirdi. Musa Yaqubun şeirindən
olan bu misraları söyləməyi çox sevirdi:
Bəlkə
də, borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm
də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm
bir ovuc torpağın artsın!
- Sizin bir ifanıza qulaq asıb
ağlamışdı. Hansı mahnı idi?
- "Laçın" mahnısını dinləyib
ağladığını görmüşdüm. Amma bunu
gördüyümü ona heç vaxt demədim. O, ailədə
nə qədər ciddi olsa da, bir o qədər də kövrək
adam idi. Onun kövrəlməsi
üçün çox zəhmət çəkmək
lazım gəlmirdi. Mənim səhnəyə
çıxmağıma, müğənni olmağıma isə
razı deyildi. Buna baxmayaraq o özü də
sənət adamı idi, gözəl də musiqi duyumu
vardı. "Laçın"
mahnısı atamın, "Şəbi-hicran" isə
babamın ən sevdiyi mahnı olub. Hətta
babam rəhmətə gedəndə vəsiyyət etmişdi
ki, məni "Şəbi-hicran"ın sədaları
altında müşayəti ilə doğulduğum kənddə
dəfn edərsiniz. Təbii ki, biz onun bu vəsiyyətinə
əməl etdik. Yəni bir çox
mahnıları mən elə onlardan öyrənmişdim.
İllər keçəndən sonra "Şəbi-hicran"ı
ifa etdim. Babamın ən sevdiyi
mahnını ifa etməyim özümə də qəribə
gəlmişdi ki, necə oldu, hardan ağlıma gəldi.
Bilirsiniz, həyatda heç nə elə-belə
baş vermir. İndi hərdən mənə
deyirlər ki, niyə babanızın kitablarını
çap etdirmirsiniz və ya onun haqqında nəsə
hazırlamırsınız. Bu sözlər
mənim xətrimə dəyir. Axı,
babam yazdıqlarının hamısını xalq
üçün yazmışdı. Onun
yaradıcılığını da bu işlə məşğul
olan insanlar yaşatmalıdırlar. Bu günə qədər
atamın latın əlifbası ilə bir
kitabı da çap olunmayıb. Belə
çıxır ki, atamın, babamın kitabını
qızı, nəvəsi çap etdirməlidir? Bəs bu işlə məşğul olan insanlar nə
edirlər? Axı
nə babam, nə də atam adi yazıçı olmayıblar
ki, mən də onları təbliğ etmək
üçün çalışım. Mənim
babam sovet romançılığının banisi olub. Onun taleyinə də sovet yazıçısı
olmaq qismət olub. O, müharibədə olub,
döyüşüb, gördüyünü,
inandığını yazıb. Mənə müharibə
haqqında babam kimi ikinci epopeya yaradan yazıçı
göstərsinlər...
- Sevda xanım, Çingiz Ələkbərzadə
necə ata idi?
-
Çox gözəl ata idi. Uşaq vaxtı bizi
çox yerlərə aparıb gəzdirirdi. Dəyərləri olan olduqca dərin insan idi. Yaxşı ki, bu cür xasiyyətlərini bizə
də ötürə bilib. Bizim də həyata
baxışımız başqalarından fərqlidir. Bizim üçün pul hər şey demək deyil.
Bu gün bizi bir çoxlarından fərqləndirən
məhz ailəmizdən bizə keçən xüsusiyyətlərdir.
Hərdən düşünürəm ki,
Çingiz Ələkbərzadə Əbülhəsənin
davamçısı idisə, deməli, mən də
onların davamçısıyam. Musiqi də, incəsənət
də, əslində, sözün davamıdır...
Bir söz də deyim. Mən bunu ilk dəfədir
ki, mətbuatda dilimə gətirirəm. Təxminən
on il əvvəl Basqal kəndində
babamın ev-muzeyini yaratmaq istədim. Bunun
üçün torpaq sahəsi aldım, pul da ödədim.
Sonra bir neçə il bu işlə məşğul
olmağa vaxtım olmadı. Növbəti dəfə
gedəndə həmin adamlar mənim üzümə durdular.
Onlara verdiyim məbləği dandılar. Mən, təbii ki, heç nə etmədim. Əgər onlar Basqaldan çıxan ən nəhəng
yazıçıya qarşı belə hərəkət
edirlərsə, mən nə edə bilərəm? Bütün bunlar çox acınacaqlıdır.
- Atanızı ən çox
hansı əhvalatla xatırlayırsınız?
- Hər
şeydən əvvəl o mənim atam idi. Təbii
ki, ata olaraq heç vaxt yadımdan çıxmayacaq. İkincisi isə çox həyat dolu insan idi.
Onunla həyat tamam başqa cür olurdu. Atam həyatın gözəlliklərini bizə
göstərə, yaşada bilirdi. Ona
görə də bizim uşaqlığımız onun həbsinə
qədər çox gözəl, maraqlı, musiqi və
şeir dolu keçib. Sevgi dolu insan idi.
Əgər ondan sonra aradan keçən bu illər
ərzində hər gün biz onun üçün
darıxırıqsa, onu xatırlayırıqsa, hər gecə
yatanda onu düşünürüksə, demək, o,
çox gözəl ata olub.
- Atanızın əsərlərini
indi oxuya bilirsiniz?
- Yox,
çox çətindir. Bir neçə dəfə atamın
kitablarını açmışam, amma oxuya bilməmişəm.
Elə bil ki, onunla yenidən söhbət
etmişəm. Amma bu söhbətin özü
belə ağır gəlir. Tab gətirmək olmur. Bəlkə də ona
görə mən "Salam, Allahım"
mahnısını belə yanıqlı, hissiyyatlı ifa
etmişəm. Bəlkə də,
atamın şeiri olmasaydı, elə oxuya bilməzdim. Sadəcə, mənim içimdə həmişə
elə bir hiss var ki, həmişə mənə əzab verib.
Onun, bizim başımıza gələnlər ədalətsizlik
idi. Bax, bu hiss heç vaxt mənə
rahatlıq vermir. Hərçənd hərənin
öz həyatı var, elə də mənim. Amma mən, sanki tək öz həyatımı
yaşamıram, həm də atamın həyatını
yaşayıram. Hər dəfə o
ağrını içimdən keçirirəm ki, axı
niyə belə oldu? O, həbsdən
çıxdı, sonra xəstələndi. Axı mənim
atam bütün bunlara, yaşadıqlarına layiq insan
deyildi...
- Baş verənlərlə
barışa bilmirsiniz...
- Bilmirəm. Amma bir şeyə
çox sevinirəm ki, illər keçsə də, o, yenə
də xatırlanır, yada düşür. Fiziki olaraq o
xeyli zamandır ki, bizim aramızda yoxdur, amma mən bu gün
onun haqqında danışıram, mənim atam yaxşı adam idi deyirəm. Bəzən yolda gedəndə
eşidirəm ki, insanlar arxamca deyirlər ki, Allah bunun
atasına rəhmət etsin, yaxşı kişi
idi. Belə sözlər mənim ürəyimə yağ kimi yayılır. O, çox insanlara,
kasıblara örnək olmuşdu. Əlbəttə,
biz heç vaxt onun köməklik etdiyi adamlardan hansısa dəstək
görməmişik. Amma onun etdiyi
yaxşılıqlar tamamilə başqa adamlar vasitəsilə,
başqa yerlərdən bizim qarşımıza
çıxıb.
- Anasının
ölümünü ondan gizlətsəniz də, hiss edir...
- Hə. Nənəm rəhmətə gedəndə biz
ona həbsxanaya aş aparmışdıq. Orda bizə həmişə
hörmət edirdilər, şairin ailəsi gəlibdir,
deyirdilər. Atam anama demişdi ki, gətirdiyin
aş anamın ehsanıdır. Gecə
yuxuda çoxlu çay daşlarının qəbirdaşına
çevrildiyini görmüşəm. Məni
aldatmayın, bilirəm ki, anam yoxdur.
- Övladlarına fərq qoyurdu?
- Fərq
deməzdim, amma mənə elə gəlir ki, içimizdə
ən çox Emmanı (Elmira Ələkbərzadə -
S.Ə.) sevirdi. Mən bir az soyuqqanlı təsir
bağışlayıram, amma elə deyiləm. Sadəcə, efirdə, başqalarının
yanında sızıldamağı, ağlamağı sevmirəm.
İstəməmişəm ki, kimsə mənə
nə vaxtsa acısın. Hətta uşaq
vaxtı evdə kimsə xətrimə dəyəndə
heç bir reaksiya vermirdim, amma hamı yatandan sonra bir tərəfə
çəkilib ağlayırdım. Atam rəhmətə
gedəndə də mən özümü saxlamağı
bacarırdım, Emma isə yox. Atam rəhmətə
gedəndə ən çox ağlayan o oldu.
- Sevda xanım, atanızın son
günlərini necə xatırlayırsınız?
- Əslində, bu haqda danışmaq mənim üçün çətindir. Atam kişi kimi yaşadı, kişi kimi də dünyadan getdi. O, ömrünün son dövründə altsheymer xəstəsi oldu. Bir müddət xəstə yatdı. Son günlər isə yaddaşını da itirdi. Ölənə yaxın gözlərini açdı, əqli özündə idi. Bizə baxıb dedi: "Qorxmayın, gedirəm. Amma hər şey yaxşı olacaq". Ölüm anında belə, onun qorxu, həyəcan keçirdiyini hiss etmədik.
Söhbətləşdi:
Samirə ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.6-7.