Ənəl-şeir
Məktublar "tez qayıt"
sözünü yazmaq
üçün,
qatarlar uzaqları yaşatmaq üçün
imiş, sən demə.
Desəm
ki,
uzat dodaqlarının
əllərini dodaqlarıma,
desəm ki,
kirpiklərinin ucundan yaranmışam
demə ki,
yalan dedilər!
Desəm,
bağışla olub keçməyəni,
içimizdə ilişib
qalan insanları,
içimizdə gömülən
məzarları, bağışla!
Desəm
ki,
sənin boyuna əfv istəyir göydələnlər,
de ki, göy üzü
mənim gözlərimdən
gəlib keçir.
Qış fəslini əllərimdən
soruş,
ovuclarımın qabarında
qaralır qaranlıq.
Ağarır qar qaranlıqda,
bulud yağır yağışlardan,
əllərimin qabarında
ağac tökülür
yarpaqlardan.
Hər şey öləndən sonra bir ovuc
xatirə olur...
Keçdiyin küçələr daralır şəhərin
bətnində,
barmaq ucların sancır onun əlini düşünəndə.
Hər şey öləndən sonra bir ovuc
xatirə olur...
Dəniz
yağır balıq dodaqlarından,
mavi damır
sevgi...
Bir azca da onun
köynəyinin ətri...
Ucalt bu göyün tavanını,
aç bu şəhərin qatını.
Artır
bir stansiya bu metrolara
Adı "Gənclik"
deyil, "gələcək"
olsun.
Yalan dedilər ki,
səndən sonra bir addım oldum,
eləcə sovruldum
sətirlərin arxa küçələrinə.
Göz qırpımların
başqa dünyanın
kəpənəkləridir.
Sən gözünü qırpdıqca
uçuşur kəpənəklər...
Desəm,
Allahın çətridir Mövlanənin
donu,
dünya Mövlanədir
gecə-gündüz sənin
başına-
Eləcə səma kimi dolanan.
Demə
ki, yalan dedilər...
Yahu...
desəm ki,
Ənəlhəqq deyil,
ənəl-şeirdir mənimki.
Demə
ki,
sevmirəm səni...
Ümid NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2019.-
27 aprel.- S.13.