"Güllü
köynək kənd uşağı"
şeiri və daxili
semiotik passajlar
Şeir ümumi təhlil metoduna cəlb edilməyən sənətdir. Hekayə və
ya romanı ümumi təhlil süzgəcindən keçirmək
mümkündür. Şeirdə bu metod istənilən
halda uğursuz nəticə verir. Çünki şeirin təhlil
parametrləri başqadır.
Üstəlik, poeziya sənətinə
uyğun təhlil metodu tətbiq etməyəndə həmin
şeir haqqında yarımçıq, pərakəndə
fikirlər ortaya çıxır. Faiq İsmayılovun
şeirləri ümumi
təhlilə cəlb
edilməyən şeirlərdir.
Ona görə ki,
şeir çoxsəsli
və çoxqatlı
bir sənətdir. Ədəbiyyat nəzəriyyəçisi, kulturoloq Terri İqlton şeiri bütün ədəbi janrlardan çətin və tükürpərdici sənət
adlandırır. Çünki şeirin dil potensialı sərhədsizdir.
Bütün üslubi imkanlar
şeirdə əks oluna bilir. Şeir sənəti bədii üslubdan məişət
dilinə, mətbuat leksikonundan rəsmi-işgüzar
üslubun yad ünsürləri qəbul
etməyən ərazisinə
qədər uzanır.
İqltona görə, şeir
daha çox məişət üslubuna
yaxındır. Çünki gündəlik ünsiyyət
vasitəsi şeirin estetik keyfiyyət imkanları ilə uzlaşır. Faiqin "Güllü
köynək kənd uşağı" şeiri
məişət dilinin
lokal və qlobal potensialını sərgiləyir. Şair
Vüqar adlı dostuna müraciət edir:
Güllü köynək kənd
uşağı,
arzuların göy qurşağı,
yüyürərsən, çatammazsan.
Güllü köynək kənd
uşağı,
bitdi nənənin nağılı.
Qoy gözlərin böyüməsin,
nənən, vallah deyinməsin, -
burda keçmir kənd öyüdü,
kənd ağlı.
Güllü köynək kənd
uşağı,
gözlərinin qorasını
sıxdın bəsdi,
köynəyini çıxart,
ağart
şalvarının balağını
apar kəsdir,
bir az daralt.
Ürəyin bir çiçək
üzü,
ürəyin bir bulaq gözü.
belə olmaz.
Güllü köynək kənd
uşağı,
Bir az hiylə,
bir az biclik,
bir az kin at,
küdurət qat.
Şeirdə gündəlik həyatın
qayğıları, ictimai-mənəvi
yeniləşmənin çətinlikləri
və öz ürəyini qoruyub saxlayan güllü köynək kənd uşağının avtoportreti
yaradılır. İqltonun şeirin dilindəki
çoxqatlı keyfiyyətlər
tezisi "Güllü
köynək kənd uşağı" şeirində
öz bədii həllini tapır. Əvvəla,
arzu və istəkləri göy qurşağına bənzədilən
güllü köynək
kənd uşağının
fizioloji və mənəvi vəziyyəti
təsvir və tərənnümə cəlb
edilir. Vizual bir təsəvvür
və təəssüratdan
sonra bədii-publisistik
xitablar başlayır.
Şeirin dili bəzi
məqamlarda tribunal, patetik
bir ritorikaya çevrilir. Ancaq yenə
də şeir olaraq qalır. Terri İqltonun da
çətin, mürəkkəb
dil və situasiya adlandırdığı
məqam budur. Bir şairin lüğət tərkibi olduqca zəngin olmalıdır.
Məişət dili şəffaf, aydın, təmiz və axıcı bir dildir. Şeirdə məişət dili isə bir
qədər tünd və statik görkəm qazanır.
Necə ki, "Güllü köynək kənd uşağı"
şeirində sərbəst,
axıcı üslub qatılaşmış, sabit
bir tarazlıqla bir-birini əvəz edir:
Lazımdırsa qorxma, qaqaş,
yalan da sat.
Yekələrin qabağında
ala, qıllı itiniztək
bir az yalman.
Amma, qaqaş, qında dayan,
maska geyin,
baban deyən vicdan, qeyrət
burda çətin...
At bir yana.
Güllü köynək kənd
uşağı,
göydən enib ayağının altındaca
xalı olar göy qurşağı.
Dünya,
qaqaş, gör-götürdü,
Dünya,
qaqaş, uşaq kosu,
dünya ötür-ötürdü...
Güllü köynək kənd
uşağı,
bacarmırsan, heç
bacarma, -
məndən min yol savadsızı,
bir qanmazı,
bir arsızı,
öndə görsən,
dişlərini heç
qıcama.
Terri İqlton şeiri digər bədii mətnlərdən ən
çox fərqlənən
elitar ədəbi hadisə kimi qiymətləndirir. Çünki
dünyanın bütün
ölkələrində filologiya
təhsili alan
tələbələrdən professorlara qədər əksəriyyət şeirdən
qaçır. Poeziya nümunələri
haqqında fikir söyləmək və yaxud məqalə yazmaq istəmirlər.
Şeir sənətinin təhlil metodları və ona məxsus parametrlər çətindir.
Ancaq səbəb təkcə bu deyil. "Güllü köynək
kənd uşağı"ndan
da aydın olur ki, şeirin
leksik-semantik, semiotik təhlili daxili xarakter daşıyır.
Yəni şeirin hər bir kəlməsi öz daxili semantika qatında semiotik mənalandırmaya,
təhlilə yönəlir.
Kəlmələr, poetik deyim və fiqurlar polifonik məzmun ifadə edir. "Güllü köynək
kənd uşağı"
şeirində də həmin poetexnologiyadan istifadə edilib. Oxucu-filoloq güllü köynək kənd uşağı ilə məhrəm, isti bir münasibəti
olan şairin fikirləri arasında qalır. Şeir dilinin sadə mürəkkəbliyi ilə
tanış olanda ürküb qaçır. Ancaq elitar bir hadisə
kimi maraq doğurur. Axı şeir heç
vaxt, amma heç vaxt bir hekayə, roman və ya dram əsəri kimi kütləvi olmayıb. Şeirin məchul və aydın cəhətləri
var. Faiqin dostu Vüqara son müraciəti
də hər şeyə rəğmən
dünyanı "günəşin
doğub batması kimi" gözəlləşdirən
şeir sənətinin
məchul və aydın tendensiyası ilə kəsişir. Məchulluq şeirin üslub dəyişkənliyində idi.
Aydın
olan məqam isə yaz fəsli
kimi şəffaf və zərif olan kənd uşağıdır. O, kənd
uşağının köynəyindəki,
ürəyinin altındakı güllərin
heç vaxt solmayan gözəlliyidir. Yaşamaq sənətinin nə qədər çətin və incə iş olmasına poetik reaksiyadır:
Güllü köynək kənd
uşağı,
köynəyinin güllərinə
qurban olum,
qoru, qaqaş, köynəyinin güllərini.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2019.-
27 aprel.- S.15