Nəimiyə həsr olunmuş

bir şeir haqqında

 

Müasir İran poeziyasının görkəmli nümayəndəsi Məhəmmədrza Şəfii Kədkəni (1939-cu ildə doğulub) həm də nüfuzlu ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi kimi tanınır, Tehran Universitetinin professorudur. Məşhur İran alimi Əbdülhüseyn Zərrinkubun sözləri ilə desək, Kədkəni, eyni zamanda həm elmdə, həm şeirdə yüksək məqama yetmiş istisnalardandır.

Şəfii Kədkəni şeir yazmağa yeniyetmə çağlarından başlamış, klassik poeziya ənənələri çərçivəsində qəzəllər yazmışdır. Daha sonra sərbəst şeirə üz tutmuş "İran yeni şeirinin atası" Nima Yuşicin, xüsusən həmyerlisi Mehdi Əxəvane-Salesin güclü təsiri altında olmuşdur. Lakin zaman keçdikcə klassik şeirin, özəlliklə sufi poeziyasının ənənələrini modern İran dünya ədəbiyyatının nailiyyətləri ilə uğurlu bir şəkildə sintez etməklə fars şeirində özünəməxsus bir yol tutmuşdur. Bu yol şairin 1977-ci ildə nəşr olunmuş "Muliyan çayının qoxusu" ("Buye-cuye-Muliyan") adlı şeir toplusunda parlaq surətdə özünü göstərmişdir.

Qeyd edək ki, həmin kitabın adı Rudəkinin məşhur qəsidəsinin ilk misrasından alınmışdır. Topluda Şərq-islam bədii-fəlsəfi fikrinin Sührəvərdi, Əttar, Sədi başqa nümayəndələrin yaradıcılığı ilə bağlantılar, irfani motiv obrazlar aydın şəkildə görünməkdədir. Burada yer almış kifayət qədər irihəcmli bir şeir isə hazırda 650 illiyi qeyd olunan böyük şairimiz İmadəddin Nəsiminin ustadı, hürufilik təliminin banisi Fəzlullah Nəimiyə həsr olunmuşdur.

"Fəzlullah Hürufinin məhkəməsindən" ("Əz mohakemeye-Fəzlullahe-Horufi") adlanan bu şeirdə Şəfii Kədkəni Nəiminin şəxsiyyəti missiyasının özünəməxsus ictimai-fəlsəfi yozumunu poetik şərhini təqdim etmişdir. Şeir Nəimini küfrdə ittiham edənlərlə böyük mütəfəkkir arasında dialoq formasında qələmə alınmışdır. Maraqlıdır ki, Amerika postmodern şeirinin ünlü nümayəndəsi Çarlz Olsonun (1910-1970) misrası şeirə epiqraf kimi verilmişdir.

Şeirin yazılmasında Şəfii Kədkəni, heç şübhəsiz, Nəiminin yaradıcılığından, xüsusən onun "Vururam" ("Zənəm") rədifli məşhur qəzəlindən bəhrələnmişdir. Həmin qəzəldə Nəimi:

Qazı mənim qarşımda nədir, müfti mənim dinimi bilir?

Mən onların hökmünə məhkəməsinə yoxluq təpiyi vururam!

(Qazi çe başəd pişe-mən, mofti çe danəd kişe-mən,

Çun poşte-paye-nisti bər hokm-o bər yərğu zənəm!)

- beyti ilə din xadimlərinin onun barəsində hökm fikirlərinə etinasızlığını ifadə etmişdir (Fəzlullah Nəimi Təbrizi İmadəddin Nəsimi Şirvaninin fars divanı. Prof. Rüstəm Əliyevin nəşri. Tehran, 1974, s. 18). Kədkəninin şeirindəki bəzi ifadələr (qeysərin qəsri, xaqanın tacı) bilavasitə həmin qəzəldən alınmışdır.

Fikrimcə, görkəmli İran şairinin bu əsəri Nəiminin bədii obrazını yaratmaq düşüncələrini anlatmaq baxımından unikal bir nümunədir. Odur ki, "Nəsimi İli"ndə həmin şeiri farscadan Azərbaycan dilinə çevirməyi zəruri izahlarla oxuculara təqdim etməyi lazım bildim.

 

Məsiağa Məhəmmədi

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.-S.19.

 

 

 

-