Fəzlullah Hürufinin məhkəməsindən

 

What does not change

is the will to change

 

Charles Olson1

 

Şallaq aşağı endi,

şikayət etmədi yenə.

 

"- Sən tarix atlasının harasını

hərflərin suyu ilə yumaq istəyirsən?

Hansı qeysərin qəsrini,

Hansı xaqanın tacını?".

 

Şallaq aşağı endi,

şikayət etmədi yenə.

 

"- Hərflər hərəkətin başlanğıcıdır,

hərəkət isə su ağac,

ot təbəssüm,

məktəbli uşaq almadır,

Allahın qırmızı alması!

Mən bu əlvan üfunəti

Söz-söhbət suyu ilə yuyacağam,

çünki mənim sözlərim

dənizdən gəlir

dənizə tələsir

yenidən".

 

"- Sən tarix atlasının harasını

hərflərin suyu ilə yumaq istəyirsən?

Hansı qeysərin qəsrini,

Hansı xaqanın tacını?".

 

Şallaq aşağı endi,

şikayət etmədi yenə.

 

"- Xəbər çatıb ki, yağış

yenidən yağacaq.

Tanrı çılpaq olacaq

külə dönmüş bağ

çiçək açacaq.

 

Bir müsafir yoldadır,

ərğəvan buludla

doludur yelkəni

zülmətin cismini,

bu yaralı qırxayağı

qovacaq itburnu çiçəklərinin yuxusundan.

 

Müsafirlər yoldadır,

şəfəqi çiyinlərinə atıb onlar,

şimşəyin libasını əyinlərinə geyib onlar.

Qardaşlarım

sözləri ilə

yarırlar gecəni.

 

Xəbər çatıb ki, gur yağış

yağacaq,

Tanrı çılpaq olacaq.

Görmürsənmi məgər

könlüm yamyaşıldır,

od suyun malik olduğu

bir haldayam.

Axtarıram

hərflərin yeni nizamını

elə bir vəzni ki,

gün ilə Ruzbehanı2 birlikdə

mədh eləyim

eşq Tasinini3 bəstələyim.

Mənim küfrüm

elə bir küfrdür ki,

heç bir Simurq

qanad çala bilməz

onun zirvəsinə.

 

Bir bax,

partladı ildırımın qəzəbi,

şövqdən

 

islandı buğda sünbüllərinin kirpiyi

ərğəvanlar namaz qılır orda".

 

Şallaq aşağı endi,

şikayət etmədi yenə.

 

"- Sən tarix atlasının harasını

hərflərin suyu ilə yumaq istəyirsən?

Hansı qeysərin qəsrini,

Hansı xaqanın tacını?"

Şallaq aşağı endi.

 

"- Zülmətin yolunu, dirilik suyunu

Xızıra bağışlayacaq.

Baxma ki, səf çəkib

Min Xacə Nizamülmülk4,

min axta xacə

hər birinin dodağında

min axta söz.

Bax ki, bunlar,

bunlar

necə yağışın altında

altı min illik

murdar leşlərin üzünü

hələ qızardırlar

güllərin qanı ilə.

Bu Çingiz5 heyvanxanasını

                        seyr etmək üçün asan,

gərək bir zürafənin boynundan sallanasan".

 

Şallaq aşağı endi,

şikayət etmədi yenə.

 

Yaşıl meşənin ortasında

Bir torağay qanad çaldı

səhər nəsimindən

asılı qaldı.

 

İzahlar:

1) Dəyişməyən şey - dəyişdirmək iradəsidir (Çarlz Olson).

2) Orijinalda "ruz Ruzbehan". Məşhur sufi şeyxi Ruzbehan Bəqli Şirazi (1128-1209) nəzərdə tutulur.

3) Tasin - əslində, Ta, Sin. Ərəb əlifbasının 12 16-cı hərfləri. Bu hərflər "Quran"ın bəzi surələrinin, o cümlədən, 27-ci "Nəml" surəsinin əvvəlində işlənmişdir.

4) Xacə Nizamülmülk Tusi (1018-1092) - Səlcuq sultanlarının vəziri, məşhur "Siyasətnamə" əsərinin müəllifi.

5) Monqol imperiyasının qurucusu Çingiz xan (1162-1227) nəzərdə tutulur.

 

Məhəmmədrza Şəfii Kədkəni

 

Fars dilindən tərcümə izahlar:

Məsiağa Məhəmmədi

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.19.