Allah tərəfindən sevilən
bəndə
1991-ci ilin yayı
idi. EA-nın binasına
yenicə daxil olmuşdum ki, dərnək yoldaşım
Lətif Mustafaoğlu
qarşıma yeriyib:
- "Səndəmi müdafiəyə
gəlibsən?" - deyib qoluma girdi, ağzımı açmağa macal verməyib məni II mərtəbəyə apardı.
Dəhlizdə adam çox idi. Nəfəs dərməyə imkan verməyən Lətif
təmiz türk ağzı və ləhcəsi ilə
danışaraq heyranlığını bildirməkdən
usanmayaraq dil boğaza qoymurdu. - Gör indi nə tufan qopacaq?
Bu mövzuda belə səviyyəli dissertasiya
yazılmayıb. İndi görərsən!
Məlum oldu ki, gənc
alim Nizami Cəfərov doktorluq dissertasiyasını təqdim
edəcək və 3-4 dəqiqədən sonra iclas
başlayır.
Nizami ağ, qısaqol
köynəkdə foyedə adamlardan bir az
aralı var-gəl edir, hərdən əllərini sıx,
qara saçlarına çəkir, elə bil nəyinsə
intizarını çəkirdi. Yox, qətiyyən
həyəcan, gərginlik, narahatlıq duyulmurdu. Sanki adam qatarın nə vaxt yola düşəcəyini
gözləyirdi. Arxayın, özünəinamlı,
təkcə zamanın ləngiməsindən narazı.
Bircə başlasaydı!
Lətif söylədiyi "tufan"ı
elmi rəhbər, opponentlər, salondan
fikir bildirən tanınmış dilçilər
danışanda gördüm. Hamı gənc alimin
(onda Nizaminin 31 yaşı vardı) yüksək səviyyəsindən,
intellektindən, dərin analitik qabiliyyətindən, mövzunun
olduqca mühümlüyündən və vacibliyindən
danışırdı.
İllər keçdi... O da bütün istedadlı adamlar
kimi ilbəil inkişaf edirdi, hər il kitabları
çıxırdı. Professor (1994), əməkdar elm xadimi
(2000), AMEA-nın həqiqi üzvü (2017) və s. uca zirvələrin
yiyəsi oldu. Məhz yiyəsi oldu, çünki özü
qazandı!
Amma təvazökarlığından,
sadəliyindən, səmimiliyindən
"bircə sətir də" (Ə.Kərim) artıq boy
göstərmədi. Böyük ürəyi və
insanlığı ilə daim ucaldı, könüllərdə
özünə böyük taxt-tac qurdu.
Məclislər yaraşığıdı. Təmkinli, ağayana
davranışı, lətifələri, bəzən həmin
lətifələrə özünün də əlavələrini
edərək o qədər məzmunlu, duzlu, uyğun şeylər,
hadisələr quraşdırır ki, bəzən həmin
şəxslər məclisdə olsalar da, ürəkdən
uğunub gedirlər və Nizami müəllimin fantaziyasına
səmimi-qəlbdən heyranlıqlarını bildirirlər.
O, müasir ədəbi-tənqidimizin
ən məhsuldar nümayəndələrindən
biri olmaqla yanaşı, həmişə ədalətlidir,
obyektivdir, xeyirxahdır. Tənqidi fikirlərini
də elə ustaca söyləyir ki, qətiyyən narazı
qalmırsan, düşünürsən ki, kaş həmin səhvləri
etməyəydim.
O boyda elmi adların
(qəsdən yazmıram, vikipediyaya girin, oxuyun, çünki
çoxdur) titulların, vəzifələrin sahibi
olaraq böyük ürəyə sahibdir. Mən əminəm
ki, o, heç vaxt kiminsə paxıllığını
çəkməyib, nə iləsə bağlı kiminsə
qəlbinə dəyməyib, ürəyinə
qısqanclığın, qərəzin, həsədin yol
tapmasına imkan verməyib. Bütün
istedadlı adamlar kimi, o da məğrur, vüqarlı,
özünə güvənlidir. Mövcud olduğu ədəbi
meydanda kimdən və nədən çəkinəsidir ki! Ona görə də niyə paxıl olmalıdır
ki.
Heç
60 yaşlıya oxşamır,
maşallah! Dedim axı, içi təmizdir. Bir
insan kimi də, bir alim kimi də hər şeyə nail olub.
Böyük ürəyin sahibi kimi. Allah tərəfindən
sevilənlərə uca Yaradanın lütfü
böyükdür!
Uca Yaradan öz bəndələrini
hamıdan yaxşı
tanıyır.
Səyyad Aran
Ədəbiyyat qəzeti.- 2019.-
27 aprel.- S.21.