Sərhədsiz düşüncə sahibi
Hər bir şəxsiyyətin tarixi dəyəri onun öz xalqı və milləti üçün etdiyi xidmətlərlə ölçülür. Millətinə və dövlətinə böyük istedadla, təmənnasız xidmət edən belə şəxsiyyətlərdən biri akademik Nizami Cəfərovdur. O, mənim kiçik qardaşım, böyük dostumdur. Hər yerdə qürurla məni öz müəllimi adlandırır. Bununla həm məni, həm də özünü ucaltmış olur.
Nizami öz varlığında və yaradıcılığında tarixlə müasirliyi birləşdirən alim və şəxsiyyətdir. Mən onun ilahi vergisi olan parlaq istedadına, kamil şəxsiyyətinə dərin hörmət bəsləyirəm. O, bəlkə də, müasir dövrün yeganə alimi, ziyalısı və şəxsiyyətidir ki, mən ondan ürəklə danışa bilirəm.
Nizami Cəfərov görkəmli dilçi-türkoloq, ədəbiyyat tarixçisi, nəzəriyyəçi və peşəkar tənqidçidir. Belə çoxnövçülük onun sərhədsiz təfəkkürünün təbiətindən irəli gəlir. Nizaminin yaradıcılığında dar ixtisaslaşma yoxdur, o, sözün həqiqi mənasında klassik filologiya mütəxəssisidir. Nizamini bu baxımdan yalnız dünyanın böyük dilçilərindən biri, professor Bəkir Çobanzadə ilə müqayisə etmək olar. Ona ədəbi-tarixi mühitdə nüfuz qazandıran ilk əsər, məncə, "Füzulidən Vaqifə qədər" kitabı oldu. Bu kitabda o, mümkün olmayanların mümkünlüyünü sübut etdi. Mən dönə-dönə bu kitabı oxuyuram, burada Azərbaycan ədəbiyyatı təkcə ədəbi-tarixi faktların sistemi kimi yox, həm də Azərbaycan idealı kontekstində təqdim olunur. Kitabda Nizaminin çox gənc bir şəkli də var və o kitabdakı siqlətlə, intellekt ağırlığı ilə bu şəkil heç cür düz gəlmir. Əgər o şəkil olmasaydı, elə bilərdim ki, bu kitabı azı 50 yaşlı bir alim yazıb. O, elmdə yaşından çox-çox qabağa getməyi bacarıb - bax, Nizami fenomeninin sirri də elə bundadır.
Bundan sonra onun "Türk dünyası: xaos və kosmos", "Eposdan kitaba", "Azərbaycan türkcəsinin milliləşməsi tarixi", "Azərbaycanşünaslıq", "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı", "Türkologiyanın müasir problemləri", "Ədəbiyyatın müstəqilliyindən, müstəqilliyin ədəbiyyatına", "Molla Pənah Vaqif", "Etnoloji etüdlər", "Keçən günlərin dastanı" əsərləri meydana gəldi. Bu kitabların hər biri mərhələvi xarakter daşıyır, dövrün, zamanın, milli taleyimizin ehtiyaclarına elmi-nəzəri cavab olaraq yazılıb.
Alimin şərəfli 60
yaşının tamamında niyə bunları bu tərzdə qeyd edirəm?!
Nizaminin filoloji fikrimizin tarixində və taleyində həll etdiyi qlobal elmi problemlər
var:
1. O, dilin ədəbiyyata, ədəbiyyatın dilə
genoloji qarşılıqlı
təsiri problemini qoyub həll etdi. Yox, o, təkcə dilçi-tənqidçi
olmaqla kifayətlənmədi.
Dil tarixinin (geniş planda türk dillərinin) ədəbiyyat tariximizin yaradılışında oynadığı
rolun əsas parametrlərini təyin etməyə nail oldu.
2. "Azərbaycanşünaslıq", "Azərbaycan türkcəsinin
milliləşməsi tarixi",
"Azərbaycan xalqının
tarixi və tərcümeyi-halı", "Etnoloji etüdlər" kitablarında Azərbaycanşünaslığın
nəzəri-metodoloji fundamentini
yaratmağa nail oldu.
"Şahnamə", "İskəndərnamə" kimi
dahiyanə əsərlərə
yeni bir "Namə" - "Azərbaycannamə"ni də Nizami Cəfərov əlavə etdi.
3. Nizami Cəfərov
min illik tarixi olan Azərbaycan ədəbiyyatşünaslığına linqvo - tarixi arsenal gətirdi. Ana dilimizlə
ana sözümüzü
bir-birinə doğmalaşdırdı.
Onların arasında məhəbbət yaratmağa
nail oldu. Ədəbiyyatın dili, dilin ədəbiyyatı necə
yaratdığını (və
yaxud yaratmalı olduğunu!) müəyyənləşdirdi.
Həm bunu təkcə yazılı şəkildə
yox, həm də AzTV-də müntəzəm apardığı,
dəfələrlə mənim
də iştirak etdiyim, çox məzmunlu verilişlərdə
şifahi tərzdə
icra etdi.
4. Nizami Cəfərov
böyük maarifçidir,
təbliğatçı yox,
tədqiqatçı və
təqdimatçıdır. O, öz
xalqına hansı milli-mənəvi dəyərlərə
sahib olduğunu əsərləri
və sabitqədəm
fəaliyyəti ilə
izah edə bildi. Odur ki, bu gün Azərbaycan cəmiyyətində onun vətəndaş və ziyalı kimi nüfuzu və çox böyük halal hörməti var. Nizami Cəfərov Azərbaycan xalqının
fəxri, tarixə daxil olmuş mütəfəkkiri, canlı
milli dəyər simvollarımızdan biridir.
5. Nizami Cəfərov
öz əsərləri
və qlobal ictimai fəaliyyəti ilə möhtəşəm
türk dünyasının
ideoloqu və lideri olmağı bacardı. O, bu gün ümumtürk təfəkkürünün daşıyıcısı,
dünya türkologiya
elminə və türkçülük məfkurəsinə
inam və istedadla istiqamət verməkdədir. Nizami daxilən
də, zahirən də əsl türkdür - daxilən Oğuz türklərinə,
zahirən qıpcaq türklərinə bənzəyir.
6. Nizami Cəfərovda şəxsiyyətə və
intellektual liderə məxsus bir neçə ali
keyfiyyət var: dərin nəzəri-tarixi
biliyə və eyni zamanda dərin
təvazökarlığa sahibdir,
gözəl nitq qabiliyyəti və dəmir kimi məntiqi var, qibtəolunacaq qədər
səbrli, təmkinli və sabitqədəm adamdır, şəxsiyyətinin
səciyyələndirən prinsipləri qorumağı
bacarır, şəxsiyyətinə
sadiq monolit bir ziyalıdır. Onunla danışmaq asan və maraqlıdır həyatda (xüsusən süfrə arxasında) olduqca səmimidir, elə zəngindir ki, söhbətlərindən
və yerli-yerində söylədiyi zarafatlardan
doymursan, ləzzət
alırsan. Bir sözlə, Nizami Cəfərov əsl İnsan, əsl Alim və Şəxsiyyətdir!
Mən onunla bir epoxoda,
Azərbaycanın müstəqilliyi
dövründə yaşamağımdan,
dostluq və qardaşlıq etməyimdən
iftixar duyuram.
7. Nizami isti aurası
olan, mühit yaratmağı bacaran ziyalıdır. Harada olursa, arılar çiçəklərə qonan
kimi insanlar onun başına toplaşır, onun maraq dairəsinə düşməyə çalışırlar.
Çünki Nizamidən nurdan
yaranmış qədim
türkün - əcdadından
gələn bir işıq var, bu işıq insanları cəzb edir, onların qəlbini isidir və onlara nəcib təsir bağışlayır. Şəxsiyyət
də günəş
kimidir, onun nüvəsində tükənməz
enerji var. Mən həmişə demişəm:
şəxsiyyəti olmayanın
heç nəyi yoxdur… Alim və sənətkar
üçün şəxsiyyət
amili çox vacibdir.
8. Sözün gücü onu deyənin şəxsiyyətindən asılıdır;
"salavat gücə
bağlıdır". Nizami Cəfərov
Söz deyə bilən, sözü məqamında deyən və sözünün dalında durmağı bacaran adamdır. Bir dəfə BDU-nun Dissertasiya Şurasının
iclasında dəyərli
ziyalımız Qulu Məhərrəmli dedi:
"Nizaməddin Şəmsizadə
və Nizami Cəfərov hansı yazıçı haqqında
yazırsa o dönüb
olur böyük yazıçı. Bu, tənqidçi sözünün
sanbalı deməkdir.
Tənqidçi ədəbiyyatın sahibidir. Yazıçı sözü yaradır,
tənqidçi onu yaşadır. Sözü yaşatmaq
tarixin tənqidə həvalə etdiyi nəcib (və çətin) missiyadır.
Nizami Cəfərov bədii sözün təmini bilən, ruhunu hiss edən sözü urvatdan düşməyə
qoymayan, yüksək dil fəhminə malik peşəkar tənqidçidir.
9. Nizami ilə dostluğumuz onun tələbəlik illərindən
istedadına və şəxsiyyətinə hörmətdən
başlanıb. Çox gənc
yaşlarımızda televiziyada
"Vətəndaş" verilişində İçərişəhərdə
qala divarlarının
üstündə Azərbaycançılıq
mövzusunda bir dialoq aparmışdı.
Böyük mütəfəkkir
Yaşar Qarayev bizi görəndə dedi: "Dağın zirvəsində olan iki qartal kimi
döş-döşə vermişdiniz".
Biz o gündən Yaşar müəllimin bizə ünvanladığı
o zirvəni fəth etdiyimiz ucalığı qoruyub saxlayırıq.
Tanışlığımızın və dostluğumuzun bu qırx ili
ərzində aramızda
kiçik də olsa inciklik olmayıb.
Bir-birimizi sözsüz başa
düşmüşük. Bu, hər şeydən
əvvəl, ona görə belə olub ki, Nizami
çox ölçülü-biçili
adamdır, sözün,
fikrin və əməlin ustasıdır.
Onun böyüklüyü sadəliyində,
səmimiyyətində və
mərhəmətindədir. Fəqət millətin, xalqın, dövlətin taleyi ilə bağlı prinsipial məsələlərdə
o, sərt və dönməzdir, mövqeyini
inadla müdafiə etməyi bacırır.
O eyni sərtliklə də lazım gələndə sözü
üzə deyir. Mən dəfələrlə bunun
şahidi olmuşam.
10. Nizami Cəfərovun
ən yaxşı əsərləri (pisi yoxdur!) idrakla fəhmin vəhdətindən
yaranıb. Türkologiyaya dair yazılarını
oxuyub görürsən
ki, o çox həssas dil duyumuna malikdir. Nizami dili canlı
varlıq kimi hiss edir. Sonra dildə analitik
təhlil aparır və təkcə linqvistik - filoloji qənaətlər yox, həm də ümummilli nəticələr
əldə edir.
Dil faktoruna dayaqlaşıb xalqımızın etnogenezi,
milli-tarixi təkamül
yolu, milli-mənəvi
yaddaşımız haqqında
tutarlı və məntiqli elmi nəticələrə gəlir.
Məhz bu istiqamətdə də o, əsas problemləri və prioritetləri düz fəhm bir ağılla
müəyyənləşdirməyə
nail olur.
11. Nizami Cəfərov
öz ömür yolu, yaradıcılığı,
taleyi ilə iki əsrin, iki minilliyin üzərindən canlı
mənəviyyat körpüsü
salan tarixi şəxsiyyətdir. Mənim əksər tədbirlərimə
o, cani-dildən rəhbərlik
edib, beş
il öncə Dövlət Dram Teatrında
təntənəli surətdə
keçirilən 60 illik
yubileyimi Nizami aparıb, geniş və məzmunlu nitq söyləmişdi. Mən də çox istərdim ki, onun yubileyində
həm özümün,
həm Nizaminin, həm də canımızdan artıq sevdiyimiz müstəqil Azərbaycan elminin və ziyalılığının
adına layiq mənalı bir çıxış edim. Fəqət, təəssüf ki, bunu edə
bilməyəcəyəm, bunun
üçün fiziki
imkandan məhrum olmuşam. Elə bu kiçik qeydlərin yekununda xalqımızın böyük
oğlu, fitri istedad sahibi, milli təfəkkürümüzün
fəal daşıyıcısı
adı ilə fəxr etdiyim dostum, nadir şəxsiyyət,
akademik Nizami Cəfərovun 60 illik yubileyini böyük qardaş məhəbbəti
ilə təbrik edirəm.
20.04.2019
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.- 2019.-
27 aprel.- S.20.