ƏDƏBİYYAT ÜZRƏ 1927-Cİ İLİN NOBEL MÜKAFATÇISI:

Henri BERQSON (Fransa)

 

Fransız filosofu. 18 oktyabr 1859-cu ildə Parisdə anadan olub.

Fəlsəfi intuitivizm cərəyanının tanınmış nümayəndəsidir. De Frans kollecinin (1900-1914) professoru olub. 1914-cü ildə Fransa Akademiyasına üzv seçilib. 1927-ci ildə "Təqdim etdiyi canlı və zəngin ideyalardakı böyük ustalığına görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

"Yaradıcı təkamül" (1907), "Mənəviyyatda və dində iki mənbə" (1931) əsərləri ilə dünya fəlsəfə tarixinə mühüm töhfələr verib. 1914-cü ildən Mənəvi və Siyasi Elmlər Akademiyasının üzvü olub. Cenevrə konservatoriyasının professoru, polyak əsilli pianoçu və bəstəkar Mixal Berqsonla ingilis əsilli həkim Ketrin Levinsonun qızının ailəsində dünyaya gəlib. Ata tərəfdən polyak, ana tərəfdən isə inrald və ingilis yəhudi nəslindəndir.

Berqson anadan olduqdan 8 yaşına qədər ailəliklə Londonda yaşayıb, sonra yenidən Parisə qayıdıblar. 1868-1878-ci illər arasında Fonteyn liseyində təhsil alıb. 14 yaşından etibarən din tarixi ilə maraqlanıb və təkamül nəzəriyyəsi ilə tanış olduqdan sonra, 16 yaşından etibarən inancını itirib. 1878-1881-ci illərdə ali təhsil alıb və liseylərdə müəllimlik edib. 1889-cu ildə "Şüurun birbaşa dərki təcrübəsi" və "Aristotelin qisas ideyası" adlı iki dessertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb.

1941-ci il 4 yanvar tarixində Parisdə vəfat edib.

"Ədəbiyyat qəzeti" oxucularına filosofun fəlsəfi düşüncələrindən bəzi sitatları təqdim edirik.

 

Sitatlar

 

***

 

Şöhrətpərəstliyə qarşı yeganə vasitə - təbəssüm və təbəssüm doğuracaq yeganə cəhət - şöhrətpərəstlikdir.

 

***

 

İntuisiya - öz obyektini təyin etmək üçün təmənnasız refleks yarada biləcək yeganə qeyri-müəyyən instinktdir.

 

***

 

Həyat yolumuz başladığımız və edə biləcəyimiz işlərin tör-töküntüsü ilə doludur.

 

***

 

Parisin minlərlə fotosu var ki, orada Paris yoxdur.

 

***

 

Biz insanı nəyisə dərk etdiyi üçün deyil, nəyəsə sevinə bildiyi üçün qəbul edirik.

 

***

 

Təkamül fasiləsiz olaraq yenilənən yaradıcılıqdır.

 

***

 

Ölüm - şöhrətpərəstliyin sirli dərmanıdır.

 

***

 

Kainat, sadəcə, Tanrıları yaratmaq üçün məkandır.

 

***

 

Heyvanı şüurlu qəbul etmək mənasızdır, çünki onun ağlı yoxdur, lakin bu o demək deyil ki, mədəsi olmadığı üçün qidalanmamalıdır.

 

***

 

İnsan yalnız azad olduqda üzərinə düşən məsuliyyəti dərk edir.

 

***

 

Hərəkətdə olan insan kimi düşün, düşünən insan kimi işlə.

 

***

 

Yaşamaq - dəyişmək, dəyişmək - böyümək, böyümək - fasiləsiz olaraq öz "mən"ini yaratmaqdır.

 

***

 

Ağlımız - müəyyən forma almış metaldır, forma isə bizim hərəkələrimizdir.

 

Tərcümə edəni: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.32.