Səni bu şəhərdə
tapmaq çətindi
Mən ən çox anamın şəklini siləndə
təmiz şüşə
sildiyimə görə
sevinirəm
sən bilmirsən axı,
sevdiyim qadını ən çox anam olsun
deyə oxşayıram
oxşayıram ki, anam yuxuma girsin
oxşayıram ki, qadınsız qalmış
təndirinə çörək
yapsın...
Mən ən çox kəndimizə
anamın məzarına
görə gedirəm
gedirəm ki, anam sevinsin
sən də sevin, qadın
sevin ki, səni anam kimi
sevdim.
Atamın
uzaqlarda olması
bəlkə də
anamın ən böyük ayrılığıdı
başqa dildə
danışan
qadınlara qısqanır
onu
atam başqa dizlərdə qatır
qadınsızlığının başını
indi bir uşaq adı tapmaq qədər çətindi
səni bu şəhərdə tapmaq
nə olar qayıt,
qadınsız kişilərin
tək qaldığı
evə.
Yaxşı ki,
sən getdin.
Sənin
bilmədiyin
hüzün başladı
ömrümdə.
Bütün çay evlərinin
iki müştərisi
azaldı onda.
Günü on manata işləyən
rayon qadını,
dodaq boyalarına bələnmiş
stəkanları yudu deyinə-deyinə.
Sonra,
səni qısqandığım
paltarlarda
şəkillərini paylaşdın.
Bircə
yol
üzüm gəlmədi
ki, soruşam:
- Müəllif kimdi?
Qayıdıb öz evimə gəldim
qapımı döydüm.
qonşu uşağı,
qaçdı üstümə:
- əmi, muştuluğumu
ver
evdə heç kim yoxdu.
Vasif Əlihüseyn
Ədəbiyyat qəzeti.- 2019.-
27 aprel.- S.30.