"Vəsiyyət"
pyesi haqqında
Bədii,
publisistik və elmi əsərləri ilə təkcə
respublikamızda deyil, ölkə hüdudlarından kənarda
da yetərincə tanınan Hüseynbala Mirələmov
gözəl roman, povest və hekayələr, "Heydər
Əliyev", "İlham Əliyev", "Zərifə
Əliyeva", "Missiya" kimi siyasi-publisistik əsərlərin
müəllifi olmaqla
yanaşı, həm də pyesləri səhnəmizdə
müvəffəqiyyətlə tamaşaya qoyulan,
tamaşaçı rəğbəti qazanan dramaturqdur. Nəsr və publisistikasında olduğu kimi, dram əsərlərində
də H.Mirələmovu düşündürən ən
başlıca problem Azərbaycan xalqının
varlığı, birliyi, müstəqilliyi və
özgürlüyü məsələsidir. İstər
tarixi, istərsə də müasir mövzularda
yazdığı dram əsərlərində biz
yazıçını daima xalqın, millətin istək və
arzularının, adət-ənənələrinin, duyğu və
düşüncələrinin tərcümanı kimi
görürük.
H.Mirələmovun
son illərdə yazdığı və Akademik Milli Teatrın səhnəsində
oynanıb tamaşaçı rəğbətini qazanan əsərlərindən
biri də "Vəsiyyət" pyesidir. Hadisələrin bir
ailə çərçivəsində baş verdiyi və əvvəlki
adı "Axirətdən gələn zəng" olan pyesi
müəllif yenidən işləyərək süjeti
saxlamaqla məzmununda dəyişiklik etmiş, obrazların daha canlı
və müasir çıxması üçün müəyyən
işlər görmüşdür ki, bunlar ən çox
obrazların daxili aləminin açılışına xidmət
edən söz, ifadə, bəzən də bütöv dialoq
və monoloqlarda özünü göstərir.
Oxucu və
tamaşaçıları günümüzün
reallıqları ilə tanış edib
onları düşünməyə və "İnsan, sən
niyə beləsən?" sualına cavab axtarmağa
cağıran bu fəlsəfi-əxlaqi əsərin ən dəyərli
cəhəti, heç şübhəsiz ki, yüksək sənətkarlıqla
yazılması ilə yanaşı, ideyasının
müasirliyində, ümumbəşəri mahiyyət daşımasındadır. Uzun-uzadı monoloq və
cansıxıcı dialoqlara yol verilməməsi də, əsərin
bədii cəhətdən mükəmməlliyini şərtləndirən
amillərdəndir.
Pulun, var-dövlətin əndazəsiz olaraq artması,
külli miqdarda kapitalın bir nəfərin, yaxud bir qrupun əlində
cəmlənməsi və bu kapitala nəzarət mexanizminin
yoxluğu bir qrup insan üçün dırnaqarası səadət,
əslində, əgər belə demək mümkünsə,
fəlakətdən başqa bir şey deyil. "Vəsiyyət"
tragikomediyasını oxuyarkən, ilk olaraq bizim yadımıza
düşən, fikrimizi işğal edən düşüncələr yuxarıdakılar oldu və bəri
başdan deyək ki, düşüncələrimizin
doğurduğu sualları və həmin suallara cavabları da
bu əsərdə tapdıq.
Rəqibi
ən iyrənc vasitələrlə aradan götürmək,
var-dövlətə əsir olmaq, ərinə xəyanət,
vəzifədə olub külli miqdarda sərvət qazanan və
bu sərvətdən qohum-əqrəbasına pay
ayıranların
qarşısında boyun burub hər sözünə ləbbeyk
etmək, şöhrət pilləsindən kəlləmayallaq
olandan sonra onu saya salmamaq bütün cəmiyyətlərin
arzuolunmaz halıdır və bu mövzularda həm dünya, həm
də Azərbaycan ədəbiyyatında xeyli əsərlər
yazılıb. Xislətində əbədi
olaraq xeyirlə şərin mübarizə apardığı
insan, görünür, tarixin heç bir dönəmində,
heç bir inkişaf mərhələsində fitrətindəki
bu ikili xarakterdən qurtula bilməmiş və qurtula da bilməyəcəkdir.
Ən əsas vəzifələrindən birincisi, insanı tərbiyə
etmək, ikincisi, ona zövq vermək olan ədəbiyyat, təbii
ki, yuxarıda haqqında mülahizələrimizi bildirdiyimiz bu əzəli və əbədi
mövzuları daim gündəmə gətirməyə
məcbur və məhkumdur və bəşəriyyətin
labüdlüyü, əbədi yaşayışını təmin
edən başlıca şərtlər də, heç
şübhəsiz ki, xeyirlə şərin mübarizəsi və
bu mübarizədən xeyrin qalib ayrılmasıdır.
Müəllifin
"Qara komediya"
adlandırdığı əsəri biz tərəddüd
etmədən, məhz bu ümumbəşəri və əbədi-əzəli
problemin işıqlandırılması və həllinə yönəlməsi səbəbindən
faciəli komediya - tragikomediya adlandırırıq. Bu qənaətdəyik ki, əsərdə bədii
həllini tapan məsələlər bir qədər
gülüş, həm də
düşündürücü ironiya doğursa da, əslində,
faciə, həm də təkcə milli faciə yox, bəşəri
faciədir.
Obrazların xarakterinin təqdimatı üçün
dramaturq yaxşı və ustalıqla
düşünülmüş bir ədəbi priyomdan istifadə
edir. Birinci pərdənin
ilk remarakası gələcəkdə nələrin baş
verəcəyi və
hadisələrin
hansı məcrada
inkişaf edəcəyinə bəri başdan oxucuda təsəvvür
yaradır. Zəngin, hər şeyi yerində,
avropasayağı bəzənmiş olan bir təsvir olunur. Evin xanımı
Röya ilə stilisti Timurun dialoqu ondan xəbər verir ki, bəzək-düzək
hərisi olan xanım özünü xoşbəxt kimi
göstərməyə çalışsa da, taleyindən razı deyil. Birinci əri, sevərək
qoşulub qaçdığı Fərhadın müəmmalı
şəkildə yoxa çıxdıqdan sonra Dövrana yarızor,
yarıxöş ərə verilib.
Məhəbbətdən savayı hər
şeyi var və onun həyatı, sanki örtülü pərdəyə
bürünüb.
Bu gün bu evdə qonaqlıq olacaq. Səbəb
evin kişisi Dövranın 60 yaşının tamam
olmasıdır. Qonaqlarn sayı məhduddur,
cəmi altı nəfər. Bunun da səbəbi
var. Ev sahibi hamıdan gizli saxladığı bir sirri bunlara
açmaq qərarına gəlib. Nədir
bu sirr? Dövran varidatının qohumları arasıında
hansı şəkildə bölünməsi barədə vəsiyyətnamə
yazıb və onu bu gün, ad günündə onlara elan edəcək.
Dövran
- yeni zamanın bədbəxt milyonçusu
sağlığında ətrafındakı bir qrup adam üçün büt, arvadı Röya və
əmisi nəvəsi Samir üçün oyuncaq, qazanc mənbəyidir.
Əsərdə az iştirak etsə də,
hadisələrin biavasitə onunla bağlı və onun ətrafında
cərəyan etməsini nəzərə alaraq, biz bu
obrazı pyesin əsas, aparıcı surəti kimi qəbul
edirik. Doğrudur, müəllif Dövranın
kimliyi, hansı peşə və məslək sahibi olduğu
barədə tanıtma xarakterli məlumatlar vermir. Lakin Dövranın kimliyi əsərin digər
iştirakçılarının
danışığından və mətndəki remarkalardan
qismən də olsa, aydınlaşır. Belə məlum olur ki, bu
altmış yaşlı, 160 milyon manat varidatın sahibi olan adam Röyanı görüb ona vurulandan sonra
arvadını boşayıb onunla ailə qurmuş,
diribaş, zəmanənin nəbzini tutmağı bacaran
iş adamıdır. Hansı işin sahibi göstərilməyən
Dövran hər nə qədər var-dövlət
yığıb əqrəbalarının yanında
özünü ağsaqqal kimi aparıb onları ətrafında
birləşdirməyi bacarsa da, zahirən xoşbəxt
görünsə də, əslində, bədbəxt
adamdır. Bədbəxtliyi o dərəcədədir ki, yağ içində böyrək kimi bəslədiyi,
hər sözünə ləbbeyk dediyi arvadı evinin
içində ona xəyanət edir, onun əmisi oğlunun məşuqəsinə
çevrilir. Evlərində qulluqçuluq edən filippinli Delisayla qeyri-qanuni
evlilikdən dünyaya gələn oğlunun
varlığını, qardaşı Bayramı
çıxmaq şərti ilə hamıdan gizlədir, daha
doğrusu, zahirə çıxarmağa cəsarəti
çatmır. Yalnız vəsiyyətmanəsindəki
beş milyon manatın kimə veriləcəyi mübahisəsinə
aydınlıq sonra məlum olur ki, onun Delisaydan Dodi adlı altı
yaşlı oğlu var və bu oğlan Filippində,
Delisayın anasının yanında yaşayır.
Arvadının qorxusundan uşağı Filippində "gizlədən"
Dövranın məqsədi var ki, oğlu yeddi yaşına
çatanda onu İngiltərəyə göndərsin.
Burada başqa bir məqama da diqqət edilməlidir. Pulun-paranın
çoxluğu Dövran və Dövran kimilərini əndazədən
o qədər çıxarıb ki, onlar evlərindəki
qulluqçulara təcavüz edə, hətta ondan uşaq da
dünyaya gətirə bilirlər.
Əvvəlki
əri, ata-anasının razılığı olmadan
qoşulub qaçdığı Fərhadın qəfildən
və müəmmalı şəkildə "qeyb"
olmasından sonra Dövranla ailə qurmağa məcbur olan
Röya H.Cavidin "Maral" faciəsindəki Maralın xələfidir.
Turxan bəyin gənc arvadı Maral Turxan bəyin qohumu Arslanla
eşqbazlıq edirdisə, Röya - bu maddi cəhətdən
hər cür təmin olunmuş orta yaşlı ərli
qadın Samirin məşuqəsidir. Samir - bu mənəviyyatsız
qohum ona tapşırılmış, etibar edilmiş əmanəti
- əmizadəsinin namusunu tapdalamaqdan çəkinmir,
qadının altmış yaşlı ərinə olan
sayğısızlığından istifadə edərək ondan həm cismani, həm də maddi cəhətdən istifadə
edir.
Əsərdəki
obrazların hər biri cəmiyyətin reallıqlarını
əks etdirir və müəllif onların iç dünyasını öz sözləri və
bir-birlərinə atdıqları atmacalarla məharətlə
açır. Timur
tərifdən ləzzət alan Röyaya bir stilist kimi xidmətindən
daha çox, söylədiyi
komplimentlərlə onun saqqızını oğurlayıb
sirlərinə vaqif olur. Hətta onun dilindən
ərinə sevgisinin olmadığını belə qopara
bilir. Düşünür ki, nə vaxtsa,
bu sirləri əlində əsas tutaraq qazanc əldə bilər.
Dövranın bacısı Ceyran maskalanmağı
bacaran ikiüzlü qadın təsiri
bağışlayır. Üzdə Röyaya hörmət bəslədiyini
göstərsə də, əslində, ona nifrət edir.
Əri Pirim Dövrandan asılı olduğu
üçün onu aşağılamaqdan belə çəkinmir.
Pirim arvaddan çəkinən, cəsarətsiz, müftə
yemək-içmək ölüsüdür. Müəllif onun xarakterini
aşağıdakı cümlələrlə ustalıqla
açır: "Ağaqayın möhkəm-möhkəm
tapşırıb ki, hamı bu arada olsun. Deməli,
bu gün yaxşı-yaxşı vuracağıq. Lap dədəm
də ölsəydi, yasını qoyub bura gələcəkdim...".
Bayram qardaşına sadiqdir, ən azından ona
görə ki, nə qədər məcbur eləsələr
də, onun Delisaydan oğlu olduğunu heç kəsə
açmır.
Samir şərəfsiz, xəyanətkar birisidir. Çörəyini
yediyi, yanında işlədiyi əmisi oğlu Dövranın
arvadı ilə eşqbazlıq edir.
Delisay işinin ustası, dilini dinc saxlamağı bacaran
bir adamdır.
Hamı onu lal hesab edir. Dövranın
qəfil ölümündən sonra aydın olur ki, o, nəinki
öz dilində, hətta Azərbaycan dilində də sərbəst
danışır.
Əsərdə Dövranın qohumları və
dostları kimi təqdim olunan surətlərdən ikisi -
qardaşı Bayramın arvadı Zöhrə və
Dövranın yaxın dostu Elman qibtəediləsi
obrazlardır.
Zöhrə mümkün qədər iman və
inancı, Elman isə dostluğa sədaqəti ilə
seçilir.
Müəllif
Dövranın yaxın ətrafının daxili aləmini çox
böyük məharət və ustalıqla şərti olaraq
"Vəsiyyətnamə"
adlandırdığımız
səhnədə açır. Özünün
ad günündə qohumlarına vəsiyyətnamə
yazdığını, vəsiyyətnaməsinin bir nüsxəsinin
seyfində, digər nüsxəsinin notariusda olduğunu bildirən
Dövran onların hər birinə sərvətindən
müəyyən pay ayırdığını söyləyir.
Qohumları maraq bürüyür,
hamısı, xüsusilə bacısı Ceyran
ayrılmış məbləğin miqdarını öyrənməyə
cəhd edir. Təkcə Zöhrə və
Elman, demək olar ki, məbləğlə, bəlkə, vəsiyyətnamə
ilə belə maraqlanana oxşamır.
Dövranın
təsadüfi elektrik vurmasından dünyasını dəyişməsindən
sonra vəziyyət
dəyişir.
Hər kəs közü öz qabağına çəkməyə
çalışır. Təbii ki, hər bir fərd qohumluq əlaqələrini
və qazanılmış milyonların iştirakında rolunu
nəzərə alaraq iddiasını dilə gətirir və
Dövranın bölgüsü bəzilərini
çıxmaqla, onların
ürəyincə deyil. Ceyran inciyir ki, qardaşı doğma
bacısını qoyub gəlinlərinə, qeyri qohum və
dostlarına daha çox pay ayırıb. Samir
ona ayrılan paydan narazı olsa da, Röyaya ayrılmış
50 milyon manata və mülkə görə özünü
sakit aparır. Düşünür ki, Röya ilə
evlənəcək və bu qədər varidata, əslində,
o sahib olacaq.
Əsl mərəkə Dövranın qardaşı Bayrama əlavə olaraq
ayırdığı və ünvanı ona, Bayrama, bir də
evində qulluqçu kimi saxladığı filippinli qadın
Delisaya məlum olan beş milyonla əlaqəli olaraq meydana
çıxır. Bayram bu məbləğin ona
əlavə olaraq nə üçün
ayrıldığının səbəbini qətiyyətlə
inkar etsə də, bunun qardaşı ilə arasında bir
sirr olduğunu bildirsə də, qohumlar ondan əl çəkmir.
Nəhayət, Delisay meydana çıxıb bildirir ki, bu pul
Bayrama yox, ona, onun Dövrandan olan altı yaşlı oğlu,
hazırda Filippində Delisayın anasının yanında
yaşayan oğlu Dodiyə ayrılıb. Bu
gözlənilməz və Bayramın da təsdiq etdiyi xəbər
qohumlar arasında çaşqınlıq yaratdığı
bir məqamda gizli nömrədən edilən telefon zəngi
onların əhvalını daha da qarışdırır.
Zəng edən Dövrandır və heç kəs buna
inanmaq istəmir. Ölünün dirilib Röyaya, Bayrama, Elmana zəng
çalması, Ceyran və Samirlə danışması
onlara bir qarabasma, yaxud bir başqasının onlara
sataşması kimi
görünür. Elman
Dövranın qızıl korpuslu telefonunun təsadüfən
Dövranın qəbrinə düşüb orada
qaldığını bildirəndə vəziyyət bir qədər
də mürəkkəbləşir. Elman inanır ki,
Dövran elektrik vurmasından ayılıb və
torpağın altından - qəbirdən zəng edib onu xilas
etmələrini xahiş edir. Elman ona
ayrılan on milyon manatdan imtina edib dostunu xilas etməyə tələsir.
Qohumlar isə buna imkan vermir. C.Məmmədquluzadənin "Ölülər"
əsərindəki Şeyx Nəsrullahın ölüləri
diriltmək istəməsi zamanı qəbiristanda yaranan səhnəyə
bənzər bir səhnə burada da yaranır. Qohumlar, hər nə qədər "ölü
dirilməz, xortlamış ölüyə nə deyərlər?"
- deyib Elmanın qəbiristana getməsini əngəlləsələr
də, əslində, məqsəd Dövranın dirilməsinə
mane olmaqdır. Çünki Dövran dirilib gəlsə,
onlara vəsiyyət edilmiş milyonlar əllərindən
çıxa bilər.
Bu qohumlar
üçün sərvətin insandan irəli olduğu qənaətinə
gələn müəllif kəfənə
bürünmüş halda səhnəyə gətirdiyi
Dövranın əli ilə yazdığı vəsiyyətnaməni
onun öz əli ilə parça-parça etdirməklə
bir daha cəmiyyətə, insanlığa belə bir mesaj
göndərmiş olur: Düzlük, həqiqət, əxlaqi
dəyər və milli ənənələrə sadiqlik,
insanlıq və humanistlik bəşəriyyəti və cəmiyyəti xilas edəcək ən doğru
yoldur.
İslam Qəribli
Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.27.