"Kim aparacaq
məni ora?"
Mübariz Örənin hekayələri
haqqında
"Burda pul qar kimidir, nənə, adamın əlində
qalmır" epiqrafı ilə başlayan "Kim aparacaq məni
ora" hekayəsində neftin ucuzlaşmasının
Radujnı şəhərinə təsiri Alber Kamünün
"Taun" romanında Əlcəzairin Oran şəhərində
taun xəstəliyinin həyatı iflic etməsinə bənzəyir. Bir tərəfdən
"nənə" dediyi anasının, digər tərəfdən,
Lyudanın çağırması onu iki yol ayrıcında
qoyur.
Ana duası
Bu hekayədə "Axırıncı alkaş kimi
meyitimi tullayacaqlar Aqanın qırağına" deyən
Qurban Eldarın yadına tez-tez düşürdü. O, ətək-ətək
pulu aparıb Fyodor kişiyə xərcləmişdi. Öz kəndlərinə isə bir sınıq kərpic
qıymamışdı. Heç
özünə də bir daxma qaralamamışdı. Oğlu Ruslan da sonda anasının arxasıyca
düşüb getmişdi. Bir vaxtlar nənəsi
Eldarın Rusiyaya getməsinə razı deyildi... Onu xalası qızı ilə
nişanlamışdılar. Səhərisi
gün o, kənddən çıxıb getmişdi. Gedərkən vaqonda gördüyü erməni də
içinə dolan qeyri-müəyyənlik kimi onu şimala
çağırırdı. Nənəsinin
istəyinin əksi olaraq gedib Qurbanla
görüşmüşdü. Şimalda
dolanmağın çətinliyindən
danışırdı Qurban. Özü yaxşı təqaüd
alırdı, amma...
Nəhayət, anası Gülənin duaları hasil
olmuşdu. Uzun müddət ağzı qıfıllı qalan
pinəçi budkasını ərzaq köşkü etməsindən
sonra pul, pul dalıyca gəlir Eldara. Sovetin dağılan
vaxtı... Nə satsan gedən bir vaxta təsadüf
edən bu qəfil varlanmaq Eldarın Eldar Rustamıç
adlandırılmasına səbəb olur. Bir vaxtlar dediyi
sözləri indi bu cür dəyişmişdi: "Burda pul
qar kimidir, nənə, hara baxırsan puldu". Amma... Sən
saydığını say,- deyir fələk.
Yəqin ki, xalası qızı Südabənin
ah-naləsi, qarğışı hər şeyi alt-üst eləyir.
Pulla davrana bilmir Eldar. Lyudanın hamilə
olması Südabənin də taleyinə təsir edir... Eldar nişanlısını qoyub gedir.
Südabə isə onun yolunu gözləyir...
Və bir
gün atasının ağ, nurlu sifətini
günəş zənn edir, sonra Qurban onu cənnət qoxulu
yerə - öz yanına aparmaq istəsə də,
yaxınlaşmır ona...
Eldarın yaşadıqlarını oxuyarkən Heminqueyin
"Qoca və Dəniz"ində qocanın qayığa
qonan quşa demək istədikləri yada düşür. O istəyir desin ki,
qırğılar uçub sənin dalınca gəlir. Sonra fikirləşir ki, quş onsuz da onu başa
düşməyəcək. Qırğının nə
olduğunu isə həyat özü ona öyrədəcək...
Eldara da pulun nə demək olduğunu həyat özü
öyrədir: o, əriyən qar kimidir, ya yox?..
Yuxu ilə gerçəklik...
Freyd nəzəriyyəsinin
daha çox hiss olunduğu deyilən "Qazanılmış
günün siestası, yaxud balıq
gülüşü" hekayəsində balaca oğlanın
böyüməsi, cinsi yetişkənliyi əks olunur. Hekayə
haqqında tənqidçi Elnarə Akimovanın dediklərini
xatırlayaq: "...Qazanılmış günün
siestası, yaxud balıq gülüşü" hekayəsi
bütün psixoloji-fizioloji aksiomatikliyi ilə özündə
insanın şüuraltı dərinlərini, yuxu ilə
gerçək, realla irreal dünyaların vahid məkanda
çulğaşma anını ehtiva edir. Şüuraltı
məqamlara diqqət çəkən psixoloji meyillərin
yaranması, erkən uşaqlıq illərinin
yaşantıları bədii dərkin predmetinə
çevrilir. Bu hekayə qəhrəmanın
öz uşaqlığından qopmasının bir
anını görüntüləyir. Böyümək
anı... Mübariz Örən mövzunu yuxunun irreal
qatında təşbihinə çalışmaqla onu bir
növ "yabanı" hiss və yanaşmaların
ağuşundan xilas edir".
Göyərçinlərin ahı
"Oğru"
hekayəsində göyərçinlərin ovu,
başlarının üzülüb satılması və
sonra oğrunun özünün motosikletin kanala aşması səbəbindən
boynunun betonla motosikletin arasında qalıb qırılması
oxucuda belə bir hiss yaradır: Göyərçinlərin
boğazını üzdüyü üçün
"Quşbaş Əli" adı verilən Əlini göyərçinlərin
ahı tutur. Yazıçı özü oxucunu qabaqlayıb
bunu desə də, oxucuda bu hiss Əli göyərçinlərin
boğazını üzüb satanda yaranır: Onların
ahı səni tutacaq, Əli! Əlinin nəslində
ölüm halları artdıqca oxucunun yadına yenə
boğazı üzülmüş göyərçinlər
düşür. Yazıçının
"Qazanılmış günün siestası, yaxud balıq
gülüşü" hekayəsində
sığırçınlardan, "Oğru" hekayəsində
göyərçinlərdən bəhs etməsi Həmid
Piriyevin hekayələrinə bənzəyir. Həmid Piriyev də sərçələrdən,
şanapipiklərdən, qaratoyuqlardan eyni entuziazmla söz
açır.
Dövrün tələbləri
"Skayp" hekayəsi müasir dövrün tələblərinin
bədii inikasıdır. Hekayə
"gülüm səsi"ilə "gün hissəsi"
sözlərini həmqafiyə etmək cəhdi ilə
başlayır və kənd həyatının özünəməxsusluğunun
təsviri ilə davam edir. Bu giriş
müəllifin kənddə postmodernizm axtarması
üçün yaxşı başlanğıc olur.
Müəllif Eyvaz kişinin postmodernist baxışlarından
danışarkən oxucu qeyri-ixtiyari hekayənin adına baxır və onu müasir dövr ilə
baş-başa qoyacaq hekayə oxuduğunu anlayır... Eyvaz kişinin öləndə köhnə qəbiristanlıqda
basdırılmasını, yas mağarının da
nasosxananın həyətində qurulmasını vəsiyyət
etməsinin onun arvadının işləkləri olduğu
deyilir. Kənd camaatının yelli-yelkənli
yüksəkliyi qoyub havasız dərədə ev-eşik
sahibi olması suya görə idi. Gölün
suyu yuxarı çıxmadığı üçün
sonradan həmin nasosxananı tikməli olurlar. Vaxtında
su olmadığı üçün camaat dərədə
yurd-yuva qurmalı olur... Hekayənin bu yerində
yada Herman Hessenin "Siddhartha"sı düşür.
Siddhartha suyun səsinə diqqətlə qulaq
asır həmişə. O, bir dəfə həmin
çayda boğulmaq istəsə də, indi suya başqa
cür - sevgi ilə baxır, səsinə diqqətlə qulaq
asırdı. Sanki suyun ona söyləmək istədiyi
önəmli nəsə vardı. Bir
zamanlar boğulmaq istəyən Siddhartha
ölmüşdü, sanki yeni Siddhartha isə bu sulara
qarşı dərin bir sevgi duyurdu. O, qərara gəlir
ki, bu sulardan bir daha ayrılmayacaq...
Eyvaz kişinin oğlu Vəkilə xəbəri Nuridə
Skaypla verir və o da bircə günün içində
Krasnodardan özünü yetirir. Xeyirlə şər
qardaşdır, deyirlər. Hekayənin qəhrəmanı
toy dəvətnaməsini bibisi oğlu Məhiyə şəxsən
özü verdiyini deyir. Məhi isə
toyda gözə dəymir. Eyvaz kişinin
ölüm xəbəri çıxana kimi evdə Məhinin
söhbəti gedir.
Hekayənin digər qəhrəmanlarından biri də Fəxrəddindir. Ən
yaxşısını o edir: nə əkir, nə becərir,
özü üçün yaşayır. Fəxrəddinin
qardaşı İsmayıl Samarada qubernatorla çox mehriban
olur. Hekayənin qəhrəmanı yolda
bibisini də özü ilə götürür. Bibisi deyir, bala, Skayp olmasaydı Vəkil hardan biləcəkdi
Eyvazın öldüyünü? O, bibisinə Skaypın
çox vacib olmadığını bildirir: telefon var, gedib-gələn
var, - deyir. Bibi Skaypın vacibliyindən danışır.
Bibinin bina evinə gəlişi sevinclə
qarşılanır həmişə. Qonşu
Lyuda ilə söhbətləri də maraqlı olur. Lyuda rusca danışır, bibi azərbaycanca. Amma bir-birlərini başa düşürlər.
Evdə Skaypdan istifadə etməyə
başlamaları başqa ab-hava yaradır. İki dəqiqənin içində Tambovda
yaşayan Münasib dayısının arvadı
Qaraqızı tapır Skaypda. Qadınlar
onlar özləri üçün maraqlı olanlardan
danışmağa başlayırlar. Söhbətin
şirin yerində bibinin "fikir kimi yüyrək"
Skaypı Samaradakı kiçik oğlugilə calanır.
İsmayılın istəyi ilə süfrəyə
çolpa çığırtması gəlir. Məhinin toya gəlməməsindən
danışanda Səkinə yenə Məhiyə qahmar
çıxır. Sonra söz yenə
İsti babayla - İsmayılla Səkinədən
düşür. Yenə həmin söhbət:
"Gülüm səsi", yoxsa "gün hissəsi"
deyildiyindən gedir. İsti babanın adını yaşadan
İsmayıl deyir ki, "gülüm səsi"ni Səkinə nənə deyib. Bibi
deyir ki, yox, Səkinə nənə "gün hissəsi"
yerini deyib. O deyir, bu deyir, İsmayıl şüşə
külqabını götürür və... Monitorda
hər şey yoxa çıxır. Bibi
telefonu istəyir ki, İski babadan xəbər tutsun. Bu zaman nəvəsi əlində telefon gəlir.
Telefonda nəvə İsmayılın eybəcər
hala salınmış şəkli görünür. Nənə
bunun nə olduğunu soruşanda hekayənin qəhrəmanı
bunun Vats app olduğunu deyir və başa düşür ki, nənənin
bəşəriyyətin bu yeni icadından hələ xəbəri
yoxdu... Bir anlıq bibini Səkinə nənəyə
oxşadan qəhrəman insanın insana nə qədər
oxşadığına mat qalır. Elə nəvə
İsmayıl baba İsmayıla, Vatsapp da Skaypa bu cür
oxşayırdı... Bir-birinə bənzəməyən
hekayələri birləşdirən identik cəhətlər
var: insan taleyi, sadəlik, zəhmətkeşlik, çətinlik,
şanssızlıq, tənhalıq, və s. İnsan taleyi
Mübariz Örənin də hekayələrinin əsas
xüsusiyyətidir...
Con Fovles
deyir ki, yazıçılar bir növ Tanrıdır. Çünki yazdıqları əsərlərdə
obrazları istədikləri kimi yaradırlar. Biz də
yaradılan obrazları oxuduqca yazıçıya
qarşı bir müddət sonra doğmalıq hiss etməyə
başlayırıq. Həm yazıçını, həm də
yaratdığı obrazları özümüzünküləşdiririk...
Mübariz
Örən Con Fovlesin dediyi yazıçılardandır...
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2019.- 27
aprel.- S.26.