Üşüyürsənsə, bütün körpələrin
baxışlarını əyninə geyindirim...
Hər kəs vaxtından əvvəl ölür,
təkcə tanrılar
doğulur vaxtından
əvvəl.
Ölmə, qəbrini qurban
demişəm
sonuncu nəfəsinə...
Ölsən gülüşlərimi həbs
edəcəklər.
Qulaq as qəlbinin səsinə - ölmə!
Üşüyürsənsə,
bütün körpələrin
baxışlarını
əyninə geyindirim,
ya da
bütün tabutları
yandırım, ölmə!..
Ölsən Tanrı da can verəcək
Şah damarında...
Bir qəbirlik məsafə nədir ki, ölmə...
Azadlığın ən gözəli
Təklik
qatar səsinə
diksinməkdi,
naməlum bir məzar daşı üstə yuxulamaqdı.
Bəzən də qəbrini
yuxuda görməkdi...
Dostunun nişan üzüyünü
götürüb
öz bəlgənə,
nişanına getməkdi.
Təklikdən o yana tənhalıq var hələ;
Məsələn, adamlardan qaçıb
itlərə-pişiklərə sığınmaq
kimi...
Yatmaqdan
zəhləm gedir,
daha bezmişəm
təkkameralı otaqlarda
boğulmaqdan.
Azadlığın ən gözəli
qan-tər içində
yuxudan oyanıb
Azadlıqda olduğunu görməkdir...
***
Gözəl idi özümlə
yaşamaq,
Mən doğulana
kimi yaşadım.
Boşanmadan, qopmadan
Özümə dözüb yaşamaq...
Hər aldığım nəfəsdə
boğulana kimi yaşamaq...
Ağaclara kölgə oldum,
yarpaqlara məzar
daşı.
Paltarlardan bayraq tikdi
dükanlı çəpərlər.
Yığdım başıma qəbirləri,
bir də susuz ağacları,
Tanrılara ölkə oldum.
Tökülüb ölümün dişi
Tökülüb ölümün dişi.
Qıçı tutulub zamanın.
Tanrı
olacaq başdaşı
sonuncu ölən adamın.
Qız qarıyacaq tabutlar,
ölümün can verdiyi
gün.
Qandalı qırmış umudlar
üstünə yeriyəcək
göyün...
Tənha
qalacaq göy üzü,
Tanrısız o da bezəcək.
Başın qoyub ağlamağa,
göy üzü adam gəzəcək.
Tural TURAN
Ədəbiyyat qəzeti.- 2019.-
27 aprel.- S. 24.