17 dekabr
Dostum Şirməmməd Hüseynova
On yeddi dekabr... Sənin ad günün,
Hərənin bəxtinə bir ulduz düşür.
Həm də tapmacadır yolu hər ömrün,
Sönmüş bir ocağa birdən köz düşür.
Sabahı bu gündən görmək
çox çətin,
Yatır kül altında bir od külçəsi.
Birinci pilləni
atan nə bilsin
İkinci pillənin nədir müjdəsi.
Birinci pillədə
görmüşdünmü sən
Bu gün
yetişdiyin mənzili,
qardaş?
Gəl, gəl,
alqışlayaq biz əvvəlcədən
Üzümüzə gələn
hər ili,
qardaş.
İllər yaxşı
gəlir biri-birindən
Küllər çözələnir
od hənirindən.
Biz hardan biləydik iyirmi yaşında
Ömrün hələ altmış düşərgəsi var.
İndi də nə bilək elçi daşında
Oturan elçinin nə müjdəsi var.
Gah olur, həsrətlə umduğumuzun
Görürük həyatda
tərsini, qardaş,
Gah da gözümüzə ələnən
tozun
Zaman özü verir dərsini, qardaş.
Bəzən yolda qalır gözlədiyimiz,
Gözlənməyən yerdən bəzən köz çıxır.
Bəzən qazananda
uduzuruq biz,
Bəzən şərimizdən xeyrimiz
çıxır.
Lal axan çayların altında
yerdən
Qaynayan suları görmürük,
fəqət.
Qırır qolundakı
zənciri birdən
Yatmış bildiyimiz bir kölə millət.
Vaxtın axarında
sular durulur,
Gerçək gül açanda solur riyalar.
Bir anın içində uçub məhv olur,
Yüzillik, minillik imperiyalar.
Bu gün dağlardakı dumanın,
çənin,
Sabah gül
açması bir himə bənddir.
Bu gün təşəxxüslə "mən", "mən"
deyənin
Sabahkı taleyi kimə bəllidir?
Birinci pillədə
görmüşdünmü sən
Bu gün
yetişdiyin pilləni,
qardaş?
Təbrik eyləyirəm
elə indidən
Sabahkı gün ilə mən səni, qardaş!
17 dekabr 1986
Bəxtiyar VAHABZADƏ
Ədəbiyyat qəzeti.- 2019.- 3 avqust.- S.2.