Beşbirlər...
...Zalım gecələrdə
Ay şəkli çəkərəm
göy üzünə,
körpə təbəssümü
ilə
doğular səhər
günəşi -
xoşbəxtlik də belədi...
***
...Sərçə
balası boyda
bir ürək
çırpınır
kolların arasında,
yarpaq-yarpaq tökülür
payız yağışı
-
qürub qorxudur məni...
***
...Qarğalar,
qara buludlar kimi
qara qarğalar,
ağ lələklər
tökülür
tökülür göy üzündən -
xəzan vaxtıdı...
***
...Kəpənək
donunu
soyundu
bir qız,
qəfil şahə
qalxdı
vəhşi bir ayğır -
mart ayıdı...
***
...Yanımdan
mart səhərinə
oxşar
bir qadın
keçdi,
havalandı
günahların ağ yelkəni -
bu an, bir
an çəkdi...
***
...Sən mənə
nifrət edəcək
qədər
ağılsız,
mən səni
unudacaq qədər
sərsəm -
göydən dəyənək
yağacaq...
***
...Kirpiklərində
dünənki gecənin
şəhvəti,
dünənki sevgi
artıq keçmişdi
-
vidalaşmadan getmə...
***
...Həqiqət
nə acıdı
nə də şirin,
yalanlarsa
sadəcə, gözəldi
-
sevgi yoxdursa...
***
...Bu kədər
ərini itirmiş
qadın kimidi,
bu qadın
necə də
öz kədərinə
oxşayır -
bir körpə
ağlayır...
***
...Sırğagülü
rəngində
bir qız yanağından
öpüb qaçasan,
qaçıb baş vurasan
suqovuşana -
heyif, üzə
bilmirəm...
***
...Şanapipik
uç get burdan
ağılsız quş,
yemişan qoxuyur
qara sevda rüzgarı -
yol saçını
salxım söyüd...
***
...Qocalıq
ayaqdan başlayır
sən demə,
yaxşı ki,
balıq deyiləm
-
corablarımı yuyum gərək...
***
...Burda
sükutdan başqa
heç kim yoxdu,
qaranlıqdı
bir də mən -
mən də ki, heç...
***
...Qorxunc dalğalarla
çarpışıb-vuruşan
tənha qayıq,
bu sıldırım
qayalar
səni gözləyir
-
sən qurbanlıqsan...
***
...Uçuş xəttində
çapalayan
yaralı bir quşa baxır,
təyyarəyə gecikən
bəxtsiz bir sərnişin -
taleyin kələfi
dolaşıb...
***
...Bu boş kətil
bu sallanan kəndir
bu da kül olmuş əlyazmalar,
bu isə saman tayasına
od vurmuş
qoca -
gedir dəstəmaz
almağa...
***
...Qeyd oldu
bir cəlladın
gözündəki
ani mərhəmət,
bir qadının
qəlbində
nifrət doğuldu
-
qan qusur qəddarlıq...
***
...Qadın ətri saçan
bir misraya
bürünüb Aylı
gecə,
ürəyim ağzımdan
gələnə gədər
şeir yazacam -
Ramiz Rövşən,
nə var, nə yox?..
Vidadi Həsənov
Ədəbiyyat qəzeti.- 2019.- 3 avqust.- S.3.