Qu quşunun nağılı...
hekayə
Do, re, mi, fa, sol, lya, si... məndən
olsa dünyadakı bütün dilləri unudar, ancaq bu
notları saxlayardım və belə olan halda yer üzü
daha gözəl bir yerə çevrilərdi. Bir daha deyirəm,
siz də təkrar edin, görün necə gözəl səslənir;
Do, re, mi, fa, sol, lya, si, do. Bu dildə
danışa bilən insan nə danışsa gözəl səslənəcək,
nə desə, xeyirliyə yozulacaq. Çünki
bu dil dünyanın ən gözəl və ən sirli
dilidir. Konservatoriyadakı müəllimimiz
demiş, musiqi səmavi kitablardan sonra Allahın insanlarla
ünsiyyət qurduğu yeganə vasitədir. Deməli, mən Allahın dilində danışa
bilirəm?! Əstəğfürullah.
Bu cümlə bir az küfrə
oxşadı. Mən qətiyyən elə bir
iddiada deyiləm. Sadəcə deməyim
odur ki, doqquz yaşımdan pianoda ifa eləyirəm. Həm
də elə-belə yox, nəzərə alsaq ki, qırx beş ildi bu işlə məşğulam deməli,
musiqi sənəti haqda az-çox danışa bilərəm.
Amma mənimki danışmaq deyil, ifa etməkdir.
Əvvəllər pianonun
qarşısına keçəndə hər şeyi unudurdum. Barmaqlarım pianonun ağ, qara dillərinin üzərində gəzişəndə
elə bilirdim ki, buzlu yolun ortasında ləzzətlə
sürüşürəm. Yer üzü başdan-ayağa
buz bağlayıb və dünyada məndən başqa
heç kim yoxdur. Hara istəyirəm
sürüşə-sürüşə ləzzətlə
gedirəm özümçün. Hər dəfə
pianonun arxasına keçəndə mənə elə gəlir
ki, musiqi ifa eləməyə yox, buzun üstündə
sürüşməyə çıxıram. Əgər yayın cırhacırında sərinləmək
istəsəm, pianoda beş-on dəqiqə nəsə
çalıram. Həmin vaxt
çıxıram buzun üstünə
sürüşürəm e hara gəldi.
Həmişə fikirləşmişəm
ki, bütün böyük bəstəkarlar öz əsərlərini
məhz buzun üstündə o yan-bu yana
sürüşmək üçün bəstələyiblər.
Hə, məhz sürüşmək üçün,
başqa heç nə... O ki, deyirlər e əsl əsərlər
böyük ağrı, kədər hesabına
yazılıb, bir musiqi kompozisiyasında bəstəkarın nə
qədər ağrısı, əzabı yatır bax, bunlar
hamısı həmin sənət adamlarının
uydurmasıdır. Əslində, onlar əsərlərini
buzun üstündə veyillənmək üçün
yazıblar. Gözəl bir musiqinin
yaranmasında, ifa olunmasında ağrı, kədər, əzab
- bunların hamısı boş şeylərdi deyərdim - əgər
o hadisə olmasaydı.
Mən bu buz məsələsini
heç kimə demirdim. Necə deyəydim ki, mən pianoda ifa eləyəndə
cismən pianonun arxasında oluram ruhumsa Himalay dağlarında
kef eləyir özüyçün. Adama dəli
kimi baxarlar. Bu məhrəm məsələni
ancaq ona danışmışdım. Yəqin,
konsertdən sonra arabir oturduğum kafeyə dəvət eləyəndən
sonra ürəklənmişdim, üstəlik, içdiyim iki
qədəh (daha sonra qədəhlərin sayı
çoxaldı) konyakın da burda əvəzsiz rolu
olmuşdu.
Nərgiz mən işlədiyim
musiqi məktəbində skripka müəlliməsiydi. Onun uzun boyuna,
təndürüst bədəninə, küləkdə
dalğalanan saçlarına baxanda başa düşürdüm
ki, o bu dünyaya skripka ifaçısı kimi gəlib. Yəni onu başqa sənət sahəsində təsəvvür
edə bilmirdim. Nərgizi bir il idi
tanıyırdım.
Neçə il
konservatoriyada, başqa musiqi məktəbində müəllim
işləmişdim. İşlədiyim musiqi məktəbi
təmirə dayandığından işimin birini
itirmişdim. Əslində, bilirdim ki, təmir
söhbəti boş şeydi. Məktəbin
müdiri mənim yerimə öz qohumunu götürmək
üçün məni "mədəni" şəkildə
ordan uzaqlaşdırdı. Amma çox
işsiz qalmadım. Yaxın bir gitarist
dostum məni yeni musiqi məktəbinə işə düzəltdi.
Nərgizi də orda tanıdım. Onu ilk dəfə görəndə məni
özünə cəlb etsə də, çox fikir vermədim.
Bəlkə də bu mənimlə onun yaş fərqinə
görəydi. Vaxtında evlənsəydim, ya da
vaxtından bir az tez ailə qursaydım,
onun yaşda qızım olardı bəlkə də. Amma valideynlərim öləndən sonra qaldım
özümün ümidimə. Mənimsə
fikrim-zikrim buzun üstündə sürüşmək
olduğundan ailə qura bilməmişdim.
Məktəbin tədbirlərinin
məşqində onu daha yaxından tanımaq şansım
oldu. Məni ən çox özünə çəkən
gözlərinin əsrarı idi. Qəribə
bir kədər varıydı gözlərində. Məşq vaxtı nəyəsə güləndə
gözlərindəki kədərlə üzündəki təbəssüm
qəhvəyi bir ziddiyyət yaradırdı. Hiss edirdim
ki, özümdən asılı olmadan onun
gülüşünün, skripkanı qu quşuna bənzər
boğazına dayamağının, barmaqlarını
skripkanın üzərində rəqs etməyinin əsirinə
çevrilirəm. Öz-özümə məəttəl
qalmışdım. Mən özümdən
neçə yaş kiçik qadınamı vurulmuşdum?!
Cavab sadəydi: Hə, vurulmuşdun özü də necə
lazımdı.
Ərindən bir neçə il əvvəl ayrılıbmış. Bunu
gitarist dostumdan üstüörtülü soruşanda dedi. Sevib ailə qursalar da, oğlan fərsiz
çıxıb, qurşanıb içkiyə qızı
incidir, gününü göy əsgiyə
bükürmüş. Nərgiz bu evliliyə cəmi
dörd il dözə bilib, ondan
artığına gücü çatmayıb. Üç
yaşlı qızını da götürüb
qayıdıb ata evinə. Neçə
ildi ki, özü öz ayaqları üstündə dayanır.
Mən onun başına gələnləri
biləndən sonra onun gözlərindəki kədərin
hardan gəldiyini başa düşdüm. Bunu da bilirdim ki,mən cəsarətsiz adamam, heç vaxt ona
ürəyimi aça bilməzdim. Mənim
onunla bağlı ən böyük yaxınlığım o
ifa edəndə onu müşayiət etməkdi. Tədbirlərdə də həmişə elə
edirdim ki, mən məhz Nərgizi müşayiət edim.
O da mənim xətrimi çox istəyirdi. Həm də hiss
edirdi ki, mən ona başqalarıyla müqayisədə daha fərqli
münasibət göstərirəm. Arada fikirləşirdim
ki, görəsən, ona vurulduğumu bilir, yoxsa sadəcə,
iş yoldaşı kimi xətrini istədiyimi
düşünür. Amma öz-özümə
yalanlar uyduracaq yaşda deyildim. O mənim onu
başqalarından daha çox istədiyimi eyni səhnəni
bölüşdüyümüzə görə olduğunu zənn
edir. Axı biz, demək olar ki, dərslərdən başqa, tədbirlərdə
ancaq bir ifa eləyirdik: mənim qara royalım, onun qəhvəyi
skripkası. Bizi ancaq bu cansız əşyalar
birləşdirirdi.
Uzun müddətdi məktəbdə
keçiriləcək musiqi tədbirinə
hazırlaşırdıq. İşlədiyim məktəbin
digər musiqi məktəblərindən əsas fərqi
buranın orta məktəb olması idi. Bizim
musiqi məktəbi də həmin məktəbin nəzdində
fəaliyyət göstərdiyindən, biz dərs keçməklə
yanaşı, məktəbin tədbirlərində iştirak
edir və ya özümüz ayrıca məktəb
üçün konsert verirdik. Tədbirin
məşqlərində həmişə bir yerdə olur, məşq
edir, səhvlərimizi müəyyənləşdirir, daha da
yaxşı çalmağa çalışırdıq.
Mən dərsdən sonra məşqlərə
qalırdım, ordan da axşam çıxıb həmişə
oturduğum kafeyə gedib bir-iki qədəh konyak gillədirdim.
Bu kafedə arada canlı musiqi ifa edirdilər.
Piano boş olanda özüm də arabir buzun
üstündə sürüşürdüm.
Sentyabrın
yağışlı günüydü. Uzun müddətdi
hazırlaşdığımız konsert əla
keçmişdi və konsert bitəndən sonra
üzümü sığallayan damcıların altında
dayanacağa doğru addımlayırdım. Hələ də gözlərimdə onun skripkada məlahətlə
ifa etməyinin əksi vardı. Dayanacağa
çatanda onu gördüm. Həmişə rəfiqəsi
xor müəllimiylə bir getdiyindən və avtobuslarımız
ayrı olduğundan onlardan bir az aralı
durar, uzağı baxışlarımız toqquşanda sakitcə
gülümsəyirdim. Amma bu dəfə tək
idi. Ümumiyyətlə, dayanacaqda ondan və məndən
başqa heç kim yox idi. Onun
yanında qonur bir pişik yağışdan qorunmaq
üçün dayanacağın içinə soxulmuşdu.
Mən onu bir daha konsertə,
gözəl ifaya görə təbrik etdim. O da gülümsəyib məni
təbrik eləyəndən sonra niyə görə tez
çıxdığımı, çay süfrəsinə
qalmadığımı soruşdu. Doğrudan
da, konsertdən sonra tort alıb çay süfrəsi təşkil
etmişdilər. Amma çox adam olan
yerdə sıxıldığıma görə tezbazar ordan
çıxmışdım. Ona yorğun
olduğumu deyib, bəs onun niyə qalmadığını
soruşdum. Bir rəfiqəsiylə
görüşməli olduğunu deyib, gözlərini gələn
avtobusa zillədi. Bu mənim gedəcəyim
avtobus idi. Amma Nərgiz də mənimlə
gəldi, fikirləşdim ki, yəqin, rəfiqəsiylə
görüşə mənim avtobusumla gedəcək.
Avtobusda orta cərgələrin
birində oturduq. Heç birimiz danışmırdıq.
Canımda qəribə bir gizilti varıydı.
Elə bil ki, beş-on qarışqanı birdən
dərimin altından bədənimə yeridiblər. Həmin qara qarışqalar da bədənimin
içində rahatca ora-bura gəzişirlər. Sevdiyim qadın yanımda oturmuşdu nəfəs
almağa belə çətinlik çəkirdim. Çünki heç vaxt belə ikilikdə
qalmamışdıq. Həmişə
yanımızda kimsə olurdu. Amma indi bir o
idi, bir mən. Elə bilirdim ki, adicə nəfəs
almağımdan da ona olan hisslərimdən xəbər
tutacaq.
Bir azdan telefonuna zəng gəldi. Danışığından
başa düşdüm ki, görüşü təxirə
düşdü. Telefonu mavi rəngli çantasına
tulladı:
- Bilsəydim, qalardım məktəbdə.
Rəfiqəmin işi çıxıb. Görüş alınmadı.
İstədim onu da getdiyim
kafeyə dəvət edim, amma bunu deyəcək ürək
hardadı məndə.
- Nə pis oldu. Bəs
indi neyləyəcəksən?
- Bilmirəm ki. Yəqin,
evə gedərəm. Sözün
düzü, heç evə getmək də istəmirəm.
Bibimgil bizdədi. Uşaqların
səs-küyü bürüyüb indi evi.
İçimdə müharibə
gedirdi, onu da kafeyə dəvət etmək istəyirdim, amma
buna cürət edə bilmirdim. Bu şəraiti
özü mənimçün yaratdı.
- Siz hansı tərəfdə
qalırsız?
- Mən, Yasamalda. Amma indi ora getmirəm,
- dedim.
- Hm, yəqin, siz də evdəki səs-küydən
qaçırsız - üzümə baxıb gülümsədi.
- Yox, məndə əksinədir. Mən
səssizlikdən qaçıram - ani olaraq dedim.
Nərgiz bir anlıq duruxub mənə
baxdı. Bu səssizliyin ağırlığı məni
çiyinlərimdən aşağı çəkdi. Elə bil cümlədə qəribə nəsə
var idi. İkimiz də
danışmadıq. Başa düşdüm
ki, bu urvatsız cümlənin yiyəsi mən olduğuma
görə sükutu da özüm pozmalıyam.
- Balaca kafedi. Arada
axşamlar gedib otururam. Piano da var, canlı
musiqi olur. Bir-iki dəfə özüm də
keçmişəm arxasına dınqıldatmışam -
deyib Nərgizə baxdım.
Nərgiz bir anlıq
düşünüb kədərli gözlərini
şüşəyə çevirdi. Sanki məchul bir
varlıqla məsləhətləşəndən sonra mənə
baxdı.
- Bəs məni niyə dəvət
etmirsiz? - üzündə təbəssüm
var idi.
Məni ya
utandığımdan, ya sevincimdən öksürək tutdu. Özümü
ələ alıb uşaq kimi sevinə-sevinə gülümsədim.
- Sizi çay, kofe, ürəyiniz istəsə
konyak içməyə dəvət edirəm.
- Qəbul edirəm - o, təbəssümlə
dedi.
Mənə elə gəldi ki, uzun illərdən
sonra ilk dəfə həqiqətən sevinmişdim...
Mən həmişə tək
oturduğum yerimdə onunla üzbəüz əyləşmişdim. O, baxışlarıyla ətrafa
göz gəzdirirdi, məncə, bu balaca kafe onun da xoşuna gəlmişdi.
Mən ondan nə istədiyini soruşdum, onun
üçün fərqi olmadığını, (təbəssümlə)
nəyi məsləhət bilsə, onu içəcəyini
dedi. Məndən olsa, konyak deyərdim, amma nədənsə,
çəkindim və başqa bir şey sifariş verdim.
Ofisiant iki karamelli latteni
masanın üstünə qoyub uzaqlaşdı. Nərgiz nəsə
düşünəndə elədiyi kimi, gözlərini
qıyıb mənə baxdı.
- Deməli, hər gün işdən
çıxıb bura gəlirsiz?
- Həmişə yox, amma tez-tez -
lattedən bir qurtum içdim.
- Gözəl yerdi. Piano
da var.
- Hə, piano olan hər yer gözəldir,
- gözümü kənarda dayanan qara pianoya zillədim.
Nərgiz də lattedən
bir qurtum içdi - dadlıdır - deyib gözlərimin
içinə baxdı. İlk dəfəydi onun
baxışları mənə belə
tuşlanmışdı.
- Tək
yaşadığınızı bilmirdim.
Mən ona uşaqlığımdan,
valideynlərimdən, musiqidən danışıb gülə-gülə
"başım bunlara elə qarışdı ki, evlənmək
yadımdam çıxdı" dedim.
Gülümsündü. O da öz həyatından bəzi
fraqmentlər danışdı. Dedi ki, onun da həyatı
alınmayıb elə ən yaxşısı ailə
qurmamaqdı. Üzündə donub qalmış
təbəssüm keçmişin kədərini tam örtə
bilmirdi.
Bir nəfər gənc
oğlan pianoda nəsə ifa edirdi. İkimiz də
oğlana baxıb daha sonra bir-birimizə baxdıq.
İfasından hiss olunurdu ki, diletantdır. Klavişləri
möhkəm basa bilmir, taktdan geri qalırdı. Musiqiçi üçün dünyada səhv
çalınan melodiya qədər əsəb verən
heç nə yoxdur.
- Bəlkə siz nəsə
çalasız? - Nərgiz baxışlarıyla pianonu
göstərib dedi.
- Mən gərək iki qədəh
konyak gillədim e - təbəssümlə dedim.
- Onda mən də - güldü -
gillədim - deyib şaqqanaq çəkib güldü.
Gillətmək söhbəti
nəsə ona ləzzət elədi. Mən ofisianta iki qədəh konyak
gətirməsini dedim.
Diletant rəhmətlik Vaqifin
"Qızıl üzüyünü" darmadağın eləməyə
başlayanda konyaklar gəldi. Mən qədəhi
götürəndə onun da əlləri sarmaşıq kimi
qədəhə sarıldı.
- Sağlıq deməcəyəksiz?
- gözlərini mənə zillədi.
- Vallah, sözün
açığı, mən danışmaqda o qədər də
pərgar deyiləm. amma qoy bir fikirləşim
- deyib mən də baxışlarımı onun gözlərinə
dikdim - arzu eləyirəm ki, ifa elədiyiniz ən
yaxşı musiqiyə bənzəsin həyatınız.
- Bu nə gözəl
sağlıqdı. Sonra da deyirsiz ki,
danışa bilmirəm. Çox fikirləşmədiz
özü də. Yəqin, çox adama
demisiz - gülümsədi.
Özüm də dediyim
sağlıqdan çaşbaş qalmışdım, səmimiyyətlə
ona baxdım.
- Vallah, inanın ki, hələ
heç bir xanımla üzbəüz oturub konyak içməmişəm,
qaldı ki, sağlıq deyim. İlk dəfədi.
- İlk dəfəyçün
mükəmməldi - güldü.
Biz qədəhləri astaca
toqquşdurduq.
Onlardan gələn astaca cingilti mənə elə
gəldi ki, pianoda ifa eləyən diletantın musiqisindən
daha peşəkar səsləndi. Oğlan
pianonun arxasından çəkilən kimi ayağa qalxdım.
Ondan nə çalmağımı soruşanda
çox maraqlı cavab eşitdim.
- Həyatınız qədər
maraqlı musiqini.
Gözlərimi yumdum. Barmaqlarım
pianonun ağ-qara dillərinə toxunanda buzlu bir vadiyə
ayağımı basdım. Şopenin "Nocturne"-ni ifa eləyirdim. Asta-asta buzda
sürüşməyə başladım. Konyakın istisi boğazımı yandırsa da, bədənim
şaxtalı havada donmağa başlayırdı. Çox qəribəydi, pianoda ifa eləyən əllərim
olsa da, buzda ayaqlarım sürüşürdü. Sanki xəyalda hər şey tərsinəydi. Musiqinin tempinə uyğun olaraq, asta-asta
sürüşürdüm, əllərim qadın
paltarını soyunduran ehtiraslı kişinin barmaqları kimi
pianonun dillərini ehmallıca sığallayırdı.
Qəfildən qulağıma kaman səsi gəldi.
Əvvəlcə nə olduğunu başa düşməsəm
də, sanki ruhum bədənimdən çıxıb
qulağıma pıçıldadı ,
" bu odur ". Skripka məni müşayiət
elədikcə mən daha şövqlə
çalırdım. Artıq buzlu
çöllərdə tək deyildim. O da mənimlə
birgə sürüşürdü. Mənimçün
heç bir fərqi yox idi ki, bunu özü bilir, ya yox. Əsas o idi ki, o, indi mənimləydi. Mən sürüşə-sürüşə onun
əlindən tutur, qucaqlayır, saçını sığallaya-sığallaya
yanaqlarından öpürdüm. O da şaxtanın
soyuğundan mənə sığınır, əllərini
ovucumda isidirdi.
Musiqi bitəndən sonra
gözlərimi açdım. O, əlində skripka
başımın üstündə dayanmışdı.
- Elə gözəl ifa eləyirdin
ki, dözə bilmədim, qoşuldum sənə.
- Əcəb elədin -
sevinmişdim.
Biz yenidən yerimizə
keçdik.
O, skripkasını futlyarına qoydu. Mən
ofisianta ikinci qədəhi gətirməsini işarə eləyib
Nərgizə baxdım, o da razılıqla başını
yellədi.
Biz ikinci qədəhi pianonun
və skripkanın sağlığına içəndən
sonra buz məsələsini ona danışdım. Elə bildim
ki, güləcək. Amma çox ciddi
qarşılasa da, mənimlə qətiyyən
razılaşmadı.
- Xətrinizə dəyməsin, amma
razı deyiləm. düzdür, siz də
yeri gəlsə, çətin günlər
yaşamısız, valideynlərinizi gənc yaşda itirmisiz,
amma görünür ki, bu ağrılar sizin ruhunuzda o qədər
də iz qoymayıb. Amma... - bir anlıq susub
yenidən davam elədi - insanın həyatında elə
şeylər olur ki, həmin ağrını canından
heç cür çıxara bilmirsən. Sənət adamları da həmin ağrıları
sənətə çevirirlər.
Mən susub onu dinləyirdim. Sakitcə
üçüncü qədəhi də gətirməsini
bildirdim. Sanki iki qədəh də olsa, konyak onun dilini
bir az açmışdı.
- Mən özüm bəstəkar
deyiləm, musiqi bəstələyə bilmirəm. Amma ifa eləyəndə bir də görürsən
bütün ruhumu qoyuram musiqiyə. Ruhumdakı
bütün ağrıları çevirirəm musiqiyə - o
susdu, dərindən köks ötürüb
baxışlarıyla yad adamın əlləriymiş kimi
masanın üstündəki əllərinə baxdı.
Biz üçüncü,
dördüncü, beşinci qədəhi içəndən
sonra Nərgizlə ancaq buzdan və ağrıdan
danışırdıq. Demək olar ki, sərxoş idi, konyak
keçmişi onun yadına salmışdı. Həmin gün öz həyatından ürəyi
boşalana qədər, gözlərindən yaş gilələnib
konyak qədəhinə düşənə qədər
danışdı. Arada mənə elə
gəlirdi ki, onun ağzından çıxan sözlər,
cümlələr yox, musiqi notlarıdır. Kədərli, əzab dolu minor notlar. Mən də bu kədərli musiqinin ağuşunda
bütün dünyadan uzaqlaşıram, düşürəm
musiqi aləminə. Elə aləmə ki,
burda sözlər qüvvədən düşür, bu aləmdə
ancaq bir hökmdar var, o da musiqidir.
Biz kafedən çıxanda
çox gec idi. Ikimiz də içmişdik. O, ayaq
üstə dayana bilsə də, sərxoş olduğunu
görmək çətin deyildi. Yolun kənarında
dayanmış taksiyə əl elədim. Onu
evinə qədər aparıb, bloka qədər
ötürdüm. İçəri girməmişdən
əvvəl konyakın təsirindən xumarlanmış
gözləriylə mənə baxdı.
- Bu gün elə bildim ki, meditasiya ilə
məşğul oldum. Hə, sən adi bir piano
müəllimi deyilsən. Nə bilim bir
kahinsən, ya da bir rahib. Bilmirəm. O balaca kafe də nəsə bir
ocaqdı. Nə bilim, nəsə Tibetdəki məbədlərdən
biridir. O qədər yüngülləşdim ki.
Çox sağ ol.
- Sən sağ ol. Mənimçün
də xoş oldu. - sevgi dolu
baxışlarla ona baxdım.
Sağollaşıb
ayrıldıq. O öz evinə, mən də öz təkadamlıq
hücrəmə getdim.
Səhəri gün işə bir az gec gəldi. Əvvəl elə
bildim ki, məndən utanacaq. Amma əksinə,
daha da səmimi görüşdü. Dünənki
görüşdən maraqla danışdı. Dedi ki,
düzdü, bir az başım
ağrıyır. Amma çox yüngülləşdim.
Hətta gözlədiyimin əksinə, arada getmək istədiyini
dedi.
Bu günlər ərzində
çox yaxın olmuşduq. Düzdü, o mənə
dərdlərini danışacağı bir kahin kimi baxsa da, mənim
başqa yolum olmadığından buna da razı idim. Arada həmin balaca kafeyə də gedirdik. Onunla bu qədər yaxın olacağımı
ağlıma da gətirməzdim. Demək
olar ki, hər şeyini mənlə
bölüşürdü. Bir-birimizə
o qədər yaxın olmuşduq ki, onun baxışından,
üz cizgilərindən nə baş verdiyini o dəqiqə
bilirdim. Elə ona görə də
axır vaxtlar onun üçün bərk narahat idim. Nəyisə gizlədirdi məndən. Hətta
son günlər də az
görürdüm onu. Ya işdən tez
çıxırdı, ya da məni görəndə tələsdiyini
deyir, uzaqlaşırdı. Əvvəlcə
elə bildim məndən inciyib ona görə belə eləyir.
Di gəl ki, nəyə görə incidiyini
heç cür aydınlaşdıra bilmirdim. Özündən bir dəfə məktəbin dəhlizində
bu haqda soruşdum. O dəqiqə and-aman elədi ki, hər
şey qaydasındadır. Mən dəqiq
bilirdim ki, məndən nəsə gizlədir. Ancaq bu gizlilik uzun çəkmədi. Gitarist dostum yenə karıma yetdi. Sən demə, Nərgizin həyatında biri var
imiş. Bunu eşidəndə elə vəziyyətə
düşdüm ki, elə bildim hər tərəf buz
meydançasıdır, amma mənim ayaqlarımı
bağlayıblar. Nə qədər eləsəm
də, heç cür sürüşə bilmirəm. Çox təəssüf ki, bu hələ xəbərin
başlanğıcıydı. Dostum əsas
bombanı bir azdan partladacaqdı, özü də düz
qulağımın dibində. Zarafatcıl dostum gözlərimin
içinə baxıb gülə-gülə dedi ki,
padruşkanın sevgilisi uşağına dərs dediyi
valideyn imiş. Bunu eşidəndən sonra
gözlərim qabağında nə buz var idi, nə də
meydança. Hər şey səhra idi.
Sapsarı hərəkətsiz səhra.
Qəribə bir soyuqluq
yaranmışdı aramızda. Özü də bunu hiss eləmişdi.
Bilirdi ki, onun bu gizli sevgisindən xəbərim var. Artıq
iş yoldaşlarımız da onun haqqında yaxşı
fikirdə deyildilər. Evli kişiylə
münasibəti olmağını heç kimi yaxşı
qarşılamırdı.
Bu hadisə məni
sarsıtmışdı, bu söhbətdən iki ay keçsə
də, elə bil, ruhumda nəsə qırılıb elə
öz içimə də tökülmüşdü. İçimdə
dağılmış ruhumun bir hissəsini gəzdirirdim.
Elə həmin axşam da işdən bu ovqatda
- sınıq-sökük halda çıxıb həmin
balaca kafeyə getdim. Uzun müddətdən
sonra ilk dəfəydi ki, o kafeyə onsuz gedirdim.
Yenə həmin zəhlətökən
diletant pianonun anasını ağlatmaqla məşğul idi. Nə olsun,
heç vecimə də deyildi. Mənim dərdim
özümə bəs idi. Sevdiyim qadın
bir başqa kişiylə, özü də evli kişiylə
sevgili idi.
İkinci qədəhi
içirdim ki, Nərgiz qarşımda oturdu. Gözlərinin
qızarmasından ağlamağı bilinirdi. Heç nə danışmadıq. O da
özünə mən içdiyimdən sifariş verdi. Qədəhi başına
çəkəndən sonra dediyi ilk söz bu oldu.
- Ayrıldıq. - ilk
görüşdəki kimi gözündən süzülən
yaş qədəhin içinə düşdü.
Ona nə deyəcəyimi
bilmədim. İndi ona təsəlli verməliydimmi? Susmalıydımmı? Nə etməliydim?
Ümumiyyətlə, kim idim mən? Hə...
Xatırladım. Mən onun
üçün dərdlərini danışdığı
kahin idim. Başqa heç nə.
O, başına gələnlərin
hamısını mənə danışdı. Həmin
valideynlə məktəbdə tanış
olub. Həmin adam onu xoş sözlərlə
aldadıb. Dediyinə görə arvadıyla
aralarının yaxşı olmadığını, yaxın
zamanda boşanacağını deyibmiş. Nərgiz də onun bu sözlərinə inanıb.
Amma iki gün əvvəl kişi deyib ki,
o ailəsini ata bilməz. Arvadını
çox sevir. Bu münasibəti bitirmək
lazımdır. Nərgiz bunları
danışa-danışa gözündən yaşlar
süzülür, onun üzündə çox zərif bir
cığır açırdı.
O, yenə öz kahininə ürəyini
boşaldandan sonra qeyri-iradi olaraq onun əlindən tutdum.
- Gərək mənə
danışardın.
- Utandım. Bilmirəm
niyə. Amma utandım. Elə bildim qınayacaqsan məni -
dördüncü qədəhi başına çəkdi.
- Çox içmə. Sabah konsert var məktəbdə - onun qədəhini
kənara çəkdim.
Üzündə yorğun
bir istehza yarandı. Mənə elə gəldi ki, onun
üzünü hələ bu qədər soyuq görməmişdim.
- O da gələcək tədbirə.
Uşağı ifa edəcək axı. Bilirsən, ən maraqlısı nədir? Çox güman ki, arvadıyla gələcək.
Mənim də nömrəm var, axı səninlə
bir yerdə ifa edirik. Mən onlarçun
çalacam, onlar da ləzzətlə qulaq asacaqlar.
- Sabah sən çıxma. Bir başqası ifa etsin. Ya da o
nömrəni təxirə salaq.
- Yox. Bəs karma?
Sabah o səhnədə ifa etməyim mənim
karmamdır. Mən özümü cəzalandıracam sabah.
- Nərgiz...
O, hər dəfə skripkanın
üzərində rəqs edən barmağını bu dəfə
dodağına yaxınlaşdırıb susmağımı
istədi. Mən də "bəsdi, içmə
daha"dan başqa heç nə demədim.
Gecə onu ötürüb
boş küçəylə evimə qayıdanda göy
üzünə baxdım. Ay onun sərxoş gözləri
kimi kədərliydi.
Səhər əsas məşqə
gəlmədi.
Fikirləşdim ki, yəqin, axşam
içkili olduğu üçün elə
danışmışdı. Əslində,
bir qədər rahatlaşdım. Çünki
onu səhnədə elə sınmış, mağmun halda
görmək istəmirdim. Məşqi bitirib
öz otağımızda kofe içirdim ki, bəlkə
başağrısını aparar. Gərək
dünən içməzdim. Bu vaxt o,
içəri girdi. Üzündə elə
bir qətiyyət var idi, heç deməzdin dünən bu
qadın mənim qabağımda göz yaşı
axıdıb. Məndən məşqə
gələ bilmədiyi üçün üzr istədi.
Dedi ki, pamadamı itirmişdim, heç demə,
çarpayının altına düşübmüş, ona
görə gecikdim. Bütün bunları elə
sakit danışırdı, elə bil, belə də
olmalıydı.
Konsert başladı. Mən əvvəlcə
uşaqları müşayiət elədim. Zala göz gəzdirdim
həmin kişi yanında arvadı yanbayan
oturmuşdular. Həvəslə
uşaqlarının çıxışını gözləyirdilər.
Onun oğlu səhnəyə çıxanda
sevincdən ikisinin də gözləri işıldadı.
Mən pianoda ifa edə-edə hirsimdən
partlayırdım. Alçaq indi elə
rahat gəlib oturmuşdu ki, guya elə-belə də
olmalıydı.
Çox həyəcanlıydım. Bir azdan Nərgiz
səhnəyə çıxacaqdı. Nə
qədər yaxşı görünsə də, bilirdim ki,
özünü sındırmırdı, əslindəsə
darmadağın bir haldaydı. Buna əmin
idim. Bizim yerimiz çatmışdı.
Ürəyimdə fikirləşirdim ki, əgər
səhnəyə çıxmasa, mən özüm solo nəsə
ifa edərəm. Beynimdə bunları
götür-qoy edirdim ki, o, səhnəyə
çıxdı. Nərgizi hələ
belə gözəl görməmişdim. Qara
uzun donda qara qu quşuna bənzəyirdi. Bütün təşbehləri
bir kənara qoyub sadəcə bunu demək olardı: o
çox gözəl idi...
Nərgiz heç kimə
baxmadan mənə doğru gəlirdi. Mənə elə gəlirdi
ki, hər yer yavaş-yavaş buzlaşmağa başlayır.
Ancaq buz ağ yox, qara rəngdəydi. Qapqara buzlaq. Budur, qara qar
kraliçası mənə yaxınlaşır. Tapdım, mən Antraktidadaydım. Zaldakılar
tamaşaçılar adam yox, pinqvinlər
idi. Balaca, qara pinqvinlər... Qar
kraliçası mənə yaxınlaşdı, əyilib
qulağıma pıçıldadı.
- Sənə indi göstərəcəm
ki, əsl musiqi ağrıdan yaranır, yoxsa buzun
üstündə veyillənməkdən?! Getdik,
Şopen.
Nərgiz səhnənin
ortasına qədər gedib dayandı. Mən
hissiyatı iflic olmuş xəstə kimi ona baxırdım.
O, skripkanı boğazına qaldıranda qeyri-iradi olaraq mən
də əllərimi pianonun dillərində atəş əmrini
gözləyən əsgərin tətikdəki barmağı
kimi hazır saxladım.
Biz "Secret garden"
musiqisini ifa etməliydik. Mən səhnədə qar
kraliçasına baxanda başa düşdüm ki,
repertuarı mütləq dəyişməliyəm. Axı bu dəqiqə səhnədəki Nərgiz
deyildi. O, qar kraliçasıydı. Vivaldinin
"Qış"ını ifa eləməyə
başladım. Diqqətlə ona
baxırdım. Nərgiz də, sanki mənim
məhz bu kompozisiyanı ifa edəcəyimi bilirmiş kimi
özünü qətiyyən itirmədi. Kaman simlərin
üstündə gəzişməyə başlayanda hiss elədim
ki, üşüməyə başlayıram. Nərgiz
düz qarşıya baxırdı. Onun kimə
baxdığı məlum idi. O, yayı skripkaya getdikcə
daha möhkəm sürtür, sanki bütün
acığını skripkadan çıxırdı. Elə bil ki, hər şeyin günahkarı yazıq
alət idi. Bəlkə də
haqlıydı. O, məhz bu skripkadan dərs dediyi
üçün bütün bunlar başına gəlmişdi.
O, skripkada çaldıqca mən başqa həqiqəti də
başa düşdüm. Bu qadın
skripkasız yaşaya bilməzdi. Skripka
onun üçün hər şey idi. Həm
sığındığı tək liman, həm
üstünə qışqıra biləcəyi balaca
uşaq, həm də göz yaşı axıtmadan ağlaya
biləcəyi sirli məfhum. Mənim ayaqlarım
altındakı buzlar çat verməyə
başlamışdı. Nərgiz yayı
sağa-sola aparırdı. Mənə elə
gəlirdi ki, o, bu dəqiqə qarşısında
arvadıyla yanaşı oturub ona tamaşa eləyən məşuqunu
bıçaqlamaqla məşğul idi. Hə,
əlindəki yay deyildi, sanki uzun, iti xəncər idi, o da var
gücüylə sağa-sola sürtməklə öz
sevgilisini, öz sevgisini qətlə yetirirdi. Skripkadan çıxan səslər əslində Nərgizin
özünün hayqırtısı idi. Mən onu
müşayiət elədikcə hiss edirdim ki, buzlar
çatlayır, artıq sürüşə bilmirəm. Ətrafımdakı hər yer əriməyə
başlayır. Nərgiz isə
çalmağa davam edirdi. Məndən aralı
olsa da, işığın şüasında onun
gözündə parıldayan damcını görə bildim.
Göz yaşı onun yanağından
süzülüb yerə düşəndə, səhnə
alovlanmağa başladı. Mən dəhşət
içindəydim. Bu onun vecinə də
deyildi. Skripkanı qu quşuna bənzər
boğazına bir az da sıxıb daha da
şövqlə ifa edirdi. Alov hər yana
yayılmağa başlamışdı. Buzlar ərimişdi.
Nə edəcəyimi bilmirdim. Nərgiz hələ də öz sevgisini
öldürməklə məşğul idi. Musiqinin kulminasiya nöqtəsiydi. Nərgiz yayı kamana elə çəkirdi ki, sanki
tənha söyüd ağacı güclü küləyə
tab gətirməyə çalışır, budaqları
özünü ora-bura çırpır, küləyə
boyun əymək istəmirdi. Bütün zal od içindəydi. Musiqinin
finalına yaxın Nərgizin qara rəngli paltarı
ağarmağa başladı. o,
yavaş-yavaş qu quşuna çevrilirdi. Mənim
ayaqlarım altındakı buzlar çoxdan ərimişdi.
Nərgiz qu quşuna dönüb səhnədən
uçaraq özünü pəncərəyə
çırpdı, pəncərənin şüşəsi
çilik-çilik olub yerə töküldü. Qu quşunun boğazında qan ləkəsi
görünürdü. Qu quşu pəncərədən
uçub yoxa çıxdı. Akt zalı
başdan-ayağa alovun içindəydi. Mən
göz yaşımı silmək üçün əllərimi
pianonun dillərindən götürdüm. Tamaşaçılar hələ də səhnəyə
baxırdılar. Sanki onlar bütün
baş verənlərdən xəbərsiz idilər.
Həmin tədbirdən sonra
bir də Nərgizi görmədim. Ərizəsini
yazıb işdən çıxmışdı. Amma hər kəs onun konsertdə necə
şövqlə ifa elədiyindən danışırdı.
Mən hər dəfə akt zalına girəndə
həmin pəncərəyə baxırdım. Hər şey qaydasındaydı. Dəyişən bircə şey var idi, o da bundan
sonra pianoda nəsə çalanda artıq buzun üstündə
sürüşmürdüm. O mənim musiqi haqqında
təsəvvürümü dəyişmişdi.
İndi həmin kafeyə
daha da tez-tez gedirəm ki, bəlkə ürəyinə konyak
düşə. Amma o gəlmir. Əvəzinə bizim diletant yeni
mahnılar öyrənib. Hər axşam
baş-beynimi aparır bu onsuz boş və mənasız
görünən kafedə. İndi hər dəfə pianonun
arxasına keçəndə, bir də onu xatırlayanda sol tərəfdə,
ürəyimdə balaca sancı yaranır, ürəyim
ağrıyır. Həmin anlarda fikirləşirəm
ki, heyif ki, evli deyiləm, evli olsaydım uşaqlarım
olardı, daha sonra da nəvələrim. Mən də onlara Qu
quşunun nağılını danışardım.
Pərviz Seyidli
Ədəbiyyat qəzeti.- 2019.-3 avqust.- S.4-5.