Yaşadığım hər gündə səhər duası...

 

şeirlər

 

Allahım! Məni - məndən qoru,

bəndən qoruya bilməz məni.

Bəndənə tapşırma - mən bəndəni,

Səndən qoruya bilməz məni.

 

20.07.2019

 

Uşaq görür

 

Uşaq özü bilmir haçandan,

Dünyaya gözünü açandan,

Ağzında yalançı məmə,

rezin əmzik əmə-əmə.

Uşağa dedilər:

yalan danışma,

yalan demə!

Uşaq böyüdü yalannan,

ağlı kəsəndən

söz qanandan.

Gördü oğurlayıb evə daşıyırlar,

Yeyirlər, yedizdirirlər, yaşayırlar.

Sonra da deyirlər:

Bala, haram yemə!

yalan demə!

Yuxarıda hər şeyi Allah görür ha!!!

Yerdə uşaq,

Göydə Allah...

Görə-görə, baxa-baxa.

Namaz üstə yalan deyirlər Allaha...

Sizə deyim daha...

cavab verək dan yerinə,

Açılan nurlu sabaha...

Hər halda bunu bizdən,

bir soruşan olacaq,

biz yaradan uşaq da,

bizi yaradan Allah da

pərişan olacaq.

 

29.07.2019

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.- 2019.- 3 avqust.- S.6.