Tuğrul Tanyolun pıçıltı
ağacları...
"Eşq" seriyası
ilə Tuğrul Tanyolun şeirlər kitabı çapdan
çıxıb. Poetik mətnlər və müsahibədən ibarət
olan "Sən əlimdən tutanda" toplusu bizim
üçün "şairin ədəbiyyat / xüsusi halda
poeziya anlayışı" barədə dolğun informasiya
almaq baxımından maraq doğurur. Keçən illərin
80-ci illər ədəbi nəslinə mənsub olan türk
şairinin mətnləri kifayət qədər ciddi olmaqla
modern türk poeziyası, ədəbi aləmdə gedən
proseslər, ədəbi nəslin və ayrı-ayrı
imzaların klassikaya və xüsusən gənc ədəbi nəslə
münasibətini bilmək baxımından önəmlidir.
Bu şeirləri oxumaq fikrin
(hisslərin də) cəmlənməsini, ruhi konsentrasiya tələb
edir, əks təqdirdə, hisslərin bir-birindən
ayrılmasını, bitişik sözlərin arasından
keçən həniri çaş-baş salar, heç nə
anlamazsan. Çünki bu mətnlərdə sözlər və
demək mənalar arasındakı məsafə son dərcə
şərti və ilğımvaridir, görməklə
gözdən itirmək, sanki eyni zamanda, çəkdiyin
ahın içində baş verib qurtarır. Bunu duysan, günəşi təpələrə
qovalayan rüzgarın Tarançının bir misrasına
dönüşməsi anını yaşaya bilərsən.
Bu məqamda onun da çox sevdiyi, təsirləndiyi Pol Valeridən
sitat vermək olar: "Rəssam gördüyü şeyi yox,
zühur edəcək nəsnəni çəkməlidir...". Yəni Tuğrul Tanyolun da
şeiri təsvir etmir, nəyisə "doğur",
yaradır, dünyaya gətirir. Bu şeirlərdə
insan haqqında bildiklərimizin tərs üzü var, şeir
artıq nəsnələrdən arınmaq sənəti
olduğuna görə, ən yığcam təsvirdə
anlayış tam və qənirsiz olur. Bu
şeirlərdə elə Pol Valeridə, yaxud Artur Remboda
olduğu kimi bir-iki ştrixlə fikrin dərinliyini, mənanın
yaranma və dəyişmə tezliyini göstərmək
ustalığı var. Belə olduğu üçün də şeirdə
məna səni, belə demək mümkünsə qəfildən
yaxalayır. Nəsildaşı Adnan Özərə
həsr etdiyi şeirə baxın.
Şamlar bir-bir əriyər,
Sonra yavaşca bədənimdə
sönər,
Payızın əli dəyəndə
Qızıl misə dönər.
İndi hardasan? Nə çox gözlədim,
Tükəndi yarpaqlarım.
Külək buludların
köksündən
damlaları
oğurladı,
Məni qatdı qabağına,
Pas tutmuş yollardan keçirdi gəncliyimin,
Payız yalnızca bir təsadüfdü,
Ağac bunu nə bilsin?
Tuğrul Tanyolun bütün
şeirlərində bir eşq işartısı var, mətləb
nədən başlayırsa-başlasın, gəlib bu məfhumun
içinə hopur və orada itir. Bu şeirlər deyir ki, kimisə, nəyisə
sona qədər, yəni tam olaraq sevmək
mümkünsüzdür, çünki eşq öz obyektində
hansısa sirri gizlədir... Şeir bu sirrə qədər
cığır açır və yarıyolda
qırılır, biz bu qırılan izləri görə
bilirik. Nəsimidəki "Kövnü-məkandan
keçmişəm, məna şərabın içmişəm
// Cananın üzün görmüşəm, başdan-ayaq
can olmuşam..." anlamı buna əyani nümunə ola bilər.
Həyat Şəmi və
Ramil Əhmədin uyğunlaşdırdığı mətnlərdən
Tuğrul Tanyol necə görünür? Kitabdakı ilk mətnlər
Orxan Vəlini xatırladır, yəni Orxan Vəlidən
üzü bu yana ayrılan yolları nişan verir; o mənada ki, Tuğrul Tanyol, necə
deyərlər, obrazla oynamır, onun ətrafa düşə
bilən "əkslərini" usta şəkildə incələyir,
obrazın mübhəm şəkildə işarə etdiyi
istiqamətlərə yetişib poetik təcrübəni
(informasiyanı) aldığı məkana geri qayıdır. Onun şeirlərində obraz nəyisə, hansı
anlayışısa "yerinə bərkitmək",
görükdürüb güclü təəssürat
yaratmaq üçün işlədilmir, əksinə, "hər
şeyin davamı, uzantısı var və hər şeyin
kökü başlandığı məqamda yox,
sonsuzluqdadır" ideyasını qabartmaq məqsədini
güdür. Tuğrul Tanyol həm də kəsə
deyək, keçən əsrin 80-ci illərində dünya və
türk poeziyasında gedən proseslərin ifadəçisidir.
Həmin illərdə bu proseslər (köhnə şeirin
dağılması, yeni dalğaların meydana gəlməsi...
bizdə də getdi, amma təəssüf ki,
yarımçıq oldu hər şey...).
Zülmət şəhərləri
səssizcə gəzdim,
İçimdə qavaldaşları
gurlarkən ölümün...
Dərdin dərdə, nifrətin nifrətə,
Qaranlığın zülmətə
çevrildiyini gördüm,
Bəyaz bir at kimi gözdən itərkən
ömrüm...
Sonsuzluq və zülmətin dibində
gedən prosesləri duyub yaza bilmək ehtirası mətnin
ekspozisiyasına təsir edir, sanki böyük, göz işlədikcə
uzanan məkanın (bəlkə də ömrün) hər
şeyi içinə büküb gizlədən böyük
və sarsıdıcı bir mənanın olduğu kəsik
bütün ərazini əvəz edir, yəni adi, bəlkə
də təsadüfən deyilmiş, həm də hərəkətin
bitkinliyini göstərən misra özündən sonra hiss, həyəcan,
duyğu dalğalarının axışına səbəb
olur. Yəni bu kiçik mətn dünyanın
hansı nöqtəsində dursanız orda, sizin
yanınızda olacaq. "Pıçıltı
ağacı" şeiri bu baxımdan susuzluqdan dad eləyən
bir məmləkətdə gizlində axan sirli suların səsinə
bənzədi. Yəni insanlar, əslində,
hər zaman möhtac olduqları şeylərin yanında
durduqları zaman belə, bundan xəbərsizdirlər.
...Oyandı pıçıltı
ağacları. Səs sirlidir, insanın içində bitən
ağacın yarpaqları düşdükcə hər gün
ölümü görürsən və unudursan...
Tuğrul Tanyolun şeirində iki
mühüm cəhət var mənim üçün: birinci cəhət
odur ki, bu şeirin intonasiyası özünəməxsusdur, yəni
şairin hiss etdiyi havanın, atmosfer, bəlkə də iqlimin
məğzi və şah damarıdır, ikincisi isə daha
önəmlidir, bu parçalarda keçmiş və gələcək
şairin və şeirin indiki zamanında
görüşüb insanın ürəyinin dərinliyində,
lap elə dilinin altında qalan mətləbləri həmin o
orijinal intonasiyanın gücünə ard-arda düzür. Bu
məsələni çözmək üçün belə
bir sual meydana çıxır: Tuğrul Tanyolun nəzərində
şeir nədir? Yəni təkcə onun
yazdığı yox, həm də təsirləndiyi,
içinə alıb, saxlayıb başqa, kiminsə
güzarı düşməyən bir məmləkət kimi
üzə çıxan dünyanı bəlləyən
şeir. Aydın məsələdir ki, hər bir
şairin poeziya, ədəbiyyat anlayışı
yazdığı mətnlərdə daha tam və qənirsizdir,
bu barədə danışanda iki hadisə baş verə
bilir, bir təsadüfdə bu anlayışın yalnız bir
qismini ortaya qoya bilərsən, çünki yazı olan
şeydən qaçmaqdır, qaçaraq düz olanı bir
az da təhrif etməkdir. Digər halda, başqa
bir cəhət üzə çıxa bilər, şair
yazıyla, esseylə poeziya / ədəbiyyat
anlayışını şeirlərində olduğundan fərqli
şəkildə ortaya qoya bilər. Ancaq bütün
hallarda, elə Tuğrul Tanyolun da dediyi kimi, içindəki
şeir havasından
qaçıb ona tənqidçi nəzəriylə
baxa bilməz. Bu barədə bir az sonra.
Hər şeir bir az
yalanla başlar,
Və hər şeir bir az ölümdür.
Beləcə, bir-bir
sürüyürəm daşlarımı
Nə qaldısa cibimdə...
Və ən son əsgərim ölənə
qədər
heç bir müharibə
uduzulmayıb.
Bu şeirdə yalan və
ölüm qoşa işlənir, ancaq şeir onların
yanındadır. Bunun niyə belə olduğunu anlamaq
üçün mətn özü sənə ipucu verir, yəni
mətnin qurulma sxemi elədir ki, əşyların (həm də
anlayışların-!) bir-birinə çevrilməsi
öz-özünə görünsün. Sizə
heç baxılmamış güzgülər göstərə
bilərəm // alıb özünüzə
baxarsınız, çünki həmişə
dönükdü üzünüz... Şeirin
ünsiyyət, oxucuyla, insanla təmas qurmaq konstruksiyası elədir
ki, səni, sanki hansısa sivilizasiyanın gizli saraylarından
keçirir. Bu nöqtə çox mühümdür,
şeir, poetik mətn (yəni yalanla başlayan nəsnə...)
hərəkət məcrasında (intonasiya seqmentlərində)
gözlərin qarşısında güzgüyə dönməlidir,
o güzgüyə ilk dəfə sən baxırsan və
özünün kim olduğunu apaydın
görə bilirsən, sonra həmin seqmentlər əvəzləndikcə
(dairə boyunca) artıq unudulmuş bir mədəniyyətin
bizim üçün gizli saraylarından keçir, təsəvvüründəki
dünyanın sınırları genişlənir və
tamamlanır. Bu tipli poetik mətnlər intonasiya selində (məcrasında)
mahiyyəti oyadan, qədimlərdə, deyək ki, rübai
ustası və böyük riyaziyyatçı Ömər Xəyyamın
göstərdiyi möcüzələrin bir az
adi axışla bizim qəlbimizə dolub bizi gizli mətləblərdən
agah etməsinə bənzəyir. Bu mənada
Tuğrul Tanyolun şeirlərində intertekustallıq keyfiyyəti
önəmli cəhətlərdəndir.
Bu mətnlərin
orijinallığı, yəni onları xalis şeir edən
başqa bir cəhət isə ənənəvi baxış
bucağından qaçmaqdır, ona müxalif olmaqdır.
Məsələn, "Su qəsidəsi":
Suya baxmağın öz
yorğunluğu var...
Çünki gözlərinə
hopar su.
Yaxud:
Ağacdakı işıq əgər
Təsvir edə bilmirsə
günü,
Mən necə izah edim
Sənin gözəlliyini...
Seriyanın rəhbəri və
redaktoru Fərid Hüseynə verdiyi müsahibəsində
şair deyir: şair dili quran adamdır. Həm də
dünyada qüsursuz nə varsa, şeirdir...
Onun poetik taleyi belə
başlayır: "...80-ci illərin əvvəllərində
bir yazı yazmışdım, qeyd etmişdim ki, şeir
axınları və modalarının axırı
çatıb, bundan sonra hər kəs istədiyi kimi yazacaq. "Üç çiçek" dərgisi
yaradan üç şair - Haydar Ergülen, Adnan Özer və
mən üç fərqli şair idik, bizi bir yerə cəm
edən poeziya ilə bağlı qayğılar idi. O
vaxtlar sosialist, cəmiyyətə ünvanlı şeir dəbdə
idi. Nəticədə çoxlu mənasız
şeirlər yazılırdı. Biz birdən-birə
gözəl şeirin yolunu açdıq. Bizi ənənələrdən
qopmuş şair kimi qələmə verirdilər...". Tuğrul Tanyol Avropa və
dünya poeziyasını sistemli şəkildə öyrənmiş,
klassik türk poeziyasını dərindən bilən və
bu nəhəng sistemlərin içində öz yolunu
qurub-yaradan bir fiqurdur. Onun poeziya anlayışında söz dəf edilmək,
məna üçün yolu açmaq vasitəsidir. "Şeir həm də artıq sözlərdən
arınma sənətidir". Turğul bəy Cemal
Süreyadan misal gətirir: şair şeir haqqında yazı
yazırsa, əslində, öz şeirlərindən
yazır. Tuğrul bəyin şeirlə
bağlı mülahizələri tənqid sənəti
haqqında müəyyən mülahizələrin
yaranmasına imkan verir. Məsələn,
belə.
Tənqidçi nə vaxt qəbul
edilə, oxuna bilər? Məsələn, şairdən yox, şeirdən
yazsın, bu şeirin gəldiyi yolda hiss etsin özünü,
haqqında yazdığı mətnləri hər şeydən
təcrid olunaraq özününküləşdirsin,
özünün keçirdiyi yaşantını
yaşamış kimi yazsın, izahı olmayan şeylərə
toxunmasın, onların işarə bakirəliyi necə var elə
qalsın və yalnız bütün bunlardan sonra mətnə
- bir estetik ərazi kimi hər şeyin fövqündən
baxmağa cəhd etsin, bu barışmayan şeylərin təmas
qıldığı yerdə ya nəyisə kəşf edərsən,
dərinliyi görərsən, ya da o dərinliyin dayaz
sularında boğularsan, ona görə tənqidçi
minalanmış ərazidə hərəkət edən adi bir
əsgərdir...
Mətndəki yaşantını
lay-lay görməsən, elə hey izmlərdən
danışacaqsan...Başqa çarə yoxdu, çünki sən
bədii mətnin ötüb-keçdiyi, arxada
buraxdığı gerçəkliyin içindəsən...
Onun istənilən şeiri bir
anlıq, sanki mətləbdən "yayınıb"
üzünü özünə çevrir, özü
haqqında nələrsə deyir:
Əsir gəmiləri
çürümüş dənizlər,
Mən öz içimdə
dustağam,
Qır pəncərəni!
Qaranlıq quyulardan sallanmış
İki gözüm, iki ölüm,
iki al qərənfil,
Sınıb pəncəsi
susqunluğun,
Qır pəncərəni!
Oyandı
pıçıltı ağacı...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 3 avqust.- S.8.