"Mən" olmağımın tarixçəsi...
parçalar
60-cı illər. Bakı
***
İndi yadıma salıram
ki, Bakıya gəlməmişdən qabaq Ağdamda ürəyim
sıxılırdı. Hər gün dayım evdə iyrənc səslə
"Segah" oxumağı məşq edirdi. Mənim gündə saat 4-də radio ilə verilən
muğam verilişinin səsindən zəhləm gedirdi.
O vaxt Ağdamda Xan əminin bir mahnısı vardı, hər
yerdə ləzzətlə qulaq asırdılar. Misrasında "həbibim" sözü vardı
(sonradan tapdım ki, "Həbibim gəl"
mahnısıdır). Deyirdilər ki,
ölmüş oğul haqqındadır mahnı. Bax, onu eşidəndə ürəyim
darıxırdı. Bir yandan da
dayımın bu axmaq səsi - "Segah"ı. Ancaq insafən
oxuya-oxuya o, normal segah səsini qazandı. Elçin
səsini dəyişə-dəyişə normal oğlan səsini
qazandığı kimi.
İndi də bu sualın
cavabını tapa bilmirəm. Gərək adam
Levi-Stross demişkən, marginal nöqtədə dursun, yəni
ayrı-ayrı dünyaların arasındakı sınırda
dursun ki, o tay-bu tayda olan etnik dünyaları, ya da şəhər-kənd
dünyalarını tutuşdurub harada yaşamaq istədiyini
tapsın. Mən Ağdamda yaşayanda başqa
dünyanı haradan bilərdim ki?! Bəs
onda niyə orada darıxırdım? Oradan
iki sarı oğlan yadıma düşür, onlara kurnos gədələr,
sarı murquz deyirdilər. Onlar rus idi,
ağdamlı ləhcəsində danışsalar da. Onlardan da başqa dünya görünmürdü
ki, tutuşdurum. Çinliləri demişəm.
Bir də Sarcalıda nənəmgilin evində iki erməni
usta işləyirdi. Bir dəfə həyətdəki
parçı götürüb su içmək istəyəndə
nənəm "ədə-ədə"
qışqıra-qışqıra cumub əlimdən aldı
ki, murdardır (yəni erməni içib). Bu duyğu yalnız Moskvada məndən getdi. Orada tanışım ermənilərin stəkanından
iyrənmədən su içə bilərdim. Nənəmə qalsaydı, erməni
qızının dodaqları da murdar idi. Buna mən
razı ola bilərdimmi?!
Yenə özümdən
soruşuram, Ağdamda başqa və daha yaxşı
dünyaları bilməyə-bilməyə necə olurdu ki,
onu sevmirdim? Axı sevməmək üçün bilməliydim
ki, ondan yaxşısı var. Yalnız Bakıya gəlib hər
yay Ağdama gedəndə Sarcalıya olan Russoist sevgi
Ağdama da oldu. Oradakı yaşlı qohumlarım
soruşmağı sevirdilər: Bakı yaxşıdır,
yoxsa bura. Mən "bura" deyirdim, onların
da kefi kökəlirdi.
Bakıda 158 saylı məktəbdə
oxuyanda məndə Avropalaşma ona görə başladı
ki, bu, pop-musiqi və gözəl qızlar demək idi. Avropalaşmanı mənə
bir də Bakının rusdilli slavyan, erməni, yəhudi
qızları ağ baldırları, bədənlərı,
qısa donları ilə çəkimli edirdi (guya
özümüzünkülərin ağ baldırı yox
idi). Bu "ağbəniz", "ağ bədən"
sözlərinin mənim yazılarımdan belə çox
keçməsi ondan gəlmir ki, qarayanızlıqla
bağlı nəsə kompleksim vardı. Hətta
kompleksim vardısa da Moskvada qarayanızlığım
sarı rusların arasında mənə uğur gətirdiyi
üçün, yox olmalıydı. Görünür,
sadəcə, bütün azərilər kimi mən də
adamda ağbənizliyi qarayanızlıqdan üstün
sayıram.
Ağdamda muğama olan nifrətim
Bakıda birdən-birə məni estrada
mahnılarını sevən etdi. Rəşidin
mahnıları mənə elə bil Qərbi, Avropanı təmsil
edirdi. Bir akkordeonçu vardı, Kazaryan, həmişə
qara saçları biryalin parıltısında olurdu.
Bir az dolu bədənli,
yaraşıqlı oğlan idi. Orkestrin
çalğısının ortasında qabağa
çıxırdı və onun solo partiyası
çalğının naxışı olurdu. Mən isə hər dəfə bu anı ləzzətlə
gözləyirdim. Deyirlər, Dağlıq Qarabağda
erməni qiyamı başlayanda bu Kazaryanda, - o vaxt çox qoca
olmalıydı, - millətçilik aşıb-daşdı və
Stepanakertə getdi, hətta Dağlıq Qarabağın Mədəniyyət
naziri oldu.
60-ın axırlarında məndə
Avropapərəstliyi Bitlzlar alovlandırdı. Bu, artıq,
Azərbaycan estradası deyildi, əsl Qərb fenomeni idi,
geyimi, saçı ilə birlikdə.
Təkrar edirəm. Məndə Ağdam sevgisi
sonra yaranmışdı, ancaq yenə muğamla aram yox idi. Bakıda da "Həbibim"
mahnısını eşidəndə ürəyim
qısılırdı.
158 saylı məktəbdə
oxuyanda içimdə olan hansı potensialları nələr
dindirib məni mən etmişdi? Buna baxım. Bakıya gələndə mən artıq kitab
oxumağı sevirdim. Bəlkə də
ona görə Ağdamda əlaçılar sırasına
düşmüşdüm, çünki elə də dərs
hazırlayan deyildim. Çox qəribədir,
anam orta məktəb müəlliməsi olsa da, dərsləri
necə hazırlamağımla onun maraqlanması yadımda
deyil. Heç Bakıda da mənim dərslərim
onun diqqətində deyildi. Niyə, bilmirəm.
Bakıda 158 saylı məktəbdə
mənim kitab həvəsim lap çiçəkləndi. Tənbəlliyimə
görə çox vaxt romanları uzanılı oxuyurdum.
Dördüncü, beşinci sinifdə nəinki
"Robinzon Kruzo" tipində kitabları, hətta sosialist
realizmində rusca yazılmış kitabların pis tərcümələrini
də oxuyurdum və xülyalarımda oradakı qızları
öz sevgilim, baş qəhrəmanı isə özüm
edirdim. Sözsüz, improvizələr də
olurdu. Deyəsən, Markuzenin fəlsəfəsində
insan xülyaları insan yaşamının önəmli
vektoru kimi verilmişdir. Froyd isə bu
xülyalarla ilgili elə nəsnələr demişdi ki, lap
sarı simimə toxunmuşdu. O söyləmişdi ki,
insan soyunub yatağa girəndə ana bətnindəki
bükülü vəziyyəti alır, yəni ilkinliyinə
qayıdır. Uyğun olaraq onun xülyaları
da infantilləşir, yəni primitiv, nağılsayağı
xəyallara çevrilir. Bax, bunları
oxuyanda anladım ki, hər dəfə yatmamışdan qabaq
necə atla gedib ən gözəl qızı almağım,
necə təkbaşına yüz adamla vuruşub gözəl
qızı onların əlindən qurtarmağım
uşaqlıq üçün təbii nağıllar,
xülyalar idi. Ancaq iş burasındadır ki,
yaşım artdı, 30 yaşında da (elə sonralar da) mən
yatmamışdan qabaq pul qazanmaq, gözəl
qız əldə etməklə ilgili xülyalardan
doymadım. Rusların "qryozı" dedikləri
bu fantaziyalara görə mən yatağa məmnuniyyətlə
gedirdim ki, indi fantastik filmlər dünyasına girəcəm.
Bu filmlərin ssenarisi, məzmunu yenə infantil
idi, uşaq xülyalarından azca fərqlənsə də,
infantil idi. Məktəbdə oxuyanda sinifdə
dərs zamanı bu "filmlərin" davamı olurdu.
Dostum Əsgər Əhməd boynuna
almışdı ki, "Çeşmə" qəzeti
üstündə MTN-də yatanda hər gün xəyalən Qarabağda
erməni ordusunun əsgərlərini yeni fantastik silahla necə
darmadağın etməsini xəyal edirdi və bu,
dustaqlıqda onun yaşamını az da
olsa ilginc edirdi.
Əsgərin xəyallarından sonra
bir məqaləmdə mən yazdım ki, bir
düşünün, ermənilərlə azərilər
arasında gerçək dünyadan başqa, xəyallar
dünyası da var və bu dünyada hər birimiz o birisini
necə darmadağın etməyin "filmini"
yaşayırıq. Söylədiyim, məncə,
Markuze fəlsəfəsinə yaxşı əlavədir.
5-6 yaşımda
seksuallığımın gücləndiyini indi yadıma
salıram. Ağdamda bir dəfə nənəm məni hamama
aparmışdı, orada lüt qadınları
görmüşdüm, hətta deyəsən, kimsə
deyinmişdi ki, bu, yekə uşaqdır, onu arvad hamamına
niyə gətirmisiniz?! Deyə bilmərəm ki, orada
gözlərimi zilləyib ağ budlara, iri
məmələrə baxırdım. Ancaq o səhnə
yadımda qalıbsa, güman hamamda
seksuallığımın ilk mərhələsi baş
vermişdi. Sonrakı mərhələni
fransız post-modernist filosofu Derridasayağı "fallosentrik
dünyam" adlandırardım. Yaxşı
yadımdadır ki, bu filosof dövlətin kişisəlliyini
bildirmək üçün "fallokratiya" terminini ixtira
etmişdi. Mənimsə yadımda deyil,
"fallosentrizm" sözünü haradasa oxumuşam, yoxsa
indicə icad etdim. Ancaq bunu belə desəm, lap
postmodernist diskurs alınar: uzun sürə mənim dünyam
fallosentrik olub.
Bəlkə də bilincsiz
olaraq Ağdam mənim üçün belə
darıxdırıcı idi ona görə ki, qadınsız
dünya idi, küçələrdə gözəl qız
ayaqlarını, qollarını görməzdin (qohum
qızlar kov deyildi). Bakıda isə 158 saylı məktəbdə
rus bölməsi vardı, orada rus, yəhudi, erməni
qızları çoxluqda idilər. Pilləkənlə
onlar yuxarı qalxanda budları axıracan
görünürdü. Mənim kimi
yanıqlar xəlvət-xəlvət necə baxmayaydılar bu
ayaqlara. Bir də qucaqlaşıb step rəqsini edəndə
bəyəm rus sektorunun qızları bilmirdilər niyə
onları belə sıxırıq?! Bilirdilər,
elə bunun üçün də rəqslərə gəlirdilər.
Rus sektoru ki rus sektoru! Mən bədənli
qızları çağırıb onları həyasızcasına
sıxmaqdan, əlimlə qoltuqlarından tutanda, döşlərinə
toxunmaqdan ləzzət almağın qabağında
abırımı itirmişdim. Deməli, Avropa, Batı mədəniyyəti
mənə nə saqqızla, nə Bitlz musiqisi ilə gəlmişdi.
Avropa mənə gəlmişdi rusca oxuyan
qızların bədəni, ayaqları ilə. Avropa mənə gəlmişdi sekslə. Bəlkə
də bu rusca oxuyanların ayaqları, məmələri mənə
Marçello Mastroyaninin kremlə parıldayan
saçını, sonra isə Bitlz bakenbordlarını gətirdi,
çünki bu qızların dünyasına yad oğlan kimi
girməməkdən ötrü bakenbordlarım
olmalıydı. Bir də rus dilini bilməliydim,
- əsgərlikdə öyrənilmiş
"çuşka" aksentli rus dilini yox,
bakılıların rus dilini. Bunun
üçün mən başladım rus dilində
Balzakı, Qoqolu, Dostoyevskini, Dikkensi və
başqalarını oxumağa, özü də hər
gün 1-2 saat bərkdən oxuyurdum ki, tələffüzüm
təmiz olsun. Bu məsləhəti kimdənsə
eşitmişdim və 2 il ona əməl
etdim. Hövsələyə bax, iki il! Mənim
kimi tənbəl adam seksə görə 2
il rusca romanları bərkdən oxuyub evdə anamı,
bacımı bezdirmişdim.
Bəlkə də indiki
"Me too", hərəkatı, Hollivudun, elə siyasət
və biznes elitasının "harrasment" skandalları
olmasaydı, bu seks söhbətini salmağa ürək eləməzdim. Ancaq o skandallar göstərdi
ki, qızbazlıq, seksual yanıqlıq hər yerdə var.
İndi bu harrasment olaylarına baxanda
qışqırmağım gəlir: "Alə, bunlar da
yanıqdırlar ki?!". Elədirsə,
Ağdamdan gəlib qısa donlu qızlar dünyasına
düşmüş mənim kimiləri niyə olmasın?!
Mənim uşaq seksuallığımı təmizə
çıxarmaq üçün Fellininin "Şirin həyat"
filmini də yada sala bilərsiniz!
Sekslə bağlı
"yanıq" sözünün işlədilməsi şəhvət
dolu istəklərin kimyasını sezdirən kəlmədir
("insan ilişgilərinin kimyası" bu günün
terminoloji dəbidir, - onu birinci dəfə Trampdan
eşitmişəm). Nəsnə qızanda onun
molekullarının bir-biri ilə bağları boşalır
və bu üzdən bir-birini çəkmə gücü
azalır. Ona görə də istidə iy
artır, çünki molekullar bir-birindən qopub burunlara
uçurlar. Ərimə də, mayeyə,
buxara çevrilmə də molekulların bağlarının
zəifləməsindəndir. Klassik
poeziyada, - bunu kitabımda yazmışdım, - sevginin şiddəti,
istiliyi artanda Məcnunun davranışları xaotikləşir,
- bu da sevgidən yanıb-yaxılmağa öz semantik
çalarını verir. Bakılıların (bəlkə
başqalarının da) "yanıq" sözünün
arxasında o durur ki, adam istəkdən
yanıb-yaxılır, ona görə də nə etdiyini
bilmir, çünki içində "molekulların"
xaotikləşməsi baş verir.
Yeri gəlmişkən,
"yanmaq"la bağlı başqa linqvistik situasiyanı da
açım.
Cayıllığı yamsılayan Bakı məktəbli
dünyasında "yaxbala" və ya birinə onu sancmaq
üçün "yaxma!" demək geniş
yayılmışdı - ancaq çoxdandır bu deyimləri
Bakıda daha eşitmirəm. Söylədiyim
linqvistik situasiyada o çağlar anlamadığım bir
qayda vardı. Kimsə acıqla, qınaqla
başqasına "yaxma!" deyəndə, o qayıdanda ki,
"yaxmaq da pulnandı?!" mübahisə kəsilirdi.
Sanki oyun qaydası vardı, qarşı tərəf belə
deyəndə uzatma, qurtar!
Uzun sürə
"yaxmaq" felini mən "yağ yaxmaq" deyimindəki
kimi başa düşüb çaş qalırdım,
yaxmağın yaxbalalığa nə dəxli var?! Yalnız 2000-ci ildən bir az sonra bir məqaləni yazanda anladım ki,
yaxbala yaxanda yağ çəkmir, yandırıb yaxır. Deməli, yaxbala başqalarını
yandırıb-yaxmaq istəyəndir.
Kitab oxuyan uşaq
olmağım sinifdə məni ilk seçdirən özəllik
oldu. Belə çıxır ki, başqalarının dərslikdən
ayrı kitab oxuması bizim sinifdə, bəlkə də
bütün azsektorda nadir hadisə idi. Bunu
onun üçün vurğulayıram ki, indiyənəcən
məndə yaşayan bir düşüncə var, həndəvərimdəkilərdən
mən çoxlu kitab oxumağımla ayrılırdım.
Onların heç birində mənim qədər
söz ehtiyatı olan, mənim kimi dərsdə bədahətən
cümlə quran yox idi. Nədən ki
kitablar dilimi sözlərlə, ifadələrlə xeyli zənginləşdirmişdi.
Kitab oxumağım idmanla məşğul
olmağıma əngəl olmurdu. Hər gün bəzən
2-3 saat futbol oynayırdım. Uşaqlıqda
bu oyunun dəlisi idim. Kulturizmdən və
kulturist instruksiyalardan aldığım bacarığı
futbolu oynamağa da uyğulamışdım. Bir çox fəndləri alqoritm prinsipində
öyrənmişdim. Örnəyin,
matçlara baxanda fikir vermişdim ki, oyunçular
yıxılanda diyirlənirlər. Mən
də başladım məhlə futbolunda elə yıxılmağa.
Bu yaxınlarda BBC-nin saytında məsləhətə rast gəldim:
yıxılanda diyirlənmək adamı yerə bərk dəyib
zədələnməkdən qoruyur. Ən əsası
isə o idi ki, mən Braziliya oyunçuları kimi topla
ustuflu, yumşaq davranmağı öyrənmişdim. Futbol mənim gizli solaxaylığımı da
açdı - sol ayağımla problemsiz vururdum. 40-50 yaşınacan topla yumşaq davranmaq
bacarığını saxlaya bilmişdim, indi bilmirəm necədir.
Hər halda elmlə belə ciddi məşğul
olan mənim futbol texnikam, deyirlər, Hikmət Hacızadəni
təəccübləndirmişdi.
O çağlar məndə
hündürlükdən qorxu yox idi. Evimiz
üçüncü mərtəbədə idi, açar
içəridə qalanda qonşu artırmadan asanca öz
balkonumuza adlayırdım ki, qapını açım. Hündürlükdən xeyli sonralar qorxmağa
başladım.
Məktəb illərində
başım futbola qarışdığından çox az hallarda dərslərə
hazırlaşırdım. Müəllim jurnalı yoxlayanda
coğrafiyadan, botanikadan və s. fənlərdən narrativ
bölümə göz gəzdirib elə
danışırdım, elə gop edirdim
ki, savadı yüksək olmayan müəllimlərin mənə
4 yazmaqdan başqa çarəsi qalmırdı. Sinfimizdə bir oğlan vardı, Nadir Qafarov.
Əlaçı idi, yenə zarafatla deyim, ağ
oğlan idi, bütün məktəb onunla
öyünürdü. Arıq və
yaraşıqlı olsa da, qızlar bəlkə də özlərini
layiq bilmədiyi üçün ona
yapışmırdılar. Ancaq Bakı
Universitetində o daha əlaçı olmadı. Uşaq vaxtından Tibb İnstitutunda bir qızı
sevirdi. Onu tapıb evləndi və
camaşırxana açıb işlətdi. Deyəsən, bu biznesi indi də aparır.
Nə baş verdi
ki, o, elm yolunu tutmadı, mənim kimi avara isə tutdu, bundan
necə baş çıxarasan?! Bəlkə məndə
aşırı seksuallıq idi səbəb? O mənada
ki, qızların xoşuna gəlmək məsələsində
sir-sifətimin, boy-buxunumun onlar üçün maraqlı
olmaması məni elmdə uğur qazanmağa itələmişdi?!
Nadirdə isə, yəqin, belə motivlər
yox idi. Bir qızı sevirdi, qız da onu
sevdiyindən, mədəniyyətdə, toplumda uğur qazanmaq
motivi bitib getmişdi.
Mən Froydun tələbələrindən
olan Adlerin ideyalarını yaxşı mənimsəməmişəm,
ancaq ora-burasından oxuduqlarımdan itələnərək
düşünürəm ki, insanın əskiklik
(natamamlıq) kompleksi, - bəzən qısaca "insanın
kompleksi" də deyirlər, - söylədiklərimə
arqument ola bilər. Neçə illərdir
bir yazı yazmaq istəyirəm: milləti
görünüşü yaraşıqlı olmayan, balacaboy,
nəsli ilə bağlı kompleksi olan adamlar irəli və
ya fəlakətə aparır. Balacaboy Hitler, Stalin, Lenin də
milləti fəlakətə aparmışdı, Napoleonun isə
Avropa üçün etdikləri onun gətirdiyi fəlakətin
doğurduğu hirsi azaltmışdı. Atatürk də
balacaboy olub, axı! Balzakın
yaraşıqsızlıq kompleksi, Dalinin seksual kompleksi
yaradıcılıqlarına təkan vermişdi. Kompleksi olmayanlar çevrələrindən sevgini,
sayğını, qadınlara yönəlik uğuru
"müftə" alırlar. Yaşlanıb
"bu gözəllik onlara qalmayanda" isə əlsiz-ayaqsız
adama çevrilirlər. Düşdükləri durumdan
ya əyyaş olurlar, ya da elə olurlar ki, adam
onlara baxanda yazığı gəlir.
95-97-cı illərdə
seksuallıqla ilgili bir məqalə yazdım: "Müsəlman
kişisinin seksual aqressivliyi və virtual hicab". Yazının bioqrafik impulslarını,
yazılmasına birbaşa nədənini burada deyim. Öncə iki termini açıqlamaqdan
başlayım. Alman filosofu Hussadan (Husserldən)
sonra onun davamçısı Aleksey Losev tez-tez nəyinsə
ifadəli görünüşü anlamında
"eydediklik" sözünü işlədirdi. O biri
termin estetiklərin sevdiyi "hedonizm"dir, yunanca ləzzət
almağa bayğınlığı bildirirdi. İndi
isə olayı danışım. ABŞ-dan
gəlmiş professor Tovhidi (əslən güneyli qadın) mənimlə
apardığı müsahibədən sonra bulunacağı
"Dəyirmi masa"ya çağırmışdı.
İlk dəfə orada gender məsələlərini
eşitdim. "Dəyirmi masa"lar və
konfranslar özünü göstərmək (yaxmaq)
üçün yaxşı ortam yaradır. Bunu heç kim etiraf etmir, mən isə bir Berlin
konfransında effekt yaratmaqdan ötrü etiraf etmişdim: belə
yerlərdə bizim ambissiyamız parlamaq stimulu alır. Bax,
Bakıdakı "Dəyirmi masa"da ağlıma gələn
bir eydedik düşüncəni söylədim: çadra
müsəlman kişisinin gözündə arvadını
başqalarının girə bilməyəcəyi hedonik dairəyə
salır. Çadra, sanki "qara, qrafik
cızıqla" bu dairəni cızır.
Sinizmi ilə epataj yaradan o
yazım xeyli maraq doğurdu və ruscası yabançı
saytlarda yayıldı. Yunan filosofları olan kiniklərdən
doğmuş, - biri çəlləkdə yaşayan Dioqen
olub, - sinizm heç bir əxlaq normalarını
saymamağı bildirir. Mən atamın
dini və bəzən əxlaqi sinizmini nə qədər bəyənməsəm
də, sonradan anladım ki, özüm də ona yoluxmuşam.
Ancaq bu məsələdə, axı, mən tək
deyildim. Mirzə Cəlilin, Sabirin, Ağaoğlunun, Məhəmməd
Əminin müsəlman aləmi ilə bağlı söylədikləri
bir çox narrativlər sinizm paradiqmasında qurulmuş tənqidlər
olub. Belə yazdım və terminoloji
icadımdan xoşnud oldum. Demək, belə aydırmaq
olar, yəni təntənə ilə söyləmək olar:
islahatçı ideolojinin xeyli narrativləri sinizm
paradiqmasından qaynaqlanır. Əslində, istənilən
tənqidin hansısa diskurslarında sinizm və ya skeptisizm
çalarlarını tapmaq olar. Bəlkə
poststrukturalist dekonstruksiyanın bir hədəfini diskurslarda
sinizm laylarını dəbərdib yerindən çevirməyə,
çıxarmağa həsr etmək olar? Bunu
etsək, bəyəm dekonstruksiyanı daha çox, daha ilginc
materiallarla təmin etmiş olmarıq?! 90-cı illərin
söz özgürlüyü ortamında peyda olmuş Rafiq
Tağı, Əli Ələkbər, Seymur Baycan kimi yazarlar
epatajlı sinizmlə bədii effekt yaradırdılar və
buna görə də onları, hətta mənim kimi sinikin də
həzm etməsi asan olmurdu. Bir məqaləmdə
onların həyasızlıq estetikasından istifadə
etdiyini yazmışdım. Bu gün
yazsaydım, o həyasızlığı sinizmlə cütləşdirərdim.
İndi
düşünürəm ki, müsəlman
seksuallığı ilə ilgili sinik və həyasız məqaləmdə
guya mən gerçəkliyi analiz edirdim. İşdə
isə öz seksuallığımı ona proyeksiya etmişdim
və bu yöndən rus bölməsində oxuyan azərilərin
qızlara ilişgisini azsektorda oxuyanların ilişgisindən
ayırmışdım. Rus bölməsində rus
dilinin, yoxsa rusca danışıqların təsirindənmi, nədənmi
seksual yanıqlıq və brutallıq az
qabarırdı (istisnaları bilirəm). Namus üstündə
dalaşmalar da az olurdu. Düzdür,
Yasamalda azsektorun uşaqlarında brutallığa (vəhşi
igidliyə) Dağlı uşaqları, Sovetskidən
köçmüş cayıllar öz etgisini
yapmışdılar. 5-ci sinifdə oxuyanda bizdə
sarışın bir oğlan vardı, - Nizami (sonralar bildim ki,
məndən qabaq Kamal Abdulla ilə bir oxuyub). Bax,
bu Nizamini Əzizağa adında qonşusu, bizimlə oxuyan bir
gədə bıçaqla vurub öldürdü. Beləcə, mən ilk dəfə
tanıdığım tay-tuşumun yasında oldum. İkinci yasa urcah oldum 8-ci sinifdə oxuyanda. Burada bir dostum vardı, Firdovsi, çox
yaraşıqlı və yaxşı oğlan idi. Futbolda heç kimin bilmədiyi bir fəndi əla yerinə
yetirirdi - qəfildən sağ pəncəsi ilə topu
sağ tərəfdən geri ataraq həmin tərəfdən
qaçıb onun qabağını kəsmək istəyən
oyunçunun arxasına keçirdi. Birdən
xəbər gəldi ki, qohumu onu qaldırıb fırladanda
bağırsaqları çevrilib. Beləcə,
gözəl bir oğlanın ömrü mənasız yerdə
yarımçıq qırıldı.
Brutallığa bunun dəxli
yoxdur. Ancaq məktəbdə bildiyim ikinci ölüm
olayını söyləməyə bilməzdim.
Əzizağa əzəldən
kriminal uşaq idi. İri başı vardı və
dalaşanda kəllə atıb adamın ağzını
qanatmaqla vuruşa xitam verirdi. Bəzi
adamlar var ki, qorxu nə olduğunu bilmirlər, örnəyin,
ekstrimallar. Mən isə təbiətcə
qorxaq idim. Ancaq ağdamlı ərənlik
kodeksi, sonra isə bakılılaşmaq sürəcində
azsektorun etgiləri və üstəgəl, kinodan Jan Marenin təsiri
məni brutallıq imicini qazanmağa itələmişdi.
Sözsüz, burada da qızların xoşuna gəlmək
stimulu vardı. Ona görə də
Əzizağa ilk tanışlıqda mənimlə yekə-yekə
danışanda söz altında qalmadım. Məni Yasamal çölündə "gedək
danışığa" çağıranda getdim.
Görünür, bu rayondan gəlmiş, bir az
da pota oğlanın içindəki həyəcanı o sezməmişdi,
ona görə də çöldə birinci kəllə,
yumruq atmağa heç birimiz ürək etmədik və
öcəşib heç-heçə ilə geri
qayıtdıq. Yanımızda sinif
uşaqları da vardı, yadımda deyil,
qızışdırırdılar, yoxsa aralayırdılar.
Əzizağa bu olaydan bir neçə ay sonra
Nizamini bıçaqlayıb öldürdü. Beləcə, uşaqlıqdan türməyə
düşərək, oradan çıxıb ora qayıdaraq
alçağın biri oldu. Onun haqqında
oğru dünyasının romantizmində heç nə
eşitmədim. Bilmirəm, bəlkə də
qanuni oğru adını almışdı. Ancaq onun alçaq gədəyə çevrilməsi
haqqında eşitdiklərim düz idisə, belə adamı
oğrubaşı seçməzdilər. Onu,
deyirlər, elə türmədə də öldürdülər.
Əzizağa mənim
brutallaşma yolunda ilk addımıma nədən oldu,
çünki məni "duelə" çağıranda
üzdə göstərməsəm də, qorxmuşdum və
bu zəifliyimdən utanmışdım. Bax,
güclü, bacarıqlı döyüşçü olub
qızları heyran qoymaq (oğlanların arasında isə
ataman olmağı heç düşünmürdüm də)
məni idmana itələdi. Bəlkə də
Bakıda kulturizmlə (bodibildinqlə) ilk məşğul
olanlardan oldum - bunda rus dilini öyrənməyim də
dadıma çatdı, çünki kulturistliyi rusca kitablarda
oxumaq olardı. Sağlamlıq və
soyuğa davamlılıq üçün mən hər
gün bədənimi yaş dəsmalla qızaranacan silərdim.
Hətta qışda da evdə qurşağacan
lüt gəzərdim. Anam isə elə hey deyərdi:
bir şey gey, sənə baxanda adam
üşüyür. Beləcə, brutallıq
üçün bədənimi daş baltası etmək istəyirdim
və etdim də.
Deməli, evdə anamı,
bacımı bərkdən rusca oxumaqla, yarılüt gəzməklə
bezdirmişdim.
9-cu sinifdə qarın əzələlərim
bodibildinqdən azca kubikləşmiş, döşlərim əzələli
kontur almışdı. Bizim bir idman müəlliməsi
vardı, - Tamara, deyəsən, erməni idi, incə beli, yekə
yanbızı vardı. Bir dəfə idman dərsində
qurşaqdan lüt olanda onun necə şəhvətlə sinəmə
baxdığı yadımdadır. Beləcə,
yenə seksual motivlər, yəni qızların xoşuna gələn
bədən formasını almaq istəyi məni hər
gün bir saat ağır daşlarla məşq etməyə
zorunlamışdı. Bir də deyim,
haradasa kimlərsə oğlanlar arasında ataman, sayılan
olmaq istəyindən kulturizm üçün stimul alardı,
mən isə yox. Bəlkə də sinifdə
oğlanlar arasında mən yazıq bir uşaq olsaydım,
bir saat usanmadan daşlarla oynamaq stimulunu bu əskiklik kompleksindən
alardım. Bəs niyə mən lider
olmasam da, düşdüyüm hər yerdə arxa sırada
yox, ön sırada olmuşam? Bu sorunun
cavabını tapmaq mənim üçün çətindir,
bəlkə memuar boyu tapacam?
"Papaq" filminin rejissoru
Cahangir Mehdiyev qabaqlar Kamal Abdulla, 5-ci sinifdən sonra isə
Yasamala köçdüklərindən sonra mənimlə
oxumuşdu. O
vaxtlar Bondarçukun "Hərb və sülh" filmi
gedirdi, Nataşa Rostovanın aşağı düşən
gözəl lüt çiyinləri hamının
gözünün qabağında idi. Mən Cahangirə
sataşmaq üçün deyərdim: alə, sənin
çiyinlərin lap Nataşa Rostovanın çiyinləri
kimidir ki! Bir dəfə yalvardı ki, de nə
edim, bədənim səninki kimi olsun? Kulturizmdən
danışdım, kitabları verdim. Zaman
keçdi mən kulturizmi atdım, Cahangir isə indiyənəcən
bodibildinqə sadiqdir. Əzələlərini,
bədənini filmlərində göstərməyi sevirdi.
İndi qocaldığı üçün bir az
lalıxlayıb, hərçənd mən ondan da betər
lalıxlamışam.
Niyazi Mehdi
Ədəbiyyat
qəzeti.- 2019.- 3 avqust.- S.16-17.