Kamal Abdulla:
Postmodernizmdən milli özünəməxsusluğa
II yazı
Postmodernizmdən
danışarkən düşündüm ki, kiçik hekayələrdən
də yan keçmək olmaz. Postmodernist əksər
yazıçının müraciət etdiyi bu janr fikri aydın, yığcam və
asan təqdim etmək baxımından əlverişlidir. Qeyd etmək
lazımdır ki, Kamal Abdullanın da
yaradıcılığında hekayə janrı əhəmiyyətli
yer tutur. Onun xüsusilə "Parisin
seçimi" hekayəsindən bəhs etmək istəyirəm.
Dastan, nağıllar, rəvayət və əfsanələrin
mətnləri ilə daha çox səsləşən yeni mətnlər
intertekstuallıq baxımından ədəbiyyatımızda
yeni təmayüllərin Kamal Abdullavari üslubunda ortaya
çıxışıdır. "Parisin
seçimi" hekayəsində yazıçı Homerin
"İliada" eposundan götürülmüş Troya
müharibəsinin yaranma mifinin motivləri üzərində
yeni mətn qurmuşdur. Zevs, Poseydon, Hera, Hermes, Afina,
Afrodita, Apollon, Ares kimi obrazlar bizə tanışdır. Ədəbiyyatla maraqlanan əksər kütlə
üçün bu hadisələrin inkişafı və mətn
aydındır.
Kamal Abdulla ilk öncə
hekayəni azca dəyişməklə, eyni xətt üzrə
olduğu kimi verir. Hekayədəki son mifologiyadakı sonun
tamamilə ziddidir. Yunan mifologiyasında
Paris almanı Helenə qovuşmaq ehtirası ilə Afroditaya
verir. Burda həm də Afroditanın onun bədəninə
çılpaq şəkildə son dərəcə yaxın
olması və həmin an onun beyninə qadın gerçəkliyini
salması ilə, Parisin fikirlərini ovlaması da diqqət mərkəzinə
çəkilməlidir. Paris Heleni
seçir və almanı Afroditaya verir. Paris,
əslində, qadın gözəlliyini seçir. Ancaq Kamal Abdulla hekayəsində, görünür,
bu qərarında Parisi qınayır.
- Dinlə məni, Paris. Yaxşı dinlə və yaxşı
düşün. Sən bizim aramızdan
seçib ən gözələ çatacaq bu almanı mənə
versən, mən səni... mən səni, bəli,
dünyanın ən gözəl qadınına
qovuşduraram.
Deyən Afroditanın yerinə:
- Əgər almanı mənə
versən, - Hera təmkinlə və yavaş-yavaş
danışmağa başladı, - əgər ən gözəl
ilahə kimi sən Paris məni seçmiş olsan, o zaman mən
Hera səni bütün Asiyaya hökmran edərəm - deyən
Heranı seçir.
Bu priyomla Kamal Abdulla tarix boyu
baş verən kişi-qadın münasibətlərinə
yeni baxış gətirir və almanı Afroditaya yox, ona
güc vəd edən Heraya verdirir. Bu minvalla Parisi daha
ağıllı qərar verməyə sürükləyir.
Bu hekayədə Paris hakimiyyət varsa, hər
şey var konsepsiyası ilə çıxış edir.
"Yarımçıq əlyazma"da
yazıçı, Boğazca Fatmanın oyuncağına
çevrilən oğuz ərlərini saldığı vəziyyətdən
fərqli bir konsepsiya ilə çıxış edir.
Kamal Abdullanın
yaradıcı refleksiyasında semiozis çalarının,
struktur-semiotik qavrayış modellərinin təzahür
sistemi də son dərəcə maraqlıdır. Bu, ədibin
istər hekayələrində, istərsə də
romanlarında xüsusi məqam çaları kontekstində təqdim
olunub.
"Yarımçıq əlyazma"
romanında maraqlı bir hissə var: "Özünə ləqəb
götürmüşdü Xətai. Yazdığı
şeirlərin sonunda öz-özünə xitab edib ləqəbini
bəyan edərdi. Şahın özü
bu şeirləri dinlədikcə dinlər, usanıb
yorulmazdı və Lələni xoşnud edən həm də
bu idi ki, Şahın quşu qonmuşdu Xızıra, Şah
ona isinişmişdi. Hərdən şətrənc
oynardılar. Sadağa olduğumun
yaxşı şətrənc oynamağı vardı. Heç uduzmaq bilməzdi. Xızır
şətrənc qayda-qanununa təzə-təzə vaqif
olurdu. Görünüşcə bu iki
şəxs bir-birinə nə tövr oxşardılarsa, xasiyyətcə
tam bunun əksi idi. Şah nə qədər
kəskin, cəsarətli heç kimin günahından
keçməyən, hamı ətrafına öz
şahlıq və mürşidlik mərtəbəsindən
baxan bir sahibəzzaman bir şəxsi-müqəddəs idisə
və özü də buna sonsuz inanırdısa. Xətai bir o qədər həlim, xoşxasiyyət,
sülhməramlı insan idi".
Asif Hacılı bu barədə
yazır: "Yarımçıq əlyazma"da
aparıcı semantik xətlərdən olan Şah
İsmayılla bağlı fabula qətiyyən ənənəvi
hadisəvi intriqa deyil. "Hökmdar -
şair" konflikti qədər geniş ənənəsi
olan ikili oppozisiyanın bu əsərdə təqdim olunmuş
variantına struktur-semiotik meyarlarla yanaşsaq, əsərdəki
olduqca maraqlı və mənalı bir təfsirlə
qarşılaşarıq. - Şah
İsmayılın həm türk tarixindəki rolunda, həm
siyasətində, həm yaradıcılığında
aşkarlanan ikilik, romanda strukturalizmin əsaslarından biri
olan təhtəlşüur məntiqi əməliyyat -
mediasiya ilə həll olunur".
Tarix, yaxud insanların
maraqlarını nümayiş etdirən bir sıra məsələlərin
dekonstruksiyasını əsas prinsip kimi yerinə yetirən
postmodernizmin tələblərindən biri kimi, ironiya, parodiya,
intertekstuallıq, ikili kodlama, pastiş də əsas
meyarlardandır.
Folklordan, mifdən, magiyadan,
dindən yaradıcı istifadə və bilənlərin əksini
elan etmək bəzən isə bilinəni parodiya etmək, məlum
olanı ironiya ilə sorğulamaq postmodernistlərin
yaratdığı mətnləri bir-birindən əsaslı
surətdə fərqləndirir.
Kamal Abdulla yaradıcılığını
dərk etmək üçün geniş intellektual savad tələb
olunur. Maddi-mənəvi, zahiri-batini kodları, folkloru bilmək
oxucuda peşəkar təhlillər etmək gücü
yaradır.
"Sirri-zəmanə"
hekayəsində yazıçı elmlə batini məqamları
vəhdət şəklində inkişaf etdirir. Müəllif
fikrini qəhrəmandan çox kodlara yönəldib. Oxucuya informasiyanı ötürən qəhrəman
yox, hekayənin dil qurğusudur, hekayədə qəhrəmanı
yox, mahiyyət qavranılmağa çalışılır.
"Mətnə daxil olan oxucu kodları
obrazlarla açır; obrazın özünün də bəzən
özünə məlum olmayan kodunu açmağa
çalışır".
"Folkloristlərə aid olan
postmodernizmin digər elementi də elm, iqtisadiyyat, psixoanaliz və
bənzər kimi modernist mədəniyyətin görünən
universal və izahlı bəyanatlarının rədd edilməsidir
(Lyotard )". Bunun əvəzində,
postmodernlik təcili və yerli tətbiqlərin qəlibləşmiş
hekayələrini, yəni folkloristlərin daima diqqətini cəlb
edən hekayələri, materialları vurğulayır.
Qərb ölkələrində
yaranan postmodernizmin Şərq variantının ən gözəl
nümunələrini yaradan Kamal Abdulla yaradıcılığını
bu aspektdən - özünəməxsusluq nöqteyi-nəzərindən
öyrənmək lazımdır.
Akademik İsa Həbibbəyli qeyd
edir: "Bütövlükdə Azərbaycan postmodernizmi Qərbin
eyniadlı ədəbi cərəyanının tam bənzəri
deyildir. Azərbaycan postmodernizmi bu ədəbi cərəyanın
ümumi cəhətləri ilə yanaşı, milli
xüsusiyyətləri ilə təzahür edir".
Bütün qeyd olunan meyarlar
postmodern əsərlərin oxşar, amma əslində,
oxşamayan zoğunu haşiyələndirir. Azərbaycan ədəbiyyatında
yaranan əsərlər Qərb ədəbi cərəyanının
tələb trayektoriyasından irəliləsə də,
özünəməxsusluğu ilə seçilir. Forma eyni olsa da, çağırışım,
mahiyyət, millilik aspektindən bir çox fərqliliklər
mövcuddur. Dərk olunan, alınan,
mühitə, ədəbiyyata sintez şəklində təlqin
olunan janrın tələbi onun fiziki bədənidir,
ruhsallığı isə o bədənə
üfürülən klassik Azərbaycan baxışı,
folkloru, motivləri, süjet və obrazlar sistemidir.
Akademik İsa Həbibbəylinin
də vurğuladığı kimi, "Postmodernizmə
münasibətin fərqli olmasından asılı olmayaraq,
bu, artıq faktdır. Bu işdə, yəni postmodernizmin ədəbi
cərəyan kimi formalaşmasında Kamal Abdullanın
"baniyi-kar" olması da inkaredilməz həqiqətdir.
Bununla belə, Azərbaycan postmodernizmi Avropa postmodernizm cərəyanının
eynisi olmadığı kimi, fərqli yaradıcılıq
xüsusiyyətlərinə malik olan "ədəbiyyat monarxı"
Umberto Eko ilə Kamal Abdullanın əsərləri də
yalnız üslub, yanaşma tərzi etibarilə oxşar, bənzər
yazıçılar ola bilərlər. Umberto
Ekonun yaradıcılığında müasir dövrün
postmodernist dərki və təqdimi üstünlük təşkil
edirsə, Kamal Abdullanın əsərlərindəki mifologiya
və tarixi baxışın aparıcılığı həmin
fərqli xüsusiyyətləri aydın şəkildə əks
etdirir. Fikrimizcə, Umberto Eko kimi böyük bir
yazıçı da Kamal Abdullanın
yaradıcılığına, sadəcə, onun postmodernist
yazıçı olmasına görə deyil, fərdi
özünəməxsusluğa malik fərqli
yazıçı olduğu üçün xüsusi diqqət
yetirmiş və yüksək qiymət vermişdir".
Postmodernizmin iki güclü
silahı olaraq gördüyümüz folklor və magik realizm
çağdaş postmodern romanın yaranmasında əhəmiyyətli
rola malikdir. Azərbaycan ədəbiyyatında bu aspektdən
yazılan ən gözəl romanlardan biri Kamal Abdullanın
"Sehrbazlar dərəsi" romanıdır. Dərin ezoterik bilgiyə sahib olmayanların bu
romanı müəllifin təqdim etməyindəki mətləbi
qavramağı çətindir. Roman bir
çox qatlara sahibdir. Folklor, utopiya, magik
realizm, postmodernizm, klassika kimi bir çox xəttin paralelliyindən
yaranan Azərbaycansayağı postmodernist əsər. O əsər
ki, hansı dilə tərcümə olunmasından
asılı olmayaraq öz milli genetik kodlarını elan edir. Burada Azərbaycan dini fəlsəfi fikri, janr daxilində
janr kimi məsələlər diqqətə çəkilib.
Salidə Şərifova "Azərbaycan
postmodern romanı" əsərində sadaladığı
fikirlərini əsaslandırmaq üçün belə bir
sitatdan istifadə edir: Postmodernistlər tarixdən ibrət
almaq deyil, tarixin özünü oyun materialına çevirmək
məqsədi güdür. Volfqanq Velş
özünün "Bizim postmodernist modern" (1987) əsərində
qeyd etdiyi kimi, "postmodernizm plüralizmin əleyhinə olan
hər şeyə qarşı yönəlib. O, monizm,
unifikasiya, totalitarizm, utopiya və despotizmlərin gizli
formaları ilə vidalaşır, əvəzində müxtəliflik
və paradiqmaların rəqabətinə keçir".
Yaxud
"Bütöv qapalı
dünyanın yaradılması fonunda postmodernistlərin
mifoloji və ya simvolik üsullara meyil etmələri
qanunauyğun olaraq ona gətirib çıxarır ki,
dünyanın xaotik başlanğıcına və mənzərəsinə
işarə edən postmodern romanda antiutopiyaya böyük
maraq müşahidə olunur".
Doğrudur, bu, müəyyən
mənada belədir ancaq "Sehrbazlar dərəsi" əsərində
klassik utopiya mövcuddur. Doğrudur, dünya ədəbiyyatında hökm
sürən siberpunk və ya postmodern
utopiyadan ("Qaranlığın sol əli",
"Dişi Adam", "Ekotopiya", "Triton" - N.İ.) fərqli bir təqdimat olan
"Sehrbazlar dərəsi"ndəki cəmiyyət Azərbaycan
ədəbiyyatının milli folklor kimliyinin əsas predmeti
kimi yenilikdir. Kamal Abdulla burada postmodern rüşeymlərlə
dolu əsər yaratmaq arzusi ilə, magik realizm, utopiya, folklor
kimi motivləri yerləşdirir və buradakı qurğunu
labirintvari bir
ustalıqla qurur: "Bu bir qayda idi: birisinin gətirdiyi
qazancdan hamıya pay düşərdi. Geri
dönən sehrbaz qazandığını o biri sehrbazlarla
bölüşməsə idi, olmazdı, yemə-içmələri
bunların bir idi, dərd-sərləri bir idi, gəzib-dolaşmaları,
bir-biri ilə danışıb-demələri,
susub-durmaları bir idi".
Gələk folklordan istifadə
məsələsinə, folklor anlayışı, ilk olaraq
1846-cı ildə Uilyam Toms tərəfindən istifadə
edilmişdir.
Sözün mənası "Xalq bilgisi" (məlumatı
- N.İ.) deməkdir. "Folk"
sözü xalq, "lore" isə məlumat deməkdir
(Dundes).
Bu istiqamətilə folklor,
ümumiyyətlə xalqa dair məlumatlara yönələn
bir sahədir və sərhədləri çox genişdir. Magik realizm isə
ilk olaraq 1923-cü ildə, alman Franz Roh tərəfindən
istifadə edilir. Magik realizm "gerçək"
dünya anlayışına söykənməz. Əksinə, fərqli dünyaların, kosmosun
birlikdəliyinə söykənər. Müasir
ağlın qəbul edə bilməyəcəyi, dünyalar əsas
tema kimi magik realizmi yaradır. Magik realizm sehrin, cinlərin,
pərilərin, qarabasmaların, səbəbsiz hadisələrin
baş verdiyi
dünyalar çoxluğudur. Onda,
rasional dünya ilə irrasional dünyaların
iç-içə olduğu diqqətə çapar.
Kamal Abdullada da bu dünya və
kosmos vəhdəti konsepsiyası mövcuddur. O, bəşər tarixinin ən
qədim dövrünü müəyyən edir və onu
"Meşə", "Mağara", "Xaos"
dövrü, sonrakı "klassik dövrü isə yeni,
"Kosmos" dövrü adlandırır.
"Kitabi-Dədə Qorqud" mətninin
immanent təhlili, başqa sözlə, digər, daha dərindəki,
daha gizli, tarixəqədərki, kosmoloji qatına aparan yol, istəsək
də, istəməsək də mifoloji yanaşmalardan, müəyyən
özünəməxsus struktur-semantik və semiotik prinsiplərin
tətbiqindən, Mağara mədəniyyətindən,
makrokosm hadisələri ilə mikrokosm hadisələri
arasındakı izomorfizmin üzə
çıxarılmasından, ilkin dixatomiyalardan (xüsusilə
Kosmos-Xaos qarşıdurmasının bədii mətndəki təzahüründən)
keçib gedir".
Folklorla yanaşı, sehrdən
yaradıcı istifadə, oxucunu hadisələrin, əslində,
qeyd olunduğundan fərqli olduğuna inandıran əsərlər
ədəbiyyatda Kamal Abdulla üslubunu yaratdı. Bu yenilikdir.
Bu başqalarına oxşamır. Burada elm və yazıçı təxəyyülü
birləşib. Dərin ədəbiyyatşünaslıq
bilgisi, dil qanunlarını mükəmməl mənimsəmək
əsas rol oynayıb.
Kamal Abdullanın əsərlərindəki
mövzu, janr müxtəlifliyi, istifadə olunan süfetlər,
ənənə və modernlik parellelliyi, simvolistika təsadüfün
məhsulu deyil. Burada var olan hər şey, əslində,
şüurludur. Dərin mütaliənin elmlə
yanaşı parapsixoloji biliyin təzahürüdür:
"Özləri də
yaşayışlarını, inam-əqidələrini,
söz-söhbətlərini, münasibətlərini eynən
çarx kimi, çevrə kimi qurarlar. Hər
şeyi yumru bir şeyə bənzədərlər, yerişləri,
oturuşları da dairəyə oxşar, nəinki ev-eşikləri,
hətta bütün dünya, bütün səltənəti-kainat
onlar üçün beləcənə dairə, çevrə,
çarxdır. Yolu mənim həmvətənlərim
heç vədə düzünə getməzlər. Eləcə dairə cıza-cıza gedərlər.
Evlərini dairəvi tikərlər,
düzünə olan, bucağı olan hər şey onlar
üçün qəbuledilməzdir. Ox atan zaman ox
hökmən atıldığı yerə
qayıtmalıdı, öz hədəfinə dəydikdən
sonra da belə olur, çün Böyük Dairənin öz
cazibəsi vardır, əgər ox qayıtmırsa, deməli,
bu dünyanı bürüyən boşluqda bir deşik
tapıb başqa bir dünyaya uçub gedib. Hər hansı
bir yazı yazılarsa, o da hökmən dairə kimi öz əvvəlinə
can atmalıdır, bizim yazıları əvvəldən
axıradək oxuyan zaman hasil olan məna axırdan əvvələ
oxunuşda da eyni olur. Çərxi-fələk
ölkəsindən çıxıb başqa bir məmləkətə
getmək isə heç mümkün deyil. Kim bunu etməyə çalışıbsa
alınmayıb, gedib-gedib yenə dövrə vurub hərəkətə
başladığı nöqtəyə gəlib
çıxıbdır. Ta əyyami-qədimdən bu
günədək bunu etmək, yəni qulluğuna ərz edim,
Çərxi-fələk adlı məmləkətdən
çıxmaq və başqa ölkələrə səfər
etmək bu vaxtacan ancaq bir adama qismət olubdur. O adam sənin
önündədir, cənabi möhtərəm".
Mətndən başqa
heç bir şeylə bağlı qalmayan, heç bir
şeyə və kimsəyə qarşı məsuliyyət
hiss etməyən izahlar vardır. Bu izahlar xəttvari
zamanın bir yerində irəliləməzlər; sanki dairəvi
zaman və məkan və hadisələr bu izahların üzərinə
əlavə edilmişdir. Faktiki, mistik və
simulatik bütün məlumatlar; yaşanan zaman, tarix,
mifologiya və xəyal iç-içə girər. Sanki romanların fantastikalarını, bütün
zaman və məkanlarda dolanan, orbitindən atılmış
sirli bir zehin qurmaqdadır. Sirr, postmodern
romanların ən əhəmiyyətli elementlərindən
biridir. Sirr, ağıl həqiqətinin
ruhi həqiqətlə görüşüb vəhdət təşkil
edərək və bütünlüyü işarə etməsi
baxımından, əhəmiyyətli bir ənənəvi və
bilinçaltısal izdir deyilə bilər. Lakin bu mətnlərdəki
xəyali dil, bir bütünlüyü işarə etməz;
hətta insanı, öz içində davamlı
parçalayaraq görünməz və bilinməz hala gətirər
Çevrə anlayışı
bir çox magikal tarix kitablarında əsas rituallardandır. Çox vaxt
çevrə neqativ enerji və məxluqları
uzaqlaşdırmaq üçün edilir. Ancaq
"Sehrbazlar dərəsi"də bu ritualla bağlı
maraqlı məqamlar var: "O təpənin altından, yolun
o biri üzündən aşağı bir dərə
açılır, adına Sehrbazlar dərəsi deyərlər.
Cəmi dünyanın sehrbazları bu gün
yığışıblardı o dərəyə... Çevrə düzəldiblərdi. Adına öz aralarında Qaranlıq çevrə
deyirlər. Dünyamıza
qaranlığı çəkib gətirmək
üçün var gücləri ilə
çalışırlar. Çevrə
qapansa, bu işi bəlkə də görə biləcəklər.
İndilik bu qaranlıq çevrənin bir
kiçik həlqəsi çatmır".
Çevrə qavramı
postmodern mətnlərdə magiya elementlərinin tətbiqi
aspektindən son dərəcə maraqlıdır. Bu
taktiklaların birbaşa postmodern nəsrin tələbi
aspektindən yaranan yeni tipli ədəbi nəsrdə istifadə
metodları son dərəcə əhəmiyyətlidir. "Beklenen Dolunay" postmodern romanında mənim də
geniş şəkildə istifadə etdiyim diqqətçəkilən
məqamlar Azərbaycan ədəbiyyatında
başladılan, var olan ənənənin postmodern
davamıdır.
Postmodernistlərin dildən
istifadə yöntəmləri də maraqlı bir problem kimi
son dərəcə aktualdır. Kamal Abdullanın
"Yarımçıq əlyazma" romanında, "Xaron,
mərhəmətli Xaron", "Dəvə
yağışı", "Çəngəl
çiçəyi", "Gülü qah-qah xanımın
nağılı" və s. kimi hekayələrdə istifadə
etdiyi dillə xüsusi şəkildə davranmaq cəhdləri
və bunun uğurlu əksi imkan verir ki, artıq
yazıçının formalaşdırdığı
üslubunu digərlərindən seçib ayırasan. Kamal
Abdullanın əsərlərindəki danışan, əsəri
nağıl edən usta priyomlarla bir çox dəfə dəyişdirilir.
Kollektiv nağıl etmə yolu ilə hadisələr
təhlil olunur. Ancaq bu elə ustalıqla həyata
keçirilir ki, oxucunu narahat etmir. Xüsusilə
"Yarımçıq əlyazma"da mövcud olan keçidlər
bəzən o qədər böyüyür ki, nağıl edənlər,
sanki bir-birinin sərhədlərinə yaxınlaşırlar.
Kamal Abdullanın əsərlərində
nağıl edənlərin səsi eşidilir, sadəcə,
bu imkan verir ki, onları ayırasan. Və təbii ki,
nağıl edənin istifadə etdiyi dil imkanları... "Postmodernizmin dil baxımından kollektivliyi
müdafiə edən istiqaməti isə -postmodern
dövrün təbii bir təzahürü olaraq - yenə mədəniyyətlə
əlaqəli şəkildə görünürlük
qazanır. Şəxsləndirmədən uzaq, dəbdən
düşmüş, bəzən xeyli, bəzən də
elitist dil istifadələri, əslində, içində
olduğumuz postmodern çağın insan tiplərinin əks
olunmalarıdır.
Postmodernistlərə görə,
rasionalitədən uzaq, qurğunun ön plana çəkildiyi,
hipergerçəkliyin müdafiə olunduğu virtual bir kainat
içərisində artıq nə fərd, nə də fayda
mərkəzdədir. Mütləq olan dilin özüdür.
Ontik (var olan - N.İ.) bir problem olaraq dil, mətnin
qabaqcıl olan mövqeyinə daşınsa da, istinada söykənən
və oxucunun təcrübəsinə görə dəyişən
bir quruluş ərz etməsiylə əsla həllə
qovuşdurula bilməz. Hər oxuma fərqli
mənalar ortaya çıxarar. Bu
baxımdan baxıldığında postmodern izahlar
"açıq əsər" (struktur) olaraq sonsuz dəfə
oxumağa uyğun, şəxsi lakin şəxsləndirmədən
uzaq mahiyyətdədir. Xüsusilə dil
baxımındakı oyunlarla vurğulanan aspektdən çox,
mənalılıq təmin edilir".
Nəticə olaraq qeyd edə bilərik
ki, Azərbaycan nəsrində yaranan postmodernizmin əsas
köçürücülərindən və bu istiqamətdə
əhəmiyyətli əsərlər yaradan Kamal Abdullanın
yaradıcılığı Avropa postmodernizmi ilə
qarşılıqla şəkildə inkişaf aspektindən
son dərəcə zəngin, aktual, operativ və
çoxşaxəlidir. Postmodernist ədəbiyyatın istər
təmayül, istərsə birbaşa özünügöstərmə
şəkilləri və üsulları ilə, bütöv
halda oxucuya təqdim olunan hekayə və əsasən bu
istiqamətdə tədqiqata cəlb etdiyimiz romanlarında
yazıçının yaratdığı dil oyunları,
xalqın yaddaşından - folklordan məntiqli istifadə
imkanları, folklor magik realizm vəhdəti, kosmopolitanlıq və
milliliyin sintezi, intertekstuallıq, ikili kodlama, dekonstruktiv
priyomlar və s. Müstəqillik dövrü Azərbaycan
postmodern bədii nəsrinin inkişafında ən əsas, ən
aparıcı meyar kimi diqqəti cəlb edir. Qərbdən
daxil olan təmayüllərin nəsrə şüurlu tətbiqi
Kamal Abdulla yaradıcılığının əhəmiyyətini
artırır.
NARGİS
Ədəbiyyat qəzeti. - 2019.- 3 avqust.- S.18-19.