Azərbaycançılıq milli inkişafın tükənməz ideoloji potensialı kimi

 

Görkəmli azərbaycanşünas, akademik Nizami Cəfərovun 60 illiyinə ithaf edirəm

 

Azərbaycançılıq - ölkəmizin tarixi coğrafiyasında azərbaycanlıları tək Vətən, suveren dövlət, yenilməz bayraq və milli ideya ətrafında birləşdirən vahid ideologiyadır. Azərbaycançılıq ideoloqu dahi Heydər Əliyev bizə əmanət olaraq deyirdi: "Hər bir xalq, millət üçün milli azadlıqdan, müstəqillikdən qiymətli heç bir şey yoxdur". XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti, şübhəsiz ki, tarixi dövlətçilik ənənələrinin təməli üzərində müstəqil Azərbaycan Respublikasını yaratmasıdır. Hələ əsrin əvvəllərində qazandığı müstəqilliyini əsrin sonunda yüksək əzmlə bərpa edən Azərbaycan müasir dövrün çağırışlarına cavab verərək, demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur... Ölkəmizin müstəqilliyə doğru hərəkatını, sanki qırıldığı yerdən dirçəldərək uğurla başa çatdıran Heydər Əliyev "Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının sərvətidir" siyasi imperativi ilə onu da vurğulayır ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir.

2001-ci il dekabrın 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndərin səsləndirdiyi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!" - fikri  Azərbaycan vətəndaşlarının ürəyindən keçən duyğuların vəhdət təcəssümü kimi azərbaycançılıq məfkurəsinin şüarına  çevrilmişdir. O, həmin qurultayda dövlətin siyasətinin prioritetini belə səciyyələndirmişdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Dövlət siyasətinin başlıca humanitar strategiyası olan azərbaycançılıq düzgün və aydın perspektivli ideologiyanın bütün keyfiyyətlərini qazanmış - Azərbaycan xalqının bugünü və gələcəyinin qavranılması və qiymətləndirilməsi məqsədlərini müəyyən etmişdir. Əlbəttə, köksüz ideologiya davam edə bilməz: Azərbaycançılıq ideologiyasının tarixi-siyasi təməlləri də ilk dəfə özünü "Azərbaycan dövləti" adlandıran Atabəylər, tarixi torpaqlarımızı birləşdirən Səfəvilər və Cənubi Qafqazda suverenliyimizə yol açan Azərbaycan Xalq Cümhuriyyəti zamanında qoyularaq inkişaf etdirilmişdir. Sovet dövründə də müəyyən ideya və fəaliyyətlər çərçivəsində azərbaycançılıq yaşadılmışdır. Məsələn, Heydər Əliyev Azərbaycan SSR-nın 1978-ci il Konstitusiyasında  Azərbaycan dilinin dövlət dili kimi saxlanmasına nail olmuşdu.

Azərbaycançılıq ideologiyası Azərbaycan dövlətinin suverenliyi, xalqın milli şüur və mədəniyyətinin inkişafı, maarifçiliyə və sağlam demokratikləşməyə münasibət kimi prinsipial məsələləri özündə birləşdirir. Buna görə də akademik Nizami Cəfərov Azərbaycançılığı milli mədəniyyət, milli təfəkkür və milli mövcudluq anlayışları ilə bağlayır:

"- Milli mədəniyyət, milli təfəkkür və milli mövcudluq - bunların dialektik münasibəti milli xarakteri verir;

- milli mövcudluq milli xarakterin əsasıdır - bu anlayışda xalqın tarix səhnəsinə gəlişi, coğrafi lokallaşması, yerdəyişmələri, məskunlaşmalar... ifadə olunur;

- milli təfəkkür milli xarakterin potensiyasıdır - bu anlayışda xalqın yaradıcılıq imkanı ifadə olunur;

- milli mədəniyyət isə milli xarakterin bilavasitə göstəricisidir - bu anlayışda xalqın bütün tarixi boyu yaratdığı nə varsa, hamısı ifadə olunur.

Azərbaycan milli mədəniyyəti, Azərbaycan milli təfəkkürü və Azərbaycan milli mövcudluğu - Azərbaycan milli xarakteri və anlayışların işığında aydın görünür".

Bu gün bizim üçün Azərbaycançılıq - inteqrativ ideoloji sistem, "milli ideya" forması kimi təsəvvür edilir. Bu ideyanın əsasında sivilizasiyalı, milli mənəviyyata, mentalitetə malik Azərbaycan və onun vətəndaşı haqqında təsəvvür dayanır. Tarixi inkişaf prosesində dünya birliyinə, ümumbəşəri mədəniyyətə inteqrasiya olunan və müasirləşərək yeniləşən xalqın "milli ideyası" dövlət quruculuğu prosesində həmişə mühüm yaradıcı rol oynamışdır: "Xalqın dövlət quruluşu onun dini, incəsənəti və fəlsəfəsi,  fikirləri, ümumiyyətlə, mədəniyyəti ilə birlikdə vahid substansiyadır və vahid ruhu əmələ gətirir. Dövlət fərdiləşmiş bütöv deməkdir, bu bütövün bütün hissələri əhəmiyyətlidir və onun heç bir tərəfini  ayırmaq olmaz" (Hegel). Azərbaycançılığın da milli ideologiya kimi qəbul edilməsi ölkəmizin sivil  dövlətlər sırasına daxil olmasına, daha uğurlu inkişafına möhkəm zəmin yaradır. Əsrlərin, minilliklərin dərinliklərindən gələn ənənələrimiz mədəniyyətimizin, dövlətçiliyimizin inkişafının əsasını təşkil edir. Məhz bu anlamda milli ideologiya ilə aşılanmış vətəndaşlıq dövlətin tərəqqisini, təhlükəsizliyini, ərazi bütövlüyünü, nəsillərin və milli ruhun varisliyini təmin etmək səylərinin əsas amilinə çevrilir ki, biz də tarixi inkişafın mənasını və mədəni irsi özündə birləşdirən Azərbaycançılığı məhz belə təsəvvür edirik. Bu ideologiya millətin birliyinin, ruhunun, əzəmətinin, bir sosium olaraq uzlaşdırılmış fəaliyyətinin məqsədyönlülüyünün nəticəsidir.

Azərbaycanın öz sabahını düşünməsi, azərbaycanlıların millət olaraq inkişafa can atması  bu ideologiyaya daha uğurlu perspektiv açır. Cəmiyyətdə canlı və anlaşıqlı ideya, dövlətin və millətin mənəvi inkişafının təməli olmadıqda, müxtəlif və çox vaxt bir-birinə zidd, ənənəvi sosial-mədəni normalarla vəhdət təşkil etməyən siyasi nəzəriyyə və ideologiyalar yaranır. Sağlam ideologiya dövlətçiliyin formalaşması prosesinə və millətin özgür simasına təsir göstərir. 31 dekabr tarixi neçə illərdir ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilir. Birlik və həmrəylik ideyasını gücləndirən bu bayram xalqımızın sarsılmaz milli-mənəvi birliyinin rəmzinə çevrilib. Müstəqil dövlətçilik uğrunda müqəddəs mübarizəyə səfərbər edən həmrəylik günü xalqımızda  özünəinamı gücləndirir. Azərbaycançılıq ən müxtəlif sosial təbəqələrdə həmrəylik axtarır, daimi, lakin millətin və dövlətin real imkanlarından irəli gələn islahatları təbliğ edir. Azərbaycançılıq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyinin istinad mənbəyidir - təkcə Vətəni, Dövləti sevmək yox, hər bir şəxsin davamlı inkişafı, dəyişən dünya reallığına uyğun olaraq tərəqqi və təhlükəsizliyi üçün çalışmaqdır.

Azərbaycançılıq milli şüur tariximizdə nisbətən yeni ideologiya olsa da, uzun müddət hüquqi dövlət və demokratik rejimin formalaşmasında rol oynayan, azad xalqları birləşdirən konstitusionalizmin elementlərini toplamaq gücünü qazanmışdır. Bu ideologiyanın konkret məqsədləri vardır: azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət etmək, insanların düşüncələrində bu ideologiyanı formalaşdırmaq, fəaliyyətlərində ideoloji dəyərləri rəhbər tutaraq, konstitusiya quruluşu əsaslarının sabitliyinə  zəmin yaratmaq. Azərbaycançılıq ideologiyası hüquqi və demokratik dövlətimizi möhkəmləndirməyə, müstəqil Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxarmağa imkan verir.

Azərbaycançılıq bu torpağı, bu torpaqdan boy ataraq böyüyüb zənginləşmiş mədəniyyəti sevmək, təəssübünü çəkmək,  ehtiramını saxlamaq və onu daim təbliğ etmək, Azərbaycanla bağlı olan müsbət nə varsa hamısını bir arada toplamaq və yaşatmaq deməkdir. Milli ideologiya sağlam vətənpərvərlikdə - Vətənə məhəbbət, torpağa hörmət, doğma xalqının özünəməxsus keçmişini inkişaf etdirmək məqsədlərində təzahürünü tapır: Vətənpərvərlik öz vətəninə, ölkəsinə, xalqına məhəbbət deməkdir və onun şovinizm, milli müstəsnalıq, məhdud millətpərəstlik və etnoeqoizm ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycançılıq  ayrıca bir vətəndaşın amalının ümummilli və ümumbəşəri dəyərlər dünyasına qovuşmasıdır. Onun humanist mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin üzvi şəkildə vəhdəti təşkil edir. Gerçək gücü və funksionallığı isə fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa xidmət etməsindədir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mifologiyasını, arxetiplərini, mədəni kodlarını və rəmzlərini mənimsəyərək, yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirməkdir - hazırda cəmiyyətimizin ən qurucu və dinamik qüvvəsidir. Azərbaycançılıq güclü dövlət hakimiyyətinin və möhkəm milli intizamın, milli maraqların və milli özünüdərkin olmasını tələb edir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır. Azərbaycançılıq hər kəsin hüquq və azadlıqlarının təmin olunduğu siyasi və dövlət quruluşunun milli mahiyyətinə, inkişaf strategiyasına, formasına etno-siyasi baxışı dərinləşdirir və yeniləşdirir. Bu məfkurə çağımızda Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni birlik ideyasını qüvvətləndirməklə, gələcəkdə də azərbaycanlılara, onların nəsillərinə xidmət etmək amallarını daşıyır.

Azərbaycançılıq ideologiyası cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qoruyan, millətin və onun dövlətinin mövqeyini təsdiq və inkişaf etdirən, mənəvi varlığını, kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik Azərbaycançılıq ideologiyasının inkişafını əbədi edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafına köməkliyini əsirgəməyən hər bir kəs Azərbaycançılıq ideologiyasının daşıyıcısı olmaq şərəfinə yüksəlir.

Azərbaycançılıq dedikdə söhbət təkcə milli dildən, dindən, adət-ənənədən, mədəni-mənəvi dəyərlərdən, habelə bu dəyərlərin rəsmi dövlət fərmanları ilə təsbit olunmasından getmir, milli sərvətlərin öyrənilməsi, dəyərləndirilməsi, qorunması kifayət etmir - onlar ictimai zəmində dinamik bir proses kimi saxlanılmalı və inkişaf etdirilməlidir. "Azərbaycançılıq coğrafi anlayış deyil, o, daha çox siyasi anlayışdır... Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər!" (Heydər Əliyev).

Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa müxtəlif istiqamət və səviyyələrdə təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik, daha çox vətəndaşlıq, loyallıq və tolerantlıq hissləri ilə əvəz olunur. Sənayeləşmə, demokratikləşmə, məlumat mübadiləsi dairəsinin genişlənməsi və s. kimi  qloballaşma prosesinin atributları etno-milli mənsubiyyətlərə təsir edərək münaqişələrə də səbəb olur. Təsadüfi deyildir ki, qloballaşmanın milli  ideologiya ilə ziddiyyət təşkil etməsi fikirləri də səslənir. Ona görə də çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin harmoniyasına nail olmaq, qloballaşma prosesinə milli-mənəvi irslə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır.

Dövlətlər daha çox qloballaşma proseslərinə üstünlük verərək,  daxili problemlərinin həllini beynəlxalq əməkdaşlıqda görürlər. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir. Bu, Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir, bizi dünyaya tanıdır, mütərəqqi  dəyərləri (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiyanı təbliğ edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edir ki, bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda milli identikliyini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir: "Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər" (İlham Əliyev).

Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını önəmli hesab edir və ölkəmizin müasir milli modernləşmə yolunu mütərəqqi dünya sivilizasiyası məkanına inteqrasiyada görür. İnkişaf etmiş Avropa ölkələrinin tarixi göstərir ki, baş verən hər hansı siyasi, iqtisadi sarsıntılara, hakimiyyətlərin bir-birini əvəzləməsinə, dövlət quruluşunda dəyişikliklərə baxmayaraq, bu ölkələrdə müstəqillik, demokratik inkişaf yolu dönməz və sarsılmazdır.

Belə bir tərəqqi ruhunda müasir Azərbaycançılıq da universal dəyər olan insan hüquqlarının qorunması,  beynəlxalq təhlükəsizliyin təmin edilməsi, eyni zamanda ölkələrin ərazi bütövlüyü prinsipi və digər vacib atributları nəzərdə tutaraq, habelə qloballaşmanı müasir dünyanın təbii inkişaf prosesi hesab edərək, özünün aydın mövqeyi və strateji xətti ilə suveren dövlətimizin dünya birliyində möhkəmlənməsi maraqlarını daha qətiyyətli şəkildə həyata keçirmək məqsədlərinin mühüm siyasi-ideoloji vasitəsi olmaqdadır.

 

Nadir Məmmədli

 

Ədəbiyyat qəzeti.- 2019.- 3 avqust.- S.14-15.