Mən öldürdüyünüz
qadınam...
Şeirlər
Azər Turanla çağdaş Azərbaycan ədəbiyyatı
barədə söhbət
edirdik, söz gənclərdən düşdü. Azər müəllim
gənclərdən kimləri
daha çox bəyəndiyimi soruşdu.
Yadıma düşən
bəzi yazarların adını çəkdim
və bu söhbətdə ən çox xoşuma gələn bir ədəbi nəşrin baş redaktorunun ədəbiyyata münasibəti
oldu, çünki ədəbi nəşr istedad axtarışındadırsa,
istedadlı adam
hökmən ortaya çıxacaq. Mən
"Ədəbiyyat qəzeti"nin bu nömrəsinə
gənc yazar Aysel Abdullazadənin şeirlərini təqdim etmək istəyirəm. Məncə,
onun şeirlərinin dili də, hadisələrə
baxışı da özünəməxsusdur. Şeirin bəşər qarşısında
funksiyası da elə budur - duyğuları sözə
çevirib onu gözəl şəkildə
ifadə etmək.
Elxan Zal Qaraxanlı
Gedənlər həmişə
unudanlar olmur...
Bilirsənmi, gedənlər heç də həmişə unudanlar olmur.
Bilirsənmi, gülüşlər
həmişə xoşbəxtlikdən
deyil,
arzular hər deyəndə çin olmur.
xəyal hər zaman gerçəyə dönüşmür,
yaxşılıq həmişə
yadda qalmır,
pislik isə tez yaddaşa hopur...
Bilirsənmi, xəstəxanalar
həmişə can qaytarmır,
can satılır bəzən bu "bazarda".
məscidlər bütün
duaları göylərə
ötürmür,
O'na evindən səslənmək
belə, avantaj olmur insanlara.
vağzallar ayrılıqları
daha çox yaşayıb,
vidaların əl sallayan görüntüsündən
bezib bəlkə də.
gəmilər hər zaman geri qayıtmır...
Bilirsən, yandırılan
hər siqaret əfkarı dağıtmır,
siqaret yandıran
bütün adamlar da darıxmır.
alışqanın ucundakı
alovla siqar yandırdığını düşünərsən,
əslində, yanan ciyərin olar.
içinə çəkdiyin
o tüstü ciyərlərinə
"can verər"
bir qadının
özləmi qalxar göyə kişi dodaqlarının arasından...
Bilirsənmi, yanaqlardan
süzülən göz
yaşında
qəlbin qanaxması
başlayar,
kliniki ölüm
keçirər bütün
hissiyyata məhkum orqanlar...
bilmirsən ki, bir ürəyin ağrısı insandan keçər,
ya varlığından,
ya da yoxluğundan əzab verər.
Dənizmi olsam?!
Yelken ol, kürek ol,
Dümen ol,
Balık ol, su ol
Git, gide
bildiyin yere...
Nazım Hikmet
Bir adam
dalğaların qayaya vuran yerində
İçi ümidsizliklərlə
qaplanmış,
Diləklərini ürəyinin
ən dərininə gömmüş
Canı acıyan
bir adam
düşünür:
- Buludlara uzatsam əlimi,
çatarmı bəyazlığını
hiss etməyə?!
Suya toxunsam,
qulağımda çınlayarmı
şırıltısı?
Ya da gəmiyə minsəm,
gedə bilərəmmi
arzuların limanına?!
Yosun olsam,
yapışsam heç
qopmadan dilək qayasına.
Gəmi olsam,
dərdləşə bilsəm,
ən uzaq dənizlərin suları ilə
Ya da balıqmı olsam,
getsəm, ta uzaqlara gedə bildiyim qədər...
Balıq oldum, ey dəniz, al məni də qoynuna,
Sənə gəldim,
yaşat məni
ıssız sularında...
Mən öldürdüyünüz
qadınam...
Mən öldürdüyünüz
qadınam,
On beş
yaşında ərə
verib
kitablarımdan ayırdığınız,
arzularımı boğduğunuz,
yumşaq oyuncağımla
yatmadığım gün
məni öldürdünüz...
Mən öldürdüyünüz
qadınam,
On altı yaşında ana olan
özüm uşaq
ikən
özümdən bir uşaq dünyaya gətirən zaman öldüm.
Yaşıdlarım məktəbə
gedərkən
mən qızımı
bələyəndə öldüm.
Onlar küçədə
gizlənqaç oynayarkən
məni ərim
zorladığında öldüm...
Mən öldürdüyünüz
qadınam,
Dəftər yerinə
əlimdə bir külfətin qazan qaşığı,
Məzun geyimi əvəzində ağ gəlinlik libası geydirdiyiniz
kəfən misalı...
Mən öldürdüyünüz
qadınam,
diri-diri torpağa
basdırdınız,
ocağa atıb
yandırdınız,
daşladınız, dışladınız
yetmədi, külümü
göyə sovurdunuz...
Mən öldürdüyünüz
qadınam,
Qız olduğu
üçün abort olunmuş
körpənin çığlığıyam.
Ər qorxusu ilə o masada
canından balasını
çıxaran ananın
içindəki fəryadıyam.
Bütöv deyil,
hissə-hissə doğrayan
cərrah bıçağının
iti baxışıyam...
Mən öldürdüyünüz
qadınam,
Əsir bildiyiniz,
cariyə etdiyiniz,
Bir gecədə otuz dəfə təcavüz etdiyiniz,
Saçından asdığınız,
ruhunu qırbacladığınız,
mənəviyyatını öldürdüyünüz
qadınam...
O qadınam,
gecə küçəyə
çıxsam, pozğun
dediyiniz,
evə gec qayıtsam, "adamı"
var dediyiniz,
boşanarsam, potensial
fahişə kimi gördüyünüz,
Dilinizlə, dininizlə,
belinizlə,
Öldürdüyünüz qadınam.
Amma bu gün ayaqda duran,
Çalışan, qazanan,
övlad yetişdirən,
Topluma açılan,
söz sahibi olan,
oxumuş, bilgili,
kültürlü
Canına oxuya bilmədiyiniz,
daşlayamadığınız,
dışlayamadığınız,
yandıramadığınız,
Bitirəmədiyiniz qadınam
mən!
Mən öldürəmədiyiniz
qadınam!
Sevgiyə çıxan
küçələr...
Zeynep Yusufdan etkilənərək
Dar bir yoxuşundayam şəhərin,
İsti vurmuş
asfaltın parıltısı
kölgəmi canlandırır
üstündə...
Könül saatım
yalnızlığa işləyir,
dilimdəki mahnı
təkliyə mızıldanır:
- Bura Bakıdır!
Burada bütün
küçələr sevgiyə
çıxır...
Gedirəm mənzillərə
bitişik sıxılmış
yollarda,
Keçmişimi tapıram hər addımda.
Yolumu azmaq qorxum olsa da,
bilirəm,
Bura Bakıdır!
Burada bütün
küçələr sevgiyə
çıxır...
Cam eyvanda dayanmış qızın
baxışları
Xatırladır on il öncəsini.
Gözü eşq axtarır, qəlbi sevgi
O da bilir,
Bura Bakıdır!
Burada bütün
küçələr sevgiyə
çıxır...
Məscidlər şəhər
mərkəzində qapısı
açıq
imanı bütöv
misafirlərini gözlər.
sevənlər cüt-cüt
gələr, gedər
dualar edib, əllərini Sevgiyə açarlar
onlar üçün
də...
Bura Bakıdır!
Burada bütün küçələr
sevgiyə çıxır.
Səninlə yaşlanmaq
istəyirəm!
Səninlə yaşlanmaq
istəyirəm!
Saçlarına düşmüş
bəyazları ovuclarımda
qarışdırıb,
İllərin üzündə
saldığı izləri
gözlərinə baxıb
oxumaq istəyirəm.
Soyuq qış gecələrində qoynuna
sığınıb
Əllərimi ovuclarında
sıxarkən,
hərarətini duymaq istəyirəm.
Səninlə yaşlanmaq
istəyirəm!
Baharın ilk çiçəyini birlikdə
qoxulayaq.
Günəşin al şəfəqləri
altında ikinci baharımızı
yaşayaq.
İlləri, keçən
günləri düşünüb
fotolardan
xatırlayaq...
Sənə qəhvə
dəmləyim, acı
olsun,
Mənə baxaraq dadını məndən alasan.
Udqunduqca hər qurtumunu
Gəncliyimizdəki illəri təkrar yaşayasan.
Səninlə yaşlanmaq
istəyirəm!
Səhərlər çayın
ətrinə oyadam səni,
Qucaqlayıb boynundan
qoxulayam səni,
Ətrin dolsun içimə, həsrətini
çəkərcəsinə
öpüm səni...
Bir payız axşamı qapı döyülsün
Üzümüzdə sevinc hissi ilə yaxınlaşaq qapıya...
Sən de oğlumdur,
mən deyim qızımızdır,
Açıb görək
ki, üşümüş
iki balaca əl, bir cüt
göz
Sən demə, gələn nəvəmizdir.
Səninlə yaşlanmaq
istəyirəm!
Parklarda gəzintiyə
çıxaq, gəncliyi
xatırlayıb
İçdən bir təbəssümlü
hava udaq.
Əl-ələ gəzən sevgililərdə
özümüzü tapaq.
Sevgimiz ilk günkü
kimi təravətli
Səni gördüyüm
ilk yay axşamı qədər hərarətli,
Hələ də...
Kinoya gedək,
sənə sığınıb
filmə baxım
Film çıxışı
dəniz kənarında
dolaşıb
o günləri anım.
Səninlə yaşlanmaq
istəyirəm!
Ruhumu ruhundan ayırmadan,
Bir gün torpağa qarışıb,
yenidən səninlə
doğulmaq istəyirəm!
Məni aldatmaq asandır!
Məni aldatmaq asandır,
Çünki tez inanıram.
Buz kəsilmiş qəlbləri,
möhürlənmiş dilləri
nəzərə almıram...
Məni aldatmaq asandır!
Hamını eyni bilirəm.
həyatın bir sınağından çıxıb,
yeni bir imtahanına girirəm...
Məni aldatmaq asandır!
Üzündəki üzləri
görmürəm,
ya da görmək istəmirəm.
Qəlbindəki nankorluğu,
dilindəki saxta kəlmələri
görməməzlikdən gəlirəm...
Məni aldatmaq asandır!
Tez inanıram.
Qəlbimi ovsunlayan
mərdlik sözünə
aşiq olub,
arxamca kəlmələri
ustalıqla seçib
üzümə gülümsəyən,
insanlıqdan kənar insanlara inanıram!
Aysel Abdullazadə
Ədəbiyyat
qəzeti.- 2019.- 3 avqust.- S.12-13.