Mənim bir qardaşım
vardı...
Kitablarına qadağa
qoyuldu,
Çe Gevaraya şeir həsr etdi...
Son yarım əsrdə dünyanı
fəth edən Latın Amerikası yazıçıları içərisində
öz intellektual və individual dəst-xətti
olan argentinalı yazıçı Xulio Kortasar 1914-cü il
avqust ayının
26-da Brüsseldə, Argentina ticarət nümayəndəliyi
əməkdaşının ailəsində doğulmuşdur.
Uzun müddət qürbətdə
yaşayan ailə Xulionun dörd yaşı olanda Argentinaya geri dönür. Onun uşaqlıq
illəri Buenos-Ayres yaxınlığındakı
kiçik qəsəbədə
keçmişdir. Xasiyyətcə yaşıdlarından fərqlənən,
mütaliəni çox
sevən Kortasar bir müddət sonra özü də yazmağa başlayır. Orta məktəbi
bitirdikdən sonra o, universitetin ədəbiyyat
və fəlsəfə
fakültəsinə daxil
olur. Lakin bir ildən
sonra o universiteti tərk etmək məcburiyyətində qalır.
Ailəsinin maddi durumu pisləşdiyi üçün Xulio yeddi il
əyalət kəndlərinin
birində müəllimlik
edir. 40-cı illərin əvvəllərində
ona Mendos şəhərindəki universitetlərin
birində müəllimlik
etmək təklif olunur. Müəllimlik dövründə Kortasar siyasi fəaliyyətə qoşularaq
Peron diktaturası əleyhinə
etirazlarda iştirak edir. Etiraz əlaməti olaraq
tutduğu vəzifədən
imtina edib paytaxta geri dönür
və çox çətinliklə işə
düzəlir. Ölkədəki ictimai ab-hava ona mənfi təsir edir. 1951-ci ildə imtahan
verib tərcüməçi
diplomu əldə edərək Avropaya üz tutur. Həmin dövrdən etibarən yazıçı ömrünün
sonuna qədər Parisdə yaşayıb yaratmışdır. Uzun illər
YUNESKO-nun nəzdində tərcüməçi
kimi fəaliyyət göstərsə də, müntəzəm olaraq Latın Amerikasına səyahət etmişdir.
Hərbi
diktaturanın gücləndiyi
illər ərzində
onun vətənə olan yolları bağlanır, kitablarına
qadağa qoyulur.
Kuba və beynəlxalq inqilab hərəkatınn
rəhbəri olan marksist inqilabçı Çe Gevaranın ölümündən sonra
Xulio Kortasar onun xatirəsinə ithaf olaraq "Çe" adlı şeirini yazır. Şeir "Mənim
bir qardaşım vardı" misrası ilə başlayır.
Məşhurluq gətirən
roman...
Çoxlu sayda hekayələr, esselər,
oçerklər və
bir neçə roman müəllifi olan Kortasarın "Zəbt olunmuş ev"
adlı ilk hekayəsi
1946-cı ildə çap
olunur. Kortasarın hekayələri öz
xüsusiyyətlərinə görə nəsrdən çox şeir kanonları üzərində
qurulmuşdur. 1960-cı ildə yazdığı
"Uduşlar" romanından
sonra 1963-cü ildə
Kortasar ona dünya şöhrəti
gətirmiş "Xana-xana
oyunu" romanını
yazır. Ardınca
1968-ci ildə "62.Yığım üçün model", 1973-cü ildə isə "Manuelin kitabı" romanları
işıq üzü
görür.
Kortasara ən çox məşhurluq gətirən "Xana-xana oyunu" romanı onun yaradıcılığının
ən mükəmməl
nümunəsidir. Əsərin baş qəhrəmanı
qırx yaşlı Horasio Olivyeradır.
O, Parisdə boş-bikar,
qardaşının göndərdiyi
pulların hesabına
yaşayan bir adamdır. Horasio dostları ilə
birlikdə "İlanlar
klubu" adlanan cəmiyyətin fəal üzvüdür. Onlar axşamlar
kluba toplaşaraq içkili, siqaretli gecələrdə fəlsəfi
və estetik söhbətlər edir, müzakirələr aparırlar.
Həmin
ərəfədə Olivyera
iki qadınla münasibətdə olur.
Onlardan biri Pola adlı
fahişə qadın,
o biri isə uruqvaylı Sibilladır.
Pola ölümcül xəstəlikdən
dünyasını dəyişir.
Daha sonra isə Sibillanın oğlu Rokomadur da vəfat
edir. Rokomadurun ölümünə qədər Olivyera və Sibillanın sevgi münasibətləri
qaydasında olur.
Onlar bir-birlərini sevməkdən
zövq alırlar.
Lakin Sibillanın oğlunun ölümündən sonra
Olivyeranın ona qarşı məsuliyyətsiz
və saymazyana hərəkətləri qadına
pis təsir edir. Və bir müddət
sonra Sibilla Olivyeraya heç nə demədən yoxa çıxır.
Olivyera onu uzun müddət
axtarır. Rastlaşdığı bir çox qadınları ona bənzədir. Hətta öz
cavanlıq dostu olan Trevelerin arvadı Talitanın da Sibilla olduğunu
zənn edir. Lakin sonunda acı gerçəyin, Sibillanı
həmişəlik itirdiyinin
fərqinə varır
və ağır mənəvi böhran keçirir.
Əsərin ilk iki fəsli adi fəsillər kimi oxunur. Sonrakı fəsli
isə yazıçının
özü tərəfindən
müəyyən olunmuş
sxemlə oxumaq gərəkdir.
Həyatındakı sonuncu
qadın...
1953-cü ildə
Kortasar özündən
dörd yaş kiçik olan argentinalı Aurora Bernandeslə
ailə həyatı qurur. Ailə həyatlarında
elə də ciddi problemlər yaşamayan, kənardan da ideal cütlük kimi görünən ər-arvad bir müddət
sonra həyat yollarını ayırmalı
olurlar.
Daha sonra isə yazıçı litvalı Uqne Karvelislə tanış
olur. Yazıçı Aurorayla boşandıqdan
sonra bir müddət Uqneylə birgə yaşamağa başlayır. Lakin bu cütlüyün münasibətləri
heç vaxt rəsmiləşmir. Karvelis Kuba
inqilabının sadiq
tərəfdarı olduğundan,
gəzən söz-söhbətlərə
görə, Kortasarın
Kuba və Nikaraqua hadisələrinə
marağına səbəb
məhz Uqne olur. Bundan başqa, çoxları
Kortasarın əsərlərinin
Latın Amerikasından
kənarda tanınmasında
məhz bu qadının əvəzsiz
rol oynadığını
söyləyir. Ancaq bu birlikdəlik də 1978-ci ildə ayrılıqla nəticələnir.
Yazıçının sonuncu arvadı isə özündən iyirmi iki yaş
kiçik Kerol Denlop olur. Ölümünün sonuna qədər Kerol Kortasarın həyatındakı sonuncu
qadın olaraq qalır. Dostları bu cütlüyün
münasibətlərindəki zəriflik və harmoniyanı riqqətlə
xatırlayırlar. Kortasar
təmkinli və istiqanlı Kerolun yanında özünü
həmişə xoşbəxt
hiss edir.
Amansız xəstəlik və son...
1980-ci ildə Xulionun səhhətində problemlər yaranır. Həkim müayinəsindən sonra qoyulan diaqnoz sarsıdıcı olur: lekemiya xəstəliyi. Keroldan və həkimlərdən başqa, Xulionun bu ağır xəstəliyindən heç kimin xəbəri olmur. O fikirləşir ki, əri öz xəstəliyindən xəbər tutsa, mənəvi düşkünlüyə sürüklənib yaradıcılıqdan soyuyacaq. Yaradıcılıqla məşğul olmamaq isə onun ölümünü daha da sürətləndirəcək. Beləcə Kerol bir müddət həkimlərlə razılığa gələrək Kortasarın xəstəliyini onun özündən gizlədə bilir. Lakin iş elə gətirir ki, Kerolun öz səhhətində də ciddi problemlər yaranır. Kortasarın hamıdan çox sevdiyi qadın 1982-ci ildə gözlənilməz şəkildə dünyasını dəyişir.
1983-cü ildə ölümcül xəstə olan Kortasar anası və bacısı ilə görüşmək üçün sonuncu dəfə Buenos-Ayresə gəlir və ordakı gənclik tərəfindən şiddətli coşqu ilə qarşılanır. Artıq həyatının son günlərini yaşayan yazıçının qayğısına qalan isə onun birinci arvadı, həm də Xulio tərəfindən onun bütünlüklə ədəbi irsinin hüquqlarına sahib olan Aurora olur. 1984-cü il fevralın 12-də Xulio Kortasar gözlərini əbədi olaraq yumur. Yazıçı Monparnas məzarlığında vaxtsız dünyadan köçmüş arvadı Kerolun yanında dəfn olunur.
Bu il Xulio Kortasarın
ölümündən 33 il ötməsinə
baxmayaraq, Argentina
xalqı öz şöhrətli
yazıçısını unutmur. Elə
bu səbəbdən 2014-cü il Xulio Kortasarın anadan olmasının 100 illiyi
münasibətilə Argentinada "Xulio Kortasar ili" elan edilib.
Samirə Əşrəf
Ədəbiyyat
qəzeti.- 2019.- 3 avqust.- S.13.