Tanrı haqqında kitab - "Lavr"
Axı nə üçün
nağıllarda mütləq biri
yoxa çıxır, digəri onu
axtarmalı olur?
Allahım, mən bu
nağılın harasındayam, əvvəlində,
ortasında, yoxsa sonunda?
İran filmindən sitat
Son günlər mövzu cəhətdən
bir-birindən fərqli olan iki kitabı oxuyub bitirdim:
kitabqurdlarının demək olar ki, fenomen hesab etdiyi Xalid
Hüseyninin "Çərpələng uçuran"ı
və Yevgeni Vodolazkinin Azərbaycan oxucusuna hələ ki kifayət
qədər tanış olmayan
"Lavr" əsərini. (Kifayət qədər
ifadəsini işlətməyimin səbəbi, əsərin hələ
dilimizə tərcümə edilməməsidir).
Birinci əsəri müzakirə
etmək istəmirəm, çünki deyilməli bütün
fikirlər artıq söylənilib və bundan sonra da söyləniləcəkdir. Bircə onu
qeyd etməliyəm ki, istər mövzu, istərsə də
süjet xətti kitabı tez bir zamanda bitirməyinə
yardımçı olur. Bu cür asan qavranılan əsərlərin
ətrafındakı oxucu auditoriyasını sovet dövründə
hind filmlərinə bilet almaq üçün kinoteatr
önündə toplaşan tamaşaçı izdihamı ilə
müqayisə etmək olar ki, hər iki halda duyğusallıq
pik həddə çatır…
O ki qaldı Yevgeni Vodolazkinin
"Lavr" əsərinə yazıçı istər
mövzu, istər məntiq baxımından ustalıq nümayiş
etdirməyə müvəffəq olub. Həyat, ölüm,
tövbə kimi şifrələnmiş
anlayışların kodlarının açılmasında,
istər keçmişin, istərsə də gələcəyin
xəritəsini çəkmək cəhdlərində
uğura köklənib...
"Lavr" əsəri hər
şeydən əvvəl Tanrı haqqındadır. Təsadüfi deyil ki, onun adına "Tanrıya həsr edilmiş 10
kitab" siyahısında rast gəlmək olar. Bu əsəri insanla Tanrı arasında sirr də
adlandıra bilərik.
Əsərin əsas qəhrəmanı
babası ilə yaşayan, daxilində fövqəlgüclərin
məkan tapdığı Arsenidir. Onunla əsərin lap əvvəlində
- elə birinci səhifədə tanış
oluruq. Dünyaya gəlişindən
başlamış bütün həyatı gözlərimiz
qarşısında hərf-hərf canlanır. Orta əsrlər Rusiyasının əyalətlərindən
birində babası Xristoforun himayəsində böyüyən
Arseni hələ uşaqlıqdan qeyri-adiliyi ilə
seçilir. Onun hadisələrə məntiqlə
yanaşması, babası ilə fikir mübadilələri
oxucunun Arseninin gələcəyi haqqında fərqli proqnozlar
verməsinə səbəb olur.
"Ölüm nədir",
- deyə Arseni soruşdu.
"Ölüm
canlının hərəkət etmədən
susmasıdır".
"Belə de". Arseni
otların üzərinə uzanaraq gözünü
qırpmadan Xristofora baxırdı.
Xristofor oğlanı qucağına
alaraq öz-özünə dedi: mənim arvadım - onun nənəsi
də son dəfə gördüyüm zaman bu cür
uzanmışdı. Onu
xatırladığım üçün yaman qorxdum.
"Qorxmaq lazım deyil,
çünki mən yenə sağ-salamatam".
Gəzintilərdən biri
zamanı Arseni Xristofordan nənəsinin hazırda harada
olduğunu soruşdu.
"Səmadadır", - Xristofor
dedi.
Həmin gün Arseni səmaya
qalxmaq qərarına gəldi. Göy üzü onu
çoxdan bəri cəlb edirdi, nənəsinin orada məskən
salması isə marağını daha da
artırmışdı. Bu işdə ona cənnət əhli
olan tovuz quşunun lələkləri kömək edə bilərdi..."
(Romandan hissələrin tərcüməsi
X.Nurgülə məxsusdur).
İnsanlar Tanrının bəxş
etdiyi ömrü ya suallar, ya da cavablar əsasında
yaşayır.
Birincilərin öyrənmək marağı
ikincilərin öyrətmək eşqini üstələyir.
Xristoforun həyatı suallarla deyil, cavablarla
doludur. Otların sirrini bilən, təbib kimi tanınan
bu adam Arseninin babası olmaqla bərabər,
həm də ən yaxın dostu, sirdaşıdır. Qocalıq həyat qarşısında hesabatdır.
Sanki ömür boyu həll etməyə
çalışdığın düsturun bərabərlik
işarəsini qoyursan, cavab isə bütün hallarda
ÖLÜMə bərabərdir.
...Xristofor Arseni üçün hər
kəs və hər şey idi - ata, ana, dost, həmdəm, həmsöhbət...
və bir gün bütün bu konturları özündə
birləşdirən mayak yoxa çıxdı, sanki
işığı söndü. Arseni Xristoforun
timsalında həm də böyük bir ölkə, şəhər,
tarix, ensiklopediya itirmişdi.
Arseni təkliyə
alışmağa başladığı anda Ustina daxil olur həyatına. Gəlişi
ilə məna gətirir, zövq, sevinc bəxş edir Arseniyə.
O, sanki dünyaya yenidən gəlir, Ustina ilə birlikdə
yeni həyata qədəm basır. İkinci mövludu ilə
sevməyi, sevilməyi öyrənir, səadətə
çatdığını düşünür...
Amma kim deyib ki,
xoşbəxtlik əbədidir? Ustinanın
dünyaya körpə gətirən zaman həlak olması ilə
Arseni həyatdakı növbəti yoxluqla üzləşir.
O, itirməyə öyrəşməlidir. İntihar
etmək? Əlbəttə, olmaz. Bu
xüsusda abidin dedikləri daha məntiqlidir:
"Ölüm
arzuladığını bilirəm. Düşünürsən
ki, sənin üçün əziz olan hər şey
artıq ölümə məxsusdur. Amma
yanılırsan. Ustina ölümə məxsus
deyil. Ölüm onu Mühakimə Edənin
yanına aparır. Hətta ölümə
tabe olmaq qərarına gəlsən belə, Ustina ilə
qovuşa bilməyəcəksən. İndi
isə həyat haqqında danışaq. Sənə
elə gəlir ki, həyatda əhəmiyyətli heç nə
qalmayıb, bu səbəbdən də yaşamağı mənasız
hesab edirsən. Amma məhz indi sənin həyatında əvvəllər
mövcud olmayan nəhəng məna yaranıb...".
"Amma mən Ustinanın həyatını
əlindən almışam".
Abid sakitcə Arseniyə
baxırdı:
"O halda öz həyatını
ona ver".
"Məgər, mənim onun yerinə
yaşamaq imkanım var?".
"Sözün həqiqi mənasında
- bəli, var. Sevgi Ustina ilə səni bütöv
varlığa çevirmişdi, deməli, Ustinanın bir hissəsi
hələ də həyatdadır. Bu isə sənsən".
O yaşamalıdır, yalnız bu
halda Ustina da yaşamağa davam edəcəkdir. Ustinanı yaşatmaq üçün
yaşamalıdır.
***
Yevgeni Vodolazkin ixtisasca
filoloqdur, qədim rus ədəbiyyatı üzrə mütəxəssisdir. Əsəri
oxuyan zaman həm də müəllifin zəngin leksikona malik
olduğunu görürük. Personajların
dialoqlarını əsasən qədim rus dilində qələmə
alan müəllif qərinələr
arasında modern körpülər yaratmağa müvəffəq
olur. Dili istədiyi formada təqdim etməkdə
mahir olan Vodolazkin bu qabiliyyətini "Aviator" ("Təyyarəçi")
əsərində də büruzə verir. Lakin bədii əsərin istedad və təb məsələsi
də olduğunu nəzərə alsaq, onu, eyni zamanda həm də
uğurlu yazıçı adlandıra bilərik. Kitab dörd fəsildən ibarətdir və bu fəsillərin
hər biri (İdrak kitabı, İnkar kitabı, Yol kitabı,
Asayiş kitabı) insan həyatının mərhələlərlə
təsviridir. Fəsillər ardıcıl
şəkildə qəhrəmanın uşaqlıq, gənclik,
yetkinlik və qocalıq dövrlərini əhatə edir.
...İtkilər
qaçılmazdır - bayaq vardı, indi yoxdur. Dünyanın
sonunu, qiyamətin nə zaman baş verəcəyini öyrənməyə
müvəffəq olan Ambroco kimi. Arseni (bu
mərhələdə onu artıq Ustin kimi
tanıyırıq) təbib olaraq fəaliyyətinə davam
edir, eyni zamanda insan ruhunun şər qüvvələrdən
qorunmasında vasitəçi olur. Müqəddəs
torpaqlara ziyarətə yollanmaq sevdasında olan bu iki mükəmməl
güc sahibləri Tanrını birlikdə dərk etmək
üçün ən ümdə yola çıxırlar.
Ambroco Arseninin taleyini bölüşən
növbəti həmdəmidir. O, hətta ölümə
də Arseni ilə birlikdə yollanır. Lakin
gözəlliklərin, arzu və istəklərin qurban tələb
etdiyi dünyada yaşayırıq, bəzən isə bu
qurban ən sevgili dostumuz, həmdərdimiz olur. Ambroco Arseninin Xristofor və Ustinadan sonra həyatda
üçüncü nəhəng itkisidir.
Ömrün son mərhələsində
Lavr adı verilir Arseniyə. Lavr kilsədə
yaşasa da, əvvəlki qayda üzrə təbibliyə
davam edir, şəfalı əllərinə görə el
arasında ona Rukinets deyirlər. O, həm bədənə,
həm də ruha şəfa verir. Bəs niyə
Lavr (Dəfnə)? Dəfnə həmişə
yaşıl olur. "Hər zaman
yaşıl olduğu üçün əbədi həyatı
ifadə edir" Abid İnnokenti deyir.
Yanlışlar üzərində
öyrənir insan, onlar şam kimi qaranlıqda işıq
saçır, doğru istiqaməti tapmağa yardım edir. Lavr
ömrünün qürub çağında mağarada məskən
salır. Artıq nə fiziki işlərə, nə də
loğmanlığa yarayacaq qədər gücü
qalmayıb... Zəifliyini təbiət hadisələri
ilə əlaqələndirsə də, əsl səbəbin
qocalıq olduğuna əmindir, bunu hətta xəyalında
davamlı olaraq ünsiyyət saxladığı Ustinaya da
etiraf edir. Həyat çox qəddardır...
Uzun ömür insana eyni səhvləri
təkrarlamamaq üçün verilən şansdır. Zaman dövr
etdikcə həyatın dejavülərlə dolu olduğu məlum
olur. Keçmişdəki günah, səhv
əməl bir gün qarşına başqa adla, fərqli
görünüşlə çıxa bilər, sənə
həmin günahı, yanlışı düzəltmək
şansı verilə bilər. Hətta
Ustina ana olmaq yolunun astanasında dayanmış bir
qadının - Anastasiyanın obrazında peyda olar həyatında.
İnsanlar tərəfindən tərk edilmiş, dünyaya gələcək
övladının atası tərəfindən qəbul edilməmiş
zavallı qadın... Həyata yeni insan qədəm
basır, illər öncə həlak olan körpənin
timsalında başqa körpə gəlir dünyaya. Əgər sənə yanlışını
düzəldərək müqəddəsliyə qovuşmaq
şansı verilirsə, seçim hər zaman doğrudur,
çünki bu, sənin seçimindir, sənə məxsusdur.
Lavr Anastasiyanı kütlənin
haqsız hücumundan qorumaqla, eyni zamanda onu ikiqat xilas etmiş
sayılır.
Arseni, Ustin, Amvrosi və sonuncu
dayanacaq Lavr... Qəhrəman həyatının
hər mərhələsində yeni ad və yeni qabiliyyəti
ilə yadda qalır. Ömrü boyu insanlardan
qaçmağa çalışan, Kafka demiş "tənhalığı
insanlarla dolu" olduğundan susmağa üstünlük verən
təbibin ətrafında artıq heç kim
yoxdur. İndi yaddaşını nə qədər vərəqləyib,
düşüncələrini qurcalasa da, nə əziz
Xristoforun, nə Ustinanın, nə də uzaq illərdə evdə
dostu canavarla birgə əyləşib ocağa baxarkən
alovda üzü qırışlı qoca insan siması
görən balaca Arseninin simasını xatırlaya bilmir. Hətta bir gün çayın sularından ona baxan
körpə oğlanın məhz özü olduğunu da dərk
etməkdə çətinlik çəkir. Hardasa oxumuşdum ki, insanın qocalmasına səbəb
yaşadıqlarını unutması və rahatca ölə
bilməsidir. "Yaşadıqca xatirələrim
uydurmaya bənzəyir...". Budur, Lavr hər şeyi unudub. Və o, artıq
ölə bilər...
Fikrimcə, qocalıq
dövründəki Arsenini L.Tolstoyun qəhrəmanı Sergi
ata ilə müqayisə etmək olar. Serginin həqiqət
axtarışına çıxması ilə Arseninin həqiqəti
özü ilə romana gətirməsi detallarını da
önə çəkmək mümkündür. Arseni hələ 4-5 yaşlarından - babası
Xristoforun himayəsində olduğu zamanlardan artıq həyatın,
ölümün sirrini çözməyə cəhdlər
etmişdir. Sergi isə gerçəyi
ahıl dövrlərində dərk etmək qərarına gəlir,
bunun üçün Paşenka ilə görüşə
ümid edir və yanılmır.
Azərbaycanlı rejissor Şamil Vəliyevin
"Çölçü" filmində də təxminən
"Lavr"dakı "Uşaqlıq" və "Gənclik"
bölümlərinə oxşar məqamlar var: Çöldə
yaşayan qoca Ulu və uşaq. Ulunun
ölümündən sonra Çölçünün tək,
daha doğrusu, tənha qalması, qəfildən həyatına
daxil olan qadına sevgisi Arseninin Xristoforun ölümündən
sonra Ustinaya qarşı duyduğu məhəbbətlə təsəlli
tapmasını xatırladır.
Epiloq əvəzi
"Mən avtobusda ağlayırdım... Qədim rus ədəbiyyatını oxuyaraq, qəhrəmanların davranış tərzinə nəzər salaraq, xalqın xarakterini öyrənərək özümüzü daha yaxşı anlaya, onları isə məsafədən asılı olmadan duya bilərik. Bu qədər göz yaşı axıtmağıma səbəb bəlkə də doğmalıq duyğusu idi. Özümü dünyadan təcrid olunmuş vəziyyətdə, qulağımda qulaqcıqla paytaxt şəhərini dolaşan şəhərli olaraq deyil, böyük bir nəslin davamçısı kimi hiss edirdim... " - bir oxucunun roman haqqında qeydidir. Yazıçının, ilk növbədə isə əsərin taleyinin uğurlu olması istedadlı, məntiqli, fədakar... oxucusunun varlığına bağlıdır. "Lavr" romanı bu qəbildən yüzlərlə, hətta minlərlə oxucu rəyi ilə zəngin tale yaşayır. Kütləni arxasınca aparmaq yazıçını kahin, az qala peyğəmbər səviyyəsinə qaldırır. İnsanla Tanrını qovuşduran isə hər zamankı kimi kitab olur...
Yanvar, 2019
Xatirə NURGÜL
Ədəbiyyat
qəzeti.- 2019.- 3 avqust.- S.21.