Ziyalı ömrünün akkordları və yaxud,
İstedad sönməyən ulduzdur...
Əmir Pəhləvanın
ədəbi portreti
Müasir Azərbaycan ədəbiyyatının
və kino sənətinin görkəmli nümayəndələrindən
olan Əmir Pəhləvanın (Hacılı Əmir Pəhlivan
oğlu) yaradıcılığı və gerçəkliyə
münasibəti həmişə diqqətçəkən
olubdur. O, bir
yazıçı, publisist və jurnalist kimi həmişə
operativ tərzdə işləyib, ötən əsrin 80-ci
illərindən başlayaraq bu günlərimizə qədər,
xüsusən də, müstəqillik illərində bir qələm
sahibi kimi, necə deyərlər, ictimai-siyasi və ədəbi
həyatın qaynar nöqtələrində olub.
Əslən
naxçıvanlıdır... 1959-cu ildə Naxçıvan
MR Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Elə həmin rayonun Cəlil
Məmmədquluzadə adına orta məktəbini
bitirib (1976). Bu məktəbin adının böyük və
dahi bir ədibin - Mirzə Cəlilin daşıması, bəlkə
də, ona ilk yaradıcılıq impulsu verib, gənc
Əmirin ürəyində yaradıcılıq
işartıları oyadıb, istedadına təpər verib...
Belə bir deyim və bilim
var ki, insanın xarakteri, xasiyyəti öz doğulduğu məkandan
qidalanaraq nəşvü-nüma tapır, bir sözlə,
insan daha çox doğulduğu torpağa oxşayır. Əmir Pəhləvan da əsrarəngiz
təbiəti, gözəlliyi, saflığı ilə fərqlənən
Şahbuz bölgəsindən, onun müdrik, işgüzar,
halallığa tapınan adamlarından çox şey mənimsəyib,
başqa sözlə, belə bir coğrafi və ictimai
mühit ona ikinci bir həyat məktəbi olubdur...
Belə olmasaydı o, jurnalist təkin
çətin və istedad tələb edən bir peşəni
seçməzdi... Əmir pərvanə oda
şığıyan kimi əsgər həyatından sonra Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil
alır (1980-1985), yaradıcılıq fəallığı
ilə diqqəti cəlb edir, mətbuatla sıx əlaqə
qura bilir, eyni zamanda Azərbaycan radiosunun Cənub verilişləri
redaksiyasında "Gəncliyin səsi" proqramının
yaradıcısı kimi fəaliyyətə başlayır
(1981), səsi və sözü ilə Təbriz küçələrində
"Qara gilə" sorağında cövlan edir...
1985-ci ildə Əmir Hacılı
ali məktəbin sonuncu kursunu bitirməmiş
"Bakı"-"Baku" axşam qəzetlərinə
müxbir kimi işə götürülür, gənc
jurnalistlərin müəllimi və ustadı olan Nəsir
İmanquliyev məktəbini keçir (1985-1988). Sonra o, "Azərbaycan müəllimi" qəzetinə
dəvət olunur, 1988-1990-cı illər arası burada
müxbir işləyir. İlk, müstəqil mətbuatımızın
cığırdaşı olan Azərbaycan Teatr Xadimləri
İttifaqının orqanı "İlham" mədəniyyət
qəzetinin təsisçisi və baş redaktoru (1990) kimi
tanınır, məşhurlaşır... Bu qəzet o dövrü
əks etdirən çoxsaylı mətbu yazıları, sənət,
teatr haqqında fikir, mülahizələri ilə mədəniyyət
salnaməsinə çevrilir... İnsaf xatirinə deyək
ki, o dövrdə Azərbaycan mühitində ilk demokratik
xalqçı mətbu nəşri olan "İlham" qəzeti
yeni dövr üçün cəmiyyətdə mədəniyyət
və mədəniyyətdaşlığımızın
çağdaş bünövrəsini qoyur. Həmin illərdə
Azərbaycan mətbuatında təcrübəli
publisist-jurnalist kimi tanınan Əmir Pəhləvanın
"O Ay bir də doğmayacaq" adlı ilk kitabı da
çapdan çıxır...
Ölkəmizin ağır və
çaxnaşmalarla dolu olan bu dövründə Əmirin
bütün yazılarında xalqın sərt və
dönümsüz taleyüklü problemləri diqqət mərkəzinə
çəkilir. Adamlar əziyyət və biganəlik
içərisində çırpınaraq əsarətə
boyun əyməkdən qaçırlar. O, bütün
bunları, sadəcə, təsvir eləmir, çəkilən
əzablara, iztirablara, məşəqqətlərə
qoşulur, inanır ki, yerdən "yuxarı" ulu bir
varlıq var! Və bu ulu varlığa, bir də qələminə
sığınır...
Belə bir əqidə və inam,
zamanı duymaq qabiliyyəti, istedadla təşkilatçılığı
birləşdirə bilmək bacarığı publisist,
yazıçı-şair Əmir Pəhləvanı həm
zamanın axarı, həm də istedadı qiymətləndirən,
istedadın qədrini bilən Nüsrət Kəsəmənli,
Səməndər Rzayev, kinorejissor Tofiq Kazımov kimi
insanların qayğısı və köməyi, hardasa təhriki
ilə kinoya gətirir. Daha doğrusu, o, qəzetdə "deyə
bilmədiyi" Azərbaycan həqiqətlərini - Azərbaycanın
ağrı-acılarını ekran vasitəsilə dünya
ictimaiyyətinə çatdırmaq istəyi ilə kinoya gəlir
və ekran dili ilə - görümlü və duyumlu bir dillə
bunları imkan daxilində dünyaya çatdıra bilir...
O, "Step LTD" kinoşirkətini
təsis edir (1995), şirkətin xəttilə yaradılan
"Fransız", "Qarabağ şikəstəsi",
"Spasibo", "Qız qalası" bədii filmlərinin,
"Bakı nefti və Nobellər", "Avtoritet",
"Göyçay yəhudiləri", "Doqquzuncu oğuz
uyğurları", "Kurqanlar", "Hunqoriya",
"Şəhriyar", "Sivilizasiya beşiyi -
Çin", "Tahirə" və başqa 15-dən
çox sənədli ekran əsərinin müəllifi və
rejissoru olur; adlarından da göründüyü kimi, bu filmlərində
tariximizin, taleyimizin, türklüyümüzün, mənsub
olduğumuz milli sivilizasiyamızın maraqlı səhifələrini
canlandırmış, onlara ekran həyatı bəxş edərək
dünya mədəniyyəti sferasına
çıxarmışdır...
Ekran canlıdır,
görümlüdür, duyumludur və böyük
missiyası var, ən ümdəsi sərhəd
tanımır, ayaq tutub dünya arenasında addımlayır,
tanıdır, tanıtdırır, şərəf və
şöhrət gətirir...
Bir mühüm faktı qeyd
edək ki, Əmir Pəhləvan istedadlı bir sissenarist kimi
qərbləşməyə Paris dəbi kimi baxanların
içində mədəni köləliyi "Fransız"
adlı filmi ilə damğalayır. Bu filmin ideya-estetik qayəsini Mirzə
Cəlilin dahiyanə şəkildə, milli yanarlıqla qələmə
aldığı "Anamın kitabı" ilə də
müqayisə edirlər... Əslində, bu filmə
kino tənqidçilərinin bir cür,
tamaşaçıların başqa bir cür
baxışı var. Müəllif burda millətin
ağrılı yerini göstərmək istəmişdir.
Cəmiyyətdə yiyəsizlik, sahibsizlik, düşüncəsizlik,
məsuliyyətsizlik və səviyyəsizlik baş alıb
getdiyi bir məqamda bu reallığı göstərmək elə
Mirzə Cəlil kimi milli heysiyyət və cəsarət istəyirdi...
Əmir Pəhləvan bunu ekran dilində
tragikomediya kimi sarkazm səviyyəsində təqdim edə
bilibdir. Əsərin qəhrəmanı
ana dilində danışmaq istəmir. Bu nə
deməkdir?! Anan səni dünyaya gətirəndə
bağrına basıb ana dilində layla çalıb, əzizləyib.
Sən ananın dilini necə unuda bilərsən?!
Ana dilini unudursansa, vətəni,
özünü, qan yaddaşını unudursan. Bu bizim xalqın taleində vaxtaşırı
özünü büruzə verən milli faciəmizdir ki,
Mirzə Cəlillər buna qarşı mübarizə
aparıblar. O baxımdan Əmir Pəhləvanın
ekran yozumunda "Fransız" filminin çox böyük
tarixi əhəmiyyəti var... Növbəti "Qarabağ şikəstəsi"
filmi ilə o, Azərbaycanın acı taleyini, qismətinə
qaçqınlıq düşmüş insanların vətən
nisgilini sirayətedici incə bir yumorla ekrana gətirir.
Bu filmlər yeniləşən Azərbaycanda sovet kino incəsənətinin
standart stereotiplərini və şablonçuluğunu
dağıdaraq milli kinomuza, kinodramaturgiyamıza yenilik gətirir...
Onu da xatırladım ki,
Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq
festivallara çıxmış və ölkənin kino sənətini
ləyaqətlə təmsil etmişdir. Bunun özü də kino
tariximizin ilkinlərindən idi... 1998-ci ildə ABŞ-ın
Kaliforniya ştatında milli və rəsmi dövlət
atributlarımızdan olan üçrəngli
bayrağımıza həsr etdiyi "Spasibo" adlı bədii
filmi Hollivud videofilmlər festivalında mükafata layiq
görülmüş və Los-Ancelesin 18 telekanalında
yayımlanmışdır. "Qız
qalası" qısametrajlı bədii filmi Şotlandiyada
keçirilən film festivalında birinci yerin qalibi və pul
mükafatına layiq görülmüşdür. "Bakı nefti və Nobellər" adlı
üçhissəli sənədli filmi isə Fransanın Nant
şəhərində keçirilən "Üç qitə"
kinofestivalında 2 medala layiq görülmüşdür.
Bu film Almaniyada DVD diski formasında milyon tirajla
yayımlanmışdır ki, bütün bunlar Azərbaycan mədəniyyətinin
çox mühüm və dəyərli
faktlarındandır...
Belə ki, Əmir Pəhləvan
Azərbaycan kinosunu Qərb auditoriyasına çıxarmaq
kimi olduqca vacib və mühüm bir işi həyata
keçirmişdir. Bütün qısqanclıqlardan uzaq, onu da deyim ki, bir
çox Avropa xalqlarının, eləcə də postsovet məkanındakı
dilləri bilməsi - poliqlot olması Əmir Pəhləvana
imkan yaratmışdır ki, Azərbaycan mədəniyyətinin
Avropa ölkələrinə inteqrasiyasında müstəsna
xidmətlər göstərə bilsin və bu sahədə
onun əməyi və zəhməti böyükdür...
Əmir Pəhləvanın
yaradıcılığı, ədəbi-mədəni və
ictimai fəaliyyəti çoxcəhətlidir, rəngarəngdir,
müxtəlif rakurslarda və istiqamətlərdə işləkdir,
özü də yüksək dərəcədə səmərəlidir...
Onun yaradıcılıq uğurları beynəlxalq standartlara
uyğun gəldiyindən həmişə təmkin və təminatla
Avropa mədəniyyəti sferasına daxil olur və Azərbaycan
ədəbiyyatını, mədəniyyətini bacarıqla təmsil
edir...
Ədəbi-mədəni
faktlara və bunların yayılma coğrafiyasına diqqət
yetirək. İndiyədək Əmir Pəhləvanın Azərbaycanda
və dünyanın müxtəlif ölkələrində
70-dən artıq kitabı çap edilib. 30 kitabı Azərbaycanda,
20 kitabı Ukraynada, 8 əsəri digər slavyan ölkələrində,
xeyli kitabı keçmiş postsovet respublikalarında, 15
kitabı isə Avropa ölkələrində və Amerikada,
Türkiyədə çap olunub.
"Bakılı Nobel",
"Neft taleli Nobel", "Ayrılıq", "Səfir"
"İsa, Məryəm və Sona" sənədli
romanları, "Bakı nefti və Nobellər"
üçhissəli sənədli filmi DVD formasında
Almaniyada işıq üzü görərək, yüksək
tirajla dünya oxucularına və
tamaşaçılarına təqdim edilib. Kursivlə
qeyd edim ki, Amerikada nəşr olunan ən nüfuzlu ədəbi-bədii
mətbuat dərgisi - "Dünya ədəbiyyatı bu
gün" jurnalı postsovet məkanından 42
yazıçının əsərlərini təbliğ və
təqdir edir. Onlardan biri də məhz,
Əmir Pəhləvandır.
Əmir Pəhləvan bir
ziyalı kimi beynəlxalq arenada nüfuz qazanmışdır. O, xaricdə, xüsusən
də Avropada Azərbaycan diasporasının beynəlxalq
miqyaslı tədbirlərində yaxından iştirak edir.
Əmir Pəhləvan Berlində 2006-cı ildən fəaliyyət
göstərən və fəal mədəniyyət mərkəzi
olan "Azərbaycan evi"nin əsas,
nüfuzlu təşkilatçılarından biridir...
Onun ən populyar, geniş oxucu
arenasında yayılan - "O Ay bir də doğmayacaq",
"Qalxın, Cavid gəlir!", "Əkilən
başlardı, torpaq əkilmir", "Turan türküləri",
"Səfir", "Təbrizim, türk izim!", "Kəngərlər",
"Türklüyün yol xəritəsi",
"Yaşamağı bacarmaq lazımdır", "Azərbaycan
şərqiləri", "Vətən dahiləri" ( l -
ll hissə ) kitablarının adlarını çəkə
bilərik, "İnsan və İblis" pyesi isə
Bakı Bələdiyyə Teatrında (1999), "İstədiyim
yar idi..." librettosu da Musiqili Komediya Teatrında (2009) səhnələşdirilib
və maraqla qarşılanıb...
İki monumental cilddən
ibarət olan "Vətən dahiləri" ensiklopedik siqlətli
kitabı Azərbaycan ədəbiyyatının nadir incilərindəndir. Birinci kitaba məzmunlu
və əhatəli "Ön söz"ü xalq şairi
Sabir Rüstəmxanlı, ikinci kitaba isə ön sözü
xalq şairi Vahid Əziz yazıb. Kitablarda
müxtəlif dövrlərdə yaşamış elm-sənət
adamlarının, əfsanəvi və tarixi qəhrəmanların,
tanınmış şəxsiyyətlərin həyat və
yaradıcılıqları araşdırılıb və
onların hər birinə şeirlər həsr olunub. Şeirlərin əksəriyyəti həsr
olunduğu şəxsin kimliyinin və xidmətlərinin daha
aydın və əhatəli dərk olunmasına yardım məqsədi
daşıyır. Şeirlərdə əksəriyyəti
müxtəlif talelər yaşamış bu tarixi şəxsiyyətlər
haqqında müfəssəl duyğular lirik ricətlərlə
verilir. Sanki bu şeirlər bu şəxslər
haqqında biblioqrafik məlumatların davamı kimi gəlir.
Amma bu, ustalıqla mükəmməlcəsinə
bədii boyalarla və bəlağətli oxşatmalarla həyata
keçirilir. Kitabı oxuduqca bir daha əmin
olursan ki, Azərbaycan türkləri ta qədimdən müəyyən
intellektual və emosional keyfiyyətləri ilə fərqlənmişlər.
Deyim ki, Əmir Pəhləvan ilhamla
və yorulmadan böyük yaradıcılıq işi
görmüş və sevib-seçdiyi şəxslərin
yalnız ona məxsus bir tərzdə bitkin, canlı poetik
portretlərini yaratmışdır...
Əmir Pəhləvanın
müəllifi olduğu "Vətən dahiləri"
kitabı tək Azərbaycanı deyil, həmçinin
bütün Avrasiya coğrafiyasını əhatə etdiyindən
bu gün üçün daha da aktualdır. Əlbəttə,
bu insanların böyük əksəriyyəti həm Azərbaycan,
həm də türk-slavyan dünyası ilə bağlıdır.
Kitabda dahi rus mütəfəkkiri Lev Qmulyovun
anası Anna Axmatovaya xüsusi yer ayrılması və ona
ithaf edilən şeir olduqca dəyərlidir və
mühüm əhəmiyyət daşıyır. Yaxud da, rus şərqşünaslıq elminin banilərindən
biri Mirzə Kazım bəyə ithaf edilən şeir bu və
ya digər formada avrasiyaçılıq baxımından
xüsusi əhəmiyyətə malikdir. O cümlədən,
Nəsirəddin Tusi, Əmir Teymur, Nəimi, Nəsimi, Məhəmməd
Füzuli, Mirzə Fətəli Axundov, Məmməd Araz, Bəxtiyar
Vahabzadə, Şirməmməd Hüseynov, Faiq Bağırzadə
və başqa şəxsiyyətlər Avrasiya
coğrafiyasında böyük təsirə malik söz sahibləri
kimi Azərbaycan oxucularına, bir daha, Əmir Pəhləvanın
baxış bucağından təqdim edilir...
Dahilər heç vaxt
ölmür.
Onların keçdiyi əzablı, məşəqqətli,
keşməkeşli yol bizim qan yaddaşımızdır.
Şərəf və qürur mənbəyi
olan bu müqəddəs yol bizim həyat və tale yolumuzdur.
Əmir Pəhləvan özünəməxsus bir ədəbi
formatda onların bizlərə və vətənə bəxş
etdikləri böyük bir mənəvi irsi qan
yaddaşımızda yenidən canlandırmağa nail
olmuşdur... Fikrimizcə, Əmir Pəhləvanın "Vətən
dahiləri" ikicildlik kitabı Azərbaycan tarixi, ədəbiyyatı
və mədəniyyətinə yeni bir töhfədir!
Onun "Sərkərdə"
(2013) və "Zemlya Velikix" (2014) poemalarında da türk
dünyasının tarixi əks edilib. "Zemlya
Velikix" kitabında qırğız xalqının şərəfli
qəhrəmanlıq tarixi, qırğız türklərinin
kişiliyi, qeyrəti vəsf edilib. Kitab
Qırğızıstan Prezidenti Almazbek Atambekova həsr
olunub. Qırğızıstan Prezidenti möhtərəm
Almazbek Atambekov başda olmaqla, Taktakul Satılqanov, Yusif
Balasaqunlu, Çingiz Aytmatov və "Manas" eposu
haqqında poetik düşüncələr və tarixi faktlar
oxucuların marağına səbəb olub. Bu
kitabda, əslində, Türklüyün Ruhu yad edilib, bu ruhun
daşıyıcıları olan dahi şəxsiyyətləri
türk dünyasına nümunə göstərilmiş,
böyük turançılığın panturanizm
olmadığı söylənilmişdir.
Qırğızıstan
Respublikasının Prezidenti Almazbek Atambekov 2014-cü ildə
yazıçı - dramaturq Əmir Pəhləvanı
"Türkün Yol xəritəsi" və "Sərkərdə",
"Manas bayatıları", "Dahilər yurdu"
kitablarına görə ölkənin yüksək
mükafatı sayılan "Aykol Manas" və "Ak
İlbirs" mükafatı ilə təltif edibdir. Kitablar Azərbaycan,
Gürcüstan, Dağıstan və Şimali Qafqazda da
yayılıb...
Əmir Pəhləvan
stereotiplərdən, şablonçuluqdan uzaq, orijinal ədəbi,
bədii və ictimai fəaliyyəti ilə Avropada və
Rusiyada Azərbaycan diaspor təşkilatlarında və
Türk dünyası ölkələrində tanınan
ziyalılarımızdandır. Təsadüf hesab etmək
olmaz ki, Əmir Pəhləvan Qırğızıstan,
Qazaxıstan və Quzey Kıbrız Türk Cümhuriyyətlərinin
Dövlət mükafatları laureatıdır. Qırğızıstan Respublikasının "Manas"
mükafatçısıdır. Həmçinin o,
"Humanatarian aword" - Amerika, "Qran Pri" - Almaniya,
"Nant" medalı - Fransa, "Üç qitə"
medalı - Fransa, "Qızıl lent" - Azərbaycan,
"Dünya səfiri" - Amerika-Yaponiya, "World Literature
Today" jurnalının mükafatı - Amerika və
başqa mükafatların sahibidir... Əlbəttə,
Avropanın böyük dövlətləri tərəfindən
verilən mükafatlar çox önəmlidir, gözəldir.
Əmir Pəhləvan Los-Ancelesdə
"İnsanlıq" mükafatını alıb.
Deyilənə görə, bu mükafatı Əmir Pəhləvana
qədər postsovet məkanında heç kəs
almayıb...
Təkcə Əmir Pəhləvanın
həyatında deyil, Azərbaycan ədəbiyyatı və mədəniyyəti
üçün çox böyük, əzəmi hadisələrdən
biri də budur ki, Qazaxıstan Respublikasının sabiq
Prezidenti, Türk dünyasının əvəzsiz lideri, Qazax
xalqının əbədi atası elan edilmiş Nursultan
Abışoviç Nazarbayev yazıçı-publisist,
kinorejissor Əmir Pəhləvanın 60 illik yubileyinə təbrik
məktubu göndərib və onun şəxsiyyətini,
yaradıcılığını yüksək qiymətləndirib...
Qazaxıstan Respublikasının
Prezident Aparatından Nursultan Nazarbayevin Əmir Pəhləvanın
60 illik yubileyinə təbrik məktubu barədə məlumatı
Prezidentin köməkçisi Klara xanım Muxanova telefonla
bildirib və bu əvəzsiz qiymətə malik rəsmi məktub
faksimelisi ilə Azərbaycan mətbuatında dərc edilib...
Yeri gəlmişkən, o dövrdə
mətbuatda dərc edilmiş rəsmi xronika və şəkillərdən
əldə etdiyimiz dəyərli bir faktı da qeyd edim ki,
Əmir Pəhləvan hər jurnalistə nəsib olmayan ilk azərbaycanlı
jurnalistidir ki, Türkiyənin Cümhur başqanı
Süleyman Dəmirəllə Naxçıvan Muxtar
Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin rəsmi
görüşünün iştirakçısı olub və
hər iki liderə kitabını avtoqrafla təqdim etmək
kimi xoşbəxt anlar keçirmək səlahiyyəti əldə
edib.
Əmir Pəhləvan geniş
yaradıcılıq diapozonuna, orijinal dəst-xəttə,
özünəməxsus üsluba, lakonik deyim tərzinə
malik, yaradıcılığı ilə şəxsiyyəti
vəhdət təşkil edən istedadlı, təpərli,
işgüzar, yollardan yorulmayan, daim axtaran qələm əhlidir...
Vətəninə, torpağına, müstəqil dövlətçiliyinə
- müasir Azərbaycan birliyinə sıx bağlı vətənpərvər,
vətəndaş ziyalılarımızdandır... O,
bütün şüurlu ömrünü Azərbaycan mətbuatının,
jurnalistikamızın, mədəniyyətimizin çiçəklənməsinə,
inkişafına, təbliğinə, dünya miqyasında
tanınmasına sərf edib. Harada
yaşamasından asılı olmayaraq, Azərbaycan və Azərbaycan
dövlətçiliyi onun üçün əvəzedilməz
bir müqəddəslikdir. Özü belə deyir:
"Mənə görə Qafqaz bütün dünya
xalqlarının ana beşiyidir. Avropada bu
gün onların sivil hesab etdiyi toplum məhz Böyük və
Kiçik Qafqaz sıra dağları arasında
ümumdünya etnoslar izdivacından törəyib. Odlar diyarı Azərbaycan Qafqazın göz bəbəyidir,
Günəşidir. Mənin
üçün Azərbaycan bəşəriyyətin cənnət
bir guşəsidir. Bakı mənim şah
damarımdır. Bakı məni bir
körpə kimi böyüdüb. Mavi Xəzər
laylamı çalıb. Ali təhsilimi
Bakıda almışam. "Bakı"-"Baku"
qəzetlərində işləmişəm. Bakı şəhərinin "mətbuat
yayımı" firmasının rəhbəri olmuşam.
İki oğul payı verib Bakı mənə.
Bakı bu gün mənim arxamdı, Bakını çox
sevirəm, bakılılara sonsuz sevgilərim var...".
Müsahibələrinin birində belə
bir etirafda da bulunubdur: "Oxucularımın və
tamaşaçılarımın gözlərindən
yayınaraq, nə artıq tərifə, nə də əskik
tənqidə bürünə bilmərəm. 40 illik jurnalist
təcrübəsi olan bir insan kimi səmimi etiraf etmək istəyirəm
ki, gözəl parıltılarda, qulaqları
çığırtılarda olanların xəstə
dünyasında Ziqmund Freydə böyük ehtiyac var: "Mən
sadə adamam, amma sadəlövh deyiləm. Öz
daxili senzuram var. Bu, ləyaqət senzurasıdır".
Harada olur-olsun, millətinn və
dövlətinin qarşısında həmişə
alnıaçıq olan Əmir Pəhləvan ilhamlı, məhsuldar
bir yazıçı-publisist, araşdırıcı
jurnalist, şair, kinodramaturq, kinorejissor kimi 60 illik ləyaqətli
ömrünün dolaylarındadır və bu
xatırlatdığımız faktlar şərəfli bir
ziyalı ömrünün fəxr ediləcək həyat və
fəaliyyətindən qəlpələrdir, hər qələm
əhlinə nəsib olmayan ziyalı ömrünün
akkordlarıdır...
Qələm dostları dediyi kimi, 60
yaşın ekvatorunu adlayan, 40 illik yaradıcılıq təcrübəsi
olan Əmir Pəhləvana uzun ömür,
cansağlığı, Azərbaycan mədəniyyətinin və
ədəbiyyatının inkişafı naminə
ağır, məsuliyyətli yaradıcılıq yollarında
mətin addımlarla irəliləməyi, yeni-yeni uğurlar
qazanmağı arzu edirik.
29.07.2019
Qurban Bayramov
Ədəbiyyat
qəzeti. - 2019.- 3 avqust.- S.22-23.