Ağacəfər Həsənli: lirik poeziyanın
metaforik spektri
Ağacəfər Həsənli
şeirimizdə üç onillikdən artıq bir zaman kəsiyində
məsuliyyətlə qələm işlədən bədii təfəkkür
daşıyıcılarından biri kimi oxucuların rəğbətini
qazanmışdır. Onun bədii
yaradıcılığının orijinallığı bizi
daim özünə cəlb etmişdir. Şairin indiyədək
nəşr etdirdiyi onlarla kitabında həyat, dünya,
ömür-gün, dövrün ictimai-mədəni, mənəvi-əxlaqi
mənzərəsi, qayğılarımız və problemlərimiz,
Qarabağ müharibəsi, şəhidlik mövzusu,
dünyada və Azərbaycanda gedən proseslərə fərdi
baxış rakursu daha çox özünü büruzə
verməkdədir.
Bir az bundan əvvəl
Azərbaycan mədəni-ədəbi ictimaiyyəti, fikir
adamları, ədəbiyyatşünas və tənqidçilər,
dost-tanışlar Ağacəfər Həsənlinin 65
illiyini bayram etdilər. Ona ürək dolu
sözlərini, içdən keçən arzu-istəklərini
bildirdilər. Xoşbəxtlikdən biz də
bu törənin iştirakçılarından idik. Həmin məclisdə biz də
çıxış edib Ağacəfərin
yaradıcılığının spesifik konturlarına
toxunmuşduq. Bununla belə, biz mülahizələrimizi
daha geniş şəkildə mətbuat vasitəsilə
geniş oxucu və ədəbi tənqid ictimaiyyətinə
çatdırmağı özümüzə borc bilirik.
Bəri başdan söyləyək
ki, Ağacəfərin təfəkkür palitrası yetərincə
polifunksionaldır. O, poeziyada da, publisistikada da, tərcümə işində
də eyni şövqlə, eyni məharətlə və eyni
məsuliyyətlə işləməyi bacarır. Onun müraciət etdiyi mövzuya fərdi rakursdan
yanaşmaq istəyi, sanki yaradıcılıq xobbisidir. Belə yanaşma, heç şübhəsiz ki, qələm
adamının ən başlıca və üstün keyfiyyətidir.
Ağacəfərin belə keyfiyyətinin
şahidi olmaq üçün biz şairin 2018-ci ildə
Bakıda "Elm" nəşriyyatında çap etdirdiyi
"Ağ külək" kitabından bir neçə
fraqmentə müraciət etmək istəyirik. Desək ki, bu kitabda cəm olmuş şeirlərin əksəriyyəti
qəlbimizi, ruhumuzu oxşadı, onda hörmətli oxucular
bizi loyallıqda qınamasınlar. Gətirəcəyimiz
nümunələr sizi fikirlərimizin inandırıçılığı
qənaətinə gətirəcəkdir. Bu baxımdan
Ağacəfərin "Uşüyən qəbir yeriyəm"
şeiri qeyri-adi poetik assosiasiya yaradır:
Bir yerdə dünyaya gəldim,
bu torpağın bir yeriyəm.
Hər qarışı məbəd
bildim,
məmləkətin pir yeriyəm.
...Aşmadığım sədd
qalmayıb,
könlümdə həsəd qalmayıb,
məndə can-cəsəd qalmayıb,
üşüyən qəbir yeriyəm.
Məzar, qəbir
obrazının simvolikası ingilis, fransız, alman, rus,
türk, Şərq və dünya ədəbiyyatlarında
yetərincə işlənmişdir. Əgər əksər nümunələrdə
qəbir, məzar simvolikası müəllifin o dünyayla
bağlı varlığı qavrayışını əks
etdirib bu konseptin çoxsaylı tərəflərini, deyək
ki, ölüm, zülmət, yuxu, sükut, səssizlik və
s. bu kimi anlayışlara yaxınlaşdırırsa, Ağacəfər
Həsənlidə "üşüyən qəbir yeri"
tamamilə fərqli yozumda təqdim olunur. Daha doğrusu,
müəllifin baxışında doğma elə, obaya
vurğunluq, onda doğulub, dünyaya gəlməkdən məmnunluq
duymaq, burada yaşamağından razılıq ifadə etməklə
Vətənin daşı üzərində ləpirinin, izinin
qalmasından xoşhallıq ifadə edirsə və eyni
zamanda onun özünün - qədərinin yetərincə
anlanılmadığını, buna görə də ona qiymət,
qədir verilmədiyi məsələsinə toxunuş,
özünü "üşüyən qəbir"lə
müqayisə edir. Doğrudan da, görəsən,
dünya niyə belədir?! Elələri var ki, bir-iki
ortabab əsər yazır-yazmır, səsindən,
qışqırtısından qulaq tutulur, az
qala hər şeyi əldə edir. Layiq
olmadığı kürsülərə yiyələnir.
Bax, belə olduqda əsl urvatlı söz də,
insan da bundan üşüyür. Şair
qardaşımıza elə bu məqamda onu da demək istəyirik
ki, "səyyad"ın nə vaxtsa öz "toru"na baş çəkməsinə də ümidi
itirmək lazımdı deyil. Onda, yəqin ki, hər
şey yerbəyer olacaq. Ağacəfər
heç də çox şeyə həris, çox şeylərin
istəyində deyil. Amma bəzən onun da
könlündən nə isə keçir... və onun buna
haqqı da var. Nə isə...
Ağacəfərin
adını çəkdiyimiz kitabında qeyri-adi ifadə və
ibarələrlə diqqəti cəlb edən nümunələr
yetərincədir. Onların sırasında "Allahın dili",
"Tövbə günü", "Anlayıb aldanmaq bəxtəvərlikdir",
"Gedənlər haqqında ballada",
"Aydınlığın üfüqü", "Tərcümə",
"Təkərin tumurcuq izləri",
"Dua-qarğış", "Əlhəd
daşı", "Piyada", "Berlin divarı",
"Ziyarət yeri", "Ad və dad", "Tabut",
"Demə", "Şuşanın işğal
günü", "1990-cı ilin 20 Yanvar Bakısı",
"Axtarır", "Sözün zəhmi", "Qədr
gecəsi" ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı,
polkovnik-leytenant Şirin Mirzəyevin əziz ruhuna ithaf etdiyi
"Rəşadətin yaşıdı" poeması öz
məzmunu, obrazlılığı, fikrin deyim çaları
ilə diqqətəlayiq nümunələrdəndir.
Şairin cəmi iki bənddən
ibarət "Vaxtında" şeirində isə
bugünkü həyatın, gedişatın adekvat mənzərəsi
ustalıqla təsvir edilir:
Gündüzlərin məsafəsi
qısalıb,
gecələrin boyu bir qarış olub.
Daha nə ahıllıq, nə təbii
həyat,
ömür-gün Allahdan sifariş olub.
Bu nədir, qulaqda
pıçhapıç gəzir,
möhlət - baxışların
münbit tarlası.
Vaxtın sürətini kim almalıdır,
vaxtında gün bitsin, həftə
barlasın?
Ağacəfər bu bəndlərdə
poetik hiss və duyğularını elə ifadələr,
düzümlərlə oxuculara təqdim edir ki, onların digər
şairlərimizdə biz nə analoji sırasını
görmürük, nə də fəlsəfi yozumunu. Fikrimizcə,
şairin işlətdiyi "gündüzlərin məsafəsinin
qısal"ması, "gecələrin boyunun bir
qarış ol"ması, "ömür-günün
Allahdan sifariş ol"ması, "möhlətin-baxışların
münbit tarlası"na çevrilməsi, "vaxtında
günün bitib, həftənin barla"ması orijinal poetik
tapıntılar kimi müəllifin yaradıcılıq məharətinin
göstəricisi kimi ortadadır.
Ağacəfərin
"Axtarır" şeiri isə insanların iç
dünyasına, qeyri-adi düşüncəsinə, sanki bir
zond kimi daxil olur, onların həyata münasibəti
haqqında görümlu bir təsəvvür
formalaşdırır. Daha doğrusu, bu şeirdən
insanın əsl mahiyyəti boylanır:
Həmişə özünü gizlədir
insan,
göydə ola-ola, düzdə
axtarır,
Şair də içdiyi
andını hər an,
yazdığı kəlmədə, sözdə
axtarır.
...Duz basdım yarama, əlim dinc
durmur,
söz sinəmi yarır, dilim dinc
durmur.
Hər kişi
özündə nöqsanı görmür,
hər kəsi başqa bir tərzdə
axtarır.
Düşünürük
ki, şair bu parçalarda müasir insanın ədəb-ərkan
dünyasıyla ondan sapınmalar arasında maraqlı poetik
lövhə yaradıb bizlərə təqdim edə
bilmişdir.
Ağacəfərin şeirlərində
müşahidə qabiliyyəti də güclüdür. Bunun təsdiqini biz
"Aydınlığın üfüqü" şeirində
daha səmərəli axtara bilərik:
Qulağımı çalan
çalağan qıyıltısı qədər
hava aydındı.
Bizim havamız aydın deyil.
mənim,
sənin,
onun.
Səmamız tutqun!
Nədir diktəsi
axırın, sonun?
Aydınlığın
üfüqündə,
ulduzlar gözmuncuğudu
göyün.
Bütün sirlər oyun,
müəmmalar ayın - oyun...
Gətirdiyimiz parçalardan
görünür ki, Ağacəfər Həsənli
üçün digər məsələlərlə
yanaşı, varlığın mənəvi dünyasına
baş vurmaq daha önəmlidir. Ümumiyyətlə,
qeyd etməliyik ki, Ağacəfərin lirikasında mənəvi
məsələlərin axtarışı heç də
fraqmentar xarakter daşımır. Problem
özünün ardıcıllığı,
davamlılığı ilə diqqət mərkəzinə
düşür. Onun lirik tutumunda dinə,
sakral dəyərlərə münasibət də xüsusi ilə
diqqətçəkəndir. Bu baxımdan
"Allahın dili", "Adəm oğlu eşitmir",
"Tövbə günü", "Qədim məzar",
"Allahımla tən bölməyə", "Haqqın
qapısı", "Əlhəd daşı",
"Tabut", "Qədr gecəsi", "Tanrı sapa
düzüb", "Mövlananın Xorasandan
köçü" və s. kimi örnəklərin
adını çəkmək kifayətdir. Bu şeirlərdə
müəllifin lirik qəhrəmanı öz etik-mənəvi
dünyasıyla bərabər, həm də obrazın lirik
"mən"ini nümayiş etdirir, onun Allaha, peyğəmbərə,
islama bağlılıq oriyentirlərini müəyyənləşdirir.
Bütün bunlar şairin varlıqla, onun mahiyyəti
ilə səsləşən fərdi axtarışları
kimi ortada dayanır. Bu tipli şeirlərində
Ağacəfərin dini-fəlsəfi-mistik düşüncə
və münasibətləri daha qabarıq görünür.
Eyni zamanda türk və Şərq
metafizikasında insanın Allahla münasibətləri,
ünsiyyəti əks olunmaqla nə qədər
çeşidli yanaşmalar mövcud olsa da, Ağacəfər
Həsənlinin şeirlərində mənəviyyat məsələsinin
hələ də yetərincə kamilləşməməsi qənaəti
ortadadır.
Söylədiklərimiz
sübut edir ki, bugünkü Azərbaycan ədəbi-mədəni
mühitini nəzərdən keçirdikdə onun poetik
kontekstində, doğrudan da, Ağacəfər
lirikasının özünəməxsus cizgiləri
görünməkdədir. Bu cizgilər tənqidçiyə
şairin yaratdığı mətnlərə, onun öz
müasirləri ilə qurduğu poetik mükaliməyə dərindən
nəzər salmağı diktə etdiyini sezməkdəyik.
"Ağ külək" kitabındakı
şeirlərə baxdıqda Ağacəfərin poetik
intonasiyasının necə ustalıqla dəyişdiyi göz
önünə gəlir. Onun bu məharəti
isə, yuxarıda qeyd etdiyimiz kimi, əsasən şairin
dünyanı dərk notları ilə bağlıdır.
Ağacəfər Həsənli təhlilə cəlb
etdiyimiz kitabında özünün yazı manerasının
rəngarəngliyini və əlvanlığını
qeyri-adi poetik ifadələrlə sübut etməkdədir.
Bizimsə belə olduğu təqdirdə tənqidçi
kimi baxış bucağımız müəllifin bədii-estetik
manerasının əksər nüanslarına diqqət
çəkməyimizi aktuallaşdırır.
Ağacəfər, sanki məsuliyyətli
poetik təfəkkür daşıyıcısı kimi
öz-özünə suallar da verir ki, mən həqiqi
şair olmaq istəyirəmsə, deməli, öz hiss və
duyğularımı elə söz və ifadələrlə
ipə-sapa düzməliyəm ki, yeni fikir deyimləri ortaya
qoyub, öz ritmimi, öz qafiyəmi yaradıb, öz
auditoriyamı araya-ərsəyə gətirim. Ağacəfər
yazıb-yaratdıqlarına məhz bu rakursdan düzüm verməyi
üstün tutmaqdadır.
"Ağ külək"də
müəllif çoxsaylı şeirləri ilə
yanaşı, "Rəşadətin yaşıdı"
(poema), "Misralar, beytlər, bəndlər",
"Düşüncə yarpaqları, söz oyunları, kəlamlar,
fəlsəfi etüdlər" də təqdim etmişdir. "Rəşadətin yaşıdı"nda
Ağacəfər Həsənli Milli Qəhrəman Şirin
Mirzəyev obrazını Vətən obrazı, Vətən
konsepti ilə elə üzvi surətdə bir-birinə
qovuşdurub ki, poemada onların biri digərini uğurla
tamamlamaqdadır.
Bir neçə kəlmə
də "Ağ külək" adıyla bağlı fikir
bildirməyi gərəkli hesab edirik. Ümumiyyətlə,
"külək" bir poetik metafora kimi poeziyada bütün
zamanlarda şairlər tərəfindən yetərincə
istifadə olunmuşdur. Burada isə "ağ külək"
metaforasının şairin bu kitabındakı öz psixoloji
ovqatı ilə əlaqədə olduğunu söyləməliyik.
Ağacəfərin bu kitabda rəng simvolikasından fərqli
olaraq, ağ külək metaforasını simvollaşdırma
istəyi də onun lirikaya öz möhürünü
vurması ilə səciyyəvidir. Deməli, müəllif
kitabın adında da öz orijinallığını ortaya
qoymağa müvəffəq olmuşdur. Bu gün şair daha
tutumlu və orijinal nümunələri ilə
çağdaş lirikamıza öz töhfələrini vermək
qabiliyyətinin ardınca getməkdədir. Bunu onun lirik əsərlərinin
məzmunu, ideyası, poetik obrazları və mündəricəsi
yaxşı sübut etməkdədir.
Nizami Tağısoy yazır
Ədəbiyyat
qəzeti.- 2019.- 3 avqust.- S.25.