İpi çəkilən zamanın şairi...

 

Hər kəs öz dilinin altında gizlənib, - deyirlər! Danış, səni tanıyım - söyləyirlər! hər iki fikirdə yanlışlıq yoxdur! Həyatda hamı özünü sözü ilə ifadə etməyə çalışır, elə şairlər ! Onları başqalarından seçdirənsə bircə nüansdır: o da şairlərin bir az "ayrı cür" düşünməsi, bir az qəribə fikir yürütməsi, bəzən çirkinə gözəl, gözələ vəfasız deməsi, gördüklərinə, duyduqlarına, yaşadıqlarına səndən, məndən fərqli don biçmək istəyidir! Eynən rəssamlar, heykəltəraşlar, dizaynerlər, modelyerlər kimi... Onlar rənglərə, daşa, ağaca, əşya parçalara ikinci "ömür" verirlər, bunlar da sözlərə yeni nəfəs ruh!

İllər boyu sakit, mütəvazi, çox-çox səmimi, canı, ruhu dilinin ucunda, gözlərinin işartısında sözünün ağrısında, fikirlərinin kələfində olan bir insan kimi tanıdığım Vüqar Əlisoyun şeirləri ilə tanışlıqdan sonra bu qənaətə gəldim ki, əslində o, "İpi çəkilən zamanın" şairidir "gəlişi ilə əzablarını artıracaq günəşi daşlayan", "gözləri böyümüş, yan-yana düzülmüş günahlarının hönkürtüsünü" "kölgələnmiş gözlərinin döyüntüsünü" bütün bədənində hiss edən bu yaradıcı insanın içində bir ocaq yanır, söz, fikir ocağı! Başqalarından fərqli baxışı, heç kəsi təkrarlamayan deyim tərzi, gördüklərinə bədii don biçmək bacarığı ilə seçilən Vüqar qardaşımızın şeirlərini oxuduqdan sonra, məncə: "Mənim həqiqətim - alma çiçəyi" - deyəcək qədər sadəlövh, "ürək belə böyükmü, dərdi özünə bükdü!" söyləyəcək qədər müdrik olan bir qələm sahibinin dünyasına bu qədər yaxından bələdlik şansınız üçün ən azı mənim qədər sevinəcəksiniz!

Nədən yazır Vüqar Əlisoy? Niyə yazır üçün bu qədər qeyri-adi yazır? Həm nöqtəsiz, vergülsüz, nida sual işarəsiz yazır, ilk baxışdan dilimizin qrammatik kanonlarını, sanki "saymazdan" gələrək misraları bir-birinin ardınca necə sıralayır?

Vüqar bu gün çoxlarını narahat edən sanki ilk baxışdan həlli o qədər müşkül olmayan məişət qayğılarımızdan yazır, az qala özünü unutmağa başlayan dərdli dünyamızın ağrılarından yazır, tələbəlik illərinin gizli xatirə hücrələrindən birində hələ ilk sevgi həsrəti ilə yol gözləyən o ismi pünhandan yazır! Bir sözlə, özünü yazır, ürəyinin bu dünyaya açılan pəncərəsindən baxarkən gördüklərini nəzmə çəkir, kövrək yaddaşında sızlayan anları dilləndirir, illər boyu könlünün bağlı qapıları arxasında yad gözlərdən gizlətdiklərini, hər kəsdən pünhan saxladıqlarını gün işığına çıxarır! məncə, bu görüntülərin hansı rəngdə, hansı formatda, hansı boy-biçimdə olması yox, onların hər birinin bizim gözümüzün önündə dimdik dayanması vacibdir, özünütəsdiqi önəmlidir! Nöqtəsiz, vergülsüz, durğu işarələrini inkar edərək yazır, dedim!.. Yəni əslində, sərhədsiz, qadağasız, azad, köksdolusu nəfəs almaq imkanlı bu sətirlər sətirlərin kölgəsindən boylananlar da, elə, insanlara bənzəyir! Çünki həyat, sevgi, həsrət, ayrılıq, ölüm, məsuliyyət, vicdan, sədaqət, xəyanət, inam, etibar s. kimi insani duyğular çox vaxt bu durğu işarələrsiz belə, toxum kimi insanın ruh tarlasına əkilir! Bu toxumun bəhrəsinin acımı, şirinmi, turşməzəmi, zərərli ya zəhərli olması kimsəyə bəlli deyil, amma olursa-olsun, " bu da bir qismətdir"! - deyib dada biləcəyimiz qədər məqbuldur onun meyvələri:

 

Mən bir sənət əsəriyəm

qara gündən yoğrulmuşam

kətanda doğulmuşam

göy əskiylə

boz divardan asılmışam

dörd bucaqdan

çərçivəylə basılmışam

asan məni hara asıb

mən ora qısılmışam

sabah, yəqin, satılacam

ya da bəlkə

xəbərim yox

dünən artıq satılmışam...

- deyir şair!Və arif oxucu o an hiss eləyir ki, Vüqar, sözün sehri ilə oynamağa, onu öz fikirlərinin səmtinə yönəltməyə çalışır ən başlıcası, toxunduğu mövzunun görüntülərini dəqiq cızmağa nail olur! Bəlkə , bu vərdiş, onun televiziya jurnalisti olmasından qaynaqlanır, çünki telejurnalistikada söz təsvir daxili bir ritmlə cilalananda, bir-birlərini tamamlayanda daha təsirli, daha gözəl olur:

 

...Bir Tanrı tanıyıram

ipini çəkib zamanın

boyuna biçib dünyanın

torpağa əkib insanı

öz içində

öz içindən

öz içinə axıdacaq

 

Klassik poeziyanın vəznli, qafiyəli ritminə alışmış orta nəsil oxucuya (onsuz da gənclər kitaba meyilli deyillər) bu, sərbəst şeir nümunələrini ""həzm eləmək" əvvəl-əvvəl bir az çətin gələ bilər. Amma, məncə, bu ilk tanışlığın, oxucu müəllif ünsiyyətinin həyəcanı sayılmalıdır. Çünki Vüqarın şeirləri , özü kimi səmimidir, sadədir, asan qavranılandır, ürəyəyatımlı yaddaqalandır:

Şair:

 

Ağrılı bədəndə qərib ruham

azıb qalmışam öz içimdə

sən yoxsansa mən yoxam

bu görkəmdə

bu biçimdə...

- yazanda ya:

 

Dişimi dişimə qıcıyım

durum bir az da yaşayım

ölümün gələn vaxtıdı

gəlib diri görsün məni

yerdə onsuz çapılıram

bir az da o sürsün məni...

 

- deyəndə, biz dönüb içimizə boylanırıq sanki beynimizin, hiss düşüncələrimizin dərin qatlarında uyuyan "ikinci mənimizi" oyadan söz adamının bəsirət gözü ilə dünyaya baxmağa çalışırıq. bu fani dünyanın boyasız, retuşsuz şəklini cızan şair Vüqar Əlisoyun çox sadə bir düsturuna ayaq üstə əl çalıb , "əhsən, halal olsun!" deməklə, həm onu, həm , bir ömür boyu "Təvəkkül, Allaha!" - deyib, qədərinlə barışdığın vaxtı yelə verdiyini etiraf edirsən:

 

Yuxarı baxıram - Allahdı,

aşağı baxıram - Allah...

hansı haqdı, hansı nahaq?

Kimi sevək, kimdən qorxaq

Yaşayaq?

 

Nə qədər asilik etsək də, yenə, sonda bu qənaətdəyik ki: Yaşamaq gözəldir! Nə qədər ağır, çətin olsa da, həyat sevənlərindir! Yaşa, sevyarat, Vüqar Əlisoy! Yol yoldaşın olan ilham pərinlə birgə, səbrin tükənməsin, nəfəsin təngiməsin, yazmaq həvəsin sönməsin!

 

Telli PƏNAHQIZI

 

Ədəbiyyat qəzeti.- 2019.- 3 avqust.- S.26.