Günahkar duyğular

 

hekayə

 

Yaz günəşinin hərarəti torpağı isitdikcə təbiət canlanır, ətraf yaşıllığa qərq olurdu. "Yaşıllıq mövsümüdür kənddə, canlanma başlayır", - deyə Nisə böyüdüyü yamyaşıl örtüklü kəndi xatırladı. Köksünü ötürərək oğlu ilə yaşadığı beşmərtəbəli evə sarı addımladı. Mağazanın qarşısından keçəndə onu kimsə çağırdı. Qeyri-ixtiyari uca səslə: "Nisə!", - deyə az qala qışqıran şəxsə tərəf çevrildi. Nisə qarşısındakı saçlı-saqqallı kişinin səsindən diksindi. İki cüt göz qarşılaşdı. Tez oğlunun əlindən tutdu. Sanki tək olmadığını hiss etdirmək istədi. Sükut hökm sürür, yalnız gözlər danışırdı... Birdən Nisə iti sürətlə çox da uzaqda olmayan evinə sarı addımladı. Yeridikcə boynunun arxasında həsrət dolu baxışları hiss edirdi. Özünü evə güclə çatdırdı. Oğluna yemək hazırladı, yatmaq istədiyini deyib otağa çəkildi. Tək qalmaq, ürəyini göz yaşları ilə ovundurmaq istəyirdi. Çarpayıya uzanıb gözlərini tavana zillədi. Xəyalında illəri geri saydı, on yeddi yaşına döndü...

Nisəgil Aran rayonunda yaşayırdı. Çörəyini torpaqdan qazanırdı burda kəndlilər. Anasından xeyli yaşlı olan atası yetmiş beş yaşında vəfat edəndə Nisənin on iki yaşı vardı. Ailəni dolandırmaq üçün anası kolxozda işləyir, dörd övladını böyüdürdü. Nisənin artıq on yeddi yaşı vardı. Orta məktəbi bitirmiş, dərslərinə güclü diqqət yetirmədiyi üçün ali məktəbə qəbul olmağa cəhd də etməmişdi. Artıq işləməli, ailəyə dəstək olmalı idi. Evdə anası ona: "Kənddə sənə münasib ola bilər? Pambıq becərən və yığımla məşğul olan briqadada işlə!" - dedi. Nisə qonşu kəndin sakini olan Mənsurun briqadasına üzv yazıldı və işə başladı.

Bir neçə müddət idi işləyirdi. Mənsur onun yaşı az olduğunu briqada üzvlərinə bildirmiş, buna görə də işləyənlərə xidmət göstərməsi üçün onu torpaqda işləməkdən azad etmişdi. Mənsurun xüsusi qayğı göstərməsindən Nisənin xoşu gəlirdi. Əvəzində o da briqadirinin çay və şirniyyatını əskik etmirdi. Nisənin yaşadığı ev yoldan xeyli aralı idi. Bunu Mənsur da bilirdi. Bir gün səhər evdən çıxanda maşının onların küçəsinə tərəf gəldiyini gördü. Yaxınlaşanda sürücü maşını saxladı. Mənsur: "Gəl otur. Təsadüfən burdan keçirdik, sonra işçiləri götürərik" - dedi. Nisə sevindi. Nə də olsa piyada getməyəcəkdi. Əvvəllər təsadüf olsa da, səhərlər maşının onların küçəsindən keçməsi günlər keçdikcə vərdiş halını aldı.

Bir gün Nisəgilin evinə kədər çökdü. Anasını itirdi Nisə. Yeganə dayağı, güvəndiyini torpağa əmanət etdilər. Ağladı, ağladı, dönüb yenə ağladı... Amma anası qayıtmadı. Artıq heç kimlə ünsiyyət saxlaya bilmirdi. Evdə qardaşının yoldaşı Xədicə nə qədər əzizləsə də, anasının yerini vermirdi...

Mənsurla Nisənin münasibətləri getdikcə yaxınlaşır, bu nə işçilərin, nə də kənd əhalisinin diqqətindən yayınmırdı. Mənsurun evli olması onların münasibətlərinin dərinləşməsinə mane ola bilməmişdi. Kənddə dedi-qodu yayılmış, nə qədər gözəl olsa da, Nisə üçün elçi düşən olmamışdı. Artıq Nisənin iyirmi səkkiz yaşı vardı. Bir gün evdə "Sənə elçi gəlib qonşu kənddən. Qardaşın da bilir. O razıdı. Səndən fikrini öyrənməyimi istədi", - deyib Xədicə üzünü yana tutdu. Nisə qəti etiraz etdi. Ürəyi sıxıldı. Mənsuru uzun müddət idi görmürdü. İslahatlar vaxtı Mənsur təsərrüfatdan ayrılmış, Nisə isə qonşusunun fərdi təsərrüfatında işə başlamışdı. Bu vəziyyəti Mənsura bildirmək üçün vaxtilə Mənsurun sürücüsü işləmiş Ələmdar dayıgilə getdi. Nisə Mənsura yazdığı məktubu Ələmdar dayıya verərək "Xahiş edirəm, bu məktubu Mənsura çatdır", - dedi. Ələmdar dayı söz versə də, Mənsurun ailəsində yaranmış söz-söhbətin dərinləşməməsi üçün məktubu çatdırmamışdı...

Xədicə eşitdiklərini ərinə deməsə də, Nisənin ailə qurmasına, söz-söhbətin dil-ağızdan yığışmasına çalışırdı. Zarafat deyil, evində iki qız böyüyürdü. Elə Xədicənin rəfiqəsi idi Nisə ilə Kamilin evlənməsini istəyən. Kamilin xəstə olduğunu ailədə yalnız Xədicə bilir, bu barədə heç kimə bir söz demirdi. Kamilin də qohumları Nisənin işgüzarlığına görə onun haqqında gəzən söz-söhbətə göz yumurdu. Bir neçə gün sonra Nisə işdən evə qayıdanda arxasınca bir maşının asta-asta gəldiyini hiss etdi. Yanından ötəndə içəridən iki nəfər düşüb Nisəni zorla maşına oturtdu. Qaçırdılar Nisəni... Xəyalının və ürəyinin şahzadəsindən ayırdılar... Əvvəlcə geri dönmək istədi. Amma qardaşına yazığı gəldi. Kənddə onun nüfuzuna kifayət qədər xələl gətirmişdi...

İnsafən, Kamil pis adam deyildi. Onlar Kamilin atasından qalma evində yaşayırdılar. Nisə evi çiçək kimi saxlayır, bağçanı becərir, ailəyə dəstək olurdu. Kamilin səhhəti imkan verəndə usta yanında köməkçi işləyirdi. Onların bir oğlu dünyaya gəlmişdi.

Günlər keçdikcə Mənsurun yoxluğu Nisənin üzüntüsünü artırsa da, özünü qınayırdı. Evli bir insana aşiq olaraq adını ləkələməsini heç cür özünə bağışlaya bilmirdi. Ömrünü, gələcəyini, arzularını, gözəlliyini puç etmişdi.

Bir müddət sonra Kamilin xəstəliyi şiddətləndi, qızdırma onu əldən saldı. Xeyli müddətdi müalicəyə başlansa da, nəticəsi yox idi. Artıq işləyə bilmirdi. Nisənin acılı günləri başlamışdı. Körpə oğlu, xəstə yoldaşı evə gəlirin gəlməməsi yaşamağı çətinləşdirirdi. Yoldaşının dərmanlarını almalı, özündən başqa iki nəfəri yeməklə təmin etməli idi. Qohumların qonşuların köməkliyi ilə günü-günə calayırdı. Bir gün səhər Kamil yuxudan oyanmadı. Keçinmişdi... Oğlu ilə damın altında tək qalan Nisə daha o evdə yaşaya bilmədi. Gəncliyinin xatirələrini dəfn etdiyi ata evinə deyil, rayon mərkəzinə üz tutdu. Artıq işləyir, oğlu ilə yaşayırdı.

O gün axşama qədər otağından çıxmadı. Xəyalında günü-günə, ayı-aya caladı. Kövrəldi, təəssüfləndi, məhv olmuş həyatına acıdı... Səhərə qədər gözünü yummadı, düşüncələr onu əldən saldı. Yaşadığı çətin günlər onun gəncliyinin səhvinin nəticəsi idi...

Səhər işə getmək üçün həyətə düşəndə blokun çıxışında insanların toplaşdığını gördü. baş verdiyi ilə maraqlandı. Kiminsə daşın üstündə oturduğu yerdə canını tapşırdığını dedilər. Bir az da yaxınlaşdı. O idi! Saçlı-saqqallı kişi. Onun Mənsur olduğunu təsdiq edən gözləri örtülmüşdü...

 

Gülqədəm Mirzəzadə

 

Ədəbiyyat qəzeti.- 2019.- 3 avqust.- S.27.