Yarımçıq gecələr
Anam üçün
yazdığım ilk şeir
Hər şeyin
yarımçıq olduğu
gecələrdə,
təkcə səni
düşünürəm,
qaçmağa bir qucaq axtaran kimi.
təkcə səni
düşünürəm,
Allahı düşünən
kimi...
Hər şeyin
yarımçıq olduğu
gecələrdə,
adam çıxıb
getmək istəyir
hamıdan,
hər yerdən,
hər vaxtdan,
əlləri üşüyən
kimi...
Hər şeyin
yarımçıq olduğu
gecələrdə,
insan ölmək
istəmir,
insan yaşamaq
istəyir,
insan xoşbəxtliyi
də kədər kimi
bütün istəyir!
Heç narahat olma,
siqaret çəkmirəm,
ana,
sadəcə, içimdəki
misralar tütün istəyir...
Sual
Peterburqun bəyaz
gecələrindən
birində yazdığım
şeir
Bu sehrli gecələr,
bu bəyaz
gecələr
bizə öyrədir
ki,
Günəş batmır,
biz ondan üz döndəririk...
Bir paket siqaret,
bir şüşə
çaxır
və mən,
Nevanın sahilindən
Sənə salam göndəririk
Ya Rəbb,
sevdiyim bütün
adamlarda
Səni axtardım,
Bəs Sən məni
kimdə axtaracaqsan?
Sevgili üçün
not
Sənə yazdığım
şeirləri
oğurladım Badi-Kubə
küləklərindən,
indisə yazıram
sənə,
yazıram yağışlı
Peterburq küçələrindən...
adamlar bölünür
qəfil,
bölünür
ailəyə,
sevgiyə,
dost və sairə...
bir tək səni bölə bilmirəm,
ailəsən,
sevgisən,
dostsan şairə...
bilirəm, sevirsən,
mən də səni sevirəm.
qorxma,
tanımadığım yağışlarda
islanmaram mən,
dəyməz burnuma yad qadın ətirləri...
Nevski prospektində,
gizlənib bir tində
sayıqlayıram sənə
yazdığım sətirləri.
İlahi,
yığışdır başım
üstdən
bu saxta bulud çətirləri!
- Mən Onu
düşünürəm!
Ulucay Akif
Ədəbiyyat
qəzeti.- 2019.- 3 avqust.- S.27.