Sara Oğuzun yaradıcılıq dünyası
Mən gözəlliyi yox, xoşbəxtliyi
seçmişəm, çünki Xaliq sifətini gözəllikdə
göstərir.
Yaşasaydı, istedadlı
yazıçı, publisist, əməkdar incəsənət
xadimi Sara Oğuzun 75 yaşı tamam olacaqdı. Haqq dünyasına
qovuşmaqından isə 5 il keçir.
Sara Oğuz söz sərrafı,
dil bilgisi idi.
Xalqın dilini, məişətini,
psixologiyasını gözəl bilirdi. Haqqında
söhbət açdığı insanı da dərindən
duyurdu. Xəyali, obrazlı təfəkkürü
də güclü idi. Bütün bunlara
görə yaxşı yazırdı, rahat və tutarlı
yazırdı.
"Sənəti duyan hər
bir kəs onlardakı yüksək yazıçılıq məharətini
təqdir etməyə bilməz. Müəllif dili heyrət
doğuracaq dərəcədə bilir. Onun
söz ehtiyatı zəngindir. Obrazları
öz dilində məharətlə danışdırır.
Elə buna görə də xarakterlər
göz önündə canlanır. Bunu yəqin
etmək üçün "Ölü dərdi" hekayəsini
oxumaq kifayətdir" (professor, tənqidçi Akif
Hüseynli).
Yaradıcılığa uğurlu
hekayələrlə başlayan yazıçı sonralar
bir-birindən maraqlı "Tale damğası",
"Ümid ulduzu", "Kəpənək
ömrü", "Çərxi-fələk"
povestlərini də yazır. Bu əsərlər
müəllifin yaxından müşahidə etdiyi,
tanıdığı insanlardan bəhs etdiyi üçün
real, həyati təsir bağışlayır.
Sara Oğuzun ən
böyük nailiyyəti onun istər povestlərində, istərsə
də hekayələrində canlı xarakterlər yaratmaq
bacarığıdır. "Köhnə
kişi" hekayəsindəki Mamı kişinin öz məxsusi
yaşayış tərzi var. Heç kəsdən
asılı deyil, kimsənin malına gözünü dikmir.
Müəllif hekayənin təhkiyəsini qəhrəmanın
həyat tərzi ilə bağlı şəkildə
asta-asta, aramla davam etdirir, sanki Mamı kişinin özündən
daha çox, yan-yörəsindən, bağ-bağatından
danışır.
Nasir Mamı kişinin
bağlı-bağatlı, şabalıdlı evini təsvir
edərək Mamının həyat tərzini, arvadı öləndən
sonra aldığı Gülsümün iş-gücündən
narazılığını, ahıl yaşında evində
yorğan sırıyan ləzgi qızı Gülsümə
meyil salmasını və "Şabalıdı
yığanım yoxdu" deyərək onu evə gətirib
arvad etməsini çox inandırıcı, ustalıqla təsvir
edir.
Müəllifin başqa bir
hekayəsindəki ("Yengə") Zülhəccə
obrazı da qabarıq bir xarakter kimi oxucunun gözündə
canlanır. Müəllif hekayədə incə bir sarkazmla
tündxasiyyətli qəhrəmanını təsvir edir.
Hekayənin sonunda isə kəsərli qılınc kimi
sözü sıyırıb, hikkəsi-fitnəsi aləmi cana gətirmiş yengə Zülhəccə
qarının iç üzünü açır.
Azacıq
anlaşılmazlıq üzündən toya vay salan, elin
cavanlarını istədiyi kimi fırladıb barmağına
dolayan bu qarının əsl sifəti bircə hamam səhnəsi
ilə ap-aydın cızılır. Elə bu səhnədəcə
artıq yengənin gələcək iştəklərinin ilmələrini
hekayənin kompozisiyasına vurur... "Zülhəccə xala
ola, hamama gələ, özü yuyuna,
özü çimə - olan iş deyildi. Axı,
sizə deməmişəm, Zülhəccə xalanın kənddə
sayğılı yeri vardı. Hörmətli,
izzətli peşə sahibidi. Hacı Qədimalılar
nəslinin yengəsi. Onların da
tayfasını hürkütməmiş saymaq olmazdı.
Zülhəccə xala deməsin, at
ilxısı, köpək sürüsü. O, ildə
bir neçə kərə
yengə getməli olurdu. Gah oğlan yengəsi,
gah da qız yengəsi. Ayrı məhəllədən
də ona minnətə gələn olurdu ki, bəs bu işin
səndən başqa yiyəsi yoxdur. Zülhəccə
xala da minnətə gələni hörmət yiyəsi, qədir-qiymət
sahibi bilirdisə, razılıq verərdi. Yox, özü deyəsi, bir qəpiyə dəyəsi
adamlar deyildisə, "düdük" verib yola salardı.
Nəsildə kimin evlənmək söhbəti
düşürdüsə, birinci Zülhəccə
xalanın ağzını arayırdılar. Kimə qız tapılmırdısa, kimin
qızı evdə qalırdısa, Zülhəccə xalaya gənəşiyə
gələrdilər. Hansı qız
"istəmirəm, getmirəm" deyib dururdusa, Zülhəccə
xala böyük oğlu ilə özünü yetirirdi.
Böyük oğlu nəhəng kölgəsini irəli
verib, qan dolmuş göy gözlərini bərəldərək
xırıltılı səsiylə "Səni qana qəltan
eləyərəm, ağzın nədi üzə
qayıdasan" - deyə qızlara həng gələrdi...".
Yazıçının ən
böyük nailiyyəti onun dilidir. Sara Oğuzda söz
ehtiyatı çoxdur. İstər povestlərində,
istərsə də hekayələrində. O,
yaratdığı obrazları özünəməxsus tərzdə
danışdırır. Müəllifin təhkiyəsi
də sünilikdən uzaqdır və ən ciddi bir hadisəni
belə qələmə alarkən yerinə görə
yumordan istifadə edir. Müəllifin
"Ölü dərdi" hekayəsindəki qəhrəmanın
- daşyonanın dilindəki yumora diqqət yetirək.
"Daş daş ola ha, sirinsinib durur
üzünə. Hələ harasıdır.
Bir də gördün, sürütləyib
salırlar gözümün bıçağı qraniti
karxanaya. Ciblərindən bir şəkil
çıxarıb deyirlər: "Bu arvadı görürsən,
telefonla danışdığı yerdə heykəlini bunun
üstündə yonarsan". Deyirəm,
kişinin arvadı bir vəzifə-zad sahibiymiş. "Yox" deyirlər, evdar qadın idi. Sən demə, vəsiyyət eləyib ki,
"tilifon qulağımda" mənə heykəl
qoyarsız. "İmaməli dayı, elə
düzəlt, elə bil diridir, indicə telefonda
danışacaq. Ürəyimdə deyirəm" sənin
"İmaməli dayını da, "telefon" istəyən
ananı da... O boyda əndazəni bunun üstündə necə
təraş edim?".
Müəllifin qəhrəmanlarının
əksəriyyəti talesiz, gözəlliyi xoşbəxtliklərindən
üstün tutan, öz mənəvi saflıqlarını
qoruyub saxlayan, sevmək, sevilmək istəyən
qadınlardır. Onun "Tale damğası" povestindəki
əsərin qəhrəmanı gözəl, talesiz
Şamxatun - müəllifin xalasıdır. Sibirə sürgün olunmuş ata və
qardaşlarının həsrəti ilə böyüyən
Şamxatun bu atasızlığın qurbanı olaraq sevmədiyi
Şamxal tərəfindən qaçırılır.
Tədqiqatçı, Vyana
Universitetinin müəllimi Sena Deqan 1996-cı ildə
Bakıda olarkən S.Oğuzun əsərlərilə tanış olur. Sena Deqan
"Tale damğası" əsəri haqqında öz
mülahizələrini belə izah edir. "S.Oğuzun
qəhrəmanları özünü fəda etmək barədə
düşünmürlər, tale belə gətirir ki, daim
öz azadlıqlarını axtarırlar. Məsələn:
"Tale damğası"nda qəhrəman məhz qadın
tipajlarının ətrafında - nənəsi, anası,
başlıca olaraq xalasının həyatı, həyat tərzi,
mehriban, isti mühitində öz daxili müstəqilliyinə
can atır. Bu, təkcə patriarxallıqdan irəli
gəlmir. Burda sosial maneə yoxdur. Qadın həqiqəti var".
Müəllif "Bayat
oxşaması" povestində haqsızlığa dözməyərək
qaçaq düşmüş Şərifin həyatını
təsvir edir, onun ailəsinin başına gətirilən
amansız müsibətdən təsirli söhbət
açır.
Qaçağın bacısının ailənin
namus və şərəfini qorumaq üçün
canını fəda etməsini müəllif folklor ruhunda,
sanki bayat oxşaması üstündə qələmə
alır, koloritli dili, poetik ruhu ilə olduqca oxunaqlı bir əsəri
oxuculara ərməğan edir. Əsərdə nənənin
dilindəki ifadəyə nəzər salaq: "Qanlı,
qanına boyanasan, Şərif balam qaçaq düşdü.
Qanlı, qanına bələnəsən, evimin
dirəyi, oğul nəvəm didərgin düşdü.
Qanın qaysaqlanmasın müddəayı,
damımın tiri, tirboyun Şərif evindən ayrı
düşdü. Yasaq, yasavul əlində qaldıq,
qanlı...".
Sara Oğuzun bir-birindən
maraqlı, duzlu povestlərinin əsas məziyyəti - ən əvvəl
zəngin dili koloritidi, obrazlarının inandırıcı,
təbii olmasıdı və möhkəm kompozisiya
özülü üzərində qurulmasıdı. Həm də
xalqımızın adət-ənənələrini,
kökünü bilməsi, folklordan gələn şirin təhkiyəsi
onun yazılarına təkrarolunmaz bir ovqat gətirir. Onun obrazları daim yaşadığı mühitin
ab-havasına dözə bilməyən, öz
hüquqlarını tələb edən təmkinli
insanlardır.
Müəllifin ən
yaxın keçmişimizin real həyatıyla səsləşən
"Kəpənək ömrü" povestinin qəhrəmanları
ziyalı qadınlardır. Əsəri oxuyarkən
gözümüzün qabağına balalarına bir
parça çörək qazanmağın ucbatından
"talkuçka"larda, metronun keçidlərində hələ
də bəzən alver edən ziyalı qadınlarımız
gəldi. Onların əksəriyyəti
bürküdən, havasızlıqdan xəstəliklərə
tutulsalar da, həmin keçidlərdən əl çəkmirlər.
Çünki onların yeganə qazanc yerləri
ancaq oralardır. İnstitutlarda, müəssisələrdə,
məktəblərdə aldıqları məvacibləri
heç çörəkpuluna da çatmayan, sosial vəziyyətin
ağırlığından mənən düşkünləşən
qadınlarımızı müəllif bu əsərdə
üç qadının simasında cəmləşdirir.
Ehtiyac bu üç ali savadlı rəfiqəni
dovğalıq tərə, pencər, yemlik yığmaq
üçün Bakı bağlarının birinə
aparıb çıxarır. Bakının ətraf
düzənlikləri isə icarəyə verilib, sahibkarlar tərəfindən
zəbt edilib və qadınlara icazə verilmir ki, onların
işarə qoyduqları sahələri ayaqlasınlar. Bu
üç qadın - elmi işçi, hesabdar və
laboratoriya müdiri hələ də bazar
iqtisadiyyatının sərt qanunlarına, özəlləşmənin
ab-havasına alışa bilmir.
Savadsız, adlarını
belə düzgün yaza bilməyən sahibkarların təhqiramiz
sözlərinə məruz qalan qadınlar vaxtilə bir idarənin,
bir müəssisənin hörmətli, savadlı
işçiləri idi. Bu ziyalı qadınlara əzab verən
maddi vəziyyətlərinin çətinliklərindən
çox, mənəvi sarsıntılarıdır.
Laboratoriyamız daha yoxdur. Bizim ora gedib-gəlməyimiz
ölünün ömrünü uzatmaq kimi bir şeydir".
Adama elə gəlir ki,
"Kəpənək ömrü" əsərinin qəhrəmanları
cəmiyyətdə baş verən neqativ hallara, dözülməz
münasibətlərə, insanlar arasında dərin ziddiyyətlərə
dözməyib kəpənək ömrü qədər
qısa həyat yaşayacaqlar. Axı kəpənəklərin
ömrü bir-iki günlükdür. Lakin
Sara Oğuzun böyük yazıçı qüdrəti ilə
kəpənəyi rəmz kimi olaraq işlətdiyi son cümlə
bu qaranlıqları, boğucu ictimai münasibətlərin
torunu qırıb insanı işıqlığa
çıxarır. Bu "Zülmlə
özümü yerdən durmağa məcbur elədim ki, qoy
ömrünü ağzıbirdə qurtarmasın!"
cümləsi kiçik olsa da, güclü daxili enerjiyə
malikdir. Həmin cümlə ilə
azadlığın, işıqlı nə varsa onun rəmzi
kimi işlədiyi obrazı - kəpənəyi
yazıçı əsərin qəhrəmanının əli
ilə çölə buraxmağı qərara alır.
Bununla da yazıçı, sanki özü div
gücü ilə təpiyini yerə vurub, əsərin qəhrəmanlarını
və oxucularını azad ənginliklərə
qaldırır.
İstedadlı şairəmiz Firuzə
Məmmədli Sara Oğuz haqqında yazır: "Sara
Oğuz (Nəzirova) incə ruhlu, xoşsimalı, kamil
yazıçı qələminə və kəskin tənqidi
təfəkkürünə malik bir yazıçıdır.
Mən ona yazıçı deyərdim, incəsənət
sahəsində sərrast ilmələr vuran, oxucu təfəkkürünü
yerindən oynadan elmi məqalələri olmasaydı. Mən ona alim deyərdim, jurnalistika sahəsində
bu qədər uğurlu fəaliyyəti olmasaydı. Mən ona etnoqraf deyərdim, neçə-neçə
sənədli kinofilmlərin ssenari müəllifi olmasaydı.
Sara Oğuz bunların hamısını birdən
öz boyuna, çəkisinə, həcminə
ölçüsünə yerləşdirən bir
ziyalıdır".
Müəllifin qələmə
aldığı "Çərxi-fələk" povestinin
qəhrəmanı həyatda gözəllik, saf, təmənnasız
sevgi axtaran Xədicədir. Xədicə də
Ələkbərdə özünə qarşı ülvi məhəbbət
görmək istəyir. Ancaq bir-birlərinə
könül verən iki gənc maneələrlə
rastlaşırlar. Ələkbərin
anası "Əsli-kökü bilinməyən kəndçi
qızıyla bizimki tutmaz. Mən bu
rayonluların zatına bələdəm. Sürüynən
yaşayan millətdi. Bir də bu rayon
qızları Molla Nəsrəddinin bağlı
danasıdır. Açılan kimi min
işdən çıxırlar. Üstlərində
göz yox, qadağa-qaytan yox", - deyə oğlanı Xədicədən
soyudur. Bu iki gəncin yolu ayrılsa da, onlar
xoşbəxt olurlarmı? Tale elə gətirir
ki, ahıl yaşında tənha yaşayan Xədicə dənizdə
boğulur, onu sahilə çıxarırlar və çimərlikdə
olan Ələkbər qadını tanımadan, bilmədən
axşamdan səhərə qədər Xədicənin cənazəsinin
keşiyini çəkir. Biləndə ki,
keşiyini çəkdiyi meyit Xədicənindir, sanki
havalanır və günahını yumaq üçün
özü-özünü cəzalandırır. "Xədicəni mən öldürmüşəm"
deyib özünü polisə təslim edir.
Müəllifin indiyə kimi
səkkiz kitabı işıq üzü görüb. Əsərləri
rus, Ukrayna, ingilis, ispan və Çin dillərində nəşr
olunub. "Tale damğası" povesti
müəllifdən xəbərsiz ən yaxşı əsər
kimi Amerikada çıxan "İkarus" jurnalında
çap edilib. Jurnalın redaktoru
S.Şerri Sevistiades S.Oğuzun yaradıcılıq keyfiyyətlərinə
toxunaraq onu "ekstremal dərəcədə istedadlı
yazıçı" adlandırmışdı.
Onun
yaradıcılığında publisistika da xüsusi yer tutur. Müəllifin "Gözəlləmə",
"Ocaqlarımızın bərəkəti",
"Çin süsləməsi", "Keçmişimiz və
mədəniyyətimiz", "Ulu Naxçıvan",
"Qobustandan qaynaqlanan sənət", "Beşik
başında", "Vətənin qürbəti",
"Türkmən tərəfi" və s. əsərləri
adi yazılar deyil, onların hər biri toxunduğu mövzu ətrafında
dərin biliyin məhsulları, bitkin, poetik tablolardır.
"Gözəlləmə" publisist yazısında müəllif
azəri qadınlarının geydikləri zərxaralardan,
qanovuz atlaslardan, alışdım-yandım parçalardan,
boyun boğazlarına, qulaqlarına taxdıqları sinəbənddən,
Ay-ulduzdan, quranqabıdan, butaqarmaqdan, qırxdüymədən,
zənbil sırğadan söz açır, nənələrimizin,
gəlin-qızlarımızın bəzək-düzəyindən
sevə-sevə danışır, olduqca koloritli bir mənzərə
yaradır. "Türkmən tərəfi"
yazısında müəllif Türkmənistanın
etnoqrafiyasını, adət-ənənələrini, bunlarda
türkmən bacı-qardaşlarımızın ruhunun,
psixologiyasının çox təcəssümünü
ustalıqla oxucularına çatdırır. Esse janrında yazılmış bu publisist yazıda
informasiya zənginliyi ilə hiss-emosiya dolğunluğu cəmləşir.
Dramaturq-yazıçı Əli Əmirli S.Oğuzun
yaradıcılığına yüksək qiymət verərək
yazır: "Sara xanım əl atdığı bütün
mövzulara gözəllik, xeyirxahlıq və mərhəmət
ölçülərilə yanaşır. Elə buna görə
də müəllif fırça ilə rəsmlər çəkməsə
də, rəssamdır: Onun gördüklərini,
duyduqlarını, eşitdiklərini oxuyan hər kəs ilk
növbədə yüksək bədii zövq, ləzzət
alır, sözün dadını hiss edir; konkret bir hadisə,
konkret bir rəsm əsəri və ya rəssamdan
.... elə yazır, elə
danışır, onu bədii materiala elə çevirir ki,
çox vaxt haqqında söhbət açdığı
obyekti kölgədə qoyur".
Tənqidçi professor Tehran
Əlişanoğlu Sara Oğuzun kitabı haqda öz təəssüratını
belə ifadə edir: "...Bu kitaba yığılmış
povestlərlə hələ işim yox, məhz
"yazılar" - kitabın ikinci qisminə toplanmış
sənət oçerklərini nəzərdə tuturam. Məni, sadəcə, maarifləndirmədi - Azərbaycan
mədəniyyətinin zənginliyinə nə söz?!
Təəccübləndirmədi, yox, xüsusən buradaca
say-seçmə adlarla az qala yetmiş il
izlənən təsviri sənətimiz üzərində
dayanıram: - Rəngin, təsvirin, hətta lövhələrdə
çırpınan musiqinin sözə çevrilib gözlərim
önündə yenidən canlanması, doğrusu,
çaşdırdı və valeh etdi məni".
Bu həssas
yazıçının özü də dəyərli əsərləriylə
bərabər, tanınmış jurnalist Solmaz Əmirli
demişkən, "xalqımızın milli sərvəti"
idi.
2014-cü ildə haqq
dünyasına qovuşan Sara Oğuz özü də həqiqi
gözəllik yaradıcısı kimi xoşbəxt
yazıçı idi. Çünki özündən sonra qoyub getdiyi əsərləri
həmişə sevilib və seviləcəkdir.
Mənzər
Niyarlı
Ədəbiyyat
qəzeti. - 2019.- 3 avqust.- S.28-29.