"Bayburt qalasında top gülüm
qaldı..."
Bu gözəlim misralar sıx-sıx keçməkdə idi yaddaşımdan; orda - Türkiyənin Dədə
Qorqud, Bamsı Beyrək ruhu uyuyan qədim şəhəri Bayburtda...
Dönüb-dönüb xatırlamaqda
idim oxuduğum andan heç unutmadığım beytləri:
Yaylaqlar qalası
mən gəldi-gedər,
Əlvan yamaclardan, de, necə doyum?
Çiçəklər nə qədər, güllər
nə qədər -
Hansını qoxlayım, hansını duyum?
Bu doyulmazlığın
güldən-çiçəkdən daha çox, bir özgə səbəbi, bağlantısı
da var idi
və bu bağlantı üzündən
keçdiyim hər cığır, hər iz, baxdığım hər dərə, hər dağ fikrimi dəmadəm minilliklərin o üzünə
götürməkdəydi. Ta əzəllərdən
Oğuz elinin Qayı boyundan olan Balak Qazinin,
Qazi Bürhanəddinin
ruhunun dolaşdığı
yerlərdi burası -
İğdır, Sivas, Bayburt
yörələri şahiddi
buna. "Kitabi-Dədə
Qorqud"un "Bamsı
Beyrək" boyundan Bayburtun adı "Hökmdarın qoruqları
bizim Bayburtda" - deyə keçir: "Bamsı Beyrək getdi
qalasına. Qalası da Bayburtda. Çıxdı qalaya. Qalada yuyundu, paklandı... Öz libasını geyindi".
İndi o qədim Bayburt qalası ilə üzbəüz yüksəklikdə
Bamsı Beyrəyin məzarı tarixə şahidlik edir. Bu yönlərin
ilk şəhid oğlu
Gənc Osmanın türbəsi yanında...
İyulun 23-25 günlərin
civarında Bayburtda ənənəvi şəkildə
keçirilən beynəlxalq
"Dədə Qorqud"
festivalının 25-ci düzənində
qos-qoca doğmalıq
duyğusu ilə ziyarət etdik bu məzarı; mən idim, qələm dostlarım Xəyalə idi, Şəhanə idi, Zərnişan xanım idi, teleoperator Əfqan idi və bir də
sözügedən festivala
dəvətli olan qazax, qırğız, türkmən, özbək
sənətçiləri... Təbii ki, Bayburt bələdiyyə
görəvlisi Fatih Mehmet ilə bir arada.
Bayburt doğma Qarabağımızın
tale qardaşı, oxşarıdı;
1910-1912-ci illərdə erməni
zülmünə düçar
olub, rus işğalına məruz
qalıb. O illərin acıları hələ də xatirələrdə,
türkülərdə yaşamaqdadı.
Erməni-rus basqınından
zorla qurtulan, doğma yurd-yuvasından didərgin salınan soydaşlarımızın ozamankı
durumunu hələ də kıpır-kıpır
anlatmaqdadı bu türkü:
Bayburt qalasında
top gülüm qaldı,
Gülün daldasında
sünbülüm qaldı...
Təbii ki, Dədə Qorqud günləri boyunca o tarixi olaylarla bağlı deyilənlər söhbətlərimizdən
sıx-sıx keçirdi. Bayburtlu şair
Zehninin misraları dil əzbərimiz idi. Və hər addımbaşında
"Dədəm Qorqud"
dastanında öygü
yeri olan şahbaz atların tər qoxulu kişnərtisinə dinşək
kəsilmişdim. Ulular ulusu
Qorqud atanın qopuz səsini dinləməkdəydim. Onun
tarix qoxulu sorğuları qarşısında
müti halda dayanmaqdaydım:
Hanı dediyim bəy ərənlər,
Dünya mənim deyənlər?
Hər meh əsimində Qarabağın
məşhur xanəndəsi
Məşədi Məmməd
Fərzəliyevin "insanda
insan oyadan" şikəstələrini eşidirmiş
kimiydim; mühacir ömrü yaşamışdı
bu yerlərdə...
1926-cı ildə Türkiyəyə
qastrol səfərinə
getmiş, bir daha dönməmişdi. Bəlkə də qardaş Türkiyənin bu qədimlik qoxuyan, hər qədəmində bir Şuşa, Kəlbəcər, Laçın
xatirəsi yaşadan füsunkar təbiətinə,
Qorqud, Bamsı Beyrək ruhuna, deməli, ilkinliyimizə bağlanıb qalmışdı.
Kim bilir?
Həzrəti Mevlananın "Qonağam
bu gecə sənə, ey can, canımın canı"
duyğusallığı ilə
gəzib-dolaşdıq Bayburtu. Hər qədəm
başında "iç-içə
gözəllik, uc-uca kahır" mənzərələrinə
baxıb da durduq. Tarixi oxuduq "biz türkə
can" - deyə-deyə! Dadaloğlunun
ölümsüz misraları
puçurladı dil ucunda: "Uca dağdan aşan yollar bizimdir... Ölən ölüb, qalan sağlar bizimdir!".
Dost, qardaş elləri, dost-qardaş könülləri, bölgələri
bir araya gətirmək bütöv,
bitkin tariximizə bir arada nəzər
yetirmək amacıyla
Bayburtda düzənlənən
25-ci "Dədə Qorqud"
festivalında eyni dildə, eyni sayğıyıla anlaşmamızdan
elə mutluyduq ki... Qazax, qırğız,
özbək, türkmənellərindən
dəvətli olan qardaş-bacılarımız eyni
dastanların, əfsanələrin
iç dünyasından
söz açmaqdaydılar.
Unudulmaz Bəxtiyar Vahabzadədən
şeirlər söyləyirdilər.
Bayburtun 25-30 km-lik məsafəsində yer alan Dədə
Qorqud türbəsinə
eyni doğmalıq duyğuları ilə bir arada qədəm
basdıq. Məzarı başında rəhmət
dilədik. Dədə Qorqud
çeşməsindən su
içib könlümüzü
sərinlətdik. Özəlliklə dağlar qoynunda düzənlənən şənliklərdə
qol-qola, omuz-omuza yallı getdik, şeirlər səsləndirdik.
Sıralanıb qədimlərin yaddaş
saxlancı olan yeraltı şəhəri
5-6 yüz metr boyunca gəzdik. Bu yolçuluq boyunca
dərin hörmət
və sayğı bəslədiyim İrfan Çiftçinin xüsusi
bir doğmalıqla zarafata salıb "biz hamımız köklü
tərəkəmələrik" deməsini xatırlayırdım.
Yeraltı şəhərin sığınacaqlarından o tərəkəmə
həyatının izlərini
arayırdım. Ancaq fikrimi
daha çox Bayburt qalası, Dədə Qorqud türbəsi, Bamsı Beyrəyin əfsanəvi məzarı, o yerlərin
tarix əsintiləri çəkməkdəydi. Beşpınar köyündəki
açıq muzeydə
arxasıüstə atılıb
qalmış köhnə
arabanı göz önünə gətirdikcə
yaddaşımı yazacağım
yeni şeirin misraları döyəcləyirdi:
Tərsinə çevrilmiş
köhnə araba
Tarixi geriyə daşıyır
indi.
Eyni zamanda unudulmaz Məmməd Arazın misralarını
zikr edirdim:
Ey dəvə yal düşdüm daha belindən,
Ovsar çığır,
bir də tutum əlindən,
Sonam bulud, bir də öpüm
telindən -
Salamat qal, salamat.
"Salamat
qal, bu yerlərdə
Dədə Qorqud ruhu, Bamsı Beyrək əzəməti,
salamat qal" tapşırmasıyla ayrıldıq
Bayburtdan. Y.B.Bakilərin misralarıyla baş-başa:
Türkiyəm, həsrətim,
xınalı türküm,
İç-içə gözəllik,
uc-uca kahır...
Sərvaz Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2019.- 3 avqust.- S.29.