Mirzə Cəlilin "Poçt qutusu"na nəzəri
baxış
Dünya ədəbiyyatında yeni
ədəbi hadisə daha çox kollektiv şəkildə
meydana gəlirsə (ədəbi cərəyanlar
formasında), Azərbaycan ədəbiyyatında bu, fərdlər
şəklində baş vermişdir. Azərbaycan tənqidi ədəbi
hadisə kimi klassik ədəbiyyatda Nizami "Xəmsə"sini,
Nəsiminin fəlsəfi şeirlərini, Füzulinin
"Leyli və Məcnun"unu və s. qiymətləndirir. XIX əsr ədəbiyyatında
M.F.Axundzadənin yaradıcılığında yeni
janrların, fərqli yaradıcılıq formalarının
meydana gəlməsindən sonra ədəbi hadisə kimi dəyərləndirilə
biləcək əsərlər Cəlil Məmmədquluzadə
yaradıcılığında qarşımıza
çıxır.
Ədibin ilk qələm təcrübələrindən
olan "Çay dəstgahı" mənzum dram sahəsində,
"Ölülər", "Anamın kitabı"
tragikomediya sahəsində, "Molla Nəsrəddin"də
çıxan məqalələr publisistika sahəsində
yeni ədəbi hadisələrdir. Sadalananlara əlavə
"Poçt qutusu" hekayəsini də qeyd etmək
lazımdır. Cəlil Məmmədquluzadə
nəsri üçün xarakterik olan "adi"
insanların həyatının ədəbiyyata gətirilməsi
ilk dəfə "Poçt qutusu" ilə başlayır.
Bu kiçik hekayə
"kiçik" adamın hekayəsidir, amma təkcə Azərbaycan
ədəbiyyatının yox, dünya ədəbiyyatının
da bu janrda ən yaxşı nümunələrindəndir. "Poçt
qutusu" təkcə həcminə, surətlərinə,
hadisələrin baş verdiyi zamana görə hekayə
prinsiplərinə uysa da, ictimai məsələlərin təsviri
baxımından daha da böyükdür. Akademik İ.Həbibbəyli
"Poçt qutusu"nu məhz belə qiymətləndirir: "Poçt qutusu" hekayəsi
Cəlil Məmmədquluzadənin kiçik bir hekayənin
hüdudları daxilində az qala roman
mövzusu ola biləcək böyük ictimai mətləbləri
ifadə etmək imkanlarının əyani göstəricisidir.
Divanxananı yaxşı tanımağa məcbur edildiyi halda,
poçt qutusunun, poçtxananın mahiyyətini bilməyən
Novruzəlinin qəribə, zavallı taleyinin təqdimi əsasında
ədib Azərbaycan kəndlisinin, mənsub olduğu xalqın
böyük müdafiəçisi olduğunu nəzərə
çarpdırmışdır" (İsa Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. (Əsərləri, 10 cilddə, II cild). Bakı, "Elm və təhsil", 2017, 1068 səh.
S. 145).
Filologiya üzrə fəlsəfə
doktoru Nərmin Cahangirova hekayəni fərqli şəkildə
tərif edir: "Adətən "romandan
qoparılmış səhifə" adlandırılan hekayə
həyatımızın mərkəzində olan,
dövrümüzün, cəmiyyətimizin rənglərini
bütün çalarları ilə əks etdirən, insani
halların ən kiçik məqamlarını üzə
çıxarmaq qüdrətinə sahib bir janrdır" (Nərmin
Cahangirova, "Ədəbiyyat qəzeti", 20.08.2017). Yerində və doğru təsbitdir. Hekayə ən xırda detallara qədər vara bilən,
insanı fiziki cizgilərindən çox, mənəvi cizgiləri
ilə təsvir etmək gücünə malikdir.
Hekayənin digər nəsr
janrlarından fərqli xüsusiyyətləri odur ki, burada
süjet vahiddir, hekayədə hadisələrin təsviri daha
qısa zaman kəsimini əhatə edir, həm də roman və
ya povestdə rastlaşdığımız qədər obraz
bu janrda gözə dəyir. Mərkəzi obraz(lar)la
yanaşı, bir neçə köməkçi surətlər
hesabına hadisələr təsvir olunur. Bu
xüsusiyyətlərinə görə hekayə oxucusunu daha
tez tapır.
Mirzə Cəlilin süjeti
hansısa ədəbi faktın təkrarı və ya
dükonstruksiyası deyil. "Poçt
qutusu" həyatın özüdür. XX
əsrin əvvəllərində Azərbaycan kəndlisinin
durumu, acınacaqlı vəziyyəti burada əks
olunmuşdur. Kiçik adam - Novruzəli
yaxşı insan ikən pis adam kimi, yaxşılıq etmək
istəyərkən pislik etmək istəyirmiş kimi
görünür. Xanın,
"naçalnikin", poçt işçisinin
gözündə alçaldıqca alçalır. Amma bu günah Novruzəlinin günahı deyil, bu
günah cəhalətə və geriliyə, elmsizliyə və
savadsızlığa sürüklənmiş bütöv bir
xalqın günahıdır. Və bu
günahın cəzasını da çəkən təkcə
Novruzəli yox, bütün xalq olmuşdur.
Əli Nazim XX əsrə qədərki
ədəbiyyatı "yüksək, mümtaz siniflərin
zövqünə xidmət edən müqəddəs" bir
nəsnə adlandırır, bu müqəddəsliyə ən
sarsıdıcı zərbə "Poçt qutusu"ndan gəlir
və obrazlı düşünsək, belə qənaətə
gələrik ki, Novruzəlinin məktubları aparan rus
işçiyə vurduğu yumruqlar ədəbiyyatı
bütləşdirənlərə, onu əlçatmaz edənlərə
endirilən zərbədir.
"Poçt qutusu" ədəbiyyata
ilk dəfə və birdəfəlik olaraq milli cəmiyyətin
aşağı qatlarını, zümrələrini,
insanlarını gətirir. Novruzəlilər
birbaşa bədii ədəbiyyatın tədqiq predmetinə
çevrilir, mətbu haqlarında söhbət gedir. Hekayədə Mirzə Cəlil başlıca olaraq milli
cəmiyyətin zəminini təşkil edən bəy-xan və
kəndli münasibətlərinin anatomiyasına varmağa
çalışır. Ən kiçik təfərrüatlardan
tutmuş süjet həllinə qədər hər yerdə Vəli
xanın teleqraflı, məktublu, səfərli dünyası
Novruzəlinin ulaqlı, iş-güclü, gün-güzəranlı
dünyasına tuş gəlir, bir-birini tamamlayır. Vəli
xan üçün əyləncə, nağıl,
"qah-qah" olan məktub əhvalatı Novruzəlinin həyat
mündəricəsi, qəziyyəsi, faciəsidir...
Əsərin baş qəhrəmanı
olan Novruzəli avam, amma təmiz və safqəlbli xeyirxah bir kəndlidir. Bundan əlavə, o,
savadı olmayan, xanın qulluğunda çalışan (bu çalışma təkcə
muzdla iş deyil, can-başla, bütün varlığı ilə
fəaliyyətdir) bir insandır. Novruzəli
xanın ona verdiyi məktubu alandan sonra ağasının
"poçtxanaya getməlisən" sözü
qarşısında donub qalır. Çünki
Novruzəli poçtxananı tanımır. Amma buna baxmayaraq, xana sadiqdir. Məhz
buna görə də məktubu götürüb birbaş
poçtxanaya gedir. Qutuya məktubu salandan
sonra nə edəcəyini bilmir və orda daşın
üstündə oturub gözləyir. Bir-iki
nəfər gəlib, məktublarını Novruzəlinin
yanında dayandığı qutuya atıb gedirlər. Sonra bir rus gəlir və poçt qutusunu
boşaldıb getmək istəyəndə Novruzəli
xanın məktubunu oğurladığını zənn edərək
onu əzişdirir. Novruzəlinin qolundan tutub həbsxanaya
salırlar və xanın bütün cəhdlərinə
baxmayaraq, ona adam döydüyünə
görə üç ay iş kəsirlər.
Yazıçı Novruzəlinin
avamlığını onun savadsızlığında
görür və onun simasında Azərbaycandakı cəhaləti
ifşa edir. Ancaq Novruzəlinin savadsızlığından daha
ağır məqam var. O öz
savadsızlığının heç fərqində belə
deyil. Onun üçün ağasına
sadiq olmaq, onun bir sözünü iki etməmək əsasdır.
Ona görə də, Novruzəli başına gələn
hadisənin mahiyyətini anlamaqdan uzaqdır.
Cəlil Məmmədquluzadə
bu hekayəsi ilə Novruzəlinin timsalında yüzlərlə,
minlərlə novruzəliləri tənqid edir, onların
savadsızlıqlarını acı gülüş hədəfinə
çevirir. Öz dövründə Azərbaycan və müsəlman
aləmində savadsızlığın belə vüsət
alması yazıçını düşündürür
və sonrakı əsərlərində də o, dönə-dönə
bu problemə qayıdır.
C.Məmmədquluzadənin
bu əsərində tənqid hədəfi kimdir? Novruzəli,
yoxsa xan? Yuxarıda qeyd etdik ki, müəllif
geniş mənada xalqı savadsızlığa və geriliyə
çəkənləri günahlandırır. Bəs dar mənada isə əsərin konkret
obrazları arasında axtaracağımız bir satira hədəfi
kimdir?
"Poçt
qutusu"ndakı Novruzəlinin adi poçt qutusuna nabələdliyi
bir xalqın gerilik və savadsızlığının
ümumiləşdirilmiş faktı kimi maraqlıdır. Lakin bu kiçik hekayə həm
də azərbaycanlının pis mənada
şükranlıq, öz hüquqları uğrunda mübarizə
barədə düşünməkdən belə çəkinmək
faktını da ifadə edir: Novruzəli onun
savadsızlığına bais olan, onu mütiliyə
alışdıran xanda heç bir günah görmür, əksinə,
əsərin sonunadək ona layiq olmadığını dilə
gətirərək səmimi bir ehtiram göstərir. Yazıçı, əslində, novruzəlilərin
sivil bir xalq kimi formalaşmasına mane olan xanı - bu kontekstdə
ziyalını - daha çox satira atəşinə tutur.
(Allahverdi Məmmədli, filologiya elmləri namizədi,
"525-ci qəzet".- 2010.- 28 aprel.-
S.7.)
Hekayəni nəzərdən
keçirdikdə ədibin Novruzəlinin
saflığını hər şeydən yüksək
tutduğunu görürük. Müəllif
poçt qutusunun nə olduğunu bilməyən bu avam kəndliyə
deyil, onun əməyinin məhsulunu mənimsəyən, amma
güzəranının qayğısına qalmayan xana qəzəblənir.
(Səadət Vahabova. Cəlil Məmmədquluzadə
nəsrinin poetikası. Bakı, 2013, 164 səh.
84).
Bu hekayə Cəlil Məmmədquluzadə
yaradıcılığı üçün xarakterik olan
üslubun əsas cəhətlərini, müəllifin nəsr
poetikasının üslubi çalarlarını kamil bir
formada əks etdirir. "Poçt qutusu"nda qeyri-xətti
süjet və metaforik deyim və hadisə təsviri səciyyəvidir.
Dahi Nizaminin "Sözündə çoxluğa qoyma yer
olsun, // Birin yüz olmasın, yüzün bir olsun" əmrinə
uyan Mirzə Cəlil az sözlə
çox fikir söyləmək ustalığını
nümayiş etdirir, eyham, işarə sistemini işə
salır. Əsərin süjeti çılpaq oxucu
gözü ilə baxıldıqda belə, iki hissəyə
ayrılır: xətti və ümumiləşdirmə.
Süjetin xətti hissəsi
əsərin əvvəlindən - xanın məktubu
oxuması, Novruzəlinin sovqat gətirməsi ilə
başlayır və Novruzəlinin dalaşıb həbs
olunması, xanın gəlib onu həbsdən
çıxarmasına qədər davam edir. Bu hissədə
obrazlarla bağlı bütün məlumatlar əlimizdə
olur. Obrazlar haqqında fikir söyləmək
mümkündür.
"Poçt qutusu" janr
olaraq novator olduğu üçün tədqiqatlara da
geniş cəlb olunmuşdur. Amma əsərlə
bağlı yazılanları oxuduqca diqqətçəkən
əsas məqamlardan biri bu oldu ki, ayrı-ayrı tənqidçilər
"Poçt qutusu" əsərinin mahiyyəti üzərində
dayanmış və bu suallara cavab axtarmışlar. "Poçt qutusu" oxucunu
güldürürmü və ümumiyyətlə, bu əsər
oxucunu güldürmək üçünmü
yazılıb?
Suala 1942-ci ildə "Ədəbiyyat
qəzeti"ndə Mehdi Hüseyn cavab verir: "Poçt
qutusu" hekayəsini diqqətlə nəzərdən
keçirən hər kəs bu nəticəyə gələcəkdir
ki, Molla Nəsrəddin maraqlı bir sərgüzəşti
yazıb, oxucunu güldürmək istəmişdir. (Mehdi
Hüseyn. Dahi sənətkar. "Ədəbiyyat qəzeti", Bakı, 1942, 10
yanvar).
Bizim qənaətimiz isə
tamamilə fərqlidir. Mirzə Cəlil tragikomediya kimi təqdim
olunan əsərlərində "Ölülər"də,
"Anamın kitabı"nda gülüşü əsas
seçmədiyi kimi, "Poçt qutusu"nda da
gülüşü hədəf götürməmişdir.
Düzdür, tənqidçi M.Hüseyn sonra əlavə edir
ki, bizim heç birimiz Novruzəliyə sona qədər
gülə bilmirik, bunu biz istəsək də,
bacarmırıq, çünki Novruzəlinin vəziyyəti
yalnız zahirən gülməlidir. Əslində
isə ağlamalıdır (Mehdi Hüseyn. Dahi sənətkar. "Ədəbiyyat
qəzeti", Bakı, 1942, 10 yanvar.) Qeyd
etdiyimiz kimi, Novruzəlinin avamlığı üzümüzə
gülüş qonmasına qətiyyən icazə vermir.
Bu hekayə elə əvvəldən sonadək
bir xalqın faciəsini ifadə edir, o xalq biz olduqda bu
avamlığımıza necə gülə bilərik.
Nəzərə alsaq ki, XX əsrin
əvvəllərində Azərbaycan fərdlər şəklində
olan Novruzəlilər deyildi, fərdlər Vəli xan kimilər
idi. Novruzəli isə toplumun özü idi. Mirzə Cəlilin qəflət yuxusundan ayıltmaq
istədiyi xalq Novruzəlinin özü idi.
Novruzəli "tənqidi realizmin
proqram tipli qəhrəmanı"na
(Yaşar Qarayev. Realizm, sənət və həqiqət.
Bakı, "Elm" 1980, səh. 176)
çevrilir və özündən sonrakı tənqidi
realist ədəbiyyata işıq tutur. Cəlil
Məmmədquluzadə kəndli Novruzəli və
"Poçt qutusu" əhvalatı ilə mənəvi
intibaha, tərpənişə, dəyişməyə
ehtiyacı olan insanı və onu əhatə edən cəmiyyəti
realistcəsinə təsvir etməyə, göstərməyə
müvəffəq olmuşdur. Bu mənada
"Poçt qutusu" hekayəsi yeni çağa və yeni
insana çağırışın ilk mükəmməl
hekayəsidir. (Akademik İsa Həbibbəyli.
Ədəbi şəxsiyyət və zaman.
(Əsərləri, 10 cilddə, II cild). Bakı, "Elm və təhsil", 2017, 1068 səh.
S. 145).
"Poçt qutusu" hekayəsi
janr olaraq ilk olmasa da, mövzu və qaldırdığı
problem səviyyəsində ilkdir. İsmayıl bəy
Qutqaşınlı, Abbasqulu ağa Bakıxanovla yola
çıxan Azərbaycan hekayəsi Cəlil Məmmədquluzadə
yaradıcılığı ilə özünün ən
yüksək zirvəsinə çatmışdır. Yazılmasından bir əsrdən çox vaxt
keçməsinə baxmayaraq, "Poçt qutusu" öz təzəliyini
və təravətini heç vaxt itirməyəcək, harda
bir cahillik görünsə, avamlıq, bielmlikdən doğan
bəla yaransa, Mirzə Cəlil
və onun "Poçt qutusu" da xatırlanacaq.
Elxan Nəcəfov
Ədəbiyyat
qəzeti. - 2019.- 3 avqust.- S.30.