"Gecəyarı uşaqları" -
Ekranlaşdırılmış ədəbi əsərlər
Layihədə
Salman Rüşdinin "Gecəyarı uşaqları"
romanı əsasında çəkilən eyniadlı filmi təqdim
edirik
Süjet: Əsərin qəhrəmanı
Səlim Hindistanın müstəqillik günü 1947-ci il avqustun 15-də doğulan onlarca uşaqdan
biridir. Əhvalat da onun dilindən
danışılır. Onun babası,
müsəlman həkim Əziz müalicə etdiyi mülkədarın
qızıyla evlənir. Amma
arvadının kompleksləri və mühafizəkarlığından
dolayı onunla dil tapa bilmir. Bununla belə,
cütlüyün beş uşağı
doğulur: iki oğlan və üç qız.
1918-19-cu illərdə
Böyük Britaniyaya qarşı milli azadlıq hərəkatında
Əziz də iştirak edir. Daha sonra Əziz müsəlmanların
haqqını qoruyan və ölkənin vahidliyi
üçün mübarizə aparan islam
partiyasına daxil olur. Və gənc şair Nadirlə tanış olur. Müsəlman
liderinin qətlindən sonra Nadir Əzizin evində gizlənir,
onun ortancıl qızı Mümtazla nikaha girir. Ancaq onların arasında intim münasibət baş
vermir. Bu sirri Mümtazın ailəsi biləndən
sonra cütlük ayrılır.
Əzizin kiçik
qızı Emerald ambisiyalı zabit Zülfüqara, Mümtaz
isə böyük bacısı Aliyənin keçmiş
nişanlısı, biznesmen Əhməd Sinaya ərə gedir. Əhməd
onun adını dəyişərək Əminə qoyur.
Əhməd Sinay müsəlman
şərikləri ilə Dehlidə biznes mərkəzi
açmaq istəsə də, hinduslar anbarları
yandırır. Biznesi iflasa uğradıqdan sonra Əhməd
həkim dostunun dəvəti ilə Bombeyə yerləşir.
Ailə burada ingilis Metvoldun evini alır.
Dehlidə baş nazir Cəvahirləl
Nehru xalqı müstəqillik günü ilə təbrik edən
gün, yəni Hindistanın müstəqilliyinin elan
olunduğu gecə 1001 uşaq doğulur. Doğulan 1001
uşağın hər biri sehrli, əsrarəngiz xüsusiyyətlərin
daşıyıcısı olur.
Əminə və
küçə müğənnisinin arvadı Vanita da məhz
bu gündə dünyaya uşaq gətirirlər. Amma Vanita
uşağı ərindən yox, ingilis Metvolddan gözləyir.
Bundan isə Metvoldun xəbəri yoxdur. Mamaça Mari zəngin Əhmədin oğlunu yoxsul
Vanitanın oğlu ilə dəyişir. O, bunu
inqilabçı sevgilisi, varlıları sevməyən D
Kostaya görə edir. Vanita doğuş
zamanı ölür. Vanitanın əri oğlunun
adını Şiva, Sinaylar isə Səlim
adlandırır. Mari vicdan əzabı çəkir
və günahını yumaq üçün Sinayların
evində Səlimə dayəlik edir. Az
sonra Sinaylar ailəsində ikinci uşaq, Cəmilə
doğulur.
İngilis məktəbində
oxuyan doqquz yaşlı Səlim qəfildən beynində səslər
eşidir və düşünür ki, onunla danışan mələklərdir. Valideynləri
ona küfr etməyi qadağan edir. Səlim daha bu haqda nəsə
demir. O, ətrafdakıların fikrini oxuyur və
anasının keçmiş əri ilə
görüşdüyünü bilir. Əhməd
isə yenidən maliyyə böhranı ilə üzləşir
və xəstələnir.
Səlim qeyri-adi qabiliyyəti
ilə gecəyarı uşaqlarını
araşdırmağa başlayaraq onları bir yerə
yığır. Onların arasında xüsusən Səlimin antipodu Şiva və cadugər Parvati seçilir. Səlim
fikrən gecəyarı uşaqları ilə ünsiyyət
qurur, zorakılığa meyilli Şiva ilə
konfliktə girir. Bir gün aldığı
travma nəticəsində Səlim xəstəxanaya
düşür. Valideynləri ilə onun
qan qrupu üst-üstə düşmədiyi aydın olur,
onlar Sinayı müvəqqəti dayısının yanına
göndərir.
Ölkədə siyasi,
sosial, etnik hadisələr baş verdikcə Səlimin də həyatında
dəyişikliklər baş verir. O, cadugər Parvati ilə realda tanış olur. Onun Şivadan olan oğluna
atalıq edir və bütün başına gələnləri
fabrikdə işləyən, evlənəcəyi qadına
Padmaya danışır...
Salman Rüşdinin magik
realizm metodunda yazdığı əsər 1981-ci ildə
yayımlanıb və ona üç dəfə Buker
mükafatını qazandırıb. Yazıçı
mürəkkəb tarixi hadisələri əsasən Səlimin
şəxsi həyatından keçirərək qələmə
alır. O, bölgədə baş verən mühüm
siyasi hadisələrin baş verməsi ilə Səlimin həyatında
baş verən yenilikləri, dönüş nöqtələrini
paralelləşdirir. Müəllif reallıq və
mistikanın, fərdin və ölkənin taleyinin hibridini
yaradaraq Hindistanın tarixinə, problemlərinə,
Böyük Britaniyanın vətəninə olan təsirinə
maraqlı nöqtələrdən baxır. Səlim və digər gecəyarı uşaqları
Hindistanın gələcəyini simvolizə edir. Və əsər Səlimin ailəsinin 1910-76-cı
illərdəki dövrünü əhatələyir.
"Gecəyarı
uşaqları" postmüstəmləkə ədəbiyyatın
klassik nümunəsi sayılır.
Əsər 2012-ci ildə
hind-kanadalı rejissor Dipa Mehta tərəfindən
ekranlaşdırılıb. Müxtəlif kino
mükafatlarının laureatı olan Mehta daha çox
"Elementlər" trilogiyasının müəllifi kimi tanınır.
Bu trilogiyada rejissor Hindistandakı həmvətənlərinin
şəxsi dramından danışır, onların
rastlaşdığı vəziyyətləri dini tabu və
ya xalqın ənənələri ilə ziddiyyəti
kontekstində təsvir edir.
Lakin "Gecəyarı
uşaqları" romanın çox pis
ekranlaşdırmasıdır və ümumiyyətlə,
yaxşı olardı ki, bu film çəkilməyəydi. Çünki
bu ekran versiyası romanın məzmununun, onun ruhunun,
stilistikasının son dərəcə təhrif olunmuş,
qeyri-estetik təqdimatıdır. Yəni hiss olunur ki,
rejissor romanın uyğun ekran həllini, kinodilini tapa bilmədiyindən,
ordakı çoxqatlılığı, kompozisiyanı sadəcə
ekrana köçürməyə cəhd göstərib.
Filmin ssenarisi Salman Rüşdiyə məxsus olsa da, bu, ekran işini fiaskodan xilas edə bilməyib.
Ssenari yığcam işlənib
və əsər magik realizm metodunda yazılsa da, filmdə
rejissorun məlum metoddan istifadəsi alınmayıb. Müəllif
- magik realizmə xas olan xüsusiyyətlərin- magik elementlərin
gerçəklikdə normallıq kimi qəbuluna, ziddiyyət
kimi qəbul edilməməsinə, zamanla oynamaya,
keçmişin indi ilə konfliktinə, folklor elementlərindən,
simvollardan istifadəsinə nail olmayıb. Başqa cür desək, magik realizmi, təklif elədiyi
kinoreallığında əridə, gerçəkliyin
davamına, zərurətinə çevirməyib. Əvəzində Səlimin beynində səslənən
səslər, digər gecəyarı uşaqları ilə
vaxtaşırı toplantısı və s. ekrandakı
gerçəklikdən qopmuş, saxta, sadəcə, primitiv
fantastik element qismində reallaşıb. Və
bu ölkənin, Səlimin hekayəti ilə dil tapa bilmir.
Məsələ ondadır ki, dünya kinosunda
sırf magik realizm metodu ilə işləmək geniş
yayılmayıb. Amma metodun elementərini ayrı-ayrı
filmərdə tapmaq mümkündür: Vudi Allenin "Paris
gecəyarısı", Lars fon Trierin
"Melanxoloya", Əmir Kusturitsanın "Qaraçı
zamanı" filmlərində müəlliflər gerçəkliklə
magiyanın vizual-estetik-fəlsəfi səviyyədə unikal
uyğunluğunu yaradır.
Bundan başqa, Salman Rüşdinin
islam, xristianlıq, buddizm, hinduizm və başqa dinlərin elementlərindən yararlanması da
kinomaterialda əksini tapmır, bu da, təbii ki, filmin məna
miqyasına, estetik dəyərinə təsir göstərir.
Romanda tarixi hadisələrlə
paralellik qəhrəmanın şəxsi həyatı ilə
iç-içə girir, vahid, ayrılmaz həyat modeli kimi təqdim
olunur. Filmdə
isə tarixi hadisələr ötəri, səthi işlənir,
montaj dramaturgiyasındakı natamamlığın, adekvat bədii
həllin yoxluğu üzündən Səlimin özəl həyatı
ilə ahəngdarlıq təşkil eləmir, onun taleyindən
yan keçmiş təəssüratı yaradır:
misalçün, Pakistanda çevriliş, İndira Qandinin
fövqəladə vəziyyət elan etməsi, gecəyarı
uşaqlarının həbsi və s. Nəticədə
romanın malik olduğu mühüm bir məziyyət itirilir.
İndira Qandinin gecəyarı
uşaqlarını həbs əmri verərkən iri planda yemək
yeməsinin karikaturalaşdırılması maraqlı həlldir.
Ancaq belə bir yanaşma yuxarıda
sadaladığım səbəblərdən orqanik
görünmür.
Əvvəldə
Hindistanın müstəqilliyinin elan olunması sənədli
kadrlarda yer alır. Ancaq bu sənədli kadrlar əhvalatda
haşiyə statusunda görünür. Başqa
cür desək, sənədli kadrların kompozisiyaya daxil edilməsi
bədii təsvirlərlə vizual-dramaturji baxımdan
uyuşmur, kənar, müstəqil epizod təsiri
bağışlayır. Təhkiyədəki
qüsurların bir səbəbi də rejissorun Səlimin həyatına
daha çox aludəçiliyidir.
Qısası, Dipa Mehtanın
romana fərqli yanaşması olmadığından, film ənənəvi
hind kinosu estetikasında alınıb.
"Gecəyarı
uşaqları" Toronto festivalında nümayiş olunub. Səlim Sinay
rolunu hind-britaniyalı aktyor Satya Bhaba ifa edib.
Filmin çəkilişləri
2011-ci ildə Şri-Lankanın Kolombo şəhərində
baş tutub. Rejissor müsəlman fundamentalistlərinin
etirazlarından çəkinərək filmi Pakistanda lentə
almayıb. Hindistanda isə İndira
Qandinin ailəsindən və Hindistan Milli Konqresi
partiyasının tərəfdarlarından ehtiyatlanaraq çəkilişləri
burada aparmayıb. Filmdə istifadə
olunan mebellər, rekvizitlər, kostyumlar Hindistandan gətirilib.
"Gecəyarı
uşaqları" filmi Hindistanda ilk nümayişdən sonra
Milli Konqres partiyasının kəskin etirazı ilə
qarşılaşıb. Etiraza səbəb keçmiş baş nazir
İndira Qandinin obrazının filmdə mənfi verilməsidir.
Bundan sonra filmin nümayişi dayandırılıb. Qeyd edim
ki, romanın çapından sonra İndira Qandi Britaniya məhkəməsinə
müraciət edərək, əsərdə onun təhqir
olunduğunu iddia edib və müəyyən hissələrin
çıxarılmasını istəyib.
Yazıçının razılığı ilə növbəti
nəşrlərdə həmin hissələr
çıxarılıb.
Sevda Sultanova
Ədəbiyyat
qəzeti.- 2019.- 3 avqust.- S.31.