Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Henrik
İbsenin "Oyuncaq ev" pyesi əsasında çəkilmiş
eyniadlı filmi təqdim edirik.
Süjet:
Əsərin qəhrəmanı Nora vəkil Torvaldın
arvadıdır. Ailə
üç uşağı ilə birlikdə xudmani, rahat evdə
yaşayır. Hadisələr Milad
bayramı öncəsi baş verir. Nora
Milad öncəsi uşaqlarına və ərinə bayram hədiyyəsi
alır. Torvald arvadını
israfçılıqda günahlandırır. Çünki ailə maddi sıxıntıları
üzündən qənaət etməyə məcburdur.
Yaxınlarda Torvald banka direktor təyin
olunsa da, onun donluğu yalnız bir neçə aydan sonra
artırılacaq. Ona görə Torvald
arvadının qənaət etməsini vacib sayır.
Torvald
öz kabinetinə çəkilir, az sonra
onlara Noranın çoxdankı rəfiqəsi Kristin Linde gəlir.
Uzun illərdir ki, rəfiqələr
görüşmür. Kristinin əri
ölüb, nikahdan isə onun uşağı yoxdur.
Noranın isə bu illər ərzində ciddi problemləri
olub. Nikahın ilk illərində Torvald çox işlədiyindən
xəstələnir. Həkimlər məsləhət
görür ki, sağalması üçün ona mütləq
cənub iqlimi lazımdır. Bütün
ailənin İtaliyaya köçməsinə böyük
pullar lazım olduğundan, Nora bir adamdan borc götürməli
olur. Ərinə isə pulları
atasından aldığını deyir. Və
Nora bu müddətdə faizlə borcları qaytarır.
Nora rəfiqəsinə söz verir ki, onu ərinin
işlədiyi bankda işə düzəldəcək. Həmin məqamda
isə əri kabinetində Kroqstadla söhbət edir. Əri Kroqstadı işdən qovmağa
hazırlaşır. Boş qalmış
yerə isə o, Kristini götürəcək.
Torvaldın Kroqstadı qovmasına səbəb onun ləkəli
keçmişidir. Nə vaxtsa o, bir maliyyə sənədinə
saxtakarlıqla imza atıbmış. Amma məhkəmədən
yayınaraq vəziyyətdən çıxa bilir.
Əri bilmir ki, eyni saxtakarlığı Nora da edib. Qadın Kroqstaddan borc alarkən,
atasının zəmanət
məktubuna onun əvəzində imza atıb. Çünki
atası həmin vaxt ölüm ayağında idi və imza
ata bilməzdi. İşdən qovulan
Kroqstad Noradan onun işdə qalması üçün
köməklik göstərməsini xahiş edir. Nora ərindən
onun qovulmaması üçün xahiş etsə də, Torvald
arvadını ciddiyə almır. Onda Kroqstad
Noranı hədələyir ki, borcun ondan aldığı
haqda ərinə deyəcək. İstəyinə nail
olmayan Kroqstad cütlüyü şantaj edir. O, Torvalda göndərdiyi
məktubda Noranın saxtakarlığının üzə
çıxacağı təqdirdə, onun bankdakı vəzifəsində
qalmayacağını, nüfuzunun ləkələnəcəyini
yazır. Nora çıxış yolu axtarmağa
başlayır. O, bir tərəfdən ailənin dostu həkim
Ranka da naz edir. Sifilisdən əziyyət çəkən
və tezliklə öləcək həkim Noraya aşiq olsa
da, bunu dilə gətirmir. O, Noraya istədiyi məbləği
verməyə hazırdır.
Amma iş elə gətirir ki, Rank son günlərini
qapalı keçirərək heç kəsi qəbul etmir.
Kroqtsad Noraya xəbərdarlıq edir ki, intihar
çıxış yolu deyil, bu halda onun xatirəsi də
rüsvay olacaq. Çıxılmaz vəziyyətdə
qalan Noraya Kristin kömək edir. O, uzun illər öncə
Kroqstadla sevgili olubmuş. Amma qadın
başqasına ərə gedir. Çünki
anası və iki qardaşını dolandırmaq
üçün maliyyə lazım idi. İndi
isə o, azaddır və Kroqstada ərə gedə bilər.
Onun əri və anası ölüb,
qardaşlar isə özləri müstəqil yaşaya bilirlər.
Kroqstad qadının təklifini sevinclə qəbul
edir və şantajdan əl çəkir. Amma məktub artıq Torvaldın poçtunda olur.
Torvald məktubu oxuyanda isterikaya
düşür. O, uşaqları arvadından
ayırmağı qərara alır. Söz-söhbət
olmaması üçün Noranın onunla eyni evdə
yaşamasına izin verir, amma ər-arvad münasibətinin
olmayacağını deyir.
Bu vaxtda Kroqstaddan tələblərinin geri çəkməsi
haqda məktub gəlir. Torvaldın ovqatı bir anda dəyişir,
çünki ailə xilas olunub. O, Noranı yenidən əzizləməyə
başlayır. Torvald düşünür ki,
Nora onun itaətkar oyuncağıdır və istədiyini edəcək.
Amma Nora onunla razılaşmır və evdən
ayrılmağı qərara alır. Çünki
əri onunla həmişə oyuncağı kimi rəftar edib,
Nora bunu bilsə də, sevdiyi üçün ərini
bağışlayır. O düşünürdü ki,
əri çətin vəziyyətdə günahı öz
üzərinə götürəcək, onun arxasında
dayanacaq. Amma onun qorxaqlığı,
özünü düşünməsi qadını məyus
edir. Nora dərk edir ki, əslində, onlar
həmişə yad olub və aralarında böyük
uçurum dayanırmış. Noranın qərarı
Helmeri sarsıtsa da, qadın fikrindən dönmür...
Norveçli
dramaturq Henrik İbsen (1828-1906) pyesində dövrünün
çox vacib məsələlərini əhatə edir:
qadının cəmiyyətdə yeri, ona kişimərkəzçi
münasibət, insan azadlığı, saxta dəyərlər,
meşşanlıq, burjua dünyasının riyakar ləyaqət
anlayışı və fərdin bunun girovuna çevrilərək
özündən imtinası. Yeri gəlmişkən,
müəllifin müasirləri arasında əsəri
feminizmin manifesti kimi dəyərləndirənlər də
vardı.
İbsen pyesi real hadisələr əsasında yazıb. Nora
norveçli-danimarkalı yazıçı Laura Kilerin
prototipidir. Onunla İbsen arasında dostluq
münasibəti olub. Laura Danimarkaya gedir və burada Viktor Kilerlə ailə
qurur. Əri xeyirxah olsa da, bəzən
onunla amansız davranır, xüsusən də pulla
bağlı problemi olanda, o bunu ağır keçirirdi.
Sonralar Viktor vərəmə tutulur və
müalicə üçün Cənuba getməsi lazım gəlir.
Viktorun zəngin atası ona dəstək
olmadığından Laura ərindən xəbərsiz bankdan
ssuda götürür. Ailə İtaliyaya
gedir və əri sağalır. Onlar geri
dönəndə Laura bu barədə İbsenin həyat
yoldaşına danışır. Sonralar
da Laura bankdan pul götürür, amma onu ödəməkdə
çətinlik çəkir. Bunu bilən
əri dostlarının təsiri ilə ondan ayrılır,
uşaqları da əlindən alır. Ancaq
Viktor sonralar ona yenidən evlənmək təklif edir və
qadın onun təklifinə razılaşır. Laura isə ədəbi fəaliyyətinə
qayıdır. Beləliklə, onun taleyi
"Oyuncaq ev"in süjetini təşkil edir.
"Oyuncaq ev" pyesi dəfələrlə müxtəlif
ölkələrin teatrlarında tamaşaya qoyulub. Və bir
neçə dəfə əsərin ekran versiyası işlənib.
Bu ekran versiyalarının müəllifləri
arasında bir isim xüsusən diqqətimi çəkdi.
Yeni alman kinosunun liderlərindən biri, tematik və
stilistik baxımdan novatorluğu ilə kinoya təravət gətirən
Rayner Verner Fasbinderi nəzərdə tuturam. Təəssüf ki, bu film və pyesin əsasında
lentə alınan digər ekran işləri əlçatan
olmadığından, ancaq Patrik Qarlendın versiyası üzərində
dayanacağıq.
Britaniyalı rejissor Patrik Qarlendin 1973-cü ildə
çəkdiyi eyniadlı film pyesin atmosferini demək olar ki,
tamlıqla çatdıra bilib. Film hər şeydən
əvvəl doğru seçilmiş aktyorlar, aktyor ifası,
interyerin, məkan həllinin hesabına alınıb. "Oyuncaq ev" kamera dramıdır və hadisə,
konfliktlər qısa müddətdə baş verir. Onu
da qeyd edim ki, İbsen Avqust Strindberq, Anton Çexov, Moris
Meterlinklə birlikdə "yeni dram"ın
yaradıcılarından biri hesab olunur. Yəni "Yeni dram" yeni tip
konfliktdir və burda fərdin gerçəkliklə
toqquşması onun mənəvi aləmini təhrifə məruz
qoyur. Müəlliflər
insanın daxili aləminə fokslanır, onun
şüurundakı, vicdanındakı konfliktə diqqəti
çəkir. Remarkalar köməkçi
vasitədən həlledici elementə çevrilir. Və sosial həyatın bir qayda olaraq, haqqında
susulan tərəfləri araşdırılır. Çexova görə, insanlar səhnədə nahar
edir, çay içir, bu müddətdə isə onların
taleyi alt-üst olur. Bu mənada
Çexovun fikrini filmə proyeksiya etsək, hermetik, dar məkanda,
sadəcə bir evin içində anidən ailə
idilliyası dağılır, meşşan dünyasında
yerini rahatlamış personajlar özlərinin komfort
zonasından çıxmalı olur. Personajların
reallığı gözardı edərək, qurduqları
illüziyalarla dolu dünya bir anda dağılır.
Rejissor münasibətlərdəki, ailədəki
saxtalığı, hadisələrin gedişatında baş
verən gərginliyi ifadə etməkdən ötrü barokko
tonallığına yaxın interyerlərdən istifadə
edib. Məkanlarda barokkaya xas kontrastlıq, gərginlik,
dinamiklik, qeyri-təbiilik duyulur və dekorasiyalara dəbdəbə,
ehtişam xasdır. Torvaldın (Entoni
Hopkins) riyakarlığı - adi vəziyyətlərdə
arvadını əzizləyici adlarla
çağırması, çətinliklə
qarşılaşanda isə öz yaxasını kənara
çəkərək onu ittiham etməsi- söz və vizual
səviyyədə çatdırılır.
Yuxarıda aktyor oyununu təsadüfən qeyd eləmədim. Hadisələrin
əvvəlindən finala doğru, kulminasiya nöqtəsindək
Noranı (Kler Blum) sadəlövh, yüngülfikirli
qadınları andıran qrimdə görürük. O,
faktura və mahiyyətcə ərinin istəyini ifadə edən
marionetdir. Finalda o, ərinə məyus olandan
sonra oyundan çıxır və tamaşaçı
qarşısında sadə, ciddi, qətiyyətli, maskasız
bir qadını görür. Öncəki
qrimdə Noranın infantilliyi, sonrakı qrimdə isə onun
yetkinliyi qabardılır. Torvaldın simasında,
Noranın üsyanınadək təmkinli, mülayim, amma
basqıçı əri tanıyırıq, sonda isə o,
özünəinamsız, zavallı, miskin birinə
çevrilir. Hər iki aktyor obrazlarının təyinatını
dəqiq anladığından, bu, filmin ümumi keyfiyyətinə
mühüm təsir göstərir.
Filmdə qadın, ümumiyyətlə, insan
azadlığı radikal şəkildə qoyulur. Noranın
simasında mənəvi istifadəsinə, istismarına son
qoyan, meşşan dünyanın oyuncağı olmaqdan imtina
etməyə cəsarət tapan obraz qabardılır.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 17 avqust.- S.31.