Darıxan adam
şəkli
Getmə
Bilirsən?
Bu gecə də yatmamışam,
Sabah açılır İstanbulda.
Gedən
bütün qadınların
yuxusu dağılır
saçlarımda.
İndi mən neyləyim?
Səni gülməyimdənmi söküb
atım?
Əllərimdənmi söküb atım?
Bədənimin harasından qopub
düşdün,
çiçək oldun?
Yaz yağışları qapını
döyməmiş,
Mənlə bir az
böyüməmiş
hara gedirsən?
Gör nə qədər adam var
ovucunda mərmi sıxan,
Allaha inanmayan,
canı sıxılan.
Hələ ki bu zəhrimar kapitalizm
anamızı ağladır,
Sən getməli deyilsən!
Sən getsən,
İçimdə intiharlar başlayacaq,
Ayaqyalın, başaçıq uşaqlar
özünü asacaq.
Sonra bir neçə zabiti gülləyə düzəcəklər,
Öləcəklər, öldürəcəklər,
məsələn,
Nazimin dörd divarlar arasında
yaşamağı vəsf
etməyini,
Getmə...
Biz ikimiz ölməyin səhərində,
Duman başa şərabıq,
Allahdan gizlənən başdanxarabıq,
Getmə...
Bilirsən?
Bu gecə də yatmamışam,
Sabah açılır İstanbulda.
Gedən
bütün qadınların
yuxusu dağılır
saçlarımda,
Getmə...
Qollarına darıxdığım, necəsən?
Bir ümidlik sabahlarda sevgili,
Göy üzünün
darıxmağı keçəcək.
Bir gün baxıb görəcəksən bu
adam,
Əllərindən yuva qurub köçəcək.
Köçəcək e, əllərinin
istisi,
Köçəcək lap baxışları
üzündən.
Deyəcəklər, "gül kimi sevirdi də,
Niyə
belə uzaq tutdun özündən?".
Qollarına darıxdığım, necəsən?
Bilirsənmi mən necəyəm, bilirsən?
Gözlərindən öpüb kirpiklərini,
Sayıram ki, yuxuma da
gələsən.
Görəsən ki, görəsən
ki, gəlmişəm,
Gözün döyür Ay işığı
kölgəmə.
Bir dəniz də gətirmişəm özümlə,
Gedib məni
o sahildə gözləmə.
O pəncərə, o ev bir də,
o küçə,
Bir o axşam,
bir o yağış,
o gecə.
Şam yandırıb işıq
tutub gizlicə,
Üzündəki xalı öpüm, görəsən?
Bir ümidlik sabahlarda sevgili,
Göy üzünün
darıxmağı keçərmi?
Əllərinə yuva quran əllərim,
Heç köçərmi yuvasından,
köçərmi?
Görəsən ki, görəsən
ki, gəlmişəm,
Gözün döyür Ay işığı
kölgəmə.
Bir dəniz də gətirmişəm özümlə,
Gedib məni
o sahildə gözləmə.
Darıxan adam şəkli
Göy üzündə buludlar,
Yağışın duran şəkli.
Döş cibimdə gizlənən,
Qızın ağlağan şəkli.
Bir də gedib soruşam,
lap Allahın özündən
-
Ay Allah, necə olur,
darıxan adam şəkli?
Bir kişinin qadın
üçün darıxması
Hərb
və sülh
Bir kişinin qadın üçün darıxması
kədərlidir,
Soyuq yatağa tək uzanıb,
siqaret çəkmək
kimi,
- Arada gəlib öpəcəm,
ayrılıq dadan gözlərindən, - demək
kimi.
Bir qadının kişi
üçün darıxması
faciədir,
Belə
faciə kimi:
Ağdam
istiqamətli bir güllə,
Heç
özü də bilmədən
açılır bir
zabitin sinəsində,
Nişanlısı da varmış zabitin.
Gedib gülləni dərir zabitin sinəsindən
taxır saçlarına,
Düşür küçələrə başlayır oxumağa:
- Şuşanın dağları
başı dumanlı,
Dərdindən ölməyə çoxdur
gümanlı...
Bir kişinin qadın üçün darıxması
kədərlidir,
Belə
darıxmaq kimi -
O qədər gözəlsən
ki,
Adam istəyir bütün
günü şəkillərinə
baxa.
Baxa-baxa
işə gedə,
İşdən gələ,
Çay
içə
Yemək yeyə.
Şəhid xəbərlərini eşidəndə
Oturub sənin
şəkillərinlə ağlaya.
O qədər gözəlsən
ki,
Dəhşətsən,
Kişi həsrəti kimi.
Bir kişinin qadın üçün darıxması
kədərlidir...
Əllərinin gecə yuxusu
Minarələr boy göstərən şəhərdə,
Yağış yağır, dəniz də var hələlik.
Qızım, səndə insaf
yoxdu, deyəsən,
Mən burdayam, İstanbulda, ölmədik...
Gün üzü göyərməz
ayrılıqların,
Həsrətim bir köynək aralı səndən.
Öpüşüm var saçlarında unutma,
Unutdunsa,
xəbər tutma öləndən...
Ölülər danışmaz, ölülər
gülməz,
Ölülər ayrılmaz, ölülər
sevməz.
Qızım, amma bilirsən
ki, sağam, sağ,
Bilirsən ki, səni sevən
öləmməz.
Özümə nə deyim, sən boydayam e,
Əlim əllərinin gecə yuxusu.
Sən boyda həsrətəm uzaq şəhərdə,
Ayrılığın yoxdu bizdən qorxusu.
Elçin ölsün, ölsün
Elçin - deyənim,
Yadındamı nəfəsini öpməyim?
Siz tərəfdə
soyuqdumu, sən Allah?
Üşüyürəm, donuram e, neyləyim?
Qağayılar qanad açıb
uçdular,
Qalatanın bəxti yoxmuş, işə bax.
Az qalıb ee,
Körpülərdə intiharlar şəhəri,
Sənin
dəli şairini udacaq...
Səni gözəl sevirəm
Səni
gözəl sevirəm,
Gülüşü həyat gülüm.
Görsən ki, yuxun gəlir,
Ürəyimə yat, gülüm.
Səni
gözəl sevirəm,
Saçları dəli külək.
Payızdan yaza dönüb,
Ağaca yarpaq düzək?
Səni
gözəl sevirəm,
Nə ağrım
var, nə acım.
Çox
qəşəng gülürsən
ki,
Sənə şeirlər yazım?
Səni
gözəl sevirəm,
Dəli eşqim dəlidi.
Saçlarına toxunan,
Küləkmidir, küləkmi -
Yox, Tanrının
əlidi.
Səni
gözəl sevirəm,
Gülüşü həyat gülüm.
Görsən ki, yuxun gəlir,
Ürəyimə yat, gülüm.
Müqəddəs ata...
Müqəddəs ata,
Qollarını geniş açma,
Qucaqlamağa o qədər qadın
var ki,
Sənə qadın qəhətdi?
Müqəddəs ata,
Yağışların gəldiyi yerə gedən adamlarıq,
Biz, bir balaca dünən
varıq,
Sabah varıq,
İllər sonra
Çox
uzaqlarıq -
Başa düşürsən müqəddəs
ata?
O qadını qucaqlama...
Müqəddəs ata,
Yanvar küləkləri dənizləri
üşüdəndə,
Axşamların gözündən tökülər
yuxusu.
Freskaların sükut dolu qorxusu,
Öləziyən şam işıqları
belə
Kilsələrini tənha qoymaz.
Olmaz!- müqəddəs ata,
O qadını qucaqlama...
Yağışların gəldiyi yerə gedən adamlarıq...
Bilmirəm, o xaraba qucağında,
Geniş açdığın qollarında
nə görüb o qadın?
Kilsə
zənglərindən asıldım,
O qadını qucaqlama,
O Məryəmi qucaqlama...
İstanbul, İstanbul, İstanbul...
Bizim oralarda yağışlar çəkərdi şəklimizi,
Başını çiynimizə yaslayıb,
qolumuza girən bir qız da
olardı
yanımızda isinmək
üçün...
Mərhəmətsiz kapitalizm və bankirlər
heyrətdən donub qalardı
kədərimizi görüncə,
Bizim oralarda vaxtımız
çox olardı kədərlənməyə.
Bir də, uçanları da burdakılara bənzəmir.
Məsələn,
Qızların uçan ətəkləri,
Başı uçan adamlar,
Qağayılar,
Qağayılar...
Gördünmü?
İlişib qalıram qağayılarda
- Xatırlandıqca,
Qağayılar,
Qağayılar,
Bizim qağayıların ölü
sularda yalqızlığı
var...
Bizim oralarda yağışlar çəkərdi şəklimizi,
Başını çiynimizə yaslayıb,
qolumuza girən bir qız da
olardı yanımızda.
İstanbul, İstanbul, İstanbul...
Ölümə bir misra qalmış
Və mən,
hər sabah günəşi,
Uçub
gedən quşların
gözləri ilə qarşılaram,
Narahat olma, yaxşıyam...
Və mən,
Sənsizliyi hər axşam,
küçəmizə söykənən
işıqlara pıçıldaram
-
Narahat olma, yaxşıyam...
Və mən,
Ölümümə bir misra qalmış,
Bax, belə sağollaşaram
-
Narahat olma, yaxşıyam...
Elçin Aslangil
Ədəbiyyat qəzeti.- 2019.-
17 avqust.- S.28.