Səssizcə ağlamaqda kölgələr,
qağayılar için-için gülməkdə...
Dəniz serenadası
Orda, - dənizlə üfüqlərin
birləşdiyi yerdə,
Qağayıların səsini eşidirsənmi,
su pərisi?
Uzaqların rəsmini fırtınalara
həkk edən gəmi
üfüqlərə çırpılıb
parçalanmasa mayaklar
diksinməz, -
Göz qırpır
külək çırpıntıları
aramla, sopsoyuq.
Qaya sükutuna sığınır
fəlakətlər,
Arada ləpə-ləpə oynaşır
şüaların qürubunda
Xilasedici
kəmərlər boğulmağa
hazır...
göyərtədə ağır
sükunət, etinasız
ümidsizlik.
Səssizcə ağlamaqda kölgələr,
qağayılar için-için
gülməkdə...
Kapitan çevirir şturvalı
macəra kitablarının
vərəqləritək,
İsladır adsız barmağını
dodağındakı qan damcılı dəniz suyunda,
Suiti dadır təhlükələrin
ağuşu, bəlkə
də kit...
Oxuyur,
oxuyur suların dərinliyini,
riflərin amansızlığını,
burulğanların dibsizliyini.
Qabarır sinəsi sahilə
doğru,
çəkilir gözləri
ənginliklərə, - arada
mürgüləyir,
Saya oturur arzuları nəhayətsizliyin
qumlarında.
Dor ağacının iniltisi əllərində çırpınır,
matrosun
Ağlayır yelkənlər küləklərin
huşsuzluğuna
Lövbər səsinə diksinir
balıqlar,
qəlsəmələri hava dolu və göz
yaşları islaq...
Qağayılar yeganə şahididir
dənizin üfüqə,
üfüqün dənizə
çevrildiyi anın...
Gəmi yox olmuş buludların bəyazlığında.
Havadan ayrılıq qoxusu gəlir...
Qağayıların səsini eşidirsənmi,
su pərisi?
Eşidirsənmi?
Hərbi gödəkcə nağılı
O vaxt adamların çoxu mərd idi,
Sevməyə dost-doğma bir vətən vardı.
Kim idi ölümdən çəkinən,
qorxan,
Çoxunun içində ulu Mən vardı.
Yaş olan payızda quruydu barıt,
Düşmənə atılan güllə şən idi.
O vaxt qiymətliydi söz də, əməl də,
Hər kəs dəyərinə yetişən
idi.
Həkəri sahili şad idi onda,
Sopsoyuq suları
qızartmırdı üz.
Güllə yağışına düşsə də tez-tez,
Axardı
arxayın...
Gecə
və gündüz...
Geri qayıdırdı yollar bir axşam,
Boynuma sarılan xəbər gözəlmiş...
O vaxt çox gərəkdi Vətənə
əsgər,
Sevindim...
igidim dünyaya gəlmiş!
O gün havalar da xeyli soyuqdu,
Göydən narın-narın tökülürdü
nəm.
Yolu yüyrək idi doğum evinin,
Barıt qoxuyurdu hərbi gödəkcəm.
Yorğun
gözlərimdən sevinc
yağırdı,
İlahi, boz çiskə çevrildi qara.
Qollarım yollandı dümağ
qundağa,
Ciblərim yol oldu muştuluqlara.
Bakıya
dönürdü səadət
köçüm,
Qardan qorğanırdı
özünü hamı.
Nə pulum qalmışdı, nə maşın vardı,
Hərbi gödəkcəmə bükdüm
balamı.
Piyada yürüdük vağzala
qədər,
Hərbi
iş dediyin belə işdi dəə...
Təlaşla qundağı açıb
yoxladıq,
Körpə puçur-puçur tərləmişdi
də...
...Sonra illər keçdi o qarlı gündən,
O körpə böyüdü
bir ərən oldu.
Böyüdü, boy atdı elə
o ruhda,
Hərbi gödəkcəmlə boyu
tən oldu.
Bağçası, məktəbi formada
keçdi,
Ali məktəbi də bir parad kimi...
Ona çox yaraşdı əsgər paltarı,
Boyuna biçildi hərbi geyimi...
Hər səhər oyanıb işə gedəndə,
Canımda duyuram o qarı, sisi.
Hərbi
geyiminə baxıb görürəm,
Gödəkcəm doludur Vətən sevgisi.
Sığmaz çantasına son xəritələr,
Bilir ki, bu sərhəd Vətənə dardır.
Gözaltı baxıram,
gənc zabitimdə,
Köhnə kişilərin qüruru vardır.
Biz edə bilmədik torpağı Vətən,
Nə vaxtsa fələyin dönər
təkəri.
Mənəm...
gödəkcədi...
xatirələrdi,
Arada yuxuma girir Həkəri.
Üz tutub gedirəm işığa sarı,
O vaxt ki, inamım
pəjmürdə haldı.
Məni
xatırlamaz hərbi gödəkcəm,
Daha ümidlərim
oğluma qaldı.
Burda sona çatdı mənim nağılım,
Göydən alma deyil, ulduz düşür, - bax...
Çoxdan çıxarsam o gödəkcəni,
Mənim gödəkcəmdən çıxmaz
o uşaq.
Əsatir
Salam, canım Afrodita, necəsən,
De, sonuncu məktubumu
aldınmı?
Oxumağa tənbəl idi,
nədənsə,
Lirada
Eros üçün bir
"Dilqəmi" çaldınmı?
Ağrıyırdı simlərində
ürəyi,
Küt oxların
uclarında qaldı
son.
Zevs dədən qəzəbindən
düşdümü,
Hera bəs?!.
...Yenə səni qorxudurmu Poseydon?
Canım-gözüm, fikir vermə Nereyə,
Alma dadır bu şəhərdə nə
yesən.
Sonu gəlib günahlarda dayanır,
Gözəlim,
Coşacaqdır dəniz eşqi nə desən.
Bizim Xəzər bir az baha çalxayır,
Gəmiləri siqnal çalır manatdan.
Bizim eşqin əvvəli pul, sonu pul,
Hermes... ey...
Son nəfəsdə qiymət
soruş Tanatdan.
Dünən gecə yaxşı
yeyib-içmişik,
Hefest yenə
olanlara yox deyir.
Məni
gözəl əyləndirdi
xəyalın...
Ürəyim:
- Kaş o gündən yaşayaydım çox,
- deyir.
Gəlib
keçdi yuxu kimi Helios,
Ah, deyəsən, Eos ilə əyişib.
Hara gedir cəng atında dördnala,
Bilirmi,
Bizim kəndin
adı çoxdan dəyişib?!
Meşələri çoxdan qırdı
key şəhər,
Ələ keçmir burda halal bərəkət.
Hipnoz ilə söhbətdədir
hələ Ran,
Unutmuş,
Edəcəkmiş yuxularda hərəkət.
Köhnə dünya elçiliyi
unutdu,
Artemida, nə deyirlər Zəhradan?
Heyvan qədər dəyəri yox adamın,
Deyimmi,
Daha bitməz xoş günlərin səhradan!
Aid daha yer üstündə
görünməz,
Hələ onu çox Hermeslər pusacaq.
Kim udub ki, yediyini
sonacan,
Kron bəy,
Özündən də ac Poseydon qusacaq.
Daha söndü qəzəb yeri dənizin,
Çoxdan çıxıb lovğa
qazı suların.
Hiperion daha kibrit götürməz,
Nə sirsə,
Bədbəxtlikdir işvə-nazı suların.
Qaldıq
yenə yarıyolda, piyada,
Dünya
varmış o gün
sizə gələli!
Məktubumdan tez gəlmişəm,
deyəsən,
Bağışla,
Sağ ol, canım... Afrodita, hələlik!
Yay günü qış
Yağış da yağmışdı,
bürkü də vardı,
Nə bilim,
son görüş belə
olacaq.
Üzündə qorxu da, hürkü də vardı,
Ayrılıq tərs dəyən sillə olacaq.
Tərli
əllərini hovxurdu
səsin,
''Qurtardıq'' deyəndə
dilin əsirdi.
Nəfəsin istiydi, donurdu səsin,
Bədənin əsirdi, əlin əsirdi.
Bir ah küləklərə atdı
özünü,
Küləklər ahına uçurdu qışı.
Aramız
soyudu isti yay günü,
Elə soyudu ki... don vurdu qışı.
Şaxta
gileylənib ağladı
qara,
Yolların danlaqdan üzü bərkidi.
Yaman sərtlik düşdü
yumşaqlıqlara,
Əyrisi bərkidi, düzü bərkidi.
Sürüşdü palçıqda
don ayaqqabım,
Qartımış qürurum qara yıxıldı.
Titrək
kirpiyinə dözmədi
tabım,
Donuq göz yaşında tara yıxıldı.
Sifətin ağappaq... üzüqara
mən,
Gecə
gözlərinə yağırdı
ağ qar.
Sən qaldın...
Gedirəm üzü qara mən,
Küçə qar...
Həsrət qar...
Sinəmdə dağ qar...
Süleyman ABDULLA
Ədəbiyyat qəzeti.- 2019.-
17 avqust.- S.29.