Çürümə
O gecəni çox yaxşı xatırlayıram
Çünki sarıldı qəlbimə nələrsə...
Çünki sarsıldı qəlbimdə nələrsə...
"Sus! Sən hər şeydə fəlsəfə axtarırsan..." dedi, qardaşım
Və sonra gülümsədi...
Elə onda daha bir dəfə mən anladım ki, bədbəxtəm...
...Gecələr dəhşətlərin yuvası boş qalır,
Və onların bir çoxunu mən cəmləyirəm
ruhuma...
Mətbəxlərə hopmuş boz-bulanıq rənglərdə
təsəllilər yox olur.
Əşyaların donuqluğu əbədi tənhalığın
hələ də sağ
qaldığını insana nişan verir.
Alma ağacının altında həyətdə
bir yığın əsəb
dəfn etmişəm...
Orda anladım ki, mən azadlıqda üzə bilmirəm,
nə fikrim
nə bədənim
nə ruhumla
necə ki, yaşamaqla Tanrıya daim,
saniyələr boyu uduzduğumu anlayırdım...
Və qışda üzümsüz
qalmış çardaqlar
kimi tənhaydım,
anlayırdım
anlayırdım –
Məğlubluq bəşərə xasdır,
və məhkumluq yeganə yüküdür,
onun...
Hər gecə bomboş havada
qadınların gülüşündəki
istilikdə
günəşin şüasındakı
möhkəm gücdə
özünə sığınacaq
növbə tapa bilməyən
yarımlıqlar dolaşır...
Və mən anlayıram ki, Tanrı bizə
olduqca
dözülməz bir sistemdə yer verib...
Qucaqlamaq
istəyirəm, bütün
yarımlıqları
kişi və qadın ağrılarını
az qalıram, bu bomboz gecədə
uğunaraq, üşüyərək
onlarla rəqs edim...
...Səhər qəribə bir keyliklə başlayır.
Günorta qəlbim üşüyür,
mənim
axşamlarsa titrəyirəm
- artıq quyumdayam,
artıq işıqların
içindən kədər
keçir...
Soyulmuş kartof qabıqları
səsləşir,
qəlbimin ağrısıyla
susmuş və bomboz olmuş daşlar üstündəykən...
küləyin nəfəsindən
sərinlənmiş kədər
süzülür...
gecə qapı ağzında oturub, siqaret çəkən kişi
oyun nəticələri
barədə məndən
soruşur
cavab verirəm,
sonra keçirəm,
otağa
bağlayıram qapını
və ölüm başlayır...
Yuxularda
daim ölür, bəyaz gülüşlər,
və bəyaz şəhərlər uçur
yaddaşımın bəyaz
şəlaləsinə
palçıq rəngi
qarışır
xatırlayıram
eşidirəm, o kəlmələri...
səslər xırda
ot kökləritək
otaqda dirilir
və bilirəm ki, Tanrı bilirdi.
Tanrı
bilirdi,
bilirdi ki,
bu özülü
mənə bəxş
edib,
bilirdi ki, məhkumam, buna,
bilirdi.
"Günah özündədir"
deyən bütün axmaq cümlələrin
necə puç və gülünc olduğunu...
Lakin mən onsuz da Tanrıdan
ümidimi üzmüşəm.
Kitablar əldə edə bilərəm, bəlkə
də,
bu kədəri keyitmək üçün
güllərə qarışdıra
bilərəm, o kitabların
ətrini
və bir qədər sıxıla bilər, iztirabın qolları...
...Amma lazım deyil - buz tutmuş
güzgüyə baxıram,
necə də həqiqidir,
Və dürüst...
azca keyitmək olardı, bu kədəri
alına bilərdi,
bu gecələrdə
oxşaya bilərdi,
yarımiztirab çadırlara,
bu cəhdlər...
...Mətbəxlərdə ölümü
gözləmək
ən yaxşısıdır,
lakin
belə qərar verdim,
intihar edənlərin gücünü dumanlarda
hiss etmək
qibtə etmək
onlara
gözünü işığa
zilləyib,
sönmək barədə
düşünmək ən
yaxşısıdır
və ən kədərli gerçəkdir,
ölməyi bacara bilməmək...
Anlamaq ki, hazır deyilsən...
Və bir şüşənin nəmini silirsən
O işi görmək yerinə...
...Alma ağacının altında
dəfn etdiyim
sakitcə çürüməkdə
olan əsəblərimə
baxıram
ağrılara
kaş ki,
dirlib
canavarlar kimi məhv edə biləydilər məni
Bezmişəm
yarımzədələrdən
mühakimələrdən
Kaş ki, bir yığın
əsəb yerinə
özümü, büsbütün
özümü
orda dəfn edə biləydim...
yorulub, qıra biləydim, yaşamaq inadını...
Əlibala Əhmədov
Ədəbiyyat qəzeti.- 2019.- 17
avqust.- S.19.