İnşallah
Gəlməyə vaxtmı tapdın, səksən yaşım?!
M.İsmayıl
Niyə gözünü qorxudursunuz
80-nin, ustad?!
Niyə sinəsindən basıb,
"gəlmə!" deyirsiniz?!
Allah irağ eləsin,
Sizsizmi gəlsin,
deyirsiniz?!
Niyə 80-ni pərt eləyirsiniz?!
Keçib gəldiyiniz yolunuza baxırsınızmı?!
Dönüb sağ-solunuza baxırsınızmı?!
Hanı
özündən başqa
heç kimə güvənməyən
Müzəffər Şükür Məchul
-
Ağır günlərinizin dostu?!
Hanı sevinci şaqqıldamaq olan Şəmşad Rza?!
Hanı sakit təbiətli Davud Nəsib?!
Yerişindən yer inciməyən
Ələkbər Salahzadə hanı?!
Hanı
susanda susqun,
Danışanda çılğın danışan
İsa İsmayılzadə?!
Əminiz oğlu - məclis adamı Qoca hanı?!
Hələ tanımadıqlarım neçəsi!
Qocaman palıd kimi tək qalmısınız
-
Mərhum
İlyas Tapdıq demişkən -
"Dövrəniz açılıb...
xarman kimi!"
80-ni koruxdurmayın, ustad,
Koruxdurmayın!
Gül-çiçəklə qarşılayın
80-ni,
Gül-çiçəklə!
Gülümsəyin üzünə,
ustad,
Gülümsəyin!
Qoy gedib 85-i də gətirsin!
85 də gedib 90-nı gətirsin!
Və arzusunda olduğunuz
96-nı da
90 gətirsin!
Narazı
qalmaqla
Göz qaytarırsınız
bəlkə?!
İnanıram,
100-ü də narazı qarşılayıb,
Narazı
da yola salacaqsınız,
Axı
105 var qabaqda,
Axı
110 var qabaqda!
"Görəsən, onların əhvalı necədi?!" -
Fikirləşəcəksiniz!
Biləcəksiniz əhvalını, inşallah,
ustad,
Biləcəksiniz!
Bəstəkar Oqtay Rəcəbovun
babası Əbil Məlikməmmədov
ballada
Dahi bəstəkarımız Tofiq
Quliyev
(Necə ki, mərhum
Rəşid Şəfəqin
sözüdü -
İstəyirsən Tofiq Quliyevi çalmıyasan,
Çalmaya bilmirsən!)
"Qafqazın Kabalevskisi" deyərdi
Oqtay Rəcəbova.
Qubanın Digah kəndindən
Qusara keçəndə,
Oqtay müəllim yadıma düşdü,
Götürüb zəng elədim.
- Ay Qəşəəəm, inanmazsan,
Qırx
ildən çoxdu Digahı görmürəm!
- Dedi.
Dedi, amma qəmli demədi. - Ana babam
Əbil
Məlikməmmədov Digahlıydı,
Özü Azərbaycan türkü
olsa da,
Beş arvad almışdı, beşi də ləzgi...
Əslində, arvadların birincisini
özü almışdı,
Qalanları da özlərinə günü gətirmişdi.
Bütün Digah bilir ki, 140 il
yaşayıb babam,
Onda
"Ginnesin Rekordlar kitabı"
dəbdə deyildi,
Yoxsa uzunömürlü
kimi adı düşərdi o kitaba.
Mən Əbil
kişinin nəvəsi
Gülsəbanın oğluyam.
Bayaq dedim, babam beş arvad almışdı...
Birinci arvadı bir cüt qız doğur...
Baxır
ki, kişi
pərt olub.
- Qəm eləmə, Əbil, - deyir, - sən mülkədarsan,
Olmaz ki, oğlun olmasın, yoxsa nəslin itər.
Qoy gedim sənə bir ləzgi qızı alım...
- Özünə günü
gətirmək istəyirsən,
nədi?!
- Təki sənin kefin pozulmasın, Əbil!
Babam da məmnun olur:
- Allah ürəyinə görə
versin, arvad,
Hər köpəkqızı bu yükün altına girə bilməz!
İkinci
arvad da bir cüt qız
doğur...
Baxır
ki, kişi
pərt olub.
- Qəm eləmə, Əbil, - deyir, - sən mülkədarsan,
Olmaz ki, oğlun olmasın, yoxsa nəslin itər.
Qoy gedim sənə bir ləzgi qızı da mən alım...
- Özünə günü
gətirmək istəyirsən,
nədi?!
- Təki sənin kefin pozulmasın, Əbil!
Babam da məmnun olur:
- Allah ürəyinə görə
versin, arvad,
Hər köpəkqızı bu yükün altına girə bilməz!
Babamın üçüncü arvadı da
Kim olsa yaxşıdı,
Rəbiyyə nənəm?!
O da iki qız
doğur.
O da gedib Qusardan
bir ləzgi xanımı alır:
- Ayağı düşərli
olsun, - deyir, - Əbil!
Dördüncü arvaddan da bir cüt qız...
O da gedib beşincini
gətirir.
Babam qəmli-qəmli baxır təzə arvada:
- Qızqarınlar nə doğdu mənə ki,
Sən arvadqarın
nə doğasan?!
- Allahın işinə əl aparma, Əbil,
Sən mülkədar oğlu mülkədarsan,
Olmaz ki, oğlun olmasın, səbr elə!
Doqquz
ay, doqquz gün,
Doqquz saatın tamamında
Bir cüt oğlan doğur beşinci arvad.
Onda babamın 90 yaşı varmış,
Ləzgi
arvadın 60...
Sevincindən Əbil babam daha 50 il
də yaşayır.
Dünyanı tutub getmək istəyirmiş,
Amma cənab
Əzrayıl bir gün çökür sinəsinə.
Babamı
aparıb Digah qəbiristanlığında
Torpağa tapşırırlar!
Bir adamın da gözündən bir damcı çırtlamır!
Başımı itirmişəm...
Maşallah, oğul nəvəm
13 yaşına da girdi!
Səhərdən fikir məni götürüb,
Fikir... fikir... fikirləşirəm,
Bir yerə çıxara bilmirəm ki bilmirəm... -
Başımı itirmişəm!
Bunun geyimi-kecimi var,
Yeməyi-içməyi var bunun,
Özü deyənlə desəm
-
Sinemaya getməyi var...
Bilmədiyim ingiliscə onu bilirəm ki... -
No problem!
Bunun vaxtlı-vaxtında yatıb-durmağı...
Oyunu, gəzintisi...
Dərsi,
oxumağı... -
No problem!
Bunun seksi də var
axı!
Bu elə dolaşıq düyündü,
Nə məktəb aça bilir,
Nə psixoloq,
Nə cəmiyyət,
Nə də biz - valideynlər! -
Başımı itirmişəm!
Bayaqdan qızları düşmən
bilərdi,
Gözünü yumardı gözəl
görəndə:
- Nifrət edirəm onlara!
İndi
- suyuşirin birini görsə,
Qaşları çatılır, xəyala
dalır,
Birdən işıq düşür
sifətinə.
Köpəyoğlu salıb məni
çətinə... -
Başımı itirmişəm!
Zibil
Hər səhər əlimə zibil vedrəsini alıb,
Aparıb
konteynerə boşaldanda,
Fikir məni götürür
-
Bir mən deyiləm axı!
Hər saat, hər dəqiqə, hər an belə
Minlər,
milyonlar,
Milyardlardı zibil atan...
Bərk
narahatam! -
Haçansa altında
Qalıb eləmərik, görəsən?!
Nigaran
Həkəri çayının qırağındaydı
evimiz,
Səhərlər şırıltısına oyanardıq
biz.
Sonra Qarabağ davası düşdü araya,
Sonra düşmənə verdik
Qubadlını,
Sonra da yığışıb gəldik
Bakıya.
Hər səhər hövlnak oyanıb atam,
Görərdim, oturub narahat baxır:
- Ay qızım, Qərənfil,
ay bala,
Dayanıb, deyəsən, çay axı?!
Bayaqdan dinşəyirəm -
Səsini
eşitmirəm!
- Ay ata, Həkəri hardadı?!
Qubadlı əsirdi - dardadı!
- Həəə... bala...
Vaxt vardı ayıqdım quşdan mən,
Görünür, getmişəm huşdan mən?!
Ölüncə Həkəridən
Nigaran oldu atam,
Nigaran öldü atam!
Tərəddüd
Geydim çəkmələrimi,
Ayaqlarım da hazırdı yeriməyə.
Hələ də fikirləşir
başım:
- Gedim-getməyim?!
Su... çay... sahil...
Su nə dilində
danışır?
Çay nə dilində anlaşır?
Sahillər düşürmü başa?!
Birlik
Bu odda birlik hardandı?
Bu suda birlik hardandı?
Biz niyə pərakəndəyik?!
Bəlkə
Bəlkə türklüyümüzdü
Bizi birliyə
gətirməyən?!
Bəlkə İslamdı
Bizi pərakəndə
salan?!
Bəlkə qanımız dəyişib,
Xəbərimiz yoxdu?!
Niyə
bəs balıq
Kimi soyuqdu?!
Bəlkə... bəlkə...
bəlkələr...
Təkrar-təkrar "bəlkə" de,
Bəlkə anladın birliyin
gücünü!
Günah
Rəhmətlik Quba nənəm
vardı -
Anamın anası.
Biz üç qardaş dava salıb,
Hər kəs də özünü haqlı biləndə,
Quba nənəm kimin günahı nədirsə,
Öz ayağına
da yazmağa çalışardı.
Odur ki, deyərdi:
- İydə varsa,
cəhrədə də
var.
Ailə
söz-söhbətlərində
Biz valideynlərin
Bəs deyincədi
günahı.
Uşaqlarımızdan
Daha ağıllı,
Daha uzaqgörən,
Daha tədbirli
Bilirik özümüzü.
Uşaqlarımız da,
Bir söz deyən kimi,
Tüklərini qabardır -
Geridəqalmış sanırlar bizi.
Hədd - sərhəd
Bizdə
hər şeyin həddi var,
Özü də rəngbərəng
-
Qırmızı, sarı, yaşıl
Səddi var.
Pul qazanmağın da
Sərhədi var.
Təkbaşına
Hacı
Zeynalabdin
Ola bilməzsən bizdə.
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti.- 2019.-
17 avqust.- S.9.