Sonra ölüm gələr Ay işığında,

sonra göz yaşları,

sonra sərxoş qəlbin üsyanı...

 

On dörd günlük Ayın gümüşü işığında

Günəbaxan tarlası

Quru xəzəl qoxuyur...

 

Sarı rəngdə bu cəsarət -

Başını aşağı salıb

Aya meydan oxuyur...

 

Harasa tələsir

Qaranlığı yarıb keçən yol

Gecə uzaqvuran işıqlarla kəsilir...

 

Günəbaxan çiçəklərinə baxır Ay

Göy üzündən enib

Tarlanın kölgəsinə çəkilir...

 

***

 

Elə sakit-sakit, torpaq dilində

Kəpənək dilində

Yarpaq dilində

Qalmaq istəyirəm uzaq çöllərin,

                        dağların, yolların lal yaddaşında...

 

Sözlərin əlləri bəzən yumşaq

Bəzən kobuddur - incidir, qırır.

 

Bəzən saçlarımı hörüyə vurur,

Bəzən ürəyimi salıb sındırır...

 

Mən yaxşı bilirəm - nəsə düz deyil,

Gecə gecə deyil,

Gün gündüz deyil,

Amma havasına kövrək anların,

                        yaralı qəlblərin, yad insanların

Qapılıb gedirsən yaralı, küskün qərib sevincinə -

olar, olar...

 

Amma könlümüzün ayıq yerində

Olmur,

Nəsə olmur,

Gücdən düşürük.

Bir qəfil hənirti "mən varam" deyir,

"Səndəyəm" söyləyir,

Kölgələşirik...

 

Bilmirik

Sualsız-cavabsız gəlib gedənlər verib alacaqlar

Bəlkə son nəfəsdir kiməsə inam

Bəlkə heç deyil

İlğımdır ancaq...

 

Bəlkə , hər səhər pəncərələrdə

Sübhün gözlərindən keçib qaranlıq

Günəşi doğurur

Sən isə yoxsan...

Sən isə heç zaman gəlməyəcəksən...

Bu sükut

Bu sakit, bu biradamlıq həyatın su kimi axışındadır

Hardasa öləcək səni sevənlər,

Öləcək heç bilməyəcəksən...

 

Dili-dodağı qurumuş çölün sinəsindən

Ah qopur.

Nəm əllərin, nəm çiyinlərin qadın sevgisindən

Günah qopur.

 

Bağlı qapıların arxasında hənirti gözləyir

Kişi kürəyi.

Gah barmaq uclarında döyünür, gah saç aralarında

Tanrının ürəyi...

 

Arxasınca baxmamaq lazımdır gəlməyənlərin

Yoxdurlar...

Bəlkə günahdan, bəlkə qadın sevgisindən,

Bəlkə özlərindən qorxdular...

 

Ən gözəl duaların ovuclanıb içildiyi yerdəydi eşq

Gizli-gizli...

Olmadısa olmadı, öldüsə öldü, susdusa susdu hər şey

Bilmirəm...

Bilmirəm...

 

***

 

...əlini uzatma

bu şəhərin sehrinə.

Səni quşa çevirər,

daşa çevirər,

ağaca çevirər - yanarsan.

Dağınıq saçlarından sirr tökülər qadının

udum-udum

gözlərinin parıltısı söyləsə inanarsan...

 

...sonra ölüm gələr Ay işığında,

sonra göz yaşları,

sonra sərxoş qəlbin üsyanı...

Sirrinə əl uzatdığın şəhərin qadını

başına çevirər dünyanı...

 

Sən axı buna layiq deyilsən...

 

Hədiyyə Şəfaqət

 

Ədəbiyyat qəzeti.- 2019.- 17 avqust.- S.5.