Yaş o yaş deyil ki... Heyif
ki, deyil
Fikrət Qoca ilə döğum günü ərəfəsində könül
söhbəti
Fikrət Qoca Azərbaycan poeziyasında
unudulmaz misraların müəllifidir. Ədəbiyyat məkanına
gəldiyi zamanda heç kimə bənzəməyən Fikrət
Qocanın poetik sistemində ənənə
özünü tam potensialı
ilə ifadə etməklə bərabər,
həm də ondan ayrılan işarələrlə seçildi.
Məhəbbət lirikasına,
ictimai-siyasi mövzuların
işləkliyinə yeni
münasibət tipinin
formalaşmasında bu
poeziyanın rolu böyükdür. Avqustun 25-də dəyərli şairimizin
84 yaşı tamam olur.
Adəti üzrə redaksiyamıza baş çəkməyə gəlmişdi. Söz sözü çəkdi.
Xatirə xatirəni...
İşıq dolu Fikrət Qoca ilə bu könül
söhbəti də beləcə başladı...
Ürək dolub bulud kimi,
Bu bir köhnə
bayatıdır.
Ağlamağa ən xəlvət
yer
Leysan yağışın
altıdır.
Buludlar gedir dənizə,
Hər damlası
bir sözüdür.
Buludların ağlamağa
Xəlvət yeri dənizidir.
- Fikrət müəllim, yeni yaşın astanasında özünüzü necə
hiss edirsiz?
- Səksən dörd
yaşındakı adam özünü necə hiss edərsə, elə. Bəzən səhər yuxudan
ayılanda heç yerim ağrımırsa, özümü çimdikləyirəm
ki, görüm ölməmişəm ki.
Əgər bu yaşda adamın heç yeri ağrımırsa, gərək özündən
şübhələnsin.
- Bir dəfə yazmışdınız
ki, "Ədəbiyyat
mənim yaşadığım
yerdi və mən özümü burada gül-çiçəklə
əhatə edirəm.
Kim öz mənzilinə
çirkabı qoyursa,
öz işidi. Mənim qocalığım
cavanlığımdan bununla
fərqlənirsə, mən
öz qocalığımla
fəxr edirəm".
Fikrət müəllim,
o yer indi də təmizliyini qoruyur. Mənəvi ərazini bu
cür saf saxlamaq o qədər də asan olmamalıdır.
- Elə həyat budur, əslində. Hər yaşda sən özünü, əhatəni,
mühitini qoruyub saxlaya bilirsənsə, deməli, hələ yaşamağa haqqın
var.
- İstərdim,
bir qədər poetik özəlliklərinizdən
danışaq. Ədəbiyyata yenilikçilər adı altında gəldiniz. Yəni seçildiniz. O illərdə poeziyaya axınla gələn gənclərin arasında
vəzn, ahəng, intonasiya çalarları baxımından fərqlənə
bildiniz. Bu, nəyin
uğuru idi? Siz zamanın gətirdiyi yenilikçi dalğaya qoşulub fərqli görünmək
istəyirdiz, yoxsa başqa bir ruhdan qanadlanırdı bu şeirlər?
- Ölkə müharibədən
təzə çıxmışdı.
Kasıblıq hamını eyniləşdirmiş,
bir-birinə mehriban etmişdi. Heç kim özünü
başqasından üstün
tutmurdu. Belə bir vəziyyətdə
özüm bilərəkdən,
ya bilməyərəkdən
nəsə etmək istədiyimə inanmıram,
yəni əvvəlcədən
heç nə düşünülməmişdi. Amma bu gün də
mən şeir yazanda mövzu öz ritmini, geyimini əynində gətirir. Çalışıram ki, ritm vəziyyəti izah eləsin, mətləbin açılmasına yardımçı
olsun. Xirosima haqqında yazanda
şeirin forması
atom partlayışı şəklində
idi. Yəni göbələk formasında. "Qatar"
şeirimi isə Moskvada yazmışdım.
Qatarın sürətinin
ritmində... Şeir, ümumiyyətlə,
zaman haqqındaydı.
- Deyəsən,
"Qatar" şeirinizə "Kirpi"də sataşmışdılar.
- Sataşmışdılar. Amma mən
bilmirdim nə istəyirdilər.
- Yəqin, Mikayıl Rəfilidən istədiklərini istəyirmişlər.
- Rəsul Rza məni təqdir etmişdi. Ondan sonra bunlar da üstümə düşmüşdülər. Bunu özlərinə borc bilirdilər.
- Bir şeirinizdə bu misraları oxumuşdum:
Qaçmaq istəyirəm -
Evdən,
şəhərdən
Qohumdan, dostdan,
tanışdan.
Özümün özümlə o qədər
Söhbətim var,
Əgər vaxt tapıb danışsam...
Məncə, siz özünüzlə söhbətə
həmişə vaxt tapmısız. Fikrət Qoca
şeirlərində tənhalıq
da bu üzdən
olub. Bu xətt
sizin gənclik dövr yaradıcılığınızda
da aparıcı olub, indi də.
Amma Qarabağla bağlı şeirlərinizdə
nikbin, məğrur görünməyə çalışırsız.
- Onsuz da evini,
babasının qəbrini,
pirlərini qoyub qaçanların əksəriyyəti
ağlayır. Məncə, ümumiyyətlə, şair,
yazıçı ümid
vermək üçün
yaşayır. Amma mən
Qarabağ müharibəsində
özümüzü məğlub
hesab etmirəm. Çünki bu müharibə
nəticəsində, əslində,
ermənilərin Bakıdakı
hökmran mövqeləri
əllərindən çıxdı.
Nazirlərin katibəsi erməni
qızları idi.
Bəzilərinin xanımı erməniydi.
Ən rahat yerləri ermənilər tutmuşdu.
Ev tikən ustalar ermənilər idi. Bərbərlər, dərzilər ermənilər
idi. Əgər özəlləşdirmə mərhələsində ermənilər
əvvəlki mövqelərində
olsaydılar, gör nə qədər yerləri özəlləşdirəcəkdilər.
Ən böyük qazancımız
bu oldu ki,
ermənilərin qaranlıq
içini, sifətini
gördük.
- Biz kiçik vaxtlarımızdan Fikrət
Qocanın poemalarındakı
qəhrəmanlara oxşamaq
istəyirdik: güllələnməli
olduğu gecədə
xalqının azadlıq
mübarizəsinə poema
həsr edən filippinli qəhrəman, Afrikada Yaşılburun adalarında inqilab edən qəhrəman...
12 yaşlı vyetnamlı
qəhrəman oğlana
yazdığınız poemalar
qəhrəmanlığı vəsf edən poetik nümunə olmaqla bərabər, həm də şüur oyanışında,
milli özünüdərk
prosesimizdə də rol oynadılar.
- O zaman
başqa cür danışmaq olmazdı. Həmin ideyanı
başqa şəkildə
vermək mümkün
deyildi. Senzura var idi.
Yazmamaq isə heç olmazdı. Ona görə mən
gedib o ölkələrin
milli qəhrəmanlarının
həyatı ilə maraqlanırdım. Əlbəttə, bu yolda milli
özünüdərkə kiçicik xidmətim olubsa, özümü xoşbəxt hesab edirəm.
- Bu gün də poema janrında
israrla yazmaqda davam edirsiz. Hansı mövzular sizi daha çox düşündürür.
- Mövzu daim eynidir. İnsan mənəviyyatı. Qəribədir ki, ümumilikdə
yer üzündə inkişaf var. İnsan ayılır. Hamı bilir
ki, dünyaya gəlişi ilə ölümü də onunla bərabər doğulur. Yəni yolun sonunda ölümü onu gözləyir. Hər səhər
sağlamlııq üçün
hansı tərəfə
qaçır-qaçsın, öz ölümünə
doğru gedir. Bu, aksiomadır. Bunu bilə-bilə ölümdən
qorxan insanın haqqında nə deyəsən. İnsan ölümdən
qorxursa, gərək öz ağlından şübhələnsin. Ona görə
insan gərək yalnız gözəl duyğularla yaşasın.
- Rəsul
Rza yazırdı ki, "ömrümüz boyu xatirə yığa-yığa gedirik". Fikrət müəllim,
kimin xatirəsini daşımaq sizi ağrıdır?
- Heç kəsin xatirəsi ağrılı
deyil. Yük deyil. Məndə yaşayan
xatirələr hamısı
qolumdan tutur. Əslində, yaşamağımız özümüzü xatirə
kimi paylamağımızdı.
- Fikrət müəllim,
yaşca Anardan böyük olsanız da, həmişə ondan söz düşəndə elə
bil ki, yaş
fərqiniz unudulur. Siz Anara məsləhət yeri kimi baxırsınız.
Yəqin
ki bunun da öz anlamı
var? Məncə, bu bağlılığın
vəzifə pilləsinə
heç dəxli yoxdur. Xatırlayıram,
Çingiz Aytmatov Bakıya son gəlişində
çıxışlarından birində "Anarla eyni dövrdə yaşamağımla fəxr
edirəm" - dedi. Əslində, təkcə Azərbaycanın
deyil, türk dünyasının bütün
böyük aydınlarının
fikri belədir. Elə sizin özünüzün də...
- Yusif Səmədoğlu
ilə mən yaşıd idik. Bir dəfə Anardan söhbət düşəndə
Yusif dedi: Anar yaşca məndən kiçikdir,
amma mən ona böyük qardaş kimi baxıram. Onunla məsləhətləşməyə
ehtiyac duyuram. O vaxtdan illər keçib, bu gün də mən özümü Anarın ziyalılığı,
sehri altında hiss edirəm. Onunla məsləhətləşməyə
ehtiyac duyuram. O, bu gün də,
yazıçılar ailəsinin
ağsaqqalıdır. Məsləhət yeridir. Bizim ona daha çox ehtiyacımız var, nəinki onun bizə. Yazıçılar Birliyinin 1800 üzvündən
əlli nəfər qədirbilməzdirsə, bu,
heç nəyi dəyişmir. Yazıçılar Birliyi ocaqdır, qədim ocaqdır, millətimiz kimi bütün keşməkeşlərdən
keçib.
- Yaradıcılığınızdan
keçən işıqlı
obrazlardan biri də ümummilli lider Heydər Əliyevdir. Tərcümeyi-halınızda bu şəxsiyyətin
rolu danılmazdır.
- Heydər Əliyev mənim üçün tamam başqa bir insandı. Onun haqqında danışmaq mənim üçün çox çətindi (kövrəlir). Bir onu demək kifayətdir ki, səksən altıncı ildən bəri yaşadığım
ömür onun mənə verdiyi ömürdür. Qəribədir, o ailəyə mən həyatımı borcluyam.
Ondan sonra İlham Əliyev də məni iki dəfə
ölümdən xilas
edib.
- "Yaş o yaş deyil ki... Heyif ki,
deyil". Fikrət Qoca bu misralarındakı təəssüf
nidasını yenidən
səsləndirərmi?
- Həqiqətən, yaş
o yaş deyil... Heyif ki, deyil.
Söhbətləşdi: Azər TURAN
Ədəbiyyat qəzeti.- 2019.-
17 avqust.- S.4.