Pieraya məktub
O gedən qatarı
görürsənmi, Piera?
Ayrılığa cızılan sətirdir kağız üstə.
...O gəmi bir nöqtə
olub batacaq
dənizin mavi səhifəsinə, görəcəksən!
Sən və mən -
gördüyün dağların
arxasındakı itkin
yol.
Bilirsənmi,
balıqsız dənizə
bənzəyər uşaqsız
qadınlar.
Eləcə içi bomboş,
sükutdan dolu,
ağrıdan sərxoş...
Mən bir axşamüstü küçəyəm sən
olmayan yerlərdə,
sən səhər-səhər
göyə sancaqlanan
bir qız uşağının çərpələngisən.
Sevgi bir yağışlı dayanacaqdır,
biz isə çətirsiz müsafir, Piera.
Yollar özünü çəkib
uzadır sən olmayan yerlərdə...
Sənin
yollarına qatarlanıram,
gedirəm özümdən.
"Taka-taka
tuk-tuk...".
Yollarında buxarlanıram, ilğım-ilğım
bulud kölgəsi oluram.
...İndi isə o gedən yollar kimi uzağam,
gözün işləyənədək
qürbətəm.
Günəşin batdığı yerdə
batıram içimə.
...İndi isə azalıram sənin olmadığın yerlərdə,
gündən-günə gömülürəm
gümüş Ayın
bətninə.
Hardasa toz oluram...
Görürsənmi ağrıyıram
bağlanan qapıların
arxasında,
ağlayıram bir klounun gülüşündə,
ağarıram gecənin
qaranlığında.
Küləklər şəhərində vətənsiz bir heykələm,
baltalanacam özgə
əllərlə, görəcəksən!
Görəcəksən, Piera, bu şəhər udacaq bizi köhnə
kafelərində,
bu küçələr,
itlər belə danacaq kimliyimizi!
Görəcəksən, uduzacaqlar bizi qumar mizində.
Şeirlərimi ağaca bağlayıb
güllələyəcəklər, görəcəksən!
Görürsənmi o evi, Piera?
Onun açarı bizim olsa da,
qapısı bizim deyil.
O qapı da, başqaları
kimi
gedəcək gözdən
itincə.
Görürsənmi onu, Piera?!
O mənəm!
Parkda tək-tənha oturacaq,
gəl başını
qoy dizlərimə.
O ağacın bətni - kimsəsiz quşun yuvası mənəm,
bircə dəfə
də olsa uç içimə.
Suç nədir bilirsənmi, Piera?
Suç
sənsiz gələn
sabahlardır sən olmayan
yerlərdə...
Suçlanacağam sonunda, görəcəksən,
görəcəksən, Piera!
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2019.- 17
avqust.- S.5.