Tabulara qalib gələn
İran filmi
İran filmi 1930-cu illərdən bəri senzuranın, təzyiqlərin və hətta sürgünlərin
pəncəsində var
olmağa çalışır
və bunu yaxşı da bacarır. İran filmlərinin hədəfi
birbaşa insanlar və onların həyatını ön plana çəkməkdir.
İran filminin tarixi bütün dünyada olduğu kimi, yəni 1904-cü ildə Tehrandakı ilk film salonunun
açılışına qədər gedib çıxır. Həmin zamanlarda İran
xalqı film sənətinin
ilk əsərlərinə böyük maraq göstərirdi. Amma İranın
öz milli filmini ortaya çıxarmağına hələ
yarım əsr var idi.
1925-ci ildə ilk film məktəbinin
açılışı ilə İran filmi sürətlə inkişaf etməyə başladı. O gündən bu günə kimi film İran üçün millətlərarası
arenada bir təmsilçiyə çevrilib.
Nəhayət, İran filmi
cəzbedici, xaotik, duyğusal və təsirli bir film halına gəlib çıxdı. İtaliyalı yeni realist axınından təsirlənən iranlı
film çəkənlər bir-birlərinin arxasınca
dünya film tarixinə
əla filmlər miras qoymağa başladılar.
"Qara ev" - Füruğ Fərruxzad (1963)
Cüzam xəstəsi olduqları üçün cəmiyyət
tərəfindən tərk
edilmiş bir qisim insanın həyat hekayəsindən
bəhs edən qısametrajlı sənədli
film olan "Qara ev", çevrilişdən
sonra İran filminə yeni bir dalğa gətirdi. 1961-ci ildə
qurulan ilk cüzam koloniyası Behkadeh Rajidə əzab-əziyyətli
bir vəziyyətdə
xoşbəxtliyin kiçik
şeylərdə olmağından
bəhs edir. İki qız bir-birinin saçını darayır, başqa bir adam küçənin
ortasında ayaqyalın
rəqs edir, uşaqlar əllərindəki
dəyənəklərlə oyunlar oynayır. Yəni bu cüzam xəstəsi
olan adamlar nə qədər cəmiyyət tərəfindən
tərk edilsələr
də, onların yaşamalı olduqları
bir həyatları
var.
Filmi "İncil"dən,
"Quran"dan və
öz yazdığı
yazılardan seçdiyi
hissələri səsləndirib
filmə məna yükü verən Fərruxzad çəkib. Fərruxzad həm
də şairdir.
Hətta
əksər adamlar üçün Fərruxzad
İranın bu günə kimi yaşayan ən böyük və ən yaxşı qadın şairidir. Çünki o, bütün
qadağalara və tabulara qarşı çıxıb, mövzusu arzular, sevgi və qadın
baxışı olan şeirlər yazıb. İran ədəbiyyatında
kişi şairlərin dominantlığına
baxmayaraq, bu cür gözəl qadın şair olmaq asan iş
deyil. Təəssüf ki, hələ
32 yaşında ikən
maşın qəzasında
dünyasını dəyişən
Fərruxzadın İran
film tarixində cəmi
bircə filmi qaldı, o da "Qara ev".
"Kərpic və ayna" - İbrahim Gülüstan
(1965)
İbrahim Gülüstanın ilk işi
olan bu film bir taksi sürücüsünün
arxa oturacağındakı
körpənin fərqinə
varması ilə başlayır. Filmin qalan hissəsi
taksi sürücüsünün
və sevgilisinin bu körpənin anasını axtarmağı
ilə davam edir. Qaranlıq və təsirli
bir əsər olan bu film İran
filminin bu günə kimi ən çox toxunduğu mövzulardan birinə toxunur. Əxlaqi dilemmalar və sosial qayğılar.
Həyatımızın hər
vaxtında rastlaşa
biləcəyimiz bu vəziyyət İran filminin mövzusuna çevrilən daha real və təsirli nümunələrlə
gözümüzün qarşısından
canlanır. Körpəni anasına qovuşdurmağa
çalışan sürücü
və sevgilisi həm də bir-birlərini kəşf
etməyə başlayırlar.
Fellini və Antonininin
filmləri ilə müqayisə olunan bu film İtaliyanın yeni realist atmosferinə nisbətən daha radikal olması ilə fərqlənir. Bu filmə
baxanda adam
elə bilir ki, filmdəki obrazlarla əvvəllər
haradasa rastlaşıb.
Gülüstanın özünəməxsusluğu,
duyğusal dürüstlüyü
bu filmi daha da qüvvətli
edir. Cinsiyyət və cəmiyyət
qavrayışlarına daha
azad çərçivədən
baxışı, özündən
sonrakı İran filmlərinə ilham mənbəyi olan Gülüstanın bu filmi tarixin ən
vacib İran filmlərindən biri olaraq göstərilir.
"Cənnətin
rəngi" - Məcid
Məcidi (1999)
Məcid Məcidinin bu uzunmetrajlı filmində səkkiz yaşı olan kor uşaqla
tanışlığım mənə çox təsir elədi. Atası
Haşim, iki bacısı və nənəsi ilə balaca bir kənddə
yaşayan Məhəmmədin
atası ilə münasibətlərinə köklənən
bu filmdə Haşimin arvadının ölümündən sonra
yenidən evlənmək
arzusu da onların ata-bala münasibətinə çox
böyük təsir göstərir. Haşim yeni arvadının
oğlu Məhəmmədin
kor olmasını yaxşı qəbul etməyəcəyindən qorxub
oğlunun kor olduğunu ondan gizlədir. Atası hər şeyi
fikirləşərək oğlunu
kor bir dülgərin
yanına göndərir
ki, oğluna dülgərliyi öyrətsin.
1998-ci ildə xarici dildə ən yaxşı film kateqoriyasında
Oskara namizəd göstərilən bundan əvvəlki "Cənnətin
uşaqları" filmi
ilə müqayisədə
"Cənnətin rəngi"
filmi ata-oğul münasibətləri ilə
beynimizi daha çox yoran film kimi görünür. Bu filmi Fellininin
"La Strada"sı müqayisə
edirlər. Filmdə
rol alan
bütün aktyorlar öz obrazlarını çox gözəl bir şəkildə oynayıb tamaşaçıları
valeh edirlər. Baxmağınız məsləhətdir.
"Tısbağalar da uçar" - Bəhmən
Qodabi (2004)
Bəhmən Qodabi çəkdiyi
bu filmə belə rəy verir:
"Filmimi diktator
və faşistlərin
siyasətlərinə qurban
edilən dünyanın
bütün məsum uşaqlarına ithaf edirəm". 2000-ci ildə çəkdiyi
"Sərxoş atlar
zamanı" filmi Kaan film festivalında
"Qızıl kamera"
mükafatına layiq görülüb. Bəhmən bu filmində də əvvəlkilər
kimi, müharibənin
ortasında əziyyət
çəkən uşaqları
ön plana çəkir. Film İraq müharibəsindən
sonra çəkilən
ilk İraq filmidir və Amerika işğal qüvvələrinin
də dəstəyini
aldığı deyilir.
"Tısbağa" bu filmdə Kürd diasporunu ifadə edir. Müharibəyə meyilli ölkələrə
qarşı içimizdə
olan antipatiyaya meydan oxuyan bu
film kürdlərin Türkiyə
və İraq arasında qalmış, müharibənin içinə
atılmış, köç
və soyqırım təhlükəsilə üz-üzə
qalıb yaşamaq uğrunda mübarizəsindən
bəhs edir.
Peyk ləqəbli
bir uşağın liderlik etdiyi bir qrup uşağın
müharibə zonasındakı
minaları təmizləyib
Birləşmiş Millətlər
Təşkilatına satması
bizim öz isti evimizdə oturub rahat-rahat baxdığımız bu
filmin cansıxıcı
da olsa əsas
mövzusudur. Bu uşaqların
hərəsi yara almış və yaşamağa çalışan
minlərlə adını
bilmədiyimiz uşaqları
təmsil edir. Onların cəzası istəmədikləri
və başa düşmədikləri bir
müharibənin ortasında
doğulmaqdan başqa
bir şey deyil. "Tısbağalar
da uçar" filmi müharibə və uşaqlar mövzusunda çəkilmiş
ən təsirli filmlərdən biridir.
Birnəfəsə, dayanmadan, ard-arda
baxdığım bu filmlər haqqında geniş təhlil yazmaq istəmədim. Çünki bu, filmşünasların işidir.
Amma ən azından bu yazı ilə sizə çatdırmaq istədim ki, İran filmi ilə daha yaxından
maraqlanmağınız yaxşı
olardı. Bu
filmlərə baxmamış ölmək günah
olar.
Eminquey
Ədəbiyyat qəzeti.- 2019.-
17 avqust.- S.7.