Çexovun dəli etdiyi adamlar
Əli Babazadənin "Gecikmiş dəlilik" hekayəsi. Mətn
düşüncə axarı üzərində qurulub,
personajların özləri də çəkilib-görünən,
yox olan və havaya sovrulan düşüncə dumanları -
nöqtələridir. Daha doğrusu, bu
nöqtələrdə vizuallaşan, qızarıb-közərən
işartılardır. Onlar hekayəyə
qəfildən təşrif gətiriblər. Bu personajların reallığı onlardan
hansınınsa düşdüyü, ruhunu dalayan hisslərin
çökəyində qıvrılmasından
asılıdır. Yazıçı dərin
bir metamorfoza girdabındadır, gecələr, yazı prosesində
sevə-sevə yazdığı mətnlərin, uydurduğu əhvalatların
sehri gündüz onun cəhənnəminə çevrilir,
çünki həmin o duman kimi bu sehr də çəkilib
gedir. Bütün hekayələrini
yazıb qurtarmış yazıçının gözündə
hər şey saxtadır, onun qələmə
aldığı hər bir əhvalat, əslində,
qarışıb itməli olduğu həyatdan onu
uzaqlaşdırmaq üçünmüş.
Bu hal (mənzərə)
Əlinin başqa bir hekayəsindəki ("Bir payız
noktürnü") təsvirlə tamamlanır:
"Gözüm kitab şkafına sataşdı: səliqə
ilə üst-üstə yığılmış köhnə
riyaziyyat kitabları, akvarellər, boya tübikləri,
fırçalar, soyulmaqdan gödəlmiş karandaş,
qalaq-qalaq kağız-kuğuz... Qalın karton üzlü
Çexov noutbukun böyrünə kip
sıxılmışdı; gözlükləri noutbukun, bir
qulpu Çexovun üzərində olan eynəyin o biri qulpunun
qurtaracaq əyri hissəsi kitabın kənarından
sürüşüb boşluğa
düşmüşdü; eynək əyri durmuşdu, meh
toxunduqca arabir yerində laxlayırdı, canını
dişinə tutub birtəhər dözürdü;
boşluğa zillənmiş gözlükləri
sarımtıl koloriti sevən şizofren bir rəssamın
natürmortuna poza verirdi. Heç bir şey
haqqında düşünmədən uzun müddət donuq nəzərlərimi
eynəkdən ayıra bilmədim. Baxa-baxa fikir
apardı...". Boşluğa zillənmiş
gözlüklər... Noutbukun böyrünə
sığınmış Çexov...
"Gecikmiş dəlilik" hekayəsində
üç nəfər təsvir edilir, Alyoşa, dostu Teymur və
ona qoşulub gələn şəxs - ruhi xəstə. Zaman-zaman
insanın qəlbində istəklər cücərir, bəzən
bu istəklərdən hansısa ən ümdə bir nəsnəyə
çevrilir. Keçmişdə -
uşaqlıqda duyduğu həyat dolu məhəbbəti
yaşının başqa bir dayanacağında eşitməz
olursan, ancaq bu sənə əl toxunan məsafədə olur,
olur... nə illah eləsən də reallaşmır. Bu heç cürə gerçəkləşməyən
şiddətli istək hər şeyi sənin gözündən
salır. Alyoşa bütün əsərlərini
yazıb qurtarmış, hər şeyə son nöqtəni
qoymuşdur, bu son nöqtə onda qarabasmaya bənzər halət
yaradıb, bayaq yazdığımız kimi gecələr
sehrinə bürünüb heyrətləndiyi hekayələrdəki
əhvalatlar gündüzlər ona adi görünür və
bu hal onu dəli edir, yəni bütün dinamika Çexovun
"6-cı palata"sına doğru gedir, sehrləndiyi əhvalatlarda
həqiqət varmı, yoxmu? Bunu müəllifin özü kəsdirə
bilmir, dünyada ən uca, ən ali hesab elədiyi yazı tərzi
(Çexov) onun axırına çıxır, çünki
yazı prosesində hər şeyi düzüb-qoşa bilsə
də, ən əsas şey - hava çatmır, çəkdiyi
otun havasından hövllənən şair,
yazıçı və dəli üçlüyü həyata,
gerçəkliyə qarşı nəsə yarada bilməyiblər.
Başqa dəruni səbəblər də var, o
səbəblər ki, bu gənc deyilən yazı adamlarının
birbaşa ürəklərinə ox kimi batıb; vaxtilə
kitablarına səcdə etdikləri yazıçılar bu
murdar gerçəkliyi necə söyürdülərsə,
sonralar, mükafat, orden, medal dalınca
qaçdıqlarından özləri də həmin o
çirkin cəmiyyət kimi əclaflaşıblar.
Hekayənin
analiz edib, belə yox, didik-didik eləyib axtardığı cəmiyyət
necə deyərlər, yerində tapılmır, onların bir
az sevib, bir az da iyrəndikləri cəmiyyət
yağış damcısı kimi buxarlanıb, onun yerində
insana qənim nələrsə dikəlib, bunları görməmək
üçün ot çəkmək də kömək etmir.
Ancaq... yeganə salamat qalan qəlbinin o ən
titrək yeridir ki, anasının səsini gözləyir, o səs
eşidilməsə, dəli olacaq, hər şeydən küsəcək,
hər şey gözündən düşəcək, hər
şey onda şübhə yaradacaqdır.
Əslində, bu əhvalat necə yaranmışdı? "Təzə-təzə
yazmağa başlayanda ona elə gəlirdi ki, hekayələrində
günəşli, isti şəhərlər salacaq,
bütün idbar adamları şəhərinin prospektlərindən,
binalarından qovacaq, sevdiyi personajlar və yazdığı hər
bölümdə təbəssümlə parıldayan günəş
onu xoşbəxt etməyə kifayət edəcək. Belə-belə içindən yüzlərlə səhifə
pozmuşdu. Əvvəl-əvvəl yazıçı təxəyyülünün
rəngli nağıllarına gerçəklik kimi
çılğıncasına sarılmağı ruhuna
tükənməz sevinc bəxş etmişdi...".
İçindən yüzlərlə, minlərlə
səhifələri pozub həyatın, elə
yazıçılığın da ən qəliz döngəsinə
gəlib çıxmışdı. Proses səhv
getmişdi. Həyat klassik qəzəllərdəki
kuzə deyildi ki, şərabla dolub-boşalsın və ən
qəliz məqamlarda, susuzluqdan dodaqlar cadar-cadar olduqda belə,
onun boş olmağı gözə dəyməsin. İçindən pozduğu səhifələrin
arasında pozmalı olmadığı nəsnələr
qalmışdı, çıxıb getmiş, həqiqəti
yazmağın və ümumən yazmağın damarı
qaçmışdı. Hekayələrində,
düzüb-qoşduğu hekayələrdə hamını
xoşbəxt eləyəndən sonra Alyoşa hiss elədi
ki, yaratdığı şəhərdə, bu göyün,
bu günəşin altında ona ehtiyac yoxdu. "Əvvəllər darıxanda kitab oxuyardı,
indi bilmirdi neyləsin. Yazıçı
olandan sonra romanların necə uydurulduğunu bilirdi və
bundan sonra sehr pozulmuşdu, bütün kitablar müqəddəsliyini
itirmişdi. Öz yazdıqları belə,
ona cızma-qara, yalan-palan, cəfəngiyyat kimi
görünürdü. Hərdən
köks ötürərək fikirləşirdi ki, həyatın
özünə qarışıb yaşamalı idi, gör
bir ömründə nə qədər boşluq olub ki, bu qədər
şeyi yazmağa vaxt tapılıb. O, heç başa
düşmürdü ki, adamlar onun yazdığını niyə
oxuyurlar?
Məhz
bu ərəfələrdə ot çəkməyə aludə
oldu...".
Dostu Teymur gəlir. Hekayədə onun gəlişi
ab-havanı dəyişməsə də, mənzərənin
görüntüsünü daha da gücləndirir. Ortaya yeni faktlar tökülür, Teymur
yavaş-yavaş öz həyat tarixçəsini
danışır, söhbətin fərqli məqamlarında
ruhi xəstə əlini yaxasına çəkib
qışqırır, nərə çəkir. Onlar -
iki dost yaşadıqları reallıqdan o qədər yüksəyə
qalxıblar ki, həyatla yazı məkanını səhv
salıblar, indi hər ikisində çəkisizlikdə
yaşayırlar. Alyoşanın Teymurun
danışdığı həyat tarixçəsinə
reaksiyası belə olur: Teymurun iztirablarını duymağa
istedadı yetmir. Ancaq məsələ istedad məsələsi
deyil, duya bilməkdi, duyduğun anda içindəki
ehtizazı ifadə elə bilməyin məqamını
gözləməkdədi. Adi vəziyyətdə Teymurun
şeirinin elə bir neçə misrası onda ikrah hissi
oyadır, dinləyə bilmir, Teymur bunu duyduğundan
dayanır, deyir ki, yaxşı ot çəkək.
Hər şey bir-birinə qarışıb: məlum deyil, bu
adamlar boğazdan yuxarı yazılan mətnlərəmi, yoxsa
onları öldürən həyatamı bir belə rəncidədirlər.
Faciə nədir: Alyoşanın yazıçı olmaq istədikdə
bəslədiyi xəyallar, hekayə və romanlarıyla bir
şəhər salmaq istəyi, bu şəhəri
bütün idbar adamlardan təmizləmək arzusu, bu məqsədlə
içindən yüzlərlə səhifəni silib kənara
atması... sonda daha ölçüyəgəlməz dəhşətlə
nəticələnir: onun yaratdığı bu həyat-şəhər
reallığın astar üzünə çevrilir, yaxud əksinə.
Çünki dünyada heç nə tək
deyil, sən çox yaxşı, gözəl, qənirsiz
şeylər yaradarsan və ancaq bu istəklə
alışıb-yanarsan, ancaq sənin istəyinə rəğmən
həyat onun yanına tələsər, onun antipoduna
çevrilər. Alyoşanın anasının qəlbinin
ən həssas yerində saxladığı səsi isə gəlmir,
eşidilmir... Bu səs gəlsəydi, hər
şey düzələcəkdi. Yəni, dəlilik də
bir xeyli gecikibmiş...
Hər dəfə
quru ot çəkib uçduğu göylərdən
geri qayıdanda peşman olurdu. "Səhəri
gün Alyoşa gümrah oyandı. Yuyundu,
özünə çay süzdü, pəncərədən
qara baxdı. O, ayırd etməyə
çalışırdı ki, özünə niyə
çay süzür, qara niyə baxır? Bütün
bunlar adi şeylərdir, yoxsa o, artıq dəli olub? Gecə çıxardığı hoqqaları
xatırladı və düşündü ki, dəli
olsaydı, yadında heç nə qalmazdı. Dəli olmaqdan qorxurdu və dəli olmaq istəmirdi.
Hər ehtimala qarşı hər şeyi
yazıb, özlüyündə aydınlaşdırmaq istədi.
Birdən bu ona şübhəli
göründü və fikirləşdi ki, bəlkə
iş-işdən keçib və o, artıq dəli olub; bu
yazmaq fikri də dəliliyi dərinləşdirmək
üçün hansısa tələdir. Alyoşa
nə yaddaşına, nə məntiqinə etibar edə bilmədi.
Günortaya yaxın elektron poçtuna gələn
ismarıcları oxuyanda dərgilərin, yazıçı
dostlarının verdiyi suallar ona şübhəli
göründü. Elə bil, bu əclaflar ondan söz almaq
istəyirdilər, əmin olmaq istəyirdilər ki, o
doğrudan da dəli olub. Bunu bilən kimi
sevincdən qarınlarını tutub, uğunanacan
hırıldayacaqdılar. Alyoşanın
gözünün qabağında bir topa xaşalqarın
hırıldaşır, səsləri kəsilmək
bilmirdi...".
"Bir payız noktürnü" hekayəsi zahirən
lirik tonlar üzərində qələmə alınıb. Çünki
əsas məsələ lirika deyil, yuxarıda sitat verdiyimiz mənzərədə
noutbukun üzərinə qoyulan eynəyin gözlüklərindən
alınan görüntülərdədi. O hissəyə
bir də diqqət yetirək: Qalın karton üzlü
Çexov noutbukun böyrünə kip
sıxılmışdı; gözlükləri noutbukun, bir
qulpu Çexovun üzərində olan eynəyin o biri qulpunun
qurtaracaq əyri hissəsi kitabın kənarından
sürüşüb boşluğa
düşmüşdü; eynək əyri durmuşdu, meh toxunduqca
arabir yerində laxlayırdı, canını dişinə
tutub birtəhər dözürdü; boşluğa zillənmiş
gözlükləri sarımtıl koloriti sevən şizofren
bir rəssamın natürmortuna poza verirdi. Heç
bir şey haqqında düşünmədən uzun müddət
donuq nəzərlərimi eynəkdən ayıra bilmədim.
Baxa-baxa fikir apardı... Yəni bəzən
insan özü də bilmədən harasa, bəlkə lap
uzaqlara baxırmış kimi yerindəcə donub qalır,
yazıçı müşahidəsi deyir ki, belə hallarda əcdadların
cavab tapa bilmədikləri, şüurla düşünüb
bir nəticə hasil edə bilmədikləri sualların
zaman-zaman başqa insanların ruhunda tərpənməsi,
canlanmasıdır. Hekayədə
bütün xətlər məhz bu nöqtədə
çarpazlaşır. Birinci hekayədə belə bir
detal-görüntü vardı: bəzən, deyir, bir hekayənin
içində qat-qat əhvalatlar yaradıram, o laylar bir-birinə
sarmaşıb sehr yaratsa da, bir məna yaratmağa gücləri
çatmır... Hər şey müxtəlif məqamlarda
sehr kimi görünə bilər, sehr effekti yarada bilər,
ancaq sehr gözləri qamaşdıran adi bir şeydi, əsas
olan həyatın həmişə gözümüzdən və
əlimizdən qaçan mənasıdır. "Bir payız noktürnü" əhvalatının
içindəki hekayə də belə bir axtarışla
süslənib.
Hekayədə
başqa bir maraqlı detal, həm də qızla
oğlanın görüşünü mənalandıran,
onun ayrı-ayrı cizgilərini sehr tülünə
bürüyən cizgi, akvarel: Günəşli havada
durğun göldə yanaşı üzən qoşa
qayıq... Birinci hekayədə assosiativ planda olsa da, belə
bir ayrıntı var: Çexovun dəli elədiyi
yazıçı... "Bir payız noktürnü"ndə
dəlilik mərhələsi aşılıb, Çexova
başqa iş "tapşırılıb": "...Bir-bir
kitabları qaldırıb-qoydum. Çexova əlim
gəlmədi, həm də hələ kompozisiyanı tərpədə
bilməzdim. Belə çıxır ki,
eynək də taxmayacam. Daha yumşaq cildli
kitablardan birini götürüb akvareli arasına qoydum.
Pencəyimi geyinib evdən çıxdım...".
Yazıçı
artıq onu isidən, min bir sual içində boğub təzədən
dirildən həyatın yanındadı, öz kitab təqdimatına
getməkdənsə, asfaltı deşib böyüyən, ətrini
hər tərəfə yayan nərgizgülünün
yanında olmağı, onun qoxusunu duymağı üstün
sayır. Ancaq nə həyat, nə də sənət bu dərəcədə
bəsit və primitiv deyildir, bu, olsa-olsa insan həyatının,
ürəyini deşən, köksündə qaysaq bağlayan
dərdlərin bir görüntüsüdür... İnsan bəzən
hiss edir ki, onu kiminsə hekayəsinin içinə
salıblar, nəfəsi darıxır, burdan çıxmaq
istəyir, çıxdığını güman edir, amma
alınmır ki alınmır... Həmişə
olduğu kimi.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 17 avqust.- S.8.