Rahibələrə sevmək
qadağandır
Anama
1820-ci ilin payızı. Fransanın cənub-qərbi.
Lotaringiyanın ən ucqar dağ kəndi.
Juan monastırı.
Hər birimizin mütləq bir hekayəsi vardır. Bəlkə də
bəzilərimiz seçilmişik, Uca Yaradanın işarətlərinin
və onun ən böyük möcüzəsinin
daşıyıcısıyıq. Bizlər,
möcüzələri salamlayarkən sadəcə onları
yamsılayırıq. Həqiqətən də Yaratmaq
ancaq ona xasdır...
Juan monastırının solğun divarlarını
canlandıran pəncərə ardında bir qadın
dayanmışdı - Rahibə qadın. Dalğın
payız küləyi ilə onun qəlbinin döyüntüləri
vəhdətləşirdi. Titrəşən
bədəninə bələdçilik edən natamam gözləri
isə bütün ciddiyyətini, axtarışını lap
uzaqlarda - qeyri-müəyyən nöqtələrdə gəzdirirdi.
Hələ də gözləyirdi.
O gözlərdən
tökülən həyəcan, çağırış
bütün bəşəriyyəti dolduracaq vüqarlı,
yalvarışla oxunan dualardan daha saf idi. Əgər
sən də bunları görsəydin gözlərini qətiyyən
qaçırmaq, ya da hansısa dərin bənzərsiz
şeydən özünü məhrum etmək istəməzdin.
Hətta o baxışları
ürküdücü tərzdə yalaya və ruhunun ən dərininə
həkk etmək istəyərdin. Ömrün boyu
yoxsunluğun, unutqanlığın içərisində
yaşadığın anlara heyifsilənər, zamanı geri
qaytarmayacağına görə bəlkə də
Tanrını qısqana bilərdin...
Rahibə:
"Uca Tanrı, bütün cığırlar sənə
çıxır, bütün acılar sənə
çıxır, Sən bizi bunlarla mükafatlandırıb
övladlarını daha da kamilləşdirdin.
Şükürlər olsun!".
Soyuq, həm də qaranlıq; rəngli, həm də rəngsiz. Qəlbim hisslərimlə
çarpışaraq əksərən yüzilliklərdən
gələn vəzifəmlə üzləşirdi. Bu nifrət, kin hissi məndən, mənliyimdən
icazə almadan sarmalamışdı onun ruhunu".
Bağışla, əziz dostum. Bunları
danışmaq gecənin qaranlığı kimi məni də
pəjmürdə edir. Amma icazə ver, sənə
əsl Eşqdən söz açım. Elə
məhz Rahibə bacının öz gündəliklərindən.
"55 il əvvəl yağışlı bir gündə
müqəddəs ata məni monastırın
yaxınlığında ağ bələkdə
tapmışdı. Təxminən beş yaşım ərəfələrində
ata mənə deyirdi: "Yağış bərəkətdi,
övladım, sənin təsadüfən bura düşməyinə
inanmıram, zira Təsadüf deyilən şey yoxdur". O məni
bataqlıqlarda bitən lotus adlandırardı. Bunu
da o qədər xoş və özünəxas əndamla
deyirdi ki. Heyif! Ruhunun cavanlığına
görə çox erkən itirdim atanı. Özümü "dərk edəndən" bu
soyuq və gizəmli, ancaq Tanrının adlarının zikr
olunduğu, kəhkəşanlı duaların oxunduğu,
insanların günahlarını təmizləməyə gəldikləri
bu ocağa sadiq olmağımda atanın rolu çox
olmuşdu. İndi onun ruhunun
özünün də hərdən zarafatla dediyi kimi müqəddəs
göylərə ucalmağından qətiyyən şübhəm
yox idi. Atacan, bədənim yaşlansa da, sənin
bəzi monastır qaydalarını vecsiz şəkildə
pozub məni əzizləməyindən, ayağım büdrəyəndə
məni qaldırmağından ötrü burnumun ucu göynəyir.
Bir bilsəydin nə qədər müdrik
olmuşam, mənimlə qürur duyardın. İlk əvvəllər mənə zəhər
tuluğu kimi görünən bu yaşlı bacılar da artıq
mənə xoş gəlir, onların dayanmadan etdikləri
dualar da.
Mən illərlə Tanrıya, İsaya, Məryəmə
açmadığım sirləri ata ilə
paylaşırdım. Hələ də bu solğunluğu qəbul
etmək istəmirdim. Yəqin, illər
öncə bələkdə tapıldığım gün
yağış mənim gələcək
günahlarımı da təmizləmiş, ya da bununla məni
cəzalandırmışdı. Axı aid
olmadığın yerdə başqa qaranlıq kimliyə
bürünüb ortalıqda necə dolanacaqdım?! Böyüdükcə monastırın ağır
ab-havasına mən də öyrəşir,
"İncil"in hər bir bölməsini əzbərləyirdim.
Həyatın mənasını dualarla başa düşmək
üçün müəllimələr xüsusi səylə
onları izah edir və şəksiz bir olan Tanrını tərifləyir,
bizim günahlarımızın ucbatından İsanın
çarmıxa çəkilməsini pisləyirdilər. Doğrusu, "müəllimələr duaları
izah edirdi" ifadəsini daha yerində işlətsək
"özlərinin də dərk etməyəcəyi bir izah
verirdilər", - desək daha ürəkaçan olar.
Azadlıqdan xəbərləri olmayan, müxtəlif
dadları təsəvvür belə etməyi günah
sayanların müqəddəs İsadan sitat gətirməkləri
düzgün vəziyyət deyildi. Hələ bakirə
Məryəmi anlatmaları qətiyyən!
İsanın çarmıxa çəkilmiş
ikonaları qarşısında saatlarla dua dəqiqələri
keçirdi. Doğrudan da, onlar müqəddəsləri dərk
etmişlərmi?!
İlk
zamanlar mən də onlar kimi: "Tanrım, sənə
şükürlər olsun. İsanın günahlarına
batdığımız üçün bizləri əfv et. Bizi öz günahlarımızla
çarmıxa çəkmə!", -
deyə yalvarışlarda bulunurdum. Çox
güman ki, özüm də bu duaları qəlbimdə
sındırmamış və dilucu söyləyirdim. Ən azından illər öncəyə
qayıdanda buradan belə görünür.
1795-ci ilin payızı. Fransada
üçüncü konstitusiyanın qəbul edilməsi ilə
o, respublika idarə quruluşunu hələ də
saxlamış, monarxistlər üzərində kəskin qələbə
qazanmışdır. Bununla yanaşı,
iri burjuaziyanın mövqeyinin güclənməsi ilə
ölkə əməlli-başlı aristokratik ab-havaya
bürünmüşdü. 1789-cu ildən bu yana yeni tipli dövlətin başına
saysız nüfuzlu sərkərdələr
başçılıq etməyə səy göstərsə
də, ölkənin gələcək istiqbalı daha əmin
ələ - Anti-Fransa koalisiyasını dağıdan Napoleon
Bonaparta qismət olmuşdu. Hanniballa, Sezarla
müqayisə edilən dövrünün bu aslanı daxili hərc-mərcliyə
son qoyaraq, qısa müddətdə Avstriya və
İtaliyanı işğal etmişdi.
1797-ci il noyabrın sonları. Bütün Fransanı
ağuşuna alan soyuq Juandan da yan
keçməmişdi. Sanki bu, indiyədək
şahidi olduğum ilk qış gecəsi idi. Vahiməli külək gəlişini bildirərək
özünü monastırın qapı və pəncərələrinə
aramsız, getdikcə daha da artan şiddətlə
döyür, sanki baş verəcək qeyri-adi şeylərdən
xəbər verirdi. Nağıllardakı kimi... Çöldə qar çovğunu tüğyan
edir, ətrafı gözəgörünməz edirdi.
Küknarlar və şamlar qarın
ağırlığına tab gətirməyərək təslim
olurdular.
Yaxınlaşan Milada görə edilən dualar bu gecə
daha da artaraq, digər bacıları da riqqətə gətirmiş,
sanki ürəklərinin ən dərinlərində birikən
tutqularının açığa çıxmasına
görə özlərini Milad dualarına borclu hiss edirdilər. 80-90
yaşlı bacıların da simalarında Milad həyəcanı
bəlli olur, xüsusi şövqlə dünyaları ilə
söhbətləşirdilər. Həyatlarının
ixtiyarı təhrif olunmuş dualarında gizli idi... Bəlkə onlar da bunca zaman hələ də Noel
babadan məktub və hədiyyələr gözləyirdilər.
Amma yenə
də dillərinin altında milyon dəfə: "Tanrım,
bizləri əfv et! Əfv et!
Əfv et!" deyirdilər. Doğrusu,
indi anlayıram ki, monastırın daxilində "yad
ünsürlər"dən daha uzaq bir şəraitdə bu
səmimi günah etirafları haradan peyda olurdu. Yəqin ki, bu, onların özlərini müqəddəs
"Bibliya"ya həsr edib bəsirətlərinin
açılması ilə mümkün olmuşdu.
Əks halda dəhşətli çovğunun
vıyıltısının bu dua
pıçıldaşmaları ilə yarışması
qorxunc təsir bağışlayardı...
Artıq monastırın zəngi gecəyarısını
vuranda otaqlarımıza dağılışdıq. Günün
xüsusi emosional yorğunluğu ilə Tanrıya daha da
yaxınlaşdığımıza görə
şükranlığımızı bildirəndə belə,
heç də fərqli olmayacaq səhərdən ümid
gözləyirdik. Bəlkə də bizə əzbərlədilən,
alnımıza yazılan bu həyata fasilə vermək,
cüzi də olsa
əsl həyata adlamaq istəyirdik. Bunları ona
görə arzulayırdıq ki, hərdən fürsət
tapdıqda qonşu kənddəki qızğın,
hay-küylü həyatı monastırın ikinci qatından baxıb
qısqanırdıq. Hər halda buna
əksər yaşlı bacılar səbr etsə də,
görünür, yeni tipli dövlətin ətrafda
çoxaltdığı coşğu biz gənc rahibələrə
də hopmuş, gizlin arzularımızı üzə
çıxartmışdı, ya da İsa bizim
dualarımızı eşitmiş və qəbul olunması
üçün Allaha əl açmışdı. Dəyişilməz
bir həqiqət var: Hansısa məxluqatı qəfəsə
salmaqla əhliləşdirmək mümkün deyilmiş.
Qaynaşan arzular üçünsə bunu demək olar: Qəlblər
ancaq təhrifdən, maskadan uzaq olan Yaradanı zikr etməklə
hüzur bulur.
Yuxuya
dalmağa çalışarkən Tanrıya hələ də
dualarımı və hörmətlərimi sunurdum:
"Tanrım, sənə sonsuz şükürlər olsun.
Günahlarımızı əfv et. İçimizdə burulğan kimi qalxan hisslərimizi
özünə yönəlt. Bəsirətimizi
aç. Əzəldən
barışıq olduğumuz bu "həyat"da hüzurlu
ömür sürməyi nəsib eylə. Amin!".
Duaları etdikcə anlam vermədiyim şəkildə qəlbim
parçalanır, göz yaşlarım cəhənnəm alovu
kimi içimi yandırırdı. Nə çöldəki
soyuq tufandan xəbərdar idim, nə də otaqdakı təkliyimdən.
Deyəsən, mən illərdir axtardığım o xoşbəxtliyə
artıq nail olmuşdum: Mən Tanrını hiss edirdim. Xısın-xısın ağlayaraq Uca Yaradana
göz yaşlarım ilə minnətdarlığımı
bildirirdim. İçimə birikmiş o gizlinlər
göz yaşlarımla bərabər saflaşır, onunla
aramda qırılmaz bağ yaradırdı, ta ki, zorla
döyüləcək qapı taqqıltılarını dələn
ürək döyüntülərimdən ayırd edənədək...
Əzizim, sənə Rahibə bacının mücərrədliyə
doğru atılan üz ifadəsini görməyi çox da
arzu etməzdim. Bəzi qarşılaşmalar insanı yoxdan Var edər,
bəziləri də vardan Yox! Onsuz da
özünün də cavabını tapa bilmədiyi
yorğunluqla bu müqəddəs gecələrdə
Tanrıya üz tutması, yəqin ki, cavabsız
qalmamışdı, amma bunun onun üçün heç də
asan olmayacağını sənə bildirmək istədim.
Əsası XVI əsrdən qoyulmuş bu tikilinin əski
pillələrini vahimə qarışıq cəsarətlə
enərək bayaqdan bəri cansıxıcı sükutun alətinə
çevrilmiş taxta qapını açdı. "Müqəddəs Məryəm,
yardım et!".
Rahibənin
gündəliyindən: "Vaxtı ilə düz demişdi
Ata... həqiqətən də təsadüf yoxdur!
Məchula qarşı doğulan bu gizəmin mənası
axı nədədir? Anlamsızcasına mənə aid olan və
olmayan, mənə doğma olan və doğma olmayan, sezdiyim və
sezmədiyim hər şey üçün darıxıram.
Sahib olduğum və olmadığım dəyərlər
üçün üsyan edir və onları dəhşətlə
qısqanıram. İnsan inancından uzaq
düşdükcə onunla birgə doğulan dəyərlərdən
də uzaq düşürmüş. İndiyədək
dualarla bəslənən ağlımın artıq heç nəyə
yaramadığını və nəhayətində
ömür adlandırdığım bu zaman kəsiyinin isə
puç və ixtilafdan olduğu qənaətinə vara
bilmişdim.
Nələrsə çarpışırdı qəlbimdə. Mənə
yad olan şeyləri qəbul etmək, onların önündə
əyilmək istəmirdim. Çətinliklə də
olsa etiraf etməliyəm ki, mənimlə doğulan dəyərlər
qazanacağım dəyərlərin ayaqları altından
torpaq götürəcəkdi...
1797-ci il dekabr.
Paris; İmperator sarayı. Balo gecəsi.
İtaliya səfərindən yenicə dönmüş
Napoleon və bütün balonu olduqca canalıcı, zərif,
füsunlar gözəlliyi və rəqsi ilə ələ
almış Jozefina. Tale qarşılaşdırmışdı
bu iki maraqlı həyatı bir-birinə. Ovsunlayıcı
ilan baxışı ilə oğurlamışdı sərkərdənin
qəlbini. İlk baxışdan Eşq bu
olsa gərək. Bəlkə də Eşq deyildi, atəş
olduğunu bilə-bilə özünü ona
atmağıydı!
İllər
sonra...
Həyasız mavi nəzərləri özünü bəyəndirmək
üçün dikilmişdi dünyaya. Tünd
kül rəngli saçları qulaqlarının arxasından
səliqə ilə hörülmüşdü. Əynində isə bənövşəyi rəngli,
boğazınadək uzanan və əsl fransız nəcabəti
ilə tikilmiş uzun libas var idi. Göbəyindən
çənəsinin altına qədər xüsusi işlənilmiş
ağ naxışların üzərinə
bir neçə düymə bərkidilmişdi. Qollarındakı dantelli krujeva isə geyimə əsilzadə
ədası qatırdı. Yəqin ki, hər
ehtirasın tükəndiyi məqamda tutqunun xəyanətlə
bəslənmiş forması idi bu - Qadın əzəməti.
İstədiyini əldə etmək, istmədiyini
yandırmaq idi gizli silahı. Onun öyküsü idi:
Göylərin Allahı, yerlərin İlahəsi. Bəlkə
də Qadın kimi Qadın olmaq idi bu... həm
bəyaz, həm siyah.
Ah
Jozefina! Jozefina! Sənin dilindən:
Bəzən əqrəbtək sancmaq gərək bilirəm,
Bəzən ilantək qıvrılıb yatmaq gərək
bilirəm.
Fəqət bunlar hamısı başdan-başa bir əsər.
Mənə
Qadıntək, Qadın olmaq bəs edər!
ŞƏMS
Ədəbiyyat qəzeti.- 2019.- 17 avqust.- S.11.