Mətn tutuquşu deyilmi?!
Kamal Abdullanın "Sirlərin sərgüzəşti"
romanı haqqında -
Hər bir sayını maraqla izlədiyim
nüfuzlu "Ədəbiyyat qəzeti"nin builki bir
neçə sayında xalq yazıçısı Kamal
Abdullanın sayca dördüncü romanı olan "Sirlərin
sərgüzəşti" hissə-hissə (fəsil-fəsil)
çap olundu və haradasa "məchul" bir sirri
"faş etdi". Məlum oldu ki, öz uzun adını gərəkən
sürələrdə soyunub geyinə bilən və
dünyanın çox sirrinə vaqif olan Hacı Mir Həsən
ağa Səyyah elə "müəllifin
özü"dür!
***
"Bir var Sirri - əzəm, sirri - Xuda, sirri - ali. Bir də var
qonşu Həzrətqulunun sirri". ("Sirlərin
sərgüzəşti"). Həzrətqulular
çox şeyi bağışlaya bilər, amma sirlərini
faş edən adamı heç vədə
bağışlaya bilməzlər. Get Allahın sirrini
"aç", amma onların sirrinə dəymə! Dəydinmi,
özündən küs! Ən yaxşı
halda, yerin ya kimsəsizlər evi (Həsən müəllim),
ya da mağara (Səyyah) olacaqdır. Amma həm də
belə deyil, axı...
***
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi
İsa Muğanna son əsərlərinin
doğru-dürüst başa düşülməsi
üçün oxucuya hazır "oxuma reseptləri"
verirdi. Yəni hansı kitabından sonra hansını oxumaq
lazımdır. Təbii ki, bu, İsa Muğanna nümunəsidir
- diqqət, təkrarsızlıq və bənzərsizlik
nümunəsi! Amma Kamal Abdulla belə bir
"resept" vermək fikrində deyildir. Heç belə bir "resept"in
mövcudluğundan söhbət də gedə bilməz.
Bir oxucu kimi qəti şəkildə deyirəm: Əgər
müəllifin geniş elmi və bədii
yaradıcılığı ilə dərindən tanış olmadan "Sirlərin sərgüzəşti"ni
oxumağa girişsəniz, çətin sorularla üz-üzə
duracaqsınız. "Təhlükədən
qaçmaq" üçün müəllifin hekayələrinə,
xüsusən, əvvəlki üç romanına və
şeir yaradıcılığına yaxından bələd
olmalısınız. Çünki "Sirlərin sərgüzəşti"nin açarı onlarda "gizlənib".
***
Niyə əvvəlki romanlarını xüsusu intonasiya
ilə nəzərinizə çatdırdım?! Kamal Abdulla müsahibələrinin
birində trilogiyasını ("Yarımçıq əlyazma"
"Sehrbazlar dərəsi" və "Unutmağa kimsə
yox..." romanlarını) yarızarafat, yarıciddi,
yarıgerçək və yarıironik bir şəkildə
"Bermud üçbucağı" adlandırır. Və həmişə olduğu kimi, boş qalan o
"yarı"ları doldurmağı oxucunun ixtiyarına
buraxır. O "yarı..."ların başqa adı
"sirr"dir. Sən sirri faş etdinmi, başqa bir sirr
özü öz ayağı ilə gəlib faş olunan (və
ya açılan) o "boş" əraziyə daxil olacaq. Hər üç romanda cavabsız sirli sorular
vardır. Yeni romanında müəllif
onlara cavab tapmaq istəyir. Mahiyyət baxımından
çox ülvi olan bu məqsəd də yeni-yeni sirli ərazilərin
"zühur" etməsinə gətirib
çıxarır...
***
Romanı
oxuyub qurtarandan sonra qəribə bir darıxmaqlıq hissi,
izaholunmaz bir xof bürüdü məni: Müəllif "Sirlərin
sərgüzəşti" ilə, sanki bizə son vida
sözünü deyir. Həsən müəllim kimi!
Romanın dairəvari (küpvari!) strukturu da dışa,
bütövlükdə Kosmosa və insan ruhuna yalnız
qüssə yansıdır...
***
Müəllif,
Hacı Mir Həsən ağa Səyyah və Həsən
müəllim... Hər üç ad metamorfozdur! Üç niyə? Bir ad! Amma gərək
olsa, o bir ad yüz ada da çevrilə bilər. Yenə lazım olsa, o adların arasına başqa
adlar da girə bilər. Kamal Abdulla
yaradıcılığının əsrarəngiz sirri də
məhz burada - fasiləsiz çevrilmələrdə və
Qeyri-səlis məntiq nəzəriyyəsindədir. Ümumiyyətlə, dahi azərbaycanlı Lütfi
Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsi
bütün elm və incəsənət sahələrində
son nöqtə ilə ilk nöqtə, hətta yanaşı
qoyulan iki nöqtə arasında belə sonsuz vergüllərin,
nöqtələrin və aralıq məsafələrinin
olmasını sübutlayır. Zənnimizcə, Kamal
Abdullanın "Dədə Qorqud" eposundan və adı
digər əsərlərindən sistematik keçən
personajlardan, hətta çox populyar olan "məlum"
şeir bəndlərindən heç cür qopa və onlara
son nöqtəni qoya bilməməsinin əsas səbəbini
də burada axtarmalıyıq. İl yarım, iki il bundan əvvəl
biz bu böyük yazıçı, mədəniyyətşünas
və mütəfəkkirin "son" elmi kitabı haqda
yazmışdıq: "Kitabi-Dədə Qorqud"
poetikasına giriş" Azərbaycan ədəbiyyatşünaslığında,
ümumən, bədii-elmi-analitik araşdırmalar tariximizdə
Qeyri-səlis məntiq nəzəriyyəsini möhtəşəm
bir formatda (işin əvvəli 80-ci illərdən
başlanıb!) faktlaşdıran ilk tədqiqat
işidir".
***
Kamal
Abdulla suprematizmin "Qara kvadrat"ına
şeirdən gəlmişdi. Qətiyyətlə
demək olar ki, onun "Var-gəl" şeiri bu yöndə
misilsiz örnəkdir. Müəllif təkcə var-gəl
arasında - bir defislik aralıq məsafədə onlarla
çaların olduğunu görə bilir: "Var-gəl. Yəni gəzinti", "Var-gəl. Yəni hıçqırıq", "Var-gəl.
Yəni məşəqqət", "tənhalıqdan
təkliyə, təklikdən tənhalığa - var-gəl",
"Var-gəl. Yəni
pıçıltı" və s.
Şairliklə alimlik, alimliklə
yazıçılıq, yazıçılıqla dramaturqluq
və ictimai fəaliyyət arasında onlarla, bəlkə daha
çox gözəgörünməyən, lakin fəhmlə
dərk olunan aralıq məsafələri, şəffaf təbəqələr
və laylar vardır. Kamal Abdulla qeyri-adi bir entuziazmla onlar arasında "var-gəl
edir...".
***
Kamal
Abdullanın bu adda bir essesi vardır: "Düma ilə Coys
arasında və yaxud Don Kixotun ölümü" Çox təsirlidir.
Yaddaşımda istər-istəməz
(müqayisə və paralellərdən qaçsam da!) Borxesin "Don Kixotdakı gizli magiya" essesini
assosiasiya edir. Borxesin gəldiyi başlıca qənaət
budur ki, "Don Kixot"un personajları elə
"Don Kixot"un oxucularıdır. Don Kixotun
özü də öz kitabının oxucusudur. Gördüyünüz kimi, yanaşma çox
maraqlıdır.
Kamal Abdulla da Don Kixotun ölüm səhnəsinə
tamam ayrı bir rakursdan baxır. Olsun ki, bu səhnə
də dünya Don Kixotşünaslarının diqqətindən
"yayınmayıb". Amma onun yanaşması da
ümumbəşəridir:
"Elə bil, Don Kixot deyil, Servantes ölürdü. Elə bil,
Servantes öz yaratdığı qəhrəmanı
üçün deyil, özü üçün epitafiya
yazırdı. Və əslində, Don
Kixot ölmürdü, o, yenidən dirilirdi".
"Sirlərin
sərgüzəşti"ni oxuyub qurtarandan sonra
darıxmaqlığımın əsas səbəbi indi mənə
əyan oldu: Həsən müəllim "qışın
oğlan çağında, bu qarın altında paltosuz...",
əynində yalnız pijama, başında şlyapası ilə
lazım gələrsə, qəzavü-qədəri də
aldadıb buralardan baş götürüb, "müasir
variantı" olmayan "Çərxi-fələk"
ölkəsinə "qaçır...". "Elə bil, Don Kixot deyil, Servantes
ölürdü". Cümlə
öz-özünü deşifrə edib mənə bu cür
"göründü": Elə bil Həsən müəllim
deyil, Müəllif qaçır...
***
Qaçan
həm də Həsən müəllim deyil axı... Bəlkə, Hacı Mir Həsən ağa Səyyahın
geydiyi uzun adlardan biridir?! Həm də o, müəllif də
ola bilərdi. Kamal Abdullanın da adı
ilk dəfə bu əsərdə "hallanır",
axı: "Necə olub ki, o, "Kitabi-Dədə Qorqud"
dastanını dərindən bilən (bəlkə də pis
bilməyən) Kamal Abdulla adlı bir alim dostu ilə
dastanı dəfələrlə müzakirə edib, amma bu incə
məqama diqqət yetirməmişdi?! Dostu Kamal
müəllim də bu barədə ona heç bir söz deməmişdi?!
Yəqin, heç o özü də bunu
bilmirdi". Romanın başqa bir yerində də müəllif
açıq-aşkar bildirir: "Hacı Mir Həsən
ağa Səyyah - yəni mən...", Məncə,
şərhə ehtiyac yoxdur!
***
Məlum olduğu kimi, irihəcmli əsərlərin fəsilləri
olur. Müəllif fəsli həm "hissə", həm
də ilin çoxrəngli, çoxçalarlı fəsilləri
anlamında işlədir. Romanın
"Payız"dan başlanması da simvolik səciyyə
daşıyır. İkili
başlanğıc payıza xas olan ən xarakterik bir əlamətdir.
Yarpağın bizə görünən saralmış bir
payız üzü var, bir də... Elə o
"bir də..." həmişə sirr olaraq qalır.
Yarpağın o üzündə qış da, yaz da, yay da ola bilər. Roman da məhz həmin gizli,
niqablı, örtülü "üzlər"i bizə
göstərir...
***
İllər
öncəsi "Sehrbazlar dərəsi"nin
ilk səhifəsini oxuyan kimi ağlıma gələn ilk fikir
bu oldu ki, bəlkə, roman hansısa qədim və mistik bir
musiqinin içərisinə yığılıb?! Və ya
unutduğumuz hansısa qədim melodiyalar
yığılıb bu romanın içərisinə?! O
melodiyalar nə idisə, onları geri "qaytarmaq" gərək
idi. Necə ki, romanın qəhrəmanı Səyyah Sehrbaz,
karvanbaşının cəllad atası Məmmədqulunun
ruhunu çağırıb geri qaytarır...
***
Zənnim
özünü çox "gözlətmədi" - nəhayət,
dahi İtaliya bəstəkarı A.Vivaldinin (1678-1741)
dünyaca məşhur "İlin fəsilləri"
musiqisinin içərisinə səliqə-sahmanla
yığılan mükəmməl bir roman - "Sirlərin
sərgüzəşti" yazıldı. Bu, mənim
subyektiv, özü də çox subyektiv fikrimdir. Anlayıram, Vivaldidə fəsillər
arasındakı fərqli şəffaf təbəqə
çox aydın sezilir. Amma Kamal Abdullada fəsillərin
ardıcıllığı ustacasına pozulur. "Payız"ın
davamı "Yay", "Qış"ın davamı
"Payız" ola bilir. Və
ya əksinə. Özü də bu "davam"lar bir dəfə yox, sonsuzluğa qədər
davam edə bilər. Bu, müəllifdə roman
təfəkkürünün hüdudsuz və sonsuz
olmasını göstərən amillərdəndir.
***
Əgər biz romanı təkcə Vivaldinin musiqisi
içərisinə yığıldığını desək,
ədalətsizlik olar. Bəlkə də heç müəllifin ağlına
gəlməyib bu! Gerçəyə daha yaxın alternativ
fikir ondan ibarətdir ki, "Sirlərin sərgüzəşti"
"Bermut üçbucağı"nın
sirrini "faş edir". Necə?! Şərti olaraq (nədənsə, inanıram belədir!)
"Yarımçıq əlyazma"nı ("Dədə
Qorqud"un "qara kitabı"nı) "Yay",
"Sehrbazlar dərəsi"ni "Qış",
"Unutmağa kimsə yox..."u "Yaz"
("Çiçəkli yazı") hesab eləsək, onda
avtomatik "Sirlərin sərgüzəşti" romanı
"gözəgörünməz yazı makinası tərəfindən
yenidən" yazılan, "kağız üzərində,
həqiqətən, yoxdan var olan" "Payız"
olmalıdır. Təsadüfi deyildir ki, əsər məhz
"Payız"la da başlanır... Deməli, Kamal Abdulla da
Tanrı tərəfindən ona hədiyyə verilən
acılı-şirinli, açıq-örtülü,
anlaşılan-gizli ömrün fəsillərini "tamamlaya
bildi...". Bunu sağkən hiss eləmək
səadətdir...
***
Həsən
müəllim "indi"ni unudub. Sual
olunur: İndidə nə var?! "Uliss" romanı ilə
böyük ədəbiyyatın "axırı"na çıxmaq istəyən Coys da
"Odissey"i (Keçmişi!) dekonstruksiya edərək
misilsiz bir əsər yaratdı. Yenə keçmiş! Bəs keçmişdə nə var?! Baxanda keçmişdə də bir şey yoxdu.
Amma sən bir fərd olaraq indidən
çıxıb keçmişə düşürsənsə,
deməli, yaşamaq uğrunda çarpışmalısan.
Necə ki, özünü cəngavər
ampluasında təsəvvür edən Don Kixot vuruşur,
çarpışır. Məsələ
onun yel dəyirmanı ilə gülünc və səfehcəsində
vuruşmasında deyildir, əsas məsələ bunu
hansı məqsədlə etməsindədir. Məqsəd
isə mahiyyət baxımından çox ülvidir... Həsən müəllimin də altsheymer xəstəliyinə
tutulması onu ülvi məqsədindən uzaqlaşdıra
bilmir. Yazıçı bizə "məlum" həqiqəti
xatırladır: Böyük həqiqətlərə
çatmaq üçün lazım gələrsə,
"yaddaşı" da qurban vermək olar. Məsələ
burasındadır ki, bugündən qopan yaddaş var
gücü ilə keçmişə işləyir. Nəticə:
"qurban vermək" kimi bir məsum anlayış da şərtidir...
Romanın başlanğıcı oxucuya "xoş
şeylər" vəd etmir; şəhərlər insan
skeletləri üzərində salınıb, düzən
düzənsizlik, doğru yalan, nizam xaosdur. Tarix düzxətli
deyildir. Əynimizə öz
adımızı deyil, üzünü belə görmədiyimiz
insanların adlarını geymişik. Adlarımızı
istənilən vaxt soyuna bilərik. Məsələn,
Həsən müəllim "keçmiş"
adını soyunub indiki həyatda olub Həsən müəllim.
Onun "əkiztayı" - ruh qardaşı
isə coğrafiyaşünas və mətnşünas
Hacı Mir Həsən ağa Səyyahdır. Adlar,
şəkillər, əkslər çox rahat bir-birinin
içərisindən çıxıb gedirlər... Roman güzgülü salon effekti yaradır. Hamımız güzgüdəyik. Elə oradan da uçub gedəcəyik. Güzgü ilə aramızdakı məsafənin
azlığı bizim xeyrimizədir. O qədim
pritçada olduğu kimi, anasını itirən
qızcığaz hər dəfə güzgüyə baxarkən
özünü yox, məhz anasını gördüyünə
inanır.
Tarkovski də öz "Güzgü"sündə
özünü axtarır. Ümumiyyətlə,
həm film, həm də qabıqcıqsız güzgü
avtobioqrafik səciyyə daşıyır. Güzgüdə
bizik, vəssalam... Hər bir mətn, qəribə
səslənsə də, aşağı, yuxarı həmin
güzgü funksiyasını yerinə yetirir.
***
Tənhalıq təklənmə deyildir. Həyat səni
təkləyibsə, bu, artıq qorxulu gələcəyindən
xəbər verir. Həsən müəllim
unuda-unuda təklənir. Çünki unudulan
doğmalardır. Payız kimi "təklənib"
ikiləşən Həsən müəllimin o bir
"tayı" - Hacı Mir Həsən ağa Səyyah
"Sirlərin sərgüzəşti"ni
yazır. Səyyahın yazdığını
Həsən müəllim bir-bir burada oxuyur.
Müəllif sirdən danışmır. Sirr
yaradır. Sirrin əski yaranış texnologiyasını
bir-bir açıb göstərir. Həm
də başlıca hədəf zaman və məkandan
asılı olmayaraq, müxtəlif səciyyəli sirlərin
bir-biri ilə sirli əlaqəsini açıb göstərməkdir.
Tutaq ki, "Əhməd adlı odunçunun
sirri" ilə "Qədim Oğuz elinin say-seçmə
igidi olan Bozatlı alp Beyrəy"in sirri arasında əlaqə
nədir? Bəs Həsən müəllimin
"yaddaşsızlığı"nın
bunlarla əlaqəsi?! Və ya sirlərin
bir-biri ilə belə qayım əlaqələrinin sirrini
açmağın bir önəmi varmı?
***
Həsən müəllim ilk məhəbbətini
xatırlayır. Göygöz Gülzarla onun arasında
olmuşdur. Əsl poeziyadır! Bu,
"Yaz"dır. ("Unutmağa kimsə yox...").
Novruzəlinin öz qonşu qızı Güllü ilə
eşq hekayəti. Onlar Çərxi-fələk ölkəsinə
getməyə hazırlaşırlar. Bu,
"Qış"dır. ("Sehrbazlar dərəsi").
Gülzar niyə özünü öldürdü? Həsənin
onu kənddə qoyub şəhərə oxumağa getməsi
ilə bağlıdırmı bu ölüm? Ayrılığamı dözə bilmədi? Bəlkə, onu başqasına ərə verirdilər?
Bəlkə, Həsəndən məktub
gecikdiyinə görə? Nəhayət, bəlkə,
atalığı ona təcavüz etməyə cəhd eləmişdi?!
Göründüyü kimi, oxucunun özü də hiss eləmədən
sirrin çözülməsi "əməliyyatı"na qoşulur... ("Yarımçıq
Əlyazma").
***
Bütün sevgi məktubları bir-birinə bənzəyir. Güllünün
Novruzəliyə yazdığı məktub Həsənin
Gülzara yazdığı məktubun sonluğu ilə
eynidir. Hər ikisi şeirlə bitir:
"Stol
üstündə yumurta
Ay
qız, məni unutma
Əgər
məni unutsan,
Məktubumu unutma".
Durub "ay qız"ın yerinə "ay
oğlan" yaz, nə dəyişiləcək? İnsanlar
bir-birinin təkrarından ibarətdir. Lap
mətnlər kimidirlər. Sözügedən
roman da eyni aqibəti yaşayır - o da əvvəlkilərin
ustacasına modernləşmiş "təkrarı"ndan
ibarətdir. Müəllif hər dəfə bizi
amansız sorularla üz-üzə qoyur:
Bugünümüzü unutsaq, (Həsən müəllim
kimi) keçmiş öz sirrini bizə açarmı? Keçmişi ən xırda hüceyrəsinə
(sirrinə!) qədər bilməyimizə görə
bugünün yaddaşını qurban verməyə dəyərmi?
Ümumiyyətlə, keçmiş nədir?
Əgər keçmiş (yəni Səyyah!)
indi də (Həsən müəllimdə) bu cür
ağrılı (qızı Həlimənin əzabları
timsalında) şəkildə təzahür edirsə, ona
qayıtmaq nə qədər ədalətlidir? Zamanlar arasında bu sirli əlaqə nədir? Niyə insanlar kimi, mətnlər də bir-birini rahat
buraxmırlar? ("Yarımçıq əlyazma"
"Sehrbazlar dərəsi"ni, "Sehrbazlar dərəsi"
"Unutmağa kimsə yox..."u, "Sirlərin sərgüzəşti"
isə hər üçünü!). Mətnlər
bir-birindən nə istəyirlər? Əgər
onlar arasında əbədi "sülh sazişi"
bağlansa, müəllif rahat olarmı? Ümumiyyətlə,
yazıçının "bitirdiyi" mətn varmı?!
Sənətkar nə zaman öz mətnlərinin
"mağarası"ndan çıxacaq?! O,
uydurduğu həyatdan real həyata nə zaman enəcək?
Lap tutaq ki, endi, özü ilə gətirdikləri ondan əl
çəkəcəkmi?! Və nəhayət,
həyat özü də tutuquşu deyilmi?! Bəs mətn?!
***
Nəzərəli
ilə Novruzəli yumşaq mənada bir almanın iki
üzü, sərt anlamda isə dünyanın öz üzləridir:
Xeyir üzü, Şər üzü! Xeyir
özünə, xeyirxahlıq və mərhəmətinə
"sığındığı üçün" onda
bic "hərəkətlilik" (feil!) yoxdur. Şər isə min bir hiylədən, biclikdən,
feildən ibarətdir. Ona görə də
daima hərəkətdədir. "Hərəkət"
(yaxşı və pis mənada!) həyatın qanunudur. Romanın bir maraqlı sirri də onun fasiləsiz
mütəhərrikliyindədir.
"Qış" - soyuqluq özünü göstərir. Romanın
qışa doğru bu cür "yeyin" getməsi həyatın
qanunauyğunluğu sayıla bilər. Qardaşlarla
Həlimə arasında da soyuqluq başlanıb. Soyuqluğun səbəbi ata evi, ata
mülküdür. Qardaşlar "əlverişli"
situasiyadan maksimum yararlanmaq - tezbazar evi satıb öz
aralarında bölmək istəyirlər. Minillərin o üzündə də eyni hadisə
baş verir. Nəzərəli ata
mirasına sahiblənmək üçün yeganə əziz-xələf
qardaşını atasına öldürtdürür.
Müəllif zamanla, sanki qədim bir oyun -
"beşdaş" oynayır. Zamanları xırda daşlar kimi əvvəl
bir-bir, sonra iki-bir, üç-bir baş barmağı ilə
göyə "uçurdur", sonra da onları göydəcə
"ovlayıb" ovuclarında sıxır. Hər
daş öz fərqli trayektoriyasını - taleyini
yaşayır. Onları birləşdirən
yeganə mərhəm yer ovuclardır. Ovuc
burada qabıq, hasar, sədd funksiyasını yerinə yetirir.
Ağlıma qəribə bir fikir gəldi: Bəlkə, qədim
Çin səddi ona görə inşa edilib ki, müxtəlif
sərgərdan zamanlar orada bir anlıq olsa da
"görüşə" bilsinlər. "Beşdaş"
effekti doğuran romanın üst qatı da, sanki ovucla
hasarlanıb. Metaforik qabığı atsaq, cümlə
bu cür olar: Zamanlar müəllifin ovcundadır!
***
"Hacı Mir Həsən ağa Səyyah əsla...
müəmmaların çözülməsinə o, heç
vaxt inanmamışdı. Bunu da bir müəmma
kimi qəbul elədi və tezcə də unutmağa
çalışdı. Unutdu". ("Sirlərin sərgüzəşti"). Həqiqətən, müəmmalar Səyyahı
maraqlandırmır. O, sirr yaradan idi. Müəmma
çözən deyildi. Eyzən Kamal Abdulla kimi; sirri
yaradır, onu çözməyi - bu məşəqqətli
işi isə oxucunun ixtiyarına buraxır...
***
Payıza olan məhəbbətinə görə risaləsini
payızda başladığını deyir Səyyah. Sual olunur: Biz niyə ona
inanmalıyıq?! Məgər bu da Səyyahın növbəti
sirri ola bilməzmi? Və ya növbəti
sirrə yol, riz, cığır deyilmi?! Özünün
dediyi kimi, payızın daha çox qeyri-müəyyənliyi
onu çəkir. Roman da tədricən bu cür qeyri-müəyyənlik
tülünə bürünür...
Səyyahın öz yuxusunda gördüyü dipdiri
tutuquşu Həsən müəllimin kabinetində müqəvva
şəklində zühur edir. Hərdənbir
"keçmiş" kimi canlanması onun əvvəlki
dirilişinə bir işarədir.
***
Günlərin bir günü ayılıb görəsən
ki, sənin arvadın cadugərdir. Əhməd gördü! Qadın
sirr bilimində "üçüncü" sırada durur:
Əhməd - cökə ağacı (cökə
ağacı da bir zamanlar qadın olub!) və qadın. Qadını cadugər olmasaydı, Əhməd
adlı bir odunçunun sirri mövcud olardımı?
Budur, qadın keçdi önə! Müəllif
bununla nəyə işarə edir?! Belə
çıxır ki, yasaq edilmiş meyvənin sirri Həvvaya
bəlli idi!
Birinci sirr "açıldı". "Payız" öz
yerini "Qış"a verdi. Belə görünür ki, sirlərin
açımı bəşəriyyətin xeyrinə olmayacaq.
Sirr açılarsa, bəşəriyyətin qışı
başlanacaq...
***
Cazibədar
rəng və misilsiz dil oyunlarını nəzərə
almasaq, Kamal Abdullanın yeni romanı başdan-başa struktur
oyunları üzərində qurulub! Bunu necə
başa düşək? 1. Roman texnologiyasına mükəmməl
bələd olan müəllif "Sirlərin sərgüzəşti"nə
qədər nəsrimizdə xeyli "ölü" nöqtəni
tərpədə bildi. Bu da ədəbi cameədə
bir canlanma əmələ gətirdi. Əvvəlki
mətnlərdən fərqli olaraq, bu dəfə Kamal Abdulla məhz
öz yaradıcılığını dekonstruksiya edir.
Necə deyərlər, sirlər öz sərgüzəştlərini
"hazır" ədəbi xammal üzərində qururlar.
Bu çox effektli bir ədəbi taktikadır.
İstər-istəməz oxucunu mətnin
içərilərinə dartıb çəkir. Qeyri-xətli süjet, intertekstuallıq (mətnlər
arasında əlaqə) onun nəsrinin canı və
qanıdır. 2. Azərbaycan nəsrində Kamal Abdullaya
qədər heç bir müəllif bir mətnin içərisinə
müxtəlif süjet, quruluş və ideyaya malik olan bu qədər
"fərqli" sinkretik mətnlər daxil edə bilməyib.
Olub, amma say baxımından bu qədər
olmayıb. 3. Klassik və çağdaş nəsrimizdə
adda-budda cəhdləri çıxmaq şərtilə, qətiyyətlə
demək olar ki, Azərbaycan nəsrində "sehrli
realizm" termini Kamal Abdullanın adı ilə
bağlıdır. Doğrudur, Latın
Amerikası ədəbiyyatında bu, oturuşmuş ədəbi
janr səviyyəsindədir. Birbaşa
postmodernizmlə bağlıdır. Amma
bizdə onu sistematik şəklə salan Kamal Abdulladır.
Həm də onun yaradıcılığı əsas
verir ki, həmin terminə bir söz də əlavə edə
bilək. Bu cür: "Sirli-sehrli realizm".
***
Romandakı
hadisələr, sanki "Allahın dünyanı unutduğu
gün" baş verir... Görükməz təpə,
Ağ dərviş, Sehrbaz Hüsnükərəm, Təkcənəlik
vaxtı, Hüngür mağarası, Basat, Təpəgöz,
Beyrək, Baybecan bəyin qızı Banuçiçək, Həsən
müəllim, Həlimə, Əliqismət, Görükməz
təpə və b... adlar bizə "unudulan" həmin
şifrələnmiş günün sirrini açmağa
"kömək edirlər...". Yox,
qabıqcıq deyir ki, əksinədir. Hər bir ad, sanki
ona görə mövcuddur ki, kömək etmək əvəzinə,
sirrin üzünə sirrdən təzə üzlük
çəksin... Əvvəlki əsərlərində
müəllif bunu "Sirr içində sirr"
adlandırır. Amma yeni roman bizə
"Sirr içində sirr"in başqa bir sirri haqqında
da gizli informasiya ötürür. Bu, dastanla
bağlıdır. Biz həmin sirri şərti olaraq
"Dədə Qorqud"un
tibbi-profilaktik-müalicəvi əhəmiyyəti ilə
bağlamaq istəyirik. Yeni hipoteza ondan ibarətdir
ki, dastan altsheymer - yaddaşsızlıq xəstəliyinin
sağalmasına kömək edə bilər. Belə ki,
Həsən müəllim dastanın yeni sirri ilə
üz-üzə dayananda yaddaşı, sanki
"oyanır", hərəkətə gəlir, tez
qızı Həlimə ilə dastan barəsində söhbət
edir... Bu təkcə fiziki yaddaşın deyil, həm
də milli-ictimai-ədəbi yaddaşın oyanışı
deməkdir. Nəhayət, cəsarətlə demək
olar ki, Kamal Abdulla dünya Qorqudşünaslığına
yeni-yeni ölməz töhfələr verməkdədir...
***
Sənətkar cadugərdir. Bu, müəllifin sənət
konsepsiyasıdır. "Sirlərin sərgüzəşti"
romanı Kamal Abdullanın sənət, sənətkar, insan,
xaos, kosmos, düzən, xeyir, şər, qəddarlıq, mərhəmər,
sevgi, nifrət, ölüm, olum və s. haqda düşüncələrinin
yekunu kimi səslənir.
Roman əsl sənətkara dönüşün
postulatlarını verir. Bu, əsl cəhənnəm əzabı, məşəqqətdir:
1. Əvvəlcə kölgəni atmalısan. ("Kölgə"
hekayəsi). 2. Adından imtina etməlisən. 3.
Görünüşünü dəyişməlisən. 4.
Sevgilini dəyişməlisən. Sonuncusu
ölüm deməkdir. Yuxarıdakı
üç məşəqqətdən sonra
dördüncüsü aksiomadır. Bu da kədərli
sonuc: "Sevgilisi çarpayıda tərpənməz bir halda
uzanmış bu ağsaçlı, ağbəniz adamı az
qala tanımadı. Sənətkarın
açıq gözləri təəccüblə ona
baxırdı. Ağzı balıq
ağzı kimi açıq qalmışdı. Bədəni hələ isti idi. O, bir az əvvəl
keçinmişdi". ("Sirlərin sərgüzəşti")
Dəhşətdir, elə deyilmi?! Biz buna hazırıqmı?!
***
"Dərviş Hüsnükərəm əməli-saleh
olmağın şərtlərini də Novruzəliyə
demişdi. Bunun düz üç şərti var idi.
Ən əsas
biriminci şərt bu idi ki, insanın gərək dünya malında gözü olmaya.
İkiminci
şərt - adam gərək ona
yaxşılıq eləyən birisinə minnətdar
olmağı bacara.
Üçümüncü
şərt bu idi: səndən imdad istəməyənə qədər
gərək ehtiyacı olanın imdadına yetişəsən
və əvəzində heç nə tələb etməyəsən".
("Sirlərin sərgüzəşti").
Üç şərtin hər birisinin haradasa müəllif
mövqeyi ilə üst-üstə
düşdüyünü deyə bilərik. Amma bu, natamam
bir fikir olacaq. Qəribədir, tam,
tamamlanmış bir fikir gördünüzmü?! Amma
faktlar əleyhimizə işləsə də, bütün
sferalarda Tarkovskinin dinamik "Güzgü"sü öz
sözünü deyir: Sənət həm də avtobioqrafik səciyyə
daşıyır.
***
Romanın
başlıca qayəsi budur: Unutma!!! Milli-genetik
yaddaşını unutma! Həsən müəllim kimi
yaddaşsızlıq xəstəliyinə tutulsan da, yenə
unutma!
Yaddaşın
bu gün üçün işləyir, mal-mülk hərisliyi
öz qara bayrağını sancıb sənin
yaddaşına! Sən o bayrağın altından
çıx! Çıxa bilmirsənsə, vay sənin
halına! Günlərin bir günü həyatındakı
cəhənnəmləri unutmaq üçün Tanrıdan
altsheymer xəstəliyini yalvarıb istəsən də verməyəcək.
Tarix bütövlükdə yarımçıq əlyazmadır. Bunu unutma! Sənə
"yaxşılıq eləyən birisinə minnətdar
olmağı" unutma! Unutmağa bir kimsə olmayanda belə
yenə unutma! Və sonda... dəyişilib "əvvəllki
mən" olmadığını dilinə gətirə bilsən,
bu şeir sənin halalın olsun:
- Qurban
olum, axı mənəm,
Aç
qapını bax, mənəm,
Qayıtmışam sağ - mənəm.
Əvvəlki
mən deyiləm... (Kamal Abdulla)
Mehman Qaraxanoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 17
avqust.- S.12-13.