Ay, torpağın itirənlər
Belə bir söz var. Bilmirəm kim deyib, amma dəqiq bilirəm ki, var. Deyirlər, filan söz məni yaman tutdu,.. yaxud deyirlər, filan söz ox kimi içimi dəlib keçdi,.. yaxud da söyləyirlər ki, filan söz məni havalandırdı, yerimdən, yurdumdan eylədi...
Hə, mənim, deyəsən, "naxışım" gətirib. Ona görə "naxışım gətirib" deyirəm ki, qarşıma məni havalandıran, məni yerimdən, yurdumdan eyləyən, mənim içimi tərpədən sözlər ara-sıra çıxır. Və mən də həmin o sözlərin havasında elə bir hala düşürəm ki, Allah heç kimə göstərməsin. Bunu yaxşı mənada deyirəm, yer də, göy də başıma fırlanır. Özüm də yerin, göyün başına fırlanıram. Elə fırlana-fırlana da durduğum nöqtədən, oturduğum yerdən haralarasa o fırfıra məni aparıb atır, o söz məni gah işığa bələyir, gah da qaranlığa... gah sevincə bükür, gah da kədərə... gah alqışa bələyir, gah da qarğışa... gah dilimi mələyə çağırışa kökləyir, gah da fələyə qarğışa. Yəni yaşamaq da istəyirəm, ölmək də... yaşatmaq da istəyirəm, öldürmək də. Bax, başıma belə bir müsibət gətirib məni yerimdən, yurdumdan edən söz.
Tam səmimi deyim ki, hərdən o məni havalandıran sözün sahibinə irad da tutmaq istəyirəm. Amma gücüm çatmır. Nə deyəcəyimi, necə deyəcəyimi tarazlaya bilmirəm. Ha çalışsam da, dilim o söz sahibinə minnətdarlıqdan başqa heç nəyi söyləmir. Qalıram dilimin məngənəsində... qalıram sözün yükünün altında... qalıram havalandığım yerdə. Bax, indi siz bu yazını oxuduğunuz vaxt mən elə o havalı durumdayam. Çünki 23 fevral gününün nostalji xatirəsiylə stolumun üstündəki bir kitabı götürüb bəxtini sınayan adamlar kimi gözüyumulu açdım. Və niyyət tutdum ki, açılan səhifədəki hər nədisə, onu oxuyacam və onunla razılaşacam... onu günümün köynəyi edəcəm. Elə bu niyyətlə də açdım kitabı. Və...
Həyatda təsadüflərin zərurətdən doğulduğuna bəlkə də hamıdan çox inanmışam, hamıdan çox biət etmişəm. Amma inanın ki, bu dəfə açılan səhifədən oxuduğum şeir mənə həm də yaşadıqlarımı, taleyimi, güzəranımı, hətta içimdən keçən dua və özümə qarğışları başdan-başa üzümə söyləyirdi, gözlərimin içinə deyirdi. Və həmin an mənə elə gəldi ki, dünyada həqiqətən ruha qoşulmalar var. hardasa eyni cür düşünmək, eyni cür yanaşmaq, eyni cür şərh etmək, eyni cür də yaşamaq var. Mən buna başqa bir ad tapıb qoya bilmərəm. Bu şeirdəki bütün məqamlar, misralanmış bütün anlar və mənalar mənim evim yanan gündən, kəndim işğal olan gündən ürəyimə yazdıqlarımdı... ürəyimdə pıçıldadıqlarımdı... yuxularımda gördüklərimdi. Mən onda yazmışdım ki:
Yandı evim, eşiyim,
Yandı divarım, daşım...
İsit, qoyma üşüyüm -
İsit məni, göz yaşım!..
Və onda az qala Tanrıya asi olaraq içimdə fəryad qoparmışdım ki, təqvimləri cırıb atmaq lazımdı. Çünki təqvimlərdə işğal günləri, şəhid günləri, faciə, qətliam günləri sıralanıb gedir. Bax elə indi açıb oxuduğum şeirdə də müəllif həmin o mənim kimi düşünənlərin, mənim günümü yaşayanların ürəyi ilə öz ürəyini eyniləşdirir, birgə döyünən ürəklərin sızıltısını, göynərtisini misralayıb və yazıb:
Hər ayda bir qanlı təqvim,
Hönkürdüm hər an üstünə.
Ölüb, dərdimi göndərəm,
Mənə yananın üstünə.
Hə, bunu mən də arzulamışam, bunu mən də gecələr çadır evimin, sığındığım uşaq bağçasının, yaşadığım özülsüz otağımın bir küncünə çəkilib qaranlığa, özü də büzüşüb oturmuş uşaqlarımın gözlərinə baxmadan içimdə söyləmişəm. Və elə demişəm ki, özüm də inanmışam bu dediyimə. Yəni inanmışam ki, ölüb dərdimi mənə dərd verənin üstünə göndərə biləcəm. O düşməni ölümümlə öldürəcəm və:
Yoxda vardı, varda yoxdu,
Həsrət dərd-qəmlə ovundu.
Ömür bir rəngli yuxudu,
Doğru yalanın üstünə.
Bəli, bu da bir
gerçəkdi. Çünki yoxda var olanın varda yox olması, həsrətin dərd-qəmlə
ovunması təkcə
şair sözünün,
fikir adamının ifadəsi, pıçıltısı
deyil, bu həm də həmin o varlıqla yoxluğun, o dərd-qəmlə
ovunmağın necə
birrəngli yuxu olduğunu söyləməkdi,
andırmaqdı, xatırlatmaqdı.
Özü də gerçək
kimi bir yalanın çətiri altında. Və:
Ay oğuzlar, ay ərənlər,
Səbri dözümlə yeyənlər.
Ay torpağın itirənlər,
Gedək Tapanın üstünə.
Necə gözəl bir çağırış... necə
yanıqlı bir müraciət... necə səmimi bir etiraf. Özü də canıyananlıqla,
hər şeyi göz altına almaqla söylənən etiraf. Axı, dözə-dözə hardan hara gəlib
çıxdıq. Bunu heç
düşündükmü, bunun heç fərqinə vardıqmı?
- Məncə, yox! Ona görə artıq hamımız birlikdə bir şamın işığında,
bir su səsinin
yaratdığı ovqatda
öz-özümüzə, özü də hamının eşidə
biləcəyi bir səslə deməliyik ki:
- Ay, torpağını itirənlər,
gəlin gedək onu axtaraq. O itkini tapanı, əslində isə o torpağı bizdən alanı cəzalandıraq,
o torpağa sahib olaq! Və:
Qara sevda, qara dərddi
Torpaq sevgim, yurd həsrətim.
Ölənin bəxti gətirdi,
Ağlayaq qalanın üstünə.
Bu da bir gerçək, bu da bir olmuşun
və olanın poetik ifadəsi, poetik təqdimatı. Məncə, burda həm də yanğının, üsyanın, dərdə
dözümsüzlüyün şairanə yox, sadəcə, insanın içini tərpədən
bir poetik təqdimatından gedir söhbət. Çünki sevdaların qarası elə torpaq sevgisidi, yurd həsrətidi. Amma bu qara sevdanın ən böyük nəşəsi, ən böyük qazancı, ən böyük mükafatı ölməkdi.
Kim bu qara
sevdadan ölübsə,
onun bəxti gətirib - Şəhidlik
zirvəsinə yüksəlib.
Həm cismiylə torpağı artırıb, həm ölümüylə torpağı
çiyninə qaldırıb.
Bizə sadəcə bir iş qalıb.
O da şəhid olmayanı diriykən ağlamaq. Burda söhbət göz
yaşı tökməkdən
getmir, burda söhbət diriləri qazi olmağa hazırlamaqdan, çağırmaqdan
gedir. Və:
Əldən yurdu gedən adam,
Səbr
edib ölməyən
adam.
Bu taleyə asi
ollam,
Gedib Yaradan üstünə.
Hə, bir anlıq bu misraların
siz də içərisinə daxil olun, alt qatını görün... bu misraların fikir tutumunu siz də
çözün. Onda görəcəksiniz ki, bu boyda yurd
itirib adam
kimi qalmaq, səbr edib təkcə ölməmək
yox, həm də arsız-arsız çalıb-oynamaq nə
deməkdi?! Axı biz
özümüz-özümüzə təsəlli verməklə
bu yurd itkisinə
asi olmağı
arxa plana keçiririk. Əslində isə biz, yəni
torpağını itirənlər,
ömrü birrəngli
yuxu olanlar ölüb bəxtəvər
olanların ətrafına
yığışmalıyıq, onların yolunu tutmalıyıq, onların
izini göyərtməliyik.
Çünki bu yol, bu iz Şuşaya
gedir... işğal olunmuş torpaqlarımıza
gedir... bizim üçün həsrət
çəkən, ayaq
izlərimizi qoruyub saxlayan, uşaqlığımızı
yaddaşında yaşadan
ünvanlara gedir.
Biz onun ayağına
getməliyik, onu çiynimizə qaldırmağa
getməliyik və Yaradandan bu gediş
üçün ancaq
dəstək ummalıyıq.
Çünki O bizi yaradanda,
xəlq edəndə boynumuza oğul yükü qoyub, oğul missiyası yükləyib. Alnımıza
da elə beləcə də yazıb:
Ay torpağın itirənlər,
Ölənin bəxti gətirdi!!!
Məncə, biz bəxtimizin gətirəcəyini
gözləməli deyilik. Biz taleyimizə
asi olmalıyıq.
Və
biz, yəni şəxsən
mən bu misraların müəllifi
dəyərli Sona xanım Vəliyevaya məmləkətin qaçqın
bir bəndəsinin vətəndaşının, sadəcə,
Əbülfətin taleyini,
içini yazdığına
görə təşəkkürümü
bildirirəm. Xüsusilə, təqvimin ən qara günlərinin birinin ərəfəsində
mən bu misraların bütün qatlarını gördüm,
bütün laylarına
enə bildim.
23 fevral 2019, Bakı
Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2019.-
17 avqust.- S.15.