İlqar Fəhmi poeziyası

üzərində ədəbiyyat söhbətləri

 

Sənə ey dil, daha bir mərhəmət gəlməz ol afətdən,

Barış öz taleyinlə, bəsdi, əl çək boş şikayətdən...

 

İlqar FƏHMİ

 

Poeziya estetik nəsnə olaraq ədəbiyyatda özünə yer tapmış ən gözəl kəşflərdəndir. Zövq, duyum qabiliyyəti olan insan poeziya ümmanında həzz həddinə çata bilir. Üstəgəl, poetik nümunə həzz verdiyi qədər də düşündürə bilərsə, bu zaman həmin gözə görünməz enerjini ikiyə vurmuş olarıq.

Şeiri şeir xətrinə, mətni isə mətn xətrinə heç vaxt oxumuram. Hələ oxudan öncə özümü mətnə kökləyirəm də. Pessimist, sentimental  zamanlarımda kitab üzü açmağı heç sevmirəm, çünki belə məqamda ovqat mətni üstələyə bilir. Yəni ən adi söz belə ruhundan xəbər verdiyi üçün qulağına xoş gələ bilir. O səbəbdən də düşünürəm ki, ədəbiyyat ən gözəl ovqatın yoldaşı olmalıdır. Psixologiyan normal olduğu zamanlarda sənə yeni hiss rəngləri aşılamalıdır.

Fortepiano üzərində vurulmuş ilk akkord kimi söz düşüncələrdə və hisslərdə fırtına yarada bilirsə, poeziyadır. Mən də belə məqamda bu sözləri yaza bilən imza sahibinin ömrüm boyu yaradıcılıq izləyicisinə çevrilirəm. Zamanla yaxından tanış olmaq imkanı əldə edirəmsə və sevdiyim mətn nümunələrini qələmə alan şəxsin üstəgəl şəxsiyyətinə, dünyagörüşünə də aşiq oluramsa... bu vəhdətin duyumu bir ayrı zövq verir insana. Eynilə İlqar Fəhmi yaradıcılığı və şəxsi kimi.

 

Dilə, get dərdinə dərman dilə fərzanə insandan

Sənə gəlməz cahanda bir ziyan mərdanə insandan.

 

Əməldə etdi isbat eşqini, bir tək söz ilə yox,

Onunçün daima yüksəkdədir pərvanə insandan.

 

Son vaxtlar Şərq estetikası haqqında çox düşünürəm. Tez-tez miniatürləri izləyirəm, əvvəlki enerjisi qalmasa belə, qədim İçərişəhərin dar küçələriylə addımlayıram. Və hiss edirəm ki, müasirlik qədimlik üzərinə çox basqı edir. Elə bu səbəbdən də nə dar küçələr, nə minarələr, nə də qala divarları hisslərdə yeni ovqat yarada bilmir. Belə məqamlarda şərqlilik ruhunu özündə daşıyan ədəbiyyat və incəsənət xilasetmə missiyasını üzərinə götürür.

Şərq miniatürləri, xüsusilə Azərbaycan miniatürləri dünya incəsənət xəzinəsində özünəməxsus yer tutur. Şərqin dillərdə əzbər olan hekayələrinin fonunda rəsm edilən bu sənət nümunələri piktoqrafik dillə insanla danışa bilir. Eynilə Misir ehramları üzərində olan şəkli yazılar kimi. Hətta deyərdim ki, Şərqin nağıl estetikasına fikir versək, bitmək bilməyən "Min bir gecə" nağıl düzümü kimi memarlıq nümunələri də - dar küçələr, hündür olmayan evlər, qəflətən qarşımızda göylərə ucalar minarələr, bizi azdıran, dolaşığa salan yollar eyni strukturu, bədii, memarlıq üslubunu xatırladır.

Qloballaşan dünyada mədəniyyət, bu fonda - incəsənət, musiqi, ədəbiyyat və b. xalqları ayaqda və özündə, öz qabında saxlayan ən qüvvətli dayaqdır. Sağdan, soldan hər cür cərəyan əssə belə, fundamental mədəniyyət kənarın ən gözəl nəsnələrini götürərək özünü itirməyə bilir. Necə ki, üzərimizə basqı edən Qərb ədəbiyyatı nəsrimizin, poeziyamızın  havasını dəyişsə də, uzun çək-çevirdən sonra qələmimizin tozunu silib özümüzə qayıda bildik. Əlbət ki, bu işdə sözümüzü oxucuya çatdıran mətbu orqanlarımızın əməyi də az olmadı.

Klassik janrın trayektoriyasını yeni modern üsluba uyğunlaşdıraraq dilimizə ağırlıq gətirən fars, ərəb kəlmələrini qəzəldən təmizləyərək yeni izhar metodikası yaradan, klassik duyumun ləzzətini saxlamaq şərtilə yeni axında mükəmməl poetik nümunələr yaradan İlqar Fəhmi az sözlə klassik qəlib üzərində müasir fikir libasında harmoniya yarada bildi. Halbuki, çağdaş dövrümüzdə klassik janr deyib də keçmişlərin eyni estetikasını poeziyasına yansıdanlar az deyil. Onlar hələ də izhar metodikası tapa bilmədiklərindən fərqlənə bilmirlər. Yaradıcı insana yeni söz və yeni metod yaratmaq fərqli olmaq şansı verir.

 

Mən ki, zülmət gecələrdə azıb itmiş kimiyəm,

Öz yanımdan da gözüm görməyib ötmüş kimiyəm

 

Necə dərin yara vursan da mənə ağrısı yox,

Yaramı özgə öpüşlərlə keyitmiş kimiyəm

 

...

 

Nəfəsimdə daha əvvəlki odu axtarma,

Baxma yanındayam, amma elə getmiş kimiyəm...

 

Son vaxtlar məni düşündürən digər məsələlərdən biri də poeziya, onun ifadə forması və ifadə genişliyidir. Əslində, janrın heç bir önəmi yoxdur. Əsas olan fikirdir, düşüncədir, izhar etmə qabiliyyətidir. Poeziyamıza yersiz Qərb ünsürləri misalı kimi basqı edən qafiyə xiridarları hal-hazırda ədəbiyyatımızda tıxac yaratmaqla məşğuldurlar. Sanki kim daha çox mənasız şeir yaratdı yarışması keçirilir. Sərbəst vəzn deyib də at oynadanlar az deyil. Hərədən bir söz çırpışdırıb ağlına gələni yazanlar bilirlər ki, bu oğurluğun da bir həddi var. Kəlmələr şeirin ovqatı ilə üst-üstə gəlməyəcəksə, Parisdən yazıb Napoleondan çıxsan belə, saxta görüntü şeiri silkələyən kimi töküləcək. Yerdə çılpaq mətn qalacaq. O səbəbdən də şeiri sözlə yox, fikirlə dopdolu etmək lazımdır. Mahiyyətə varmaq lazımdır. Doğrusu, eyni mövzunu dəfələrlə yazılarımda işıqlandırdığıma görə lap xəcalət çəkirəm. Amma inanıram ki, çoxlarının poetik töküntüsü olan söz, nəhayət ki, qüdrətli söz qarşısında uduzacaq. Çünki ya dəyişmək lazımdır, ya da elə dəyişmək lazımdır.

 

Qapını döyən qonaq yox,

ölümsə,

Qonaq kimi qəbul et,

gülümsə.

 

...

 

Kim oynadı həyatla,

uduzdu.

Ölüm qara qəpikdən

ucuzdu.

 

Qəzəl janrının yeni Fəhmi dönəmi bizlərə klassik qəlibdə müasir söz demə bacarığını aşkar edir. Yar ardıycan göz yaşı töküb, ona yetişmənin mümkünsüzlüyündən çığıran klassik qəzəl məzmunundan fərqli olaraq İlqar Fəhmi yeni tərzdə hadisələrə özünəməxsus məzmun açılışı bəxş edə bilir və poeziyaya gətirdiyi lirik qəhrəman obrazı bütün oxucular üçün, həm də qələm adamlarıyçün sevimli və gözəldir.

 

Tökülür sənli saatlar o ömürdən, bu ömürdən

Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən,

 

Evimə dərd girir hər gün, o başından, bu başından

Gözümə kölgə salırsan, o maşından, bu maşından.

 

Bezmişəm sənsiz həyatın o adından, bu adından

Zərrə-zərrə səni yığdım o qadından, bu qadından...

 

Əslində, "göz yaşı", "ah-nalə" estetikası, əgər buna estetika demək olarsa, artıq şeirlərimizdən getməkdədir. Çünki orta əsrlərin aşiqlərindən fərqli olaraq, müasir aşiqlərin yara çata bilməmək kimi yasaqları yoxdur, yarın üzünü görməmək kimi örtük çətinliyi də yoxdur. Yəni bir zamanların poeziyasında yer alan bu nüansların gerçək psixoloji səbəbləri mövcud idi. Poeziyanın şair aşiqləri də bəlkə elə bu səbəblərdən ah-nalə edirdilər. Ona görə hamı yerdə görmədiyi qadınların obrazını fantastik pərilər üzərinə yansıdırdı. Bəlkə də "pəri", "mələk" anlayışı olmasaydı yer qadınına ithaf edilməsi bilinsəydi o zamanın şairi üçün  problem yarana bilərdi, ola bilər. Hətta deyərdim ki, sufi yönümlü poetik nümunələrin özündə görünməz Yaradanın proyeksiyası üzünü-gözünü örtən, ruh kimi görünməz olan o dövrlərin Şərq qadınının üzərində cızılmışdı. Poetik aşiq yalvarsaydı belə, yarın siması, zülfü pünhan qalacaqdı, Tanrı kimi görünməz olacaqdı. Bir sözlə, o dövrün həyata baxma estetikası ilə müasir dövrdə söz yaratmaq çox gülünc görünür. O səbəbdən də "ayrılıq", "qovuşma", "sevgi", "eşq", "nifrət" və s. kimi daimi, əbədi mövzular yeni biçimdə təqdim olunmalıdır. Yeni izhar metodikası seçilməlidir. Necə ki, indi oxuyacağımız şeir parçasında biz hadisəni olduğu kimi təsəvvürümüzdə canlandıra bilirik və izhar metodu XXI əsrin insanının düşünmə qabiliyyətinə uyğun olaraq təsvir edilir, daha uzaq, görünməz pərilərdən danışılmır. Poetik aşiq ah-zar etmir.

 

Yenə xatırlayacaqsan bu evi

Yenə zəng edəcəksən: Gəlirəm

Yenə də yalvaracaqsan: Gözlə,

Heç yerə getmə, bu günlük səninəm.

 

Yenə kölgən cızacaq pəncərəmi

Girəcəksən elə bil öz yuvana,

Yenə palton düşəcək qollarıma

Yenə çantan uçacaq boş divana.

 

...

 

Yenə dinməz dayanıb bir müddət

Arxadan boynuna ahlar səpəcəm

Saçını sonra səliqəylə yığıb

Çiyninin ağ dərisindən öpəcəm...

 

Şeiri oxuduqca söz vasitəsilə qısametrajlı film izləyirmiş kimi vizual  görüntünün şahidi oluruq. Əsl poeziyanın gücü də bundadır, sözlə görüntü yarada bilmək bacarığı. Hadisəni hiss etdirə bilmək və oxucunu baş vermiş olayın həqiqiliyinə inandırmaq bacarığı. Eləcə də bu nümunədə eyni təbiiliyi müşahidə edirik.

 

Məni küsdürmək asandır, məni ağlatmaq asan,

Məni çaşdırmaq asandır, məni aldatmaq asan,

Məni ləngitmək asandır, məni saxlatmaq asan,

...Mənim olmaq nə çətin...

 

Məni buzlatmaq asandır, məni dondurmaq asan,

Məni laxlatmaq asandır, məni sındırmaq asan,

Məni göstərmək asandır, mənə əl vurmaq asan.

...Mənə çatmaq nə çətin...

 

İstənilən şair, yazıçı, əlavə edirəm, əsl şair və əsl yazıçı öz həyatının qısacıq məqamlarını yansıtmaqdan  daha çox, müşahidə etdiklərini yaradıcılıq nümunəsinə çevirir. Çünki müşahidəçisi olduğu prosesi özündə olurmuş kimi, içindən keçirərək izhar edir. Həm də öz poetik qəhrəmanının xarakterinə uyğun şəkildə, ampluasından çıxmamaq şərtilə verə bilir.

 

Güclə vaxt tapmış idim bircə nəfəs gülmək üçün

Tez bəla gəldi dodaqdan gülüşü silmək üçün.

 

Sənə dönmək nə səadətdi, burax əllərimi

Qoy gedim, itməyə yox - bir də sənə dönmək üçün.

 

Mən sürünmək dolu bu ömrü verərdim, Fəhmi

Bir saatlıq kəpənəktək yaşayıb-ölmək üçün.

 

Poetik "mən" ilə şair arasında qlobal fərqlilik olmadıqda, yazar xarakterindən yaratdığı mətnlərə köçürdükdə yaradılan nümunələr saxta görünmür. Çünki bir şeirdə hər şey düzgün ola bilər - vəzn, qafiyə, bəhrlər, yəni texniki cəhətdən şeirin heç bir qüsuru olmaz, amma mənasızlıq onu boş göstərə bilər. Naşı oxucunu boşsəslənişli qafiyələrlə aldatmaq mümkündür, amma məqsəd ciddi ədəbiyyata doğru addım atmaqdırsa, mahiyyətin və mənanın fərqinə varmalısan və üstəgəl özün də yaradıcı, şəxsi xarakterə maliksənsə və özündən parçaları, düşüncə parçalarını şeirinə verməkdə xəsislik etmirsənsə, mükəmməl sənət əsəri mütləq yaradacaqsan. Necə ki, dəyərli şairimiz (həmçinin nasirimiz, dramaturqumuz) İlqar Fəhmi bunu ustalıqla  ifadə edə bilir. Həm də təkcə ustalıqla deyil, intellektualcasına, idrakla, mütaliə çəkisi daxilində dəyərli, fundamental poetik nəsnələr ədəbiyyata bəxş edir. Çünki əsl ədəbiyyat humus qatı kimidir. Yalnız və yalnız münbitliyə, məhsuldarlığa xidmət edir. Özündən sonrakı ədəbi nümunələr üçün dayaq olma qüdrətində olur.

 

Günel EYVAZLI

 

Ədəbiyyat qəzeti.- 2019.- 17 avqust.- S.18-19.