"Gec də olsa, güc olan" ədəbi
abidə
İllər
öncə ötən yüzilliyin ədəbiyyat tarixlərində
oxuduğum andan şüurumu diksindirən, misra-misra
yaddaşıma yayılan və yenidən nüvə misilli adında
cəmlənmiş mənalar fəzası ilə heyrətləndirən
bir şeir var idi: "Həpsi rəngidir". Müəllifini
"Səməd Mənsur" yazmışdılar. 1993-cü ildə həmin adla çap olunmuş
kitabı vasitəsilə onu yaxından tanıya bildim. Həqiqətdə bu adın bədii-fəlsəfi
məna tutumu onun bir şair kimi fərdi üslubunun mənəvi-estetik
rənglər qammasını bir göz kimi əks etdirirdi.
Təsəvvür edin: kəskin sarkazmlı satirik şeirlər,
zərif, kövrək duyğulu lirika, vətən, millət
yanğılarını təcəssüm edən şeirlər,
ictimai, siyası mühitin problemləri ilə yüklü
publisistika, yumşaq yumorlu kiçik pyeslər...
Nəhayət,
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun elmi işçisi Yadigar Əsgərovanın
"Səməd Mənsur. Həyatı və
yaradıcılığı"(2019) monoqrafiyası ilə
XX əsr poetik irsimizdə "Həpsi rəngidir"incisinin
çox maraqlı müəllifi - Səməd Mənsurla hərtərəfli
tanış olmaq nəsibimiz oldu. Kitabın nəşrinin şairin anadan
olmasının 140 illiyinə, "Həpsi rəngidir"
şeirinin isə ədəbiyyata vəsiqə
almasının 100 illiyinə təsadüf etdiyini xüsusi
vurğulamaq istərdim. Gec də olsa, şükürlər...
Y.Əsgərova
şairin doğum tarixindən başlayaraq 48 yaşında
dünyasını dəyişənədək və bizim
günlərə kimi haqqında olan bütün məlumatları
elmi məsuliyyətlə diqqətlə öyrənib
araşdırmış, bir sıra fərqli tarixlərə
(məsələn, doğum ili 1879, 1880, 1885, 1887), məşğulluq
və iş yerlərinə, ədəbi-ictimai fəaliyyətinə,
gizli imzalarına, səhvən onunku sayılan, yaxud
başqasının zənn edilən əsərlərinin
müəlliflik haqqına və s. aydınlıq gətirmişdir.
"Səməd
Mənsurun həyatı və mühiti" fəslindən məlum
olur ki, 1895-ci ildə 16 yaşında Həbib bəy Mahmudovun
4 dərəcəli məktəbini bitirən Səməd Azərbaycan,
rus və fars dillərini mükəmməl bilməklə
yanaşı, dəqiq fənləri də yaxşı mənimsədiyi
üçün neft sayəsində varlanan savadsız
sahibkarların kontorunda yazı-pozu, mühasibat işlərini
aparır, çox erkən yaşlarından pul
qazanırmış. Doğrucul, zəhmətsevən, təbiətən
sadiq, sözübütöv adam olduğu
üçün ona etimad göstərilirdi. Bundan
başqa, gənc yaşlarından musiqiyə həvəsi
olduğu üçün xalq mahnılarını məharətlə
ifa etməsi, qarmon və tarda çalmağı bacarması,
bədii ədəbiyyatla ciddi maraqlanması kimi məlumatlar
verilir.
Y.Əsgərova
şairin xarakterinin formalaşmasında təsiri ola biləcək bir məqamı da nəzərə
çatdırır ki, bu da gənc Səmədin öz
yaxın qohumları - atası, qardaşı, yeznəsi tərəfindən
dəfələrlə insafsızcasına
aldadıldığı üçün qəlbinin insanlardan
incik düşməsidir. Müəllif Səmədin
şəxsi və ictimai həyatının konkret məqamlarını
önə çəkməklə onun mənəviyyat
qatlarına, yaradıcı şüuruna təsir edən amilləri
nəzərə çatdırır. Fitri
istedadının və dünyagörüşünün
inkişafı üçün ictimai mühitinin çox
münbit bir ab-havası olduğunu da xüsusi
vurğulayır: xalqın bütövlükdə mənəviyyat
məktəbi olan "Molla Nəsrəddin"
jurnalının - C.Məmmədquluzadə və M.Ə.Sabirin
yazılarının hər bir kəsə öz dərketmə
qabilliyinə görə çatdığı kimi, Səməd
Mənsurun da əqidə-məqsəd axtarışına
güclü təsiri olduğu göstərilir.
Gənc Səməd Mənsurun həyatı və
mühitini işıqlandırarkən tədqiqatçının
qədirbilənliklə şair barədə ən kiçik
qəzet yazısından tutmuş, mövcud olan elmi, publisist,
tənqidi məqalələrə və xatirələrə,
prof. N.Ələkbərlinin, akad. N.Cəfərovun
yığcam monoqrafiyalarına, Əlyazmalar İnstitutunda
qorunan saxlanclara istinadla gəldiyi qənaətləri
tutarlı və inandırıcıdır. Səməd Mənsur gənc ikən artıq
dövrün əksər ziyalıları kimi xalqın maariflənməsi
və mədəni inkişafı üçün fədakarcasına
fəaliyyətdə olmuşdur. Bu məqsədlə
"Səfa" maarif cəmiyyətinin yaradılmasında,
satirik "Şeypur" jurnalının təsis edilməsində,
milli teatrın inkişafında və bir çox xeyriyyə
işlərində xidmətlərini müasirləri rəğbətlə
xatırlamışlar.
Müəllif
Səməd Mənsurun bədii
yaradıcılığını üç bölüm
üzrə: lirikası, satirası və dram əsərləri
istiqamətində araşdırır. O, haqlı olaraq,
şairin lirik şeirlərinin klassik ənənələrdən
qaynaqlandığını önə çəkir. Bununla yanaşı, xalqın və vətənin
qayğıları ilə döyünən bu poeziyanın
ideya - məzmunundakı ictimai motivlər onların
müasirliyinin göstəricisi idi. Monoqrafiyada oxuyuruq:
"...zamanın gerçəkliyinə səmimi münasibəti,
heç bir siyasi təzyiqdən qorxmayaraq birbaşa müraciətləri
şairin yaradıcılığının
aktuallığını indi də azaltmır. Lirik-satirik
əsərlərində millətin ictimai bəlaları
konkret faktiki materiallarla təsdiqlənir, daha geniş diapazona
keçərək humanizm, vətənpərvərlik hisslərini
əhatə edir". Şairin "Qan", "Sərvət",
"Beynəlmiləl", "Millət rəislərinə"
və s. şeirlərinin yaranış mühitlərini
araşdırarkən onların ictimai gerçəklikdən
nəşət etdiyi diqqətə çəkilir. Xüsusilə
Cümhuriyyət dövründə yazdığı "Millət
rəislərinə" şeirində şair şəxsi mənafeyi
üçün xalqına arxa çevirən dövlət
başçılarını sərt ifadələrlə kəskin
tənqid edərək yazırdı:
Namusumuzu
rütbə üçün satma, həya et,
İnsaf et, ey insafına, vicdanına lənət!
Yenidən Səməd Mənsurun "Həpsi rəngidir"
şeirinə qayıdaq. Qəribə addır... Həmişə heyrətləndirir...
Lirik ovqatı, lirik "mən"in xarakterini,
bədii üslubun nüvəsini özündə ehtiva edən
ikinci belə şeir adı xatırlaya bilmirəm. Tədqiqatçı
demişkən: "Ümumiləşdirmə və konkretlik,
sözün müstəqim mənasında deyilişi, eyni
zamanda obrazlı təfəkkür, satirik qrotesk, kəskin
sarkazm, istehza Mənsur poetikasının əsas xüsusiyyətlərindəndir".
Monoqrafiyada şeirin təhlilinə S.Mənsurun "ən
çox sevdiyi, ...arzu etdiyi ideal millət
nümayəndəsi" N.Nərimanovla yaradıcılıq əlaqələri
ilə başlanır. "Yoldaş Nərimanovun vüruduna təbrik"
şeirində onu "nur", "günəş",
"sürur" obrazları ilə səciyyələndirdiyini
vurğulayaraq yazır: "Çox yaşa, yoldaş, ol əzmdə
mənsur" deyərək, şair təxəllüsünün
əsl mənası olan "qalib" sözünü Nərimanova
aid edir". Böyük mütəfəkkirin
1925-ci ildə oğluna ünvanladığı acı təəssüflərlə
dolu məktubundan bir hissəni sitat gətirərək S.Mənsur
şeirinin mayasında zamanın bütün vətənpərvər
və məslək adamlarının
ağrı-acılarının təcəssüm
olunduğunu nəzərə çatdırır.
Tapmadım
aləmdə
bir
həmdəm ki, olsun biriya,
Görmədim
heç kəsdə
bir
niyyət qərəzdən maəda,
Küllən
əbnayi bəşər öz nəfsinə olmuş fəda,
Nəfsi
uğrunda görürsə hər bəla,
hər macəra,
Məsləkə
isnad edir,
məslək,
dəyanət rəngidir.
Müəllif haqlı olaraq yazır ki, bu şeirin S.Mənsurun
ədəbi taleyinə həlledici təsiri oldu. O bu əsərlə
tanındı, sevildi, həm də amansızcasına tənqid
edildi". Həqiqətən, "Həpsi rəngidir"
şeiri sovet dövründən əvvəl yazılmasına
baxmayaraq, uzun müddət "mürtəce romantizmin
nümunəsi sayılmış, müəllifi
"pantürkist "görüşlərinə görə
həmişə tənqid hədəfində olmuşdu.
Monoqrafiyada bu şeir barədə müxtəlif qələm
sahiblərinin: Təyyar Salamoğlu, Arif Abdullazadə, Nizami Cəfərov,
Vaqif Yusifli, B.Əhmədov, T.Abbaslının və b.
maraqlı mülahizələri, rəyləri verilməklə
yanaşı, onun poetik əks-sədasından da ətraflı
bəhs olunur: M.Hadinin "Hərarətli şeir və yaxud
qızdırmalı halında saçmalarım",
C.Cabbarlının "Oqtay Eloğlu" pyesində
Oqtayın "Hər şey yapma" monoloqu, Haşım bəy
Sadiqin "Həpsi rəngidir" müxəmməsi,
M.S.Yusifzadənin mənzum məktubu və s. "Rəngdir"
sözünün semantik açılışı, bədii
tutumu, bu şeirdəki kəskin sarkazm, məna çaları
onun məhz Səməd Mənsur üslubunun məhsulu olduğunu
şayan etməklə ümumpoeziyada başqa rəng şeirlərindən
fərqlənməsinə dair nümunələr gətirilir.
Sovet
dövründə - 1926-cı ildə "Həpsi rəngidir"
şeirinə etiraz edən bir gənc şairə cavab olaraq
"Gülməlidir" şeirində yazırdı:
Mən
dedim "rəng",
yenə rəngi-mükərrər
deyirəm,
Rəngidir
ərzü-səma, bərxəzü-millət deyirəm,
Duraraq
cümleyi-afaqa bərabər deyirəm,
Görə bildinmi bu aləmdə sədaqətdən əsər?
Kimdə gördün? Nə zaman?
Ver bizə də
bari xəbər,
Məni sən gülməliyiz, pirü cavan gülməlidir.
Y.Əsgərova doğru olaraq yazır ki, hətta ədibin
həyatından xəbərsiz olanlar onu 1937-ci ildə
repressiya qurbanlarından zənn edirlər (şair 1937-ci ildə
48 yaşında ikən vəfat etmişdir).
Azad təbiətli,
həqiqətpərəst, əqidəsində səbatlı
Səməd Mənsurun "İski"lər "li"ləndilər"
şeirində isə ictimai-siyası hadisələrin təsiri
ilə min rəngə boyanan, hətta adlarını dəyişən
simasız ziyalıların timsalında gah farslaşan, gah
ruslaşan, gah da "azərbaycanlaşmaq" zamanı gəldiyində
qərarlaşan həmvətənlərini tənqid edirdi.
Ədəbiyyatda
əsasən ictimai məzmunlu şeirləri ilə tanınan
şairin zərif lirik-romantik ovqatlı "Naz et, mənə
naz et " , "Çarşablı qadınlar " , "Sən
mənim olsan" və s. kimi şeirlərinin poetik
özünəməxsusluğundan danışarkən sufi
görüşlərinin təsirini inkar etməsək də,
fikrimizcə, "bir azca yumor, baməzəlik
qatılmış" bu şeirlərdəki dünyəvi
ruh daha çevikdir. Məhz canlı, həyati
duyğular, hisslər bu şeirlərə diqqət cəlb
etmiş, onlar "sevilən və çox yayılan əsərlərdən"
olmuşlar.
"S.Mənsurun
satiralarında sosial mühitin tənqidi"
bölümündə müəllif dövrün
aparıcı cərəyanlarından olan mollanəsrəddinçilərin
tarixi xidmətini yüksək dəyərləndirərək
yazır: "Cəmiyyətin satirik portretini yaradan ədiblərimiz
onları ağrıdan, göynədən ictimai
qüsurları öz yaradıcılıqlarında həmişə
ön plana çəkmiş, cəhaləti,
nadanlığı, fanatizmi, acgözlüyü,
tamahkarlığı tənqid etmişlər. Millətə
müraciətlə yazdıqları bu əsərlərdə
insanpərvər, vətəndaş şairlərin ürək
yanğısı, dərin məhəbbəti onların
yüksək amallarını təsirli
çatdırırdı". Səməd
Mənsurun yaradıcılığında lirik və satirik
üslubun üzvi vəhdətində ictimai eybəcərlikləri,
cəmiyyətdəki yaramazlıqları əks etdirən
acı gülüşü, kinayə və rişxəndində
xalqının halına yanan, ona kömək etmək istəyən
təəssübkeş insanın dərin hüznü, kədəri
hiss edilir. Şairin "Əlbəttə ki",
"Satıram", "İntelligentik, gözəl
oğlanlarıq", "İnşaallah", "Ərdəbildəndir",
"Satıram", "Sizdə də var, bizdə də
var" və s. satirik şeirlərini təhlil edərkən
onların müasirliyi ilə yanaşı, hər dövr üçün
aktuallığı da vurğulanır. Həqiqətən, gətirilən
nümunələr bunu təsdiq etməkdədir:
Dedim, azad
olaraq şad olalım,
Qoymadı xəlqi ki, azad olalım.
Ah, noldu o
gözəl amalım...
Atıb
insanlığını xurdi-kübar,
Nanu ənam
arayır mur kimi,
Toplanır şirniyə zənbur kimi.
Yaxud:
Hərə
öz nəfinə tapmış yeni yol,
Sosialdır
federal sağ ilə sol,
Mən də
tapdım bu yolu, pul ola bol,
Pulverən,
hər necə ollam, desən ol,
Gəl, gəl, ay müştəri, məslək
satıram.
Monoqrafiyada S.Mənsurun satirik şeirlərini çap etdirdiyi
gizli imzaların dəqiqləşdirilməsinə də
geniş yer verilir. Ən çox "Pompuşalı" imzasına
müraciət edən şairin bəzən Molla
Pompuşalı, Bülbüləli Pompuşalı, Kənarçı
Pompuşalı, Dostun Pompuşalı, Doxtur Pompuşalı
imzalarına da müraciət etdiyi qeyd olunur. Əlaqədar tədqiqatlarda
başqa müəlliflərə də şamil edilən
"Şeypur", "Kəndli", "Mütəşair"
imzalarına aydınlıq gətirilir və bu sarıdan bəzi
şeirlərin S.Mənsurun olmadığı
inandırıcı dəlillərlə sübuta yetirilir.
Güclü sensor nəzarəti mühitində Səməd
Mənsur ictimai-sosial problemlərdən bəhs etdiyi məqalə
və felyetonlarını da gizli imzalarla çap
etdirmişdir.
Şairin özünün təsis etdiyi
"Şeypur" jurnalının hər nömrəsində
dərc olunan "Ziyalılar" silsilə felyetonlarında
günün aktual məsələlərindən bəhs
edilirdi. Y.Əsgərova göstərir ki,
məzmun rəngarəng olduğu kimi, forma da yeknəsəq
deyil. "Mükalimə, tənə,
şikayət, narazılıq, nağılvarı, atalar
sözü, məsəl, şeir parçaları və bu
kimi bir çox bədii vasitələrlə başlayıb
davam etdirilən hadisələr S.Mənsurun felyetonlarının
süjet və kompozisiyasını daha da
dolğunlaşdırır". Yazıçı
xüsusilə felyetonlarında ölkənin taleyüklü
ictimai-siyasi problemlərinə ayıq münasibətini cəsarətlə,
kəskin ironiya ilə bildirməkdən çəkinmirdi.
Yalançı millət qəhrəmanlarından
tutmuş, milli kadrları maddi-mənəvi təzyiqlə
sıxışdırıb simasızlaşdıran rus
şovinizmini, əqidəsiz ziyalıları
anlaşıqlı sadə bir tərzdə gülüş
obyektinə çevirir, bu yolla cəmiyyətdəki
reallıqların mahiyyətini xalqa çatdırırdı.
Məsələn, bir felyetonda: "Bura Qafqazdır. Burada ruslar
elə kök salmamış ki, onu qazımaq mümkün
olsun" - deyir, başqa birində: "Koqda delo kasayetsya
musulman, onda bolşevik də, daşnak da, menşevik
hamısı bir olur" - deyə həqiqəti bəyan
edirdi.
Çox yığcam mətnlərin bədii dili
obrazlı ifadələrlə zəngin olmaqla yanaşı, həm
də dramaturji elementlər, dialoqlar və monoloqlarla daha incə
mətləbləri çatdırırdı. "Böyük Ermənistan"
xəyalı ilə xəstə şüurlu erməni millətçilərindən
bəhs olunan felyetonda sual-cavab üsulu ilə Adəmlə Həvvanın
da erməni olduğunu iddia edib, "Kak vidno, erməni
olmasaydı, dünyada heç çeloveçestva da
olmazdı" - deyə məsxərəyə qoyur, sarkazmla
"bu yerlər bizim babamız Nuhun kupçili yerləridir"
- deyib, düşmən qonşuları məsxərəyə
qoyur, onların işğalçı niyyətlərini
ifşa edirdi.
İyirminci
yüzilliyin əvvəlində xalqın mədəni-maarif
sahəsində inkişafına kömək məqsədilə
ziyalılar yenicə intişar tapan teatr
tamaşalarına kütləvi maraqdan istifadə edirdilər.
Monoqrafiyada bu ictimai hərəkatda S.Mənsurun çoxcəhətli
fəaliyyəti ətraflı
işıqlandırılmış, onun "Səfa" cəmiyyətinin
təşkil etdiyi tamaşalarda rejissor, artist və s. kimi xidmətlərindən
ətraflı bəhs olunur. Həmçinin
tamaşalar üçün yazdığı kiçikhəcmli
pyeslərin də təhlili verilir. Xalqı mövhumat və
cəhalətdən uzaqlaşdırıb maariflənməyə
yönəltmək məqsədi daşıyan "Dərviş",
"Maarif", "Rəzalət səbəbləri" və
s. pyeslərin aktuallığını qeyd etsə də
Y.Əsgərova onların sənətkarlıq
baxımından kamil olmadığını da nəzərə
çatdırır.
Ümumiyyətlə, monoqrafiyadan görünür ki,
Y.Əsgərova Səməd Mənsurun şəxsiyyətini,
ömür yolunu və yaradıcılığının
bütün aspektlərini hərtərəfli öyrənib
elmi obyektivliklə araşdırmışdır, şairin əsərlərinin
fəlsəfi-estetik siqlətinə nüfuz edən
başlıca amilləri elmi meyarla müəyyənləşdirib
dürüst dəyərləndirmişdir. Onun
böyük məsuliyyət və həssaslıqla
yanaşdığı bu maraqlı ədəbi istedadın
yaradıcılıq potensialının tam açıla bilməməsi
səbəblərinin şərhi də məntiqli və
inandırıcıdır. Çox məzmunlu, əhatəli
və məsuliyyətlə qələmə aldığı
monoqrafiyanın sonunda tədqiqatçı şairin "Milli
nəğmə" şeirindən:
Ya Rəbb,
öz lütfünü kəsmə millətdən,
Lütf
qıl, qurtaraq cəngi-zillətdən!..
misraları ilə başlayan bəndi nümunə gətirir və
yazır:"Səməd Mənsurun "Milli nəğmə"
əsəri, əslində, bütün ömrünü,
gününü, varını, fiziki qüvvəsini tam sədaqətlə
xalqının tərəqqisi yolunda paylamış bir
İnsanın səmimi duaları və diləkləri
idi". Uzun illər əsərlərinin az
bir qismi nadir hallarda xatırlanan, şəxsiyyəti barədə
cüzi məlumat verilən şairimiz haqqında Yadigar
xanımın iyirmi ilə yaxın bir müddətdə hasilə
gətirdiyi bu dolğun elmi tədqiqat əsəri "gec olsa
da, güc olan" layiqli əbədi ədəbi abidədir.
Safurə Quliyeva
Ədəbiyyat qəzeti.- 2019.- 17 avqust.- S.22-23.