"İlahi,
solmayan bir gül ver bizə!"
Cami irsinin Azərbaycanda tədqiqi,
tərcüməsi və nəşri tarixindən
Farsdilli ədəbiyyatın
təqribən 500 illik bir dövrünə öz
çoxşaxəli yaradıcılığı, ensiklopedik
zəkası ilə yekun vuran və bu üzdən də
"Xatəmüş-şüəra" ləqəbi ilə
mükafatlandırılan Əbdürrəhman Cami (1414-1492) hələ
sağlığında bütün Şərq aləmində
olduğu kimi, Azərbaycanda da şöhrət
qazanmış, Caminin vəfatından iki il sonra dünyaya gəlmiş
böyük Füzulidən başlayaraq, əksər klassik ədib
və şairlərimiz onun bədii irsindən bəhrələnmiş,
sənətkarlığına yüksək dəyər
vermişlər. Bununla belə, Cami
yaradıcılığının çağdaş metodologiya
və elmi ədəbiyyatşünaslıq baxımından
öyrənilməsi, eləcə də onun əsərlərinin
müasir Azərbaycan dilinə tərcüməsi və
kütləvi nəşrləri XX yüzilliyə, daha dəqiq
desək, ötən əsrin 60-cı illərinə təsadüf
etmişdir. Belə ki, 1964-cü ildə Caminin anadan olmasının
550 illiyinin keçmiş SSRİ miqyasında təntənəli
şəkildə qeyd olunması Azərbaycan alimlərinin də
dahi şair və mütəfəkkirin
yaradıcılığına diqqətini artırmış,
onların müxtəlif səciyyəli
araşdırmalarının işıq üzü görməsinə
səbəb olmuşdur.
Burada ilk növbədə Azərbaycanın şərqşünas
alimlərinin dövri mətbuatda dərc olunmuş və Cami
şəxsiyyətini geniş oxucu kütləsinə
tanıtdırmaq məqsədi daşıyan məqalələrini
qeyd etmək lazımdır. Təqribən eyni vaxtda Azərbaycanın
aparıcı dövlət nəşrlərində akademik Həmid
Araslının "Şərqin böyük şairi və
mütəfəkkiri" ("Bakinskiy raboçiy" qəzeti,
15.12.1964), professor Mübariz Əlizadənin "Bəşəri
ideyalar şairi" ("Kommunist" qəzeti, 15.12.1964), Məmmədağa
Sultanovun "Şərq xalqlarının mütəfəkkir
şairi" ("Bakı" qəzeti, 14.12.1964), Əkrəm
Cəfərin "Şairin beş əsrlik
şöhrəti" ("Baku" qəzeti, 14.12.1964)
adlı dolğun məqalələri dərc olunmuşdur.
Elə həmin
il Azərbaycanda Cami haqqında ilk nisbətən
geniş tədqiqat əsəri - "Əbdürrəhman
Cami: həyat və yaradıcılıq yolu" adlı
kitabça Azərbaycan EA-nın nəşriyyatı tərəfindən
çap edildi. Əsərin müəllifi o
zaman gənc tədqiqatçı, sonralar istedadlı şərqşünas
və tərcüməçi kimi yaxşı tanınan Abbasəli
Quliyev-Sarovlu idi. Araşdırmada Caminin
dövrü, həyatı, dünyagörüşü, ədəbi
irsi haqqında konkret məlumat verilmiş, onun farsdilli ədəbiyyat
tarixində rolu və mövqeyinin
aydınlaşdırılmasına cəhd edilmişdi.
Əsər gənc alimin Cami
yaradıcılığına marağının ciddiliyindən
xəbər verirdi və nəticə özünü
çox gözlətmədi. 1969-cu ildə
A.Sarovlunun "Əbdürrəhman Caminin ""Yusif və
Züleyxa" poeması" adlı təqribən 200 səhifəlik
monoqrafiyası işıq üzü gördü. O zaman
Yaxın və Orta Şərq Xalqları İnstitutu adlanan
AMEA Şərqşünaslıq İnstitutu tərəfindən
nəşr edilmiş bu kitab üstündən 45 il keçməsinə
baxmayaraq, Cami irsi ilə bağlı Azərbaycanda
aparılmış ən sanballı tədqiqat olaraq qalır.
Təsadüfi deyil ki, bu kitab digər klassiklərin
"Yusif və Züleyxa" mövzusunda yazdığı əsərlərin
öyrənilməsində Azərbaycan alimlərinin istinad
etdiyi ən mötəbər qaynaq rolunu oynamış və
oynamaqdadır.
A.Sarovlunun Əbdürrəhman Caminin çoxsaylı əsərləri
içərisində məhz "Yusif və Züleyxa"ya
müraciət etməsi də təsadüfi sayıla bilməz. Əsərin Azərbaycan
dilinə poetik tərcüməsinin müəllifi professor
M.Əlizadənin tərcüməyə yazdığı məzmunlu
ön sözdə dəqiq şəkildə qeyd etdiyi kimi:
"Şairin "Yusif və Züleyxa" mənzum
romanı onun şöhrətini daha çox yüksəldən,
onu bütün dünyaya tanıtdıran əsəridir.
Poemanın mövzusu bizim eramızdan bir çox əsrlər
əvvəl yaranan, Afrika və Asiya xalqlarının folklorunda
geniş yayılan, "Tövrat", "İncil" və
"Quran" kimi dini kitablarda öz əksini tapan və bir
neçə görkəmli şairlər tərəfindən
qələmə alınan didaktik-əxlaqi və sönməz
məhəbbət dastanından alınmışdır. Bu
mövzunun həm Camiyə qədər və həm də
Camidən sonra bədii ədəbiyyatda dönə-dönə
işlənməsinə, nəzm və nəsrlə təkrarən
yazılmasına baxmayaraq, "Yusif və Züleyxa" dedikdə
Cami və Cami dedikdə "Yusif və Züleyxa" fikrimizdə
canlanır".
A.Sarovlu sözügedən tədqiqatında Orta əsr
məxəzləri ilə yanaşı, Şərq və Qərb
alimlərinin araşdırmalarını dərindən
öyrənərək, "Yusif və Züleyxa"
poeması barədə ciddi elmi qənaətlər ortaya
qoymuşdur.
O, əsərin birinci fəslində süjetin tarixini, folklor
variantlarını, müqəddəs kitablarda
inikasını, ərəb, fars və türkdilli ədəbiyyatlarda
işlənmə xüsusiyyətlərini tədqiq etmiş,
sonrakı fəsillərdə poemanı ideya-tematik və bədii
aspektlərdə təhlil edərək, Caminin ənənəvi
mövzuya novatorcasına yanaşmasının əsas parametrlərini
müəyyənləşdirmişdir.
Fikrimizcə,
artıq biblioqrafik nadir nüsxəyə çevrilmiş bu dəyərli
tədqiqatın təkrar nəşri, fars
və tacik dillərinə tərcüməsi həm
camişünaslıq, həm də artıq
dünyasını dəyişmiş müəllifin xatirəsinə
ehtiram baxımından gərəkli bir iş olardı.
Cami irsi Azərbaycan ədəbiyyatşünaslığı
və şərqşünaslığında həm də
onun Nizami Gəncəvi ilə yaradıcılıq əlaqələri
baxımından diqqəti cəlb etmişdir. Azərbaycan
nizamişünasları dahi Nizaminin "Xəmsə"si ilə
Caminin "Həft övrəng"inə daxil olan əsərlər
arasında oxşar və fərqli cəhətlərin üzə
çıxarılması, Caminin öz böyük sələfinin
bədii təcrübəsindən necə faydalanması kimi məsələlər
ətrafında araşdırmalar aparmış, qiymətli
mülahizələr irəli sürmüşlər. Bu baxımdan Qulamhüseyn Beqdelinin "Şərq ədəbiyyatında
"Xosrov və Şirin" mövzusu" (Bakı, 1970), Qəzənfər
Əliyevin "Nizaminin mövzu və süjetləri Şərq
ədəbiyyatlarında" (Moskva, 1985), Mehdi Kazımovun
"Nizaminin davamçıları" (Bakı, 1991) kimi tədqiqatları
xüsusi qeyd olunmalıdır.
Cami yaradıcılığının Azərbaycanda tədqiqinin
digər mühüm bir yönü tekstoloji istiqamətdir. Bu sahədə mərhum
alimimiz, professor Cənnət Nağıyeva uzun illər
ardıcıl fəaliyyət göstərmiş və onun
Cami əsərlərinin əlyazmalarının öyrənilməsi
üzrə səmərəli axtarışlarının nəticəsi
olaraq, 2009-cu ildə "Əbdürrəhman Cami əsərlərinin
Bakı nüsxələri" adlı kitabı işıq
üzü görmüşdür. Bu kitab Cami əlyazmalarının
təsvirinə həsr olunmuş geniş
araşdırmanın yalnız birinci cildi idi, əsərin
sonrakı iki cildi isə hələ də nəşr edilməmişdir.
Mərhum C.Nağıyeva sözügedən kitaba
yazdığı geniş ön sözdə AMEA Əlyazmalar
İnstitutunda şairin əsərlərinin 500-dən
çox əlyazmasının saxlandığını,
başqa heç bir müəllifin bu baxımdan Cami ilə rəqabət
aparmaq iqtidarında olmadığını
vurğulamışdır. Bu fakt dolayısı
ilə Cami irsinin Azərbaycanda nə qədər populyar
olduğunu, daim kitabsevərlərin maraq dairəsində qaldığını
göstərməkdədir. Məhz bu maraq
Cami əsərlərinin Azərbaycan dilinə tərcüməsini
də şərtləndirmişdir.
Təbii ki, tərcümə üçün ilk
növbədə şairin ən məşhur, daha çox
sevilən əsərləri seçilmişdir. Bunlar da
"Yusif və Züleyxa" poeması və Sədinin
"Gülüstan"ı müqabilində
yazılmış "Baharıstan" əsəridir. Hər iki əsərin tərcüməsi Caminin 550
illiyinin qeyd edildiyi dövrdə - 1964-65-ci illərdə meydana
çıxmış və Azərbaycanın çox
tanınmış şərqşünas və tərcüməçiləri
tərəfindən həyata keçirilmişdir.
"Yusif və Züleyxa"nı
professor Mübariz Əlizadə, "Baharıstan"ı isə
professor Rəhim Sultanov dilimizə çevirmiş, hər
ikisi tərcüməyə geniş ön söz və zəruri
izahlar yazmışdır. Həmin ön
sözlər müstəqil araşdırma olub, qeyd olunan əsərlərin
istər Cami yaradıcılığında, istərsə də
ümumən Şərq ədəbiyyatında yeri və əhəmiyyəti
barədə qiymətli mülahizələri ehtiva edir. Xüsusən klassik Şərq şeirinin dərin
bilicisi M.Əlizadənin tərcüməsi Cami
poeziyasının ölkəmizdə tanınması və
sevilməsində böyük rol oynamışdır. Tərcümə
sənətimizin ən uğurlu nümunələrindən
biri olan bu işin keyfiyyəti barədə təsəvvür
əldə etmək üçün əsərin
başlanğıcından - münacat hissəsindən bir
neçə beytə nəzər salmaq kifayətdir:
İlahi,
solmayan bir gül ver bizə!
Ümid
qönçəsini aç üzümüzə!
O
qönçə bəzəsin ilham bağını,
Ətriylə doldursun gül damağını.
Bu
möhnət evində minnət qoymadan,
Məni
nemətinə qərq et, Yaradan!
Minnətdar
olmaqda ol mənə rəhbər,
Olsun təşəkkürün
dilimdə əzbər!
Həm "Yusif və Züleyxa", həm də
"Baharıstan" uzun illər Azərbaycanda geniş oxucu
kütləsi tərəfindən axtarılan, alınan və
oxunan kitablar sırasında olmuşdur. Bu üzdən ölkəmizdə
latın qrafikasına keçildikdən
sonra həmin əsərlər Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə təsdiq edilmiş siyahıya daxil olunaraq, 25 min
nüsxə ilə çap edilmiş və ölkə
kitabxanalarına paylanmışdır. Həmin
nəşr, həmçinin internet şəbəkəsindəki
elektron kitabxanalarda da yerləşdirilərək, oxucuların
istifadəsinə verilmişdir.
Bundan əlavə,
yuxarıda Caminin tədqiqatçısı kimi haqqında
danışdığımız A.Sarovlu "Sisilətüz-zəhəb"
və "Xirədnameyi-İsgəndəri" əsərlərindən
müəyyən parçaları Azərbaycan dilinə
çevirmiş və özünün tərtib etdiyi
"İnci xəzinəsi" adlı kitabda (Bakı, 1977)
çap etdirmişdir.
Göründüyü kimi, Azərbaycanda Cami irsinin tədqiqi,
tərcüməsi və nəşri istiqamətində bir
çox dəyərli işlər həyata
keçirilmişdir. Lakin Cami yaradıcılığının ümumbəşəri
miqyası və əhəmiyyəti baxımından, təbii
ki, bunlarla kifayətlənmək olmaz: AMEA-nın müvafiq
institutlarında (Şərqşünaslıq, Əlyazmalar,
Ədəbiyyat institutlarında) gənc tədqiqatçılara
Cami irsinə dair dissertasiya mövzularının tövsiyə
olunmasına, şairin zəngin irsindən yeni nümunələrin
dilimizə çevrilməsinə ehtiyac vardır.
Məsiağa Məhəmmədi
Ədəbiyyat qəzeti.- 2019.- 17 avqust.- S.25.