"Yaradıcılıq
təkcə öz taleyini
yazacaq qədər bəsit deyil"
Günümüzün gündəlikdən
uzaq şairi Kəramətlə söhbət
- Kəramət bəy,
hamıylamı söhbət etmək istərdiniz?
-
Adamın içində dünyaca adamdan çox adam olur. Hər birinin də öz Allahı, bəzən
gedir, Allahı qalır, bəzən də Allahı
ölür adam qalır. Hamıyla
söhbət etmək istərəm. Təkcə
"nadanlığın bu sevimli, bu hürr balasından
başqa. İnsan adamdan çox təbiətlə
anlaşır - quşla, ağacla, çiçəklə,
itlə, suyla, ulduzlarla... romantik oldu bir qədər. Səbəbini də özümçün belə
yozuram ki, bu böyük dil - tərcüməyə
ehtiyacı olmayan dil bütün dillərin ən qədimi,
anasıdı. Adamı, adamdan çox təbiətin
anladığı qənaətindəyəm. Fikrimin mifologiya ilə əlaqəsi yoxdu. Bütün söhbətlərdə iki tərəf
var - mən və sən. Təbiətlə
söhbətdə mən və sən aradan qalxır, insan
özüylə bütünləşir.
- Daha çox hansı janra, vəznə
üstünlük verirsiniz?
- Vəznlər,
janrlar, formalar üstü... Əsası odur ki,
spesifik hadisə var və sən də bütün yan formalara
hakim. Heç bir vəznin, formanın əsirliyində
deyilsən. Bundan sonra bir iş qalır - sadəcə,
yazmaq. Hadisənin tutumuyla klassik və müasir ədəbi
texnologiyalara yiyələnməyin başlıca şərtlərdən
biridir. İnteqrasiyanı da əlavə edək.
- Bəzən deyirlər ki, filan
yazıçı şanslıdı, filankəs
şanssızdı.
-
Yazıçı mənsəb arayır ki,
şanslı-şanssız olsun? İfadə
olunduğu dilin şanslı-şanssız olduğunu deyə
bilərik. Vaxtilə rus dili ən
şanslı dillərdən idi, sovet ailəsinə daxil olan
dillərdə yazan yazıçılar bu mənada şanslıydılar.
İspandilli, ingilisdilli yazarların
şanslı olduğunu deyə bilərəm.
- Kitabın bitdiyinə, internetin
üstünlüyünə münasibətiniz.
-
Kitabın, əsərin internet variantı var, kitabxanalar klassik
mənasını bir az itirib. Ölkələrin yaşam səviyyəsi
onların kitaba münasibətilə düz mütənasibdir.
82 milyonluq Türkiyə kitabxanalarında 12 milyon kitab var. 4
milyonluq İrlandiya 48 milyonluq kitabla təmsil olunur və sairə...
- Özünüzü populyar
şair sayırsınızmı?
- Yox, birmənalı
olaraq. Populizm günümüzün xəstəliyidi, təkcə
ədəbiyyatda deyil. Birinin
populyarlığı onun dəyərli olduğu anlamına gəlməz.
Türkiyədə Nazim Hikmətin az sevilməsi
onun möhtəşəmliyinə xələl gətirmir.
Operaya az adamın getməsi onun səviyyəsini
aşağı salınır. Üzeyir
Hacıbəylini kimlərlə müqayisə etməyə dəyməz.
Populizm ritorika, pafosla əkizdi. Pafos yalanı
ört-bas etmək vasitəsidi.
- Müsahibələrinizin birində
"ədəbi nəsil", "səksənincilər"
mövzusunda başqa cür
düşündüyünüzü müşahidə etdim.
Halbuki, qəbul olunmuş ədəbi-tənqidi
yanaşmalar qeyd-şərtsiz, illərdir ki, ədəbi
fikrin ehkamına çevirib. İstərdim
ki, bu məsələlərə baxışınızı,
düşüncələrinizi bölüşəsiniz.
Ən azından mənə və oxuculara daha
aydın mesaj verəsiniz.
- Bu "ədəbi
nəsil" söhbəti bütün sualların mənə
və başqalarına ünvanlanan nimdaşı olsa da,
aktuallığını qoruması maraqlıdı. Nədəni də bu məsələnin hardan
qaynaqlandığı, doğulduğu, məkanının nə
olmasının tam aydınlığa
qovuşulmadığıyla bağlıdı. Sovet dövrü iqtisadiyyatının təməlində
beşillik, yeddiillik planlar vardı. İqtisadi
ideologiya da ədəbi ideologiyaya yön verirdi. Ədəbi nəsillər də onilliklərə
bölünürdü və bu vərdiş, təəssüf
ki, indi də davam edir. Bəzən, hətta sonralar özündən əvvəlkiləri
bu ədəbi dəyənəklə və
imansızcasına "döyməyə"
başladılar. Yanaşmanın nə qəbul
görmüş ədəbi məntiqinin özündə
kollektivçilik, hamını eyniləşdirmə, həmin
illərdə yazıb-yaradanları bir ədəbi-ideoloji
torbaya yığma məqsədi sovetizmin (sosialist-realizmi) məqsədinə
xidmət edir. Diqqət etsəniz,
yaradıcılığının boyu bir qarış
yuxarı şair-yazıçılar bu torbaya
sığışmır. Müqayisəli
təhlildən keçirəndə, eyni zamanda, məkanda
yaşayan-yaradan Söz sahiblərinin "nəsil etiketi"nə
uyğun gəlmədiyini görürsünüz. Yəni fiziki məsələdi. Yəni
həqiqi istedad, üç-dörd isti hekayə, şeir məllifindən
söhbət getmir, yaşadığı beşillik, onilliklərin
hər birində biri-birindən fərqli, rezonanslı əsərlər
yazır, dönəminin təbliği, reklamı beyninin
ucundan belə keçilmir. Əgər bir
yazıçı özünü reklam, şan-şöhrət
mənsəb uğruna qurban veribsə heç.
Bizə "səksənincilər" deyirlər, əslində,
bizim ədəbi mühitdə təsdiqimiz 90-cı illərə
düşür. Qoy bunu da deyim ki, mövzunu dəyişək;
Ədəbi libasın müasirliyi ədəbi
düşüncə müasirliyi də deyil.
2000-ci illərdə yaşayan-yazan
yazıçıların bir çoxunun həyata
yanaşmasıyla XVI əsr şairinin yanaşması eynidi,
sadəcə biri əba deyib, o biri də "şortik".
- Tənqidə münasibətinizin
mayasında nə dayanır? Necə tənqid-təhlil
olunmaq istərdiniz?
- Ədəbi söhbətdi, əslinə qalsa. Ədəbi tənqidin
hər hansı bir əsərin niyə belə
doğulması üzərində "əməliyyat"
aparmasını doğru sanıram.
"Necə?"lik üzərində mübahisələr
məqbuldu. Yazıçının ən
yaxın mənəvi dostu, həmsöhbəti ən
yaxşı tənqidçidi.
- Müasir dövrümüzdə insanlar da robotlaşıb, sanki.
Bu da ədəbiyyata marağın azalmasına
səbəb olub. İnsanlar daha çox
maddi tələbatlarını ödəmək dalınca
qaçır. Sənətə qlobal maraq
azalıb. Bu barədə...
-
Doğru müşahidədir. Amma bu o demək
deyil ki, sənət yaranmır. Elə bu
problemin özü əsərlərin aparıcı mövzusuna
çevrilir. İqtisadi-maddi münasibətlərin
yerdə qalan başqa münasibətləri üstələməsi
dünyanın özünün şirkətlər tərəfindən
idarə olunmasıyla bağlıdır.
Dünyaya kooperativ baxış da burdan qaynaqlanır. Qloballaşma
artıq həyati əhəmiyyətini, təsir gücünü
itirib. Təkqütblü dünyada geriçəkilmə
hiss olunur. Və qloballaşmanın gətirdiyi "izm"lər
də eləcə... Dünya dəyişməsi
də insanlararası münasibətlərin dəyişməsinə
gətirib çıxarır. Ədəbiyyat
da bu dəyişmələrin içində bəzən
çaş-baş qalır. Fiziki varolma
önə çıxır.
- Vaxtilə mərhum şairimiz Bəxtiyar
Vahabzadə "Mən həyatı həyat kimi yaşamaq istərəm"
yazırdı. İndisə siz "Adam kimi
yaşamaq istərəm, istərəm"
yazırsınız. Doğrudanmı,
yazdığınız kimi hamımız "Ömür məhkumuyuq"?
-
Yuxarıda insan dəyişməsini vurğulamışdıq.
Bu, dəyişimin ifadəsidi. "Adam kimi yaşamaq" harayı. Adam adamlıqdan çıxır, qəlbindəki
adamları sonunacan itirir, satır, düşüncələr
"robotlaşır". İnsan
yaratdıqlarının eləcə robotun da, robotuna
çevrilir. Çətin məsələdi,
amma bu sel hamını öz ağuşunda aparır. Fərqində olan da var, fərqində olmayanlar da.
Hə, "ömür məhkumu"yuq. Həm də "Biz bir yerdə yaşamağa, məhkum
olan adamlarıq".
- "Yad" şeirinizdə
"Hansı bədbəxtindi yazdığım şeir"
deyirsiniz. Doğrudanmı,
yazdığımız şeir də sizə yad gəlir.
Yeri gəlmişkən, Alber Kamyunun da "Yad" əsəri
var.
- Təkcə
öz taleyini məlum formatlarda ifadə etmək, indiki halda,
yaradıcılığı durğunlaşdırır və
böyük başarı deyil, düşünürəm. Gec-tez bir ədəbi-mənəvi dalana dirənib
qalırsan, başlayırsan öz yerində
addımlamağa. Adama elə gəlir ki,
o, hərəkət edir, amma
"Özünüaldatmadı" bunun adı. Yaradıcılıqda özünütəkrar
ölümü başlayır, monotonluq yaranır. Başqalarının taleyini özününküləşdirib,
öz taleyin kimi yaşayıb yaza bilmək ikiqat
başarıdır. Doğrudan da, müəyyən
müddət öz şeirlərimi oxuyanda, elə bilirəm
ki, başqa bir mənəbənzər yazıb bunları.
- Yazdığınız kimi,
"Yüz tale yaşayıb, dönüb gəlmişəm,
"Mən səni sevirəm" deyənə kimi".
- Təqribən
elə bir məsələ. Ömrün müxtəlif
situasiyalarında eyni davranmır ki, müasir insan. Ömür də, ədəbiyyat da hadisələrdən
ibarətdir. Əgər ömründə
hadisə yoxsa, hadisələrə fiziki-mənəvi şahid
deyilsənsə, bəsit bir nağılbaz olarsan.
- "Dünyayla oyna" şeirində
yazmısınız: "Elə et ki, işin getsin, bax onda
hamı sevəcək"...
- Həyatın
çılpaq gerçəkliyidi. Məcnun da,
Leyli də qəbilə başçılarının
övladlarıydı. "Uşaq
paltarları" şeirini oxumusanmı? Bunun
ağrı-acılı açması orda var: "Uşaq
paltarları muzeyi açdım, Qəlbimin
niskilli-çılğınlı küçəsində. Eşq tanrısı, sevgi bir-birinə
ehtiyacdımı? "Bax bu əzabdan sonra
asandı yuxarıda misal çəkdiyin misraların
amansız-soyuq hökmü.
- Gördüyüm qədəriylə
özünüreklamdan qaçan şairsiniz. Adətən,
yazarlar hər yerdə görünmək istər.
- Mən reklamdan qaçmıram ki,
reklam məndən qaçır. Özünüreklama
xərcləməyi yaradıcılığın gəmiricisi
sayıram, düzünə qalsa, yoxsa bunun üçün məlum
şərtlər var, yəni hardan getsən, hansı
ünvana çatacaqsan. Bir az da gərək
bizdəki vaxtın fiziki-mənəvi tələbatını
ədəbi anlamda ödəyəsən, sözün,
vaxtın üzdə olan ölçülərinə
uyğun gələsən.
- Müsahibə boyunca sizi
dalğın görürəm, darıxırsınız, elə
bil. Ürəyinizcə olan müsahib kimdi?
- Kor
Aşıq deyir: "53 il kəndi kəndimi aradım,
heç bir dürlü bulamadım mən məni".
Orasını düz tapmısan ki, darıxan adamam. Öz-özünə
danışan adamlar, istər səsli, istərsə də səssiz,
müsahibini tapan adamlardı.
- Heç olmazsa, bir azcana da olsa,
danışdıra bildimmi sizi?
- Əlbəttə, sağ ol.
- Beləsə, mən də məmnunam,
çox-çox sağ olun.
Söhbətləşdi: Briliant Azəri
Ədəbiyyat qəzeti.- 2019.- 17 avqust.- S.24.