Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Qabriel Qarsia Markesin
"Polkovnikə məktub yoxdur" əsəri əsasında
ekranlaşdırılmış iki filmi təqdim edirik
Süjet:
Hadisələr 1956-cı il Kolumbiyanın
bir şəhərciyində baş verir. Bu həmin
ildir ki, ölkədə siyasi qruplar arasında mübarizə
gedir və terror, zorakılıq halları baş verir. Kiçik şəhərcikdə qoca, kasıb bir
cütlük yaşayır. Qoca polkovnik
mingünlük müharibənin (Kolumbiyada 1899-1902-ci illəri
əhatə edən Vətəndaş müharibəsi. Konflikt Konservativ və Liberal partiyaları arasında
baş vermişdi) iştirakçısıdır. Onun arvadı bronxial astmadan əziyyət çəkir.
Səhər polkovnik onların erkən
ölmüş oğlu Aqustinin yaşıdı olan
musiqiçinin dəfn mərasiminə tələsir. O,
yalnız əlamətdar günlərdə geydiyi kostyumunu və
ayaqqabılarını geyir. Çünki bu, qeyri-adi hadisədir:
son vaxtlar nəhayət ki, kimsə öz əcəli ilə
ölüb.
Polkovnik dəfn
mərasimində oğlunun xaç atası don Sabasla
rastlaşır. Onun keçmiş
döyüş yoldaşlarından biri olan Sabas siyasi təqiblərdən
qaçaraq bu şəhərcikdə yaşayır.
Dəfndən qayıdan polkovnik xoruz döyüşlərini
sevən oğlundan yadigar qalan xoruzun qayğısına
qalır. Oğlu Aqustin doqquz ay əvvəl siyasi məzmunlu
kağızlar yaydığına görə
öldürülüb. Yeməyə
heç nə tapmayan qoca xoruza nə yedirəcəyini bilmir.
Amma o, xoruz döyüşü başlayana -
yanvara kimi dözmək istəyir. Xoruz təkcə
oğlundan qalan yadigar deyil, eyni zamanda o, böyük uduş gətirə
bilər.
Hər cümə günü polkovnik adəti üzrə
poçt katerini qarşılamağa gedir. O, uzun illərdir müntəzəm
bunu edir. Məsələ ondadır ki, on doqquz il
əvvəl konqres veteranların pensiyası haqda qanun qəbul
edib. Polkovnik Vətəndaş müharibəsinin
iştirakçısı kimi sübut etməlidir ki, bu qanunun
ona da aidiyyəti var. Sübutetmə prosesi 8 il davam edib və
daha 6 il də lazım olacaq ki, onu siyahıya daxil eləsinlər.
Hər halda ona göndərilən son məktubda
belə yazılırdı. O vaxtdan polkovnik daha məktub
almır.
Şəhərcikdə Anhel atanın
çaldığı zəngin sayları yerli kinoteatrda
göstərilən filmlərin əxlaq səviyyəsi haqda məlumat
verir. O, eyni
zamanda kinoteatra gələnləri güdür. Qocaları
yoluxan həkim isə polkovnikə son hadisələr haqda
qeyri-leqal məlumatların yer aldığı kağızlar
ötürür. Polkovnik
kağızları Aqustinin işlədiyi tikiş
emalatxanasına aparır ki, onun həmfikirlərinə
çatdırsın. Bura onun yeganə
sığınacağıdır və oğlunun dostları
onu təklikdən xilas edir.
Evdə yenə yeməyə nəsə yoxdur. Qocalar
tikiş maşınının satışından
aldıqları pulla müəyyən vaxtı dolanıblar.
Amma köhnə saatlarına alıcı tapa
bilmirlər. Qonşuları onların
kasıblığını bilməsin deyə, polkovnikin
arvadı qazançada daş qaynadır. Amma
qocanı daha çox xoruz narahat edir, çünki xoruza pul
qoyan Aqustinin dostlarını pis vəziyyətdə qoya bilməz.
Növbəti cümə günü yenə polkovnikə
məktub gəlmir. Həkimin verdiyi qəzetlərdə isə
ölkədə baş verənlər haqda məlumat verilmir.
Arvadı təkid edir ki, o, pensiya məsələsi
ilə bağlı tutduğu vəkili dəyişsin. Vəkil isə ona ümidini itirməməyi məsləhət
görür. Üstəlik, ötən illərdə
yeddi dəfə prezident, hər dəfə nazirlər kabineti,
məmurlar dəyişir, bu isə məsələnin həllini
daha da çətinləşdirir.
Noyabrda qocaların vəziyyəti daha da pisləşir. Polkovnik hələ
də məktub alacağına ümid edir. Arvadı isə tələb edir ki, xoruzdan qurtulsun.
Qoca razılaşmır ki, döyüşü
gözləmək lazımdır. Oğullarının
dostları xoruzun yedirilməsini üzərinə
götürür. Don Sabas xoruzu ona
satmağı məsləhət görür. Arvadı xoruzu satmaq üçün ərini dilə
tutur. Bir neçə gün polkovnik
özünü mənəvi baxımdan Sabasla söhbətə
hazırlayır. Xoruzu satmaq ona küfr kimi
gəlir. Bu ona oğlunun xatirəsini və
ya özünü satmaq kimi gəlir. Həkim
polkovnikə deyir ki, məhz don Sabas rejimin əleyhdarları
haqda hakimiyyətə məlumat verib və təqib olunan
dostlarının mülkiyyətini ələ keçirib.
Polkovnik xoruzu satmamağı qərara alır.
O, bilyard salonunda oyunu müşahidə eləyir. Polis basqını baş verir və o, burada
oğlunü öldürmüş adamla ilk dəfə
üz-üzə gəlir. Polkovnik
özünü ələ alır və onda siyasi
kağızların olması şübhə doğurmur.
Artıq dekabrdır. Polkovnik
məktub almaq ümidini itirmir. Artıq
xoruzların döyüş məşqləri başlayır.
45 gün dözmək lazımdır.
Arvadının "nə yeyəcəyik" sualına isə
o belə cavab verir: "Zibil"...
Nobel mükafatçısı Qabriel Qarsia Markesin
"Polkovnikə məktub yoxdur" əsəri 1961-ci ildə
yayımlanıb. Bu əsəri yazanda yazıçı hələ
özünün magik realizm üslubunu işləməmişdi.
Mütəxəssislərə görə,
"Polkovnikə məktub yoxdur" realist mətnində
Ernest Heminqueyin təsiri duyulur.
"Polkovnikə məktub yoxdur" əsəri ziddiyyətli,
çətin siyasi iqtisadi dövrdə yaşamağın
yolunu tapmağa çalışan sadə insanların həyatını
dolğun təsvir edən əsərlərdən biridir. Rus şairi
Yevgeni Yevtuşenkonun diliylə desək, bu əsər bir daha
sübut etdi ki, "kiçik iztirablar, kiçik insanlar
yoxdur".
Dünya kinematoqrafiyasında "Polkovnikə məktub
yoxdur" bədii əsərinin iki ekranlaşdırması
mövcuddur. Bunlardan biri 1992-ci ildə çəkilən, Rusiya
ilə Gürcüstanın birgə istehsalı olan
"Yalnız ölüm mütləq gəlir" filmidir.
Ekran işinin rejissoru Marina Tsurtsumiyadır.
Film Gürcüstanın Siqnaxi şəhərciyində,
gürcülərin osetin və abxazlarla konflikti zamanı
çəkilib. Rejissor film haqda deyir: "Bu hekayə Qaqrada yaşayan
babam və nənəm haqdadır. Film heç
yerə tələsməyən insanı vaxtı barədədir.
O, həyatda hər şeyini itirib, onun ancaq ümidi
qalıb".
Öncəliklə deyim ki, filmdə hadisələr ədəbi
əsərdə olduğu kimi, Kolumbiyanın bir şəhərciyində
cərəyan etsə də, burda daha çox gürcü
kinosuna xas atmosfer hakimdir. Özəlliklə, bu, aktyorların
gürcü millətini xarakterizə edən fakturasında,
milli arxitekturaya xas elementlərdə, aktyor oyunundakı
gürcü koloritində təzahür edir. Rejissor əsərin süjetini saxlasa da, onu
özünün sırf müstəqil əsərinə
çevirməyə çalışıb. Hərçənd, müəllifin stilistikasında,
estetikasında, məkan və rəng həllində, əhvalatın
ümumi tonallığında Aleksandr Sokurovun "Xilas et və
qoru" (1989) filminin təsiri duyulur. Sokurovun
kino dilinə xas impressionizm, yuxu, metaforlar, meditativlik, asketik əhval,
məkandakı minimalizm bu filmdə özünü büruzə
verir.
Əhvalatda açıq-solğun qəhvəyi, boz rənglərin
üstünlük təşkil etməsi, küçələrdəki
boşluq polkovnikin (Tengiz Arçvadze) ətalətdə olan,
dəyişməyən həyatına, durğun mənəvi
durumuna adekvatdır. Müəllif ən çox polkovnikin
daxili dünyasını, ekzistensiyasını önə
çəkib. Hər şey, ən xırda məişət
detalları belə, polkovnikin iç vəziyyətini,
ovqatını anlatmaq üçün vasitəyə
çevrilir: onun kasıb evinin yavaş-yavaş sökülməsi,
damdan su damması, sınıq-salxaq əşyalar... Hətta həyətdən eşidilən güllə
səslərinə belə, rejissor xüsusi fokuslanmır, bu
haqda məlumat vermir, ölkədə baş verənləri
polkovnikin mənəvi durumunun, böhranının tərkib
hissəsinə çevrilir.
Filmdə
sözdən az istifadə olunub, təsvirlərə
üstünlük verilib. Rejissorun yozumundakı
polkovnik içinə qapanıq, daha çox əziyyət,
iztirab çəkəndir. O, daha çox susur. Xoruzun satılması haqda söhbət salmaq belə
onun üçün ölümdən betər, abırdan kənar
bir şeydir.
Təkrar kadrlar - polkovnikin arvadı ilə münasibəti,
mübahisələri, küçələri sərgərdan
gəzməsi, məktub gözləməsi - onun həyatının
monotonluğunun, sıxıcılığının vizual həllini
verir. Təklif olunmuş vəziyyətdə polkovnik və
arvadı sadəcə mövcuddurlar. Daim
çiskinli, yağmurlu, dumanlı hava, pəncərəni
bürümüş hörümçək torları,
polkovnikin qəribə yuxuları, pessimizm filmi, həmçinin
nuar estetikasına da yaxınlaşdırır. Bədii
mətndə yer alan kinoteatr səhnəsi,
ata Anhel obrazı burda yoxdur.
Polkovnikin arvadı rolunu "Dəli Kür" filmində
Şahnigar, "Tütək səsi"ndə
Sayalıını oynayan Liya Eliava ifa edir.
"Polkovnikə məktub yoxdur" əsərinin digər
ekran versiyasını meksikalı rejissor Artur Ripşteyn
çəkib.
Latın Amerikası kinosunun tanınmış
nümayəndələrindən biri Ripşteyn ədəbi əsəri
müəyyən dəyişikliklərlə
ekranlaşdırıb. Misalçün, o,
Aqustinin ölümündə siyasi motivi kənarlaşdırıb.
Onun ölümünə səbəbkar kimi
Xuliya (Salma Hayek) adlı qızı göstərir. Aqustin Xuliyanı sevən başqa bir gənc tərəfindən
öldürülüb. Xuliya Aqustinin
valideynlərinə maddi yardım göstərir. Valideynlər isə Xuliyanı oğullarının
ölümündə günahkar bilərək, onun maddi
yardımından imtina edirlər. Rejissor
polkovnikin arvadı roluna məşhur ispan rejissoru Pedro
Almodovarın filmlərindən tanınan aktrisa Marisa Paredesin
obrazına geniş yer verib. Liya Eliavadan fərqli
olaraq, Paredesin oyununa ispan temperamenti xasdır. O,
ifasında obrazın sevgisini və nifrətini, tragizmini və
komizmini birləşdirir.
Əgər Tengiz Arçvadzenin polkovniki daha çox
zavallı və susqundursa, Fernando Luhanın polkovniki daha
çox sözünü deməyi bacarır, ona utancaqlıq
o qədər də xas deyil. Rejissor polkovnikin təkliyinə
vurğular edir. Onun xoruzla dərdini
paylaşmasını görən arvadı polkovnikə onunla
danışmadığına görə deyinəndə,
qadının əksi köhnə, paslanmış
güzgüdə görünməz olur və kadr qəhrəmanın
təkliyinə daha dərin vurğu salır. Evdəki dağınıqlıq, köhnə-kürüş
əşyalar, aramsız yağış əhvalatın
dramatik-faciəvi qatını gücləndirir.
Film
1999-cu ildə Kann festivalında göstərilib və
"Qızıl palma budağı"na
nominant olub.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 24
avqust.- S.31.